"Musiqi dünyası" № 3 (92) 2022

Article №2; 8944-8955 pр.
Ülkər TALIBZADƏ. Akademik Z.Səfərovanın yaradıcılığında M.M.Nəvvab və onun “Vüzühül-ərqam” risaləsi
Text PDF

İyunun 8-də Azərbaycan ictimaiyyəti görkəmli musiqişünas alim, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, akademik Zemfira xanım Səfərovanın 85 illik yubileyini təntənəli surətdə qeyd etdi. Azərbaycan Milli Elmlər Akademiyasında alimin şərəfinə keçirilən elmi sessiyada ölkənin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri iştirak etdilər. Elmi sessiyada AMEA-nın prezidenti, akademik İ.Həbibbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxdir üzvü F.Əlizadə, AMEA Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxdir üzvü Ə.Salamzadə çıxış edərək Z.Səfərovanın zəngin yaradıcılığından, elmi-ictimai fəaliyyətindən, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışdılar. Akademik Z.Səfərovanın musiqi elminin inkişafında oynadığı mühüm rolunu diqqətə çatdıran natiqlər onu hər zaman Azərbaycançılıq ideyalarına sadiq vətənpərvər bir zayalı kimi səciyyələndirdilər. Çıxışlarda Z.Səfərovanın elm təşkilatçısı kimi fəaliyyəti xüsusi vurğulandı, rəhbərlik etdiyi işçi qrupunun ərsə gətirdiyi “Azərbaycan musiqi tarixi” 5 cildliyinin musiqi tariximizin ilk fundamental akademik nəşri olması fikri dəfələrlə səsləndi. Əsərləri müxtəlif ölkələrdə nəşr edilən akademikin beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, Azərbaycan musiqi mədəniyyəti, tarixi, musiqi xadimləri haqqında məruzələri də natiqlərin diqqətindən yayınmadı. E.Salamzadə “300-dən artıq elmi əsərin müəllifi olan Z.Səfərovanı Azərbaycan musiqişünaslığı sahəsində böyük bir elmi məktəb” yaradan alim kimi yüksək dəyərləndirdi.

Elmi sessiyada professor H.Babayevanın “Vətəndaş mövqeli alim”, professor İ.Köçərlinin “Zemfira Səfərovanın “Azərbaycan musiqi elmi” monoqrafiyası və onun musiqişünaslıqda rolu”, professor Z.Dadaşzadənin “Zemfira Səfərovanın yaradıcılığında Qarabağ mövzusu”, Ü.Talıbzadənin “Akademik Z.Səfərovanın elmi yaradıcılığı Azərbaycan musiqişünaslığı kontekstində” adlı məruzələri səsləndi. Məruzələrdə alimin elmi yaradıcılığının müxtəlif sahələrinin təhlili, Azərbaycan musiqi tarixinin öyrənilməsi zamanı əldə etdiyi elmi qənaətlər, Azərbaycanın görkəmli musiqi xadimlərinin yaradıcılıqlarının tədqiqi və təbliği ilə bağlı yazılarına dair fikirlər yer aldı.

Z.Səfərovanın gərgin və geniş elmi fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O müxtəlif fəxri ad və mükafatlara layiq görülüb. Bu yubiley günlərində də alim 85 illik yubileyi münasubətilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir. Biz bir daha hörmətli Zemfira xanımı yubileyi və bu yüksək ödül münasibətilə təbrik edirik, möhkəm can sağlığı, uzun yaradıcı ömür, uğurlar arzulayırıq.

xxx

Elmi yaradıcılığı geniş mövzu dairəsinə malik olan Z.Səfərovanın tədqiqatları içərisində Azərbaycanın musiqi elminin tarixinin araşdırılmasına həsr edilən əsərlər xüsusi önəm daşıyır. “Azərbaycanın musiqi elmi” monoqrafiyasında Z.Səfərova 7-8 əsrlik musiqi elminin inkişaf yolunu tədqiq etmiş, orta əsrlərdə yaşayıb yaratmış üç böyük musiqi nəzəriyyəçisi – S.Urməvi, Ə.Marağai, F.Şirvani, XIX əsr alimi Mir Möhsün Nəvvabın elmi irsini ilk dəfə olaraq ilk mənbələrdən tədqiq etmiş, onların ənənələrinin parlaq davamçısı olan dahi Üzeyir Hacıbəylinin yaradıcılığının nəzəri və estetik əsaslarını araşdırmışdır. Alim Azərbaycan musiqi elminin tarixi ilə bağlı apardığı tədqiqatlarla milli musiqişünaslığımızda mənbəşünaslığın əsasını qoymuş, orta əsr risalələrinin tədqiqi və təhlili metodologiyasına öz töhfələrini bəxş etmişdir.

