"Musiqi dünyası" № 2 (63) 2015

Article №5; 7406 - 7415 pр.
Sonaxanım Ibrahimova. Musiqi menecmentində mədəniyyət, biznes və qht əlaqələrinə dair
Sonakhanim Ibragimova. About the connections of culture, business and NGO in music management
Text PDF

Bazar iqtisadiyyatının, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrdə bisnes və qeyri-hökumət təşkilatları mədəniyyət və incəsənət sahəsində aktiv fəaliyyət göstərirlər. Ölkələrin iqtisadi, sosial və demokratik cəhətdən sabit və davamlı inkişafı bu fəaliyyətə qanuni, hüquqi, sosial baxımdan nəzəri və praktik imkanlar yaradır. Biznes və mədəniyyət, QHT və mədəniyyət əlaqələri və əməkdaşlığı müxtəlif ölkələrdə mədəniyyətin və incəsənətin inkişafı üçün fəal amilə və real göstəriciyə çevrilmişdir. Bu təşkilatların mədəniyyət həyatında kommersiya və qeyri-kommersiya maraqları mədəni inkişaf, mədəni əlaqələr, sponsorluq, yaradıcılığa, incəsənətə və gənclərə dəstək məqsədlərini daşıyır. Bu təşkilatların mədəniyyəti və incəsənət sahəsində əməkdaşlığı məhz mədəniyyət menecmenti, art-menecment və musiqi menecmenti tərəfindən həyata keçirilir, təşkil olunur və idarə edilir. Bu baxımdan, mədəniyyət menecmenti və onun xüsusi sahəsi olan musiqi menecmenti bisnes və mədəniyyət, QHT və mədəniyyət əlaqələrinin, iş birliyinin real təminatçısı, idarə edəni kimi çıxış edir.

Araşdırdığımız mövzu kulturologiyada, menecment elmində və musiqişünaslıqda aktual əhəmiyyət daşıyır. Buna görə də, mövzunun ətraflı şərhi üzərində dayanaq.

Bu və digər müasir ölkədə bədii mədəniyyətin inkişafı, professional incəsənətin idarə olunması bilavasitə ölkədə gedən demokratikləşmə prosesləri ilə bağlıdır. Demokratiyanın məhsulu kimi açıq cəmiyyətin və vətəndaş cəmiyyətinin formalaşması üçüncü sektorun – qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Azərbaycan Respublikasının müstəqil və demokratik olaraq dünya birliyində nüfuzu getdikcə daha da artmaqdadır. Müasir və müstəqil dövlət kimi Azərbaycan Respublikasında vətəndaş-dövlət, xalq-dövlət münasibətləri daha da təkmilləşmiş və stabilləşmişdir. Daxili ictimai resursları möhkəmləndirmək, onların xaricdən asılılığını minimuma endirmək, onların fəaliyyətini genişləndirmək və inkişaf etdirmək, dövlət dəstəyini gücləndirmək nəticəsində ölkəmizdə hökumət ilə QHT arasında əməkdaşlıq daha da sabitləşmiş, üçüncü sektorun azad və qanuni fəaliyyəti üçün demokratik hüquqi baza və sağlam rəqabət mühiti yaradılmışdır.

Qeyri-hökumət təşkilatları bir çox amillər baxımından müxtəlif növlərə bölünürlər. Bu bölgüdə QHT-lərin fəaliyyət yönümü də yer alır. O cümlədən, ictimai təşkilatlar sırasına yaradıcılıq, konsert, əyləncə və istirahət, turizm, milli mədəniyyət, milli-mədəni irsin qorunması və təbliği, milli-vətənpərvərlik tərbiyəsi, incəsənət, elm, təhsil, səhiyyə yönümlü yerli, regional və beynəlxalq təşkilatlar da aid edilir. Habelə QHT-lərin təsnifatıa fondlar və xeyriyyə təşkilatları da daxildir.

Hüquqi-demokratik cəmiyyətin qurulmasında və vətəndaş cəmiyyətinin inkişafında QHT institutunun rolu misilsizdir. Qeyri-hökumət təşkilatlarının azad, müstəqil fəaliyyətinə ölkəmizdə hər bir imkan və şərait yaradılmışdır. Hazırda QHT sektoru respublikamızın ictimai-siyasi, sosial və mədəni proseslərində fəal və yaxından iştirak edir, ölkə həyatının, demək olar bütün sahələrinin inkişafına qatılır, öz təkliflərini verir. QHT-lərin media ilə yaxın əlaqələri və birgə layihələri də ölkədə gedən demokratikləşmə proseslərinə sürətlə təsir etməkdədir.

