"Musiqi dünyası" № 1 (98) 2024

Article №5; 9435-9445 pр.
Günel NƏSIROVA. CAHANGİR CAHANGİROVUN “NƏSİMİ” KANTATASI (DOI 10.5281/zenodo.11202975)
Text PDF

Azərbaycan poeziyasının dünya mədəniyyətinə bəxş etdiyi dahi şairlərdən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaratdığı söz xəzinəsi XIV əsrdən bu günə kimi dillərdə əzbər olmuşdur. Nəsimi yaşadığı dövrdə hürufilik ideyalarının carçısı olaraq, öz şeirləri vasitəsilə insanlar arasında bəşəri həqiqətləri yaymağa çalışmışdır. Şairin parlaq şəxsiyyəti, keşməkeşli həyatı və ölümü insanların təxəyyülündə həkk olunmuşdur. Nəsimi poeziyası dərin fəlsəfi fikirlərlə, lirika ilə zəngin olub, bədii dilinin gözəlliyi ilə yadda qalır. Şairin poetik dünyasının genişliyi, həssas qəlbinin döyüntüləri öz təcəssümünü musiqidə də tapır. Nəsimi və musiqi – iki ayrılmaz məfhum kimi təsəvvür oluna bilər. Nəsiminin şeirləri özlüyündə bir musiqi qaynağı olub, poetik sözün musiqi vasitəsilə ifadəsinə təkan verir. Bu baxımdan Nəsimi poeziyasının musiqidə təcəssümü özündə bir çox aspektləri əks etdirərək, musiqişünaslığın aktual mövzularından birinə çevrilmişdir.

Nəsimi poeziyası və musiqi. Bu mövzunun əsası Nəsiminin poetik dünyasında musiqinin rolu məsələlərinin öyrənilməsi ilə, şairin yaşadığı dövrdə musiqi mədəniyyətinin inkişafı, onun musiqi sənətinə münasibəti, musiqini dərindən duyaraq onu poetik dillə tərənnüm etməsi ilə bağlıdır. Nəsimi poeziyası həm şifahi ənənəli musiqi sənətinə, həm də bəstəkar yaradıcılığına dərindən təsir etmişdir. Şifahi ənənəli musiqi sənətində Nəsimi poeziyasının təcəssümü nəticəsində muğamların poetik əsası zənginləşmiş, rəngarəng təsniflər meydana gəlmişdir və bu cəhət müasir dövrdə də öz davamını tapır. Nəsimi poeziyasının bəstəkar yaradıcılığında təcəssümü də böyük bir mədəniyyət hadisəsinə çevrilmişdir.

XX əsrin 70-ci illərindən başlayaraq, Nəsimiyə həsr olunmuş əsərlər yaranmışdır. Məqalədə belə əsərlərdən birinə - Cahangir Cahangirovun “Nəsimi” kantatasına müraciət etmişik. Bu, bəstəkar yaradıcılığında Nəsimi poeziyasının təcəssümü ilə bağlı ilk iri həcmli əsərlərdən biridir. Kantata 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi münasibəti ilə bəstələnib. Kantatanın mətni şair Rəfiq Zəkanındır.

Qeyd etmək lazımdır ki, 1973-cü ildə Azərbaycanda və beynəlxalq aləmdə UNESCO-nun qərarı ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi dövlət rəhbərliyi ilə mədəniyyət və incəsənət xadimləri tərəfindən böyük bir mədəniyyət hadisəsinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin səyi ilə Nəsiminin Hələb şəhərində məzarı bərpa olunmuş, Suriyanın və digər ölkələrin kitabxanalarından Nəsiminin əlyazmaları üzə çıxarılaraq, tədqiq olunmuşdur. Azərbaycan Elmlər Akademiyasının Dilçilik institutuna Nəsiminin adı verilmişdir. Nəsiminin portreti (rəssam Mikayıl Abdullayev) yaradılmış, şairin Hələb şəhərində büstü qoyulmuş, Bakıda, Moskvada və Kiyev şəhərlərində monumental heykəlləri ucaldılmışdır. Nəsiminin adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilmiş müəlliflər siyahısına daxil edilmişdir. Məhz həmin dövrdə Nəsimiyə həsr olunmuş çox sayda incəsənət əsərləri meydana gəlmişdir [3].