İdarəetmə mədəniyyətinin müasir, demokratik və təkmil axarda olması, iqtisadi inkişaf tempinin yüksəlməsi respublikamızda menecment fəaliyyətini də stimullaşdırır. Bu sahənin fəallaşmasına və inkişafına yönələn sağlam siyasi və iqtisadi mühitin mövcudluğu nəticə etibarilə biznes və kommersiya qurumları ilə yanaşı qeyri-kommsersiya qurumlarının da mədəniyyət və incəsənətlə bağlı fəaliyyətinə imkan yaratmışdır. Üçüncü sektorun respublikamızda demokratik islahatlarda, azad və hüquqi cəmiyyətin formalaşmasında, ictimai, sosial, mədəni proseslərdə fəal iştirakı fakt kimi göz önündədir.

Nəzərə alaq ki, menecment fəaliyyəti məhz bazar iqtisadiyyatının məhsuludur, biznes fəaliyyətidir, maliyyə və kommersiya maraqlarına malikdir. Bu baxımdan, Azərbaycanda azad bazar iqtisadiyyatının, özəl sektorun və sahibkarlığın sürətli inkişafına, sağlam rəqabətli biznes mühitinin yaradılmasına məhz cəmiyyətdə gedən çoxistiqamətli demokratikləşmənin, idarəetmə sistemində bürokratik əngəllərin yox edilməsinin, ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının uğurlu nəticəsi kimi yanaşmaq mümkümdür. Bu proseslər ənənəvi mədəniyyətin, maddi və mənəvi mədəniyyətin, mədəni irsin qorunması, təbliği və inkişafı proseslərində, mədəni həyatın rəngarəngliyində, mədəniyyətin idarə olunmasının demokratikliyində, mədəniyyət və incəsənətin özəl sektorla işbirliyində də özünü göstərir. İnkişaf etmiş ölkələrdə, o cümlədən, Azərbaycanda biznes və mədəniyyət qarşılıqlı əməkdaşlığa, işbirliyinə, ortaq maraqlara malikdir. Mədəniyyət və incəsənət sahələrinin biznesi daha çox proqram və proyektlərin, festival, konsert, forum, şoy-bisnes və sərgilərin, treninq və yay məktəblərinin həyata keçirilməsində özünü göstərir. Bu fəaliyyətdə biznes və mədəniyyət, biznes və incəsənət əməkdaşlığı mədəniyyət menecmenti, art-menecment və musiqi menecmenti kimi sahələr vasitəsilə öz iş birliyinə, məqsədinə nail olur.

Bununla belə, menecmentin idarəetmə mahiyyəti və bundan irəli gələn zəngin nəzəri-praktik təcrübəsi qeyri-kommersiya və qeyri-biznes strukturlarının, ilk növbədə isə qeyri-hökumət təşkilatlarının ictimai, dövlət və humanist maraqlarının və vəzifələrinin həyata keçirilməsində də həmçinin tətbiq olunur. Azərbaycanda bu dünya təcrübəsi artıq vətəndaş cəmiyyətinin bir əlamətdar göstəricisinə çevirilmişdir. Bu təcrübənin reallaşmasında isə QHT olaraq mədəniyyət və incəsənət yönümlü ictimai təşkilatların, cəmiyyətlərin və fondların yeri və rolu danılmazdır. Bir sözlə, Azərbaycanda bu tip yerli, regional və beynəlxalq ictimai təşkilatların qanuni və azad fəaliyyəti bütün demokratik-hüquqi imkanlar ilə təmin olunmuşdur. Bu təşkilatlar isə mədəniyyətin idarə olunması, mədəniyyət siyasətinin həyata keçirilməsi proseslərinə qatılır, bu proseslərdə yaxından iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə" ölkəmizdə ən müxtəlif yönümlü, o cümlədən, mədəniyyət və incəsənət yönümlü QHT-lərin aktiv fəaliyyəti, onların maliyyə dəstəsi məsələsində mühüm addım oldu. Bu qərar özü respublikamızda vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafını nəzərdə tutur. Bu rəsmi fərmanın daha bir məqsədi də QHT-lərin ölkənin mədəniyyət, incəsənət, elm və təhsil həyatında fəal iştirakını təmin etməyə yönəlibdir.

Bir daha vurğulamaq vacibdir ki, mədəniyyətin idarə olunması və mədəni həyatın demokratikləşməsi vətəndaş cəmiyyətinin formalaşmasına səbəb olmuş, özəl təşəbbüslərin üzə çıxması və fərdi layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açılmışdır. Mədəniyyət, idarəetmə, xidmət, müəllif hüquqları, QHT sahəsində yeni, təkmil və demokratik qanunvericiliyin açdığı real imkanlar mədəniyyət və incəsənət sferalarında çalışan xeyli sayda qeyri-hökumət təşkilatının yaranmasına gətirib çıxarmışdır. Bu baxımdan, qeyd etməliyik ki, Azərbaycan Respublikasında mədəniyyətin inkişafı sahəsində dövlət proqramlarına, prioritetlərin müəyyən olunması üzrə sənədlərdə, eləcə də mədəniyyət üzrə beynəlxalq konvensiyalara dair öhdəliklərdə və onların icrasında ictimai təşkilatların, yəni QHT sektorunun iştirakı və rolu da nəzərdə tutulmuşdur.

Respublikamızda mədəniyyət və incəsənət yönümlü tədbirlərdə, musiqiyə həsr olunmuş layihələrdə təşkilatçı, tərəfdaş, dəstəkçi, təşəbbüskar qismində "Milli QHT Forumu" İB, "Mədəni İnkişaf Mərkəzi" İB, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB, "Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi" İB, "Bakı İncəsənət Mərkəzi" Yaradıcılıq Birliyi, "Kainat" Gənclərin Təhsil Mərkəzi, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, "Azəri-Türk Qadınlar Birliyi", "Nur" Uşaq və Gənclərin İB, "Professional Kinoaktyorlar Gildiyası" İB, "İlyas Əfəndiyev adına Ədəbi Bədii Xeyriyyə Fondu", "Lətif Kərimov adına Xalqçaçılığın İnkişafı Fondu", "Mahmud Kaşqari adına Fond", "Məhsəti" Şairlər Məclisi" İB, "Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq" İB, "Gənclərin İnkişafı" İB, "Gənclər Təşkilatlarının Milli Şurası" İB, "Sönməz məşəl" Mədəni Əlaqələr İB, "Uşaq və yeniyetmələrə dəstək" İB, "Süleyman Ələsgərov Fondu", "Xan Şuşinski Fondu" və digər ictimai təşkilatlar yaxından iştirak edirlər.

Azərbaycan Respublikasında QHT sektoru ilə bağlı çox dəyərli addımlardan biri də Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsində "Qeyri-hökumət təşkilatları ilə iş" sektorunun yaradılmasıdır. Bu addımın özü də QHT-lərin mədəniyyət həyatına və proseslərinə cəlb olunması məqsədini daşıyır.

Repsublikamızda mədəniyyətinin imkişafına və vətəndaş cəmiyyətinin mədəniyyətlə əlaqəsinə dair hökumət tərəfindən tənzimlənən bir çox hüquqi sənədlər qəbul olunmuşdur. Azərbaycan Respubkilası Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli qərarı ilə təsdiq olunmuş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası" bu mühüm addımlardan biridir. Bu sənədin icrası istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən artıq bir çox konkret tədbirlər görülmüşdür.

Nəticədə mədəniyyət-incəsənət yönümlü QHT-lərin, ictimai təşkilatların ənənəvi mədəniyyətin təbliği, mədəni əlaqələr, xalqlararası mədəniyyət layihələri, konsertlər, mədəniyyət günləri, müsabiqələr, yaradıcılıq tədbirləri, diskussiyalar təşkil etmək istiqamətində aktiv fəaliyyəti müşahidə olunmaqdadır. Bəzi ictimai təşkilatların dövlət icra orqanları ilə işbirliyi incəsənət, təhsil, milli dəyərlər sferasında müsbət tədbirlərə və nailiyyətlərə səbəb olmuşdur.

Prezident fərmanına uyğun olaraq ölkədə lisenziyalaşdırma sistemi tətbiq olunmağa başladı ki, bu da fiziki və hüquqi şəxslərə müstəqil şəkildə, dövlətdən asılı olmadan konsert-əyləncə tədbirlərini keçirmək hüququ verdi; qeyri-rentabelli mədəniyyət obyektləri özəlləşdirildi. 2002-ci ildən isə konsert-əyləncə proqramlarının təşkili üçün tələb edilən lisenziya sistemi də ləğv olundu. Digər tərəfdən, mədəniyyət industriyaları - kitab nəşri, mətbuat, audiovizual və fonoqram məhsulları, konsert və əyləncə industriyası, gənclərin səmərəli istirahəti, turizm istiqamətində azad bazar və bununla bağlı art-menecment sürətlə inkişaf etməyə başladı. Praktik olaraq, bu gün bu bazar müstəqil biznes sahəsidir.