Dünya mədəniyyətinin dühalarından biri olan Nəsiminin yubileyləri sonrakı illərdə də qeyd olunmuşdur. 2017-ci ildə Nəsiminin ölümünün 600 illiyi UNESCO-nun Baş qərargahında keçirilmişdir. 2018-ci ildən başlayaraq, Azərbaycanda Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilir. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilmiş, şairin 650 illik yubileyi beynəlxalq miqyasda qeyd olunmuşdur.

Musiqi sənətində Nəsimi poeziyasına həsr olunmuş rəngarəng əsərlər yaranmışdır. Bəstəkarlar Nəsiminin həyat və yaradıcılığını müxtəlif janrlı musiqi əsərlərində - musiqili-səhnə, vokal-simfonik, instrumental və vokal əsərlərdə əks etdirmişlər. Bu əsərlərdə Nəsimi obrazı, təbliğ etdiyi ideyaları, yaşadığı mühitə qarşı üsyanı, daxili sarsıntıları öz əksini tapmış və şairin yaradıcılığının ümumbəşəri mahiyyəti təcəssüm olunmuşdur. Bunlardan Fikrət Əmirovun “Nəsimi dastanı” baletini, Əfrasiyab Bədəlbəylinin “Nəsimi” vokal-xoreoqrafik Poemasını, Cahangir Cahangirovun “Nəsimi” kantatasını, Əziz Əzizlinin “Nəsimi” simfonik poemasını, Azər Rzayevin “Nəsimi” simfonik poemasını (simfonik orkestr, bas-tar və qiraətçi üçün), instrumental əsərlərdən Ramiz Mirişlinin “Ballada”sını qeyd etmək olar. Bu əsərlər Nəsiminin yubiley tədbirində səsləndirilməsi haqqında dövrü mətbuatda məlumat öz əksini tapmışdır [4]. Eyni zamanda, Nəsiminin sözlərinə çoxsaylı vokal əsərlər də yaranmışdır. Bunların sırasında Ağabacı Rzayevanın 7 romans silsiləsini, Emin Sabitoğlunun “Hardasan?” romansını, Ramiz Mustafayevin “Dedim ey nazlı sənəm”, “Didarına müştağam”, Cahangir Cahangirovun “Haqq mənəm” romanslarını, Nazim Əliverdibəyovun “Ey gülüm”, Süleyman Ələsgərovun “Neylərəm”, Səid Rüstəmovun “Neylərəm” romanslarını, Tofiq Quliyevin mahnılar silsiləsini göstərmək olar. Bütün bu əsərlər hər bir bəstəkarın yaradıcılıq üslubuna uyğun olaraq, Nəsimi obrazını musiqidə canlandırmış, onun poeziyasının musiqidə təcəssümünü rəngarəng musiqi vasitələrilə canlandırmışdır. Əlbəttə ki, Nəsiminin poeziyası nəsil-nəsil bir çox Azərbaycan bəstəkarlarını ilhamlandırmışdır və bu günə kimi də musiqimizin əbədi mövzularından birinə çevrilmişdir. Lakin bir məqalədə Nəsimi mövzusunda yazılmış bütün əsərlərin adlarını qeyd etsək böyük bir siyahı alınar.

Məqalədə qarşıya qoyulan məqsəd Cahangir Cahangirovun “Nəsimi” kantatasının məzmun və kompozisiya xüsusiyyətləri, sözlə musiqinin əlaqəsi, musiqi dilinin özünəməxsusluğu məsələlərini araşdırmaqdan ibarətdir. Əsərin təhlilini bəstəkarın əlyazması əsasında veririk [1].

Görkəmli bəstəkar Cahangir Cahangirovun (1921-1992) yaradıcılığında monumental xor əsərləri mühüm yer tutur. Bəstəkarın bu sahədə maraqlı əsərləri sırasında Azərbaycanın böyük sənətkarlarına həsr olunmuş kantata və oratoriyalar xüsusi yer tutur. Bunlardan “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” (“Ustad Aşıq”) kantatalarını, “Sabir”, “Cavid” (“Oratoriya-59”) oratoriyalarını qeyd etmək olar [2]. Bu oratoriyaların musiqi məzmunu və musiqi xüsusiyyətləri C.Cahangirovun bir bəstəkar kimi maraq dairəsinin, musiqi üslubunun genişliyini və zənginliyini nümayiş etdirir.

C.Cahangirovun “Nəsimi” kantatası üçün şair Rəfiq Zəkanın (1939-1999) yazdığı poetik mətn maraqlı məzmuna və quruluş xüsusiyyətlərinə malikdir. Əsərin poetik mətnində Nəsimi dühasının böyüklüyü, Azərbaycan mədəniyyətindəki rolu tərənnüm olunur. Burada Nəsimi obrazını canlandırmaq və tərənnüm etmək üçün şairin yaddaşlara həkk olunmuş sözlərindən, misralarından istifadə etmiş, öz bədii fikirlərini də bu prizmadan ifadə etməyə nail olmuşdur. Bu da şeirin quruluşunun Nəsimi poeziyasına yaxın ruhda olmasına yol açır.

Mətndə altı yüz yaşı qeyd edilən şair Nəsimi Azərbaycan mədəniyyətində parlaq günəş kimi, xalqımız üçün qürur mənbəyi kimi tərənnüm olunur.

“Bir yaz günü bu torpaqda doğuldu.

Bizim Azərbaycanın parlaq ulduzu oldu”.

Müəllif şeirdə, demək olar ki, Nəsiminin həyatı və yaradıcılığını müəyyən ifadələrlə, işarələrlə, bəzən şairin öz sözləri vasitəsilə təsvir edərək, onun obrazını dolğun canlandıra bilmişdir. Məsələn, mətndə Nəsiminin bu beytindən istifadə olunduğunu qeyd edə bilərik:

“Qamu yerlərdə bulundum, qamu sözlərdə bilindim,

Qamu pərdədə çalındım, bu ulu bəyanə gəldim”.

Rəfiq Zəka bu beytdəki “Qamu” kəlməsini müasir dilimizdəki eyni mənanı verən “Həmi” (həm) sözü ilə əvəz edərək, mətnin qavranılmasına kömək edir:

“Həmi yerlərdə bulundum, həmi sözlərdə bilindim,

Həmi pərdədə çalındım, bu ulu bəyana gəldim”.

Nəsimi irsinin tədqiqatçıları onun bədii dilindəki ayrı-ayrı sözlərin, ifadələrin yozumunu verərək, maraqlı fikirlər söyləmişlər. Bu baxımdan akademik Rafael Hüseynovun “Nəsimi şeirində “pərdə” və pərdənin ardındakılar” məqaləsində nümunə gətirdiyimiz beytin mənasını şərh edərkən yazmışdır: “Bütün pərdələrdə çalınmaq” deyimi ilə Nəsimi “məşhur olmaq” anlamını ifadə edir” [5]. Bu fikrə əsaslanaraq qeyd edə bilərik ki, Rəfiq Zəka məhz bu məna yozumundan istifadə edərək, Nəsiminin məşhurluğunu vurğulamaq üçün həmin beyti kantatanın mətninə daxil etmişdir.

Eyni zamanda, mətnə Nəsiminin poetik dilində çox istifadə olunan “gövhər”, “dürdanə” kimi sözlər də daxil edilərək, şairə müraciətlə deyilir:

“Ey gövhərin bahasını, miqdarını bilən,

Axtar içində gör ki, nə dürdanəyəm yenə”.

Bu misralar Rəfiq Zəka tərəfindən Nəsimi şeirinin məna yozumunu əks etdirir. Qeyd edək ki, Nəsiminin qəzəllərinin bir çoxu “Ey” nidası ilə başlayır ki, bu da poetik mətndə müəyyən xatırlatmalar əmələ gətirir. Nəsiminin faciəli ölümününə işarə edən misralar da çox təsirli səslənir:

“Nadanlar anlamazlar, dandı böyük şairi”...

“Kim əqidəmdən mənə don söyləyər, ya kim soyar.

Şeyrim avaz etmədədir, bəxtim olub dünyaya yar!”