Məlum olduğu kimi, 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu ictimai təşkilat olaraq respublikamızda və dünya miqyasında mədəniyyət və incəsənət sahəsində ən böyük layihələrin müəllifidir. Buraya festivallar, müsabiqələr, yubileylər, mədəniyyət günləri, konsertlər və c. bu kimi tədbirləri aid etmək olar. Qeyri-kommersiya yönümlü ictimai təşkilat kimi Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət proseslərindən yaxından və fəal iştirak etməsi mədəniyyətin idarə olunmasına və inkişafına çox böyük töhfələr vermişdir. Fondun mədəniyyət siyasətini həyata keçirən Mədənəyyət və Turizm nazirliyi ilə mütəmadi əməkdaşlığı bu baxımdan xüsusilə qeyd olunmalıdır.

Başqa bir fakt: "İslam ölkələri klassik musiqi ifaçılarının" Bakıda keçilən beynəlxalq müsabiqəsi. Bu müsabiqə bu ilin aprel ayında baş tutmuşdur. Beynəlxalq müsabiqənin təşkilatçıları İSESCO, Azərbaycan Respublikası Təhsil nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və idman nazirliyidir. İdarəetmənin bu icra orqanları ilə birlikdə qeyri-hökumət qurumu kimi "Kainat" Gənclər Mərkəzinin də təşkilatçılıq rolunu xüsusilə qeyd etməliyik.

Başqa bir fakt: 2014-cü ilin aprel ayında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihəyə start vermişdir.

Daha bir maraqlı fakt gənclərin təhsil, elm, mədəniyyət, incəsənət, idman, turizm, sosial həyatının fəallaşması istiqamətində yaradılan qeyri-hökumət gənclər təşkilatlarıdır. Bu ictimai təşkilatlar gənclərin ictimai fəallığı, milli və dünyəvi mədəniyyət dəyərlərini mənimsəməsi, sağlam həyat tərzi keçirməsi, onların bir çox tədbirlərdə bir araya gəlməsi və milli-mədəni maraqlar ətrafında həmrəy olması istiqamətində Mədəniyyət və Turizm nazirliyi, Gənclər və İdman nazirliyi, Təhsil nazirili kimi hökümətin idarəetmə sturkturları ilə birlikdə bir çox layihələr, tədbirlər həyata keçirmişlər.

Məlumdur ki, QHT sektoruna daxil olan ictimai təşkilatlar ölkəmizdə bir çox mədəniyyət layihələrinin həyata keçirilməsində iştirak etmişlər. Məsələn, Mədəniyyət və Turizm nazirliyinin Açıq Cəmiyyət İnstitutu və respublika ictimai təşkilatları ilə birlikdə «Azərbaycanda mədəniyyət institutları: müasir vəziyyət və inkişaf perspektivləri", art-turizm sahəsində treninq və seminarlar, məktəblilərin və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində layihələr, Avropa Şurasının təşəbbüsü ilə həyata keçirilən regional STAGE layihəsi və b. buna əyani nümunə göstərilə bilər. Növbəti əyani fakt olaraq, Azərbaycan Respublikasında həyata keçirilən Beynəlxalq Humanitar Forumları və bu beynəlxalq tədbirlərdə mədəniyyət-incəsənət yönümlü ictimai təşkilatların bir əməkdaş kimi yaxından iştirakını nəzərə çatdıra bilərik.

Mədəniyyətin idarə olunmasında və inkişafında biznesin və QHT-lərin rolunu araşdırdıqda, bu mövzunun digər bir aspekti də maraq doğurur. Azərbaycan da daxil olmaqla, dünya ölkələrinin təcrübəsi təsdiq edir ki, bazar iqtisadiyyatında biznes və mədəniyyət bir-birilə zəncirvari bağlıdırlar. Atrıq inkişaf etmiş ölkələrdə iqtisadi tərəqqinin sürəti və biznes, sahibkarlıq sektorunun çəkisinin artması bütün sahələrin maliyyə və biznes resurslarına malik olmasını labüd edir. Bu qarşılıqlı münasibət mədəniyyət sferasında da qaçılmazdır. Xüsusilə bədii mədəniyyət, "turizm və incəsənət", sosial-mədəni xidmət sahələrinin idarə olunması sahələrində yaradılan kommersiya fəaliyyəti müasir biznesin idarə olunması təcrübəsi ilə sıx bağlıdır. Əlbəttə, biznes – kommersiya maraqlarını əhatə edir. Bununla belə, biznesin özü, kommersiya maraqlarının reallaşması idarəetmə elminin zəngin nəzəri və praktik təcrübəsinə əsaslanır. İdarəetmə - mədəniyyət və biznes əlaqələrinin təminatını, onların cari və strateji iş birliyini, birgə maraqlarını həyata keçirən peşəkar fəaliyyətdir. Kommersiya firmalarının, fondların, digər biznes qurumlarının mədəniyyət və incəsənət yönümlü istər humanitar, xeyriyyəçilik, istərsə də kommersiya maraqları art-menecment, musiqi menecmenti, turizm menecmenti, festival menecmenti ilə tənzimlənir. Bu baxımdan, adı çəkilən təşkilatların festivallar, mədəniyyət günləri, konsertlər, şou-əyləncə tədbirləri təşkil etməsi artıq beynəlxalq aləmdə biznes-mədəniyyət əlaqələrinin rolunu artırmışdır.