Bu misralar sanki Nəsiminin öz dilindən söylənərək, onun möhtəşəm obrazının dolğunlaşdırılmasına xidmət edir. Şairin əqidəsi uğrunda edam olunaraq, dərisi soyulması dünya mədəni mühitində ən qanlı cinayətlərdən biri kimi hər zaman qınanmışdır. Bu fakt mətndə lakonik şəkildə əks olunmuşdur.

Bundan əlavə, mətndə şairin dünyada şöhrət qazanması, adının xalqın qəlbinə həkk olunması ilə bağlı müəllif fikri Nəsiminin öz dilindən səsləndirilir.

“Bəxtiyaram ki məni yurdum sevər, xalqım duyar.

Bəxtiyaram ki günəşdən don geyib şair, diyar.”

Bütün bunlar həqiqətən də Nəsiminin xalqla bağlılığını, dünya mədəniyyətinə töhfələrini, şairlərin ustadı olmasını bir daha təsdiq edir.

Poetik mətnin quruluşu kantatanın musiqisi ilə sıx əlaqədardır. Belə ki, əsər bir hissəli kompozisiya quruluşuna malik olub, öz daxilində ardıcıl ifa olunan və bir-birilə əlaqədar olan üç hissəni birləşdirir. Hər bir hissə məzmun və forma baxımından fərqlidir. Əsərin dramaturji inkişaf xəttində birinci və üçüncü hissələr xarakter baxımından oxşar olub, təntənəli əhval-ruhiyyə daşıyır. İkinci hissə lirik xarakterlidir.

C.Cahangirovun musiqi üslubunun əsas keyfiyyətlərindən biri olaraq, kantatanın kompozisiya quruluşunda, musiqi materialının inkişafında, mövzuların quruluşunda muğamdan gələn xüsusiyyətlər özünü büruzə verir. Əsərin bölmələri ardıncıl səsləndirilərək, biri-digərinin inkişaflı variantı kimi qəbul edilir, bir-birilə intonasiya vəhdəti təşkil edir. Bədii ifadə vasitələrinin seçimində muğamın ənənəvi xüsusiyyətləri özünü göstərir. Bütün bunlar əsərin musiqi dilində qabarıq əks olunur.

Kantatanın birinci hissəsi orkestr girişi ilə başlanır və özlüyündə üçhissəli formadadır. Bölmələr arasında orkestr səslənmələri bağlayıcı əhəmiyyət daşıyır.

Orkestr girişi – Moderato tempində, təntənəli, pafoslu xarakter daşıyır. İlk xanələrdən diqqəti cəlb edən musiqi mövzusu möhtəşəm bir obraz yaradılmasına yol açır.

Nümmunə 1.

Akkordlu fakturada aparıcı mövzunun musiqi dilində xromatizmlərdən çox istifadə olunur ki, bu da musiqi məzmununa dramatik çalarlar aşılayır. Eyni zamanda zəngin boyalı möhtəşəm lövhə - orta əsrlər dövrünün gərgin fikir çarpışmaları fonunda Nəsimi işığının Şərq ölkələrində yayılmasını təsvir edilir. Sanki musiqinin ilk sədalarından zamanın fövqündə duran şair Nəsiminin abidəsi gözümüz qarşısında canlanır.

Birinci hissədə - Moderato, təntənəli əhval-ruhiyyə öz davamını tapır. Xorun ifası: “Nəsimi bu ellərin gözlərinin nurudur” sözləri ilə sopranoların partiyası ilə başlanır, daha sonra digər partiyalar da səslənməyə qoşulur.

Nümunə 2.

Birinci hissənin mövzusu girişin elementləri üzərində qurulub. Mövzunun melodik xətti enən-yüksələn hərəkət xəttinə malikdir. İlk səslənmədə cis-moll tonallığında verilən mövzu tədricən xor partiyalarında xromatizmlərlə dolğunlaşdırılır. Xorun partiyalarında səslər arasında qarşılıqlı uzlaşma, çarpaz hərəkət xətti özünü göstərir. Melodiyada muğamla bağlı cəhətlər öz əksini tapır ki, bu da ümumi inkişaf xəttində müşahidə olunur. Melodiyanın quruluşunda məqam əsası da mühüm əhəmiyyətə malikdir. Şur məqam-intonasiyaları əsasında qurulan melodik xətdə rast, çahargah məqamlarına yönəlmələr polifonik xor partiturasında özünü qabarıq büruzə verir.

Birinci hissənin musiqi materialı yüksələn xətt üzrə inkişaf etdirilərək, orta bölmədə kulminasiyaya çatdırılır. Bölmələr arasında orkestrin ifası inkişafın yeni dalğasını hazırlayır və musiqinin daha şövqlə səslənməsinə təkan verir. Orkestr partiyasının musiqi məzmunu başlanğıc mövzunun variasiyalı şəkillərinə əsaslanır. Musiqi materialının inkişaf prosesində dəyişikliyə uğraması xor partiyalarında da özünü göstərir. Belə ki, birinci hissənin bölmələrində hər dəfə yeni mövzu deyil, əsas mövzunun daha dolğun, şəkli dəyişilmiş, melodik baxımdan daha mürəkkəb variantı verilir. Burada dramaturji inkişaf xəttində özünü göstərən dolğunlaşma, fakturanın sıxlaşması səslənmənin dinamikasını artırır. Orta bölmə əvvəlkindən daha təntənəli xarakter daşıyır. Bu cəhət mətndə də özünü göstərir. “Ey cahan şöhrətli böyük sənətkar, Sənin hər könüldə bir şəfəqin var” sözləri ilə oxunan orta bölmənin musiqi məzmunu geniş nəfəsli melodik xəttə malikdir. Birinci hissənin sonuncu bölməsində melodik inkişaf davam etdirilərək, təmkinli hərəkətlə hissəni yekunlaşdırır.

Kantatanın ikinci hissəsində – Largo, musiqinin xarakteri dəyişir. Həzin, lirik, axıcı melodik xətt arpeciolu müşayiət fonunda verilir. Bu hissədə xor partiyalarında ağzıyumulu oxuma üsulu tətbiq olunur. İkinci hissə də üç hissəli quruluşdadır və bölmələrin musiqi məzmunu inkişafda verilir. Bu hissənin birinci bölməsində vokaliz özünəməxsus təsirli, düşündürücü bir mühit yaradır. Bu, Nəsimi obrazının təcəssümündə yeni bir mərhələdir. Belə ki, əgər birinci hissədə Nəsimi bir şair kimi, parlaq şəxsiyyət kimi təriflənib tərənnüm olunursa, ikinci hissədə bəstəkar obrazın daxili aləmini, onun ideyalarını, insanlara aşıladığı həqiqətləri dərindən duymaq üçün hər kəsi Nəsiminin poetik dünyasını və qəlbinin səsini dinləməyə yönəldir.

Nümunə 3.

Melodik xətt bir səsin uzadılmasına və kiçik diapazon həcmində müxtəlif ritmik qruplarla təkrarlanmasına əsaslanır. Bu da xor partiyaları arasında ötürülərək, sonsuzluq, tükənməzlik hissiyyatı yaradır.

İkinci bölmədə verilən tenorun solosu “Ey gövhərin bahasını, miqdarını bilən bilən” sözləri ilə başlanır. Mövzunun melodik xətti yüksələn sekvensiya bölümlərindən ibarət olub, dalğavari inkişafa malikdir. Sekvensiya halqasının variantlı təkrarlarından sonra enən hərəkətli melodik qapanma verilir.

Nümunə 4

Muğamvari melodik quruluşda metro-ritmin dəyişilmələri, rast-segah intonasiya keçidləri axıcı, rəvan hərəkətlə əks olunur. Burada C.Cahangirovun muğamdan bəhrələnməsini əsərin musiqi məzmununda rəngarəng yollarla həyata keçirdiyini qeyd etməliyik. Məhz əsərin qəhrəmanının obrazının dərindən açılmasına yönələn bu kimi üsullar C.Cahangirovun yaradıcılığında öz qabarıq təzahürlərini tapır. Musiqişünas-alim R.Zöhrabovun C.Cahangirovun “Füzuli” kantatasında muğamdan istifadə ilə bağlı belə bir fikri diqqətəlayiqdir: “Bu, “Füzulinin dili ilə hekayətə başlayan bəstəkarın ahəstə söhbətidir” - desək, düz olar” [6, s. 307]. Bu fikrə əsaslansaq, həqiqətən də bəstəkar nəzərdən keçirdiyimiz əsərdə də təcəssüm etdirdiyi Nəsiminin qəlbinin səsini və düşüncələrini məhz muğamvari melodiyada dərindən ifadə etməyə nail olmuşdur.