QHT-lərə gəlincə, bu sektor daha çox qeyri-kommersiya yönümlüdür. Onun bədii mədəniyyət və incəsənətlə əlaqəsi vətəndaş cəmiyyətinin qanunvericiliyi ilə tənzimlənir. Bu baxımdan, QHT-lərin mədəniyyətin və incəsənətin idarə olunmasında, təbliğində və icimai funksiyalarının tənzimlənməsində fəal iştirakı respublikamızın mədəniyyət-incəsənət həyatının ayrılmaz hissəsidir. İctimai təşkilatlar mədəni və tarixi irsin, qeyri-maddi irsin qorunması və təbliği, yaradıcılığın və gənclərin təşəbbüslərinin dəstəklənməsi, konsertlərin təşkili kimi tədbirlərdə üçüncü sektorun iştirakı danılmazdır. QHT-lərin bədii mədəniyyət proseslərinə, konsert və əyləncə sənayesinə qatılması həm də cəmiyyətdə bu sahəni maliyyələşdirən sərmayəçilərin, donor təşkilatların, xeyriyyə fondlarının aşkar edilməsi, onlarla iş birliyinin qurulması, sponsorluğa cəlb olunması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Ədəbiyyat:

1.Abbasov N. Mədəniyyət siyasəti və mənəvi dəyərlər. – B.: 2009. – 444 s.

2.Azərbaycan Respublikasında mədəniyyət siyasəti=Cultural policy in the Republic of Azerbaijan=Культурная политика в Азербайджанской Республике /Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. – B.: 2001. - 106 s. (azərb., ing. və rus dillərində).

3.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində QHT-lərlə görüş təşkil olunmuşdur–Mədəniyyət və Turizm Nazirliyinin saytı, 2 fevral, 2015.–www.mct.gov.az/service/lang/az/page/5/nid/2804/

4.QHT və mədəniyyət sahəsində əməkdaşlıq üzrə komissiya yaradıldı – "Simsar.az" Xəbər Portalı, 4 fevral, 2015. - http://simsar.az/news/a-65052.html

5.Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı – Bakı, 21 dekabr, 2012. - www.president.az/articles/7392

6.Pənahlı N. Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu. - http://kivdf.gov.az/menu/215

7.Süleymanlı M.A. Müasir dövrdə mədəniyyət müəssisələrinin idarə olunması və iqtisadiyyatı (metodik tövsiyə).– B.: ADMİU, 1996. – 60 s.

8.Yaqubova İ. Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu–"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin saytı, 20 sentyabr, 2012. - http://meneviservetimiz.az/az/item/1740

9.Zeynallı C. Mədəniyyət və Turizm Nazirliyində QHT-lərlə görüş təşkil olunub.–APA İnformasiya Agentliyi, 12 fevral, 2015. - http://az.apa.az/news/372543

10.Глаголев А.М. Экономические отношения в художественной культуре. ТТ.1-3 - М.: 1991-1994

11.Воронова Е.Н. Экономика культуры. – Рязань, «Узорочье», 1997.

12.Основы менеджмента: современные технологии: Учеб.-метод. пособие (под ред. М.А.Чернышева) – М.: ИКЦ «МарТ», 2003 – 320 с.

13.Мамедов Ф.Т. О задачах новой культурной политики в Азербайджане. – Б.: 1998. – 76 с.

14.Мескон М., Альберт М., Хедоури Ф. Основы менеджмента (пер. с англ.) – М.: Дело, 1992.

15.Толочек В.А. Стили совместной деятельности. – М.: 2000

16.Шекова Е.Л. Экономика и менеджмент некоммерческих организаций – СПб, Лань, 2004. – 192 с.