Kantatanın ikinci hissəsinin sonuncu bölməsində xor - Con brio səslənir. Xorun ifasında “Həmi yerlərdə bulundum, həmi sözlərdə bilindim” misralarının oxunması səslənməyə yeni bir ruh, gümrahlıq gətirir. Nəsimiyə məxsus olan bu misralar onun fikirlərinin genişliyini, insanların təfəkküründə kök saldığını və əbədiyyətə qovuşduğunu əks etdirir.

Nümunə 5

Burada mövzunun reçitativ-deklamasiyalı quruluşu Nəsimi şeirinin ruhunu təcəssüm etdirir. Xor partiyasındakı unison səslənmələr kiçik diapazonlu melodik cümlələrdə ifadə olunaraq, mövzunun inadla eyni səviyyədə səslənməsini əks etdirir. Musiqi inkişafının dinamikası yüksələrək, üçüncü hissədə təntənəli yekunu hazırlayır.

Kantatanın üçüncü hissəsi – Maestoso, əsərin məntiqi olaraq pafoslu şəkildə tamamlanmasına imkan yaradır. “Bəxtiyaram ki məni yurdum sevər, xalqım duyar” sözlərinə əsaslanan üçüncü hissə xarakterinə görə Nəsiminin şəninə söylənən təntənəli odadır. Bunun davamı olaraq, əsərin kodası – Maestoso molto “Bəxtiyaram” sözünün dəfələrlə təkrarlanması ilə bitir.

Üçüncü hissənin xor partiyasında melodiya o qədər də geniş inkişaflı olmasa da, orkestr partiyasında musiqi materialı inkişaf etdirilərək, kulminasiyaya çatdırılır, musiqi dramaturgiyasının hərəkətverici qüvvəsinə çevrilir. Burada əsas mövzunun variasiyalı dəyişikliyə məruz qalaraq, onun yenilənməsi özünü göstərir ki bu da kantatanın quruluşunda əsas cəhətlərdən biri kimi qeyd olunmalıdır.

Kantatanın musiqi dilində epik və lirik ifadə tərzinin qovuşdurulması musiqi ifadə vasitələrinin vəhdətindən yaranır. Zəngin akkordlu və polifonik faktura muğamvari melodiyalarla qarşılıqlı əlaqədə zəngin musiqi üslubunu üzə çıxarır. Xor yazısının böyük ustadı kimi tanınmış C.Cahangirovun yaradıcılığında bu cəhətlərin qovuşması zəminində monumental əsərlər meydana gəlmişdir.

Azərbaycan musiqi tarixinə dahi sənətkarlara həsr olunmuş əsərlər sırasıında Cahangir Cahangirovun Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Nəsimi” kantatası ümumilikdə Nəsimi dühasını canlandıran möhtəşəm bir musiqi abidəsi kimi yadda qalır.

İstifadə edilmiş ədəbiyyat

1. Cahangirov C. “Nəsimi” kantatası. Klavir [Notlar] / S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi. q. 51. S. 2. S.v. 55. Əlyazma. 1973.

2. Cahangir Cahangirov. Biblioqrafiya. / Tərtib edən: T.Məmmədova. – Bakı: 2011.

3. Nəsirova G.R. Nəsimişünaslığın inkişafında Ulu Öndər Heydər Əliyevin rolu. / – Bakı: “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu”. Respublika elmi-praktiki konfransın materialları. 26-27 aprel, 2023.3.

4. Böyük şairə musiqi töhfəsi. // –Bakı: “Bakı” qəzeti. – 1973, 27 iyun.

5. Hüseynov R.B. “Nəsimi şeirində “pərdə” və pərdənin ardındakılar”. / –Bakı: “525-ci qəzet”. 11.02.2019. [Elektron resurs] / URL: https://science.gov.az/az/news/open/9726/

6. Zöhrabov R.F. Azərbaycan muğamları. / R.F.Zöhrabov. – Bakı: Təhsil. – 2913. – 336 s.