“Azərbaycanın musiqi elmi” əsərinin üçüncü hissəsinin ikinci və üçüncü fəsilləri XIX əsrin görkəmli ensiklopedist alimi Mir Möhsün Nəvvaba və onun “Vüzuhül ərqam” risaləsinə həsr edilib. Qeyd etmək lazımdır ki, görkəmli musiqişünasın yaradıcılığına həsr etdiyi kitabçanı Z.Səfərova hələ 1983-cü ildə çap etdirmişdi ki, bu da XIX əsr mütəfəkkiri haqqında çıxan ilk tədqiqat idi. Rus dilində nəşr edilən bu kitab Səmərqənddə keçirilən II Beynəlxalq musiqişünaslıq simpoziumu üçün çox qısa bir müddətdə yazılmış və alimin musiqi sənəti, musiqi elmi, ifaçılıq sənəti ilə bağlı fəaliyyətini işıqlandırırdı. Həmin simpoziumda Z.Səfərovanın “Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” risaləsi” məruzəsi çox böyük marağa səbəb olmuş, uğur qazanmışdı. Alimin M.M.Nəvvabın elmi irsinə həsr edilmiş “Mir Möhsün Nəvvab. Vüzuhül-ərqam” adlanan ikinci kitabı 1989-cu ildə Ön söz, lüğət, elmi şərhlər və risalənin faksimilesi ilə nəşr edilmişdir. M.M.Nəvvabın nəvəsi Simuzər xanım Ağayevanın Z.Səfərova ilə bağlı xatirələrindən bu kitablarla bağlı fikirlərini təqdim etmək istərdik: “Sonra o1, məsləhət gördü ki, həmin institutun musiqi şöbəsinin müdiri musiqişünas Zemfira xanım Səfərova ilə tanış olum və onu da dedi ki, Zemfira xanım M.M.Nəvvabın “Vüzuhül-ərqam” əsəri üzərində işləyə bilər və az müddətdə qurtarar. Mən yenə də ləngimədən Zemfira xanımın yanına getdim. O, məni çox yaxşı qarşıladı və tezliklə işə başladı və çox keçmədi ki, işi başa çatdırıb “Elm” nəşriyyatına təhvil verdi..... Zemfira xanımın bu işdə göstərdiyi təşəbbüskarlığına məəttəl qalmaq olardı. Təsadüfi deyil ki, onun bu təşəbbüskarlığından sonra bir çox alimlərdə M.M.Nəvvaba qarşı bir alim kimi, şəxsiyyət kimi müəyyən maraq oyandı.” [1.] Doğrudan da məhz Z.Səfərovanın M.M.Nəvvaba həsr edilmiş tədqiqatlarından sonra bu böyük alimin həyat və yaradıcılığına olan maraq daha da artdı, çoxşaxəli irsinin müxtəlif sahələrinə həsr edilmiş yeni tədqiqat əsərləri yazılmağa başladı. Qədim dövr risalələrinin, tədqiqatlarının gözəl bilicilərindən olan xalçaçı-rəssam, görkəmli sənətşünas alim, Xalq rəssamı Lətif Kərimov 1988-ci ildə bu kitaba verdiyi rəydə yazırdı: “Bu, inqilabdan əvvəl Azərbaycanda musiqi haqda Azərbaycan dilində (köhnə əlifba ilə) çap edilmiş yeganə risalədir. Lakin indiyə qədər bu risalə müasir dilimizə çevrilib bütünlüklə çap edilməmiş, bu haqda elmi tədqiqatlar aparılmamışdır.

Z.Səfərovanın “M.M.Nəvvabın “Vüzuhül-ərqam risaləsi” adlı kitabında ilk dəfə olaraq bu çətin və lazımlı iş görülmüş, Nəvvabın musiqi risaləsinin mahiyyəti açılmış, onun əsas müddəaları şərh edilmişdir....

..... “M.M.Nəvvabın “Vüzuhül-ərqam risaləsi” adlı kitabı çapa təqdim edərək ümid edirəm ki, bu əsər həm musiqi tariximizi araşdıran musiqişünaslarımız üçün, həm də bu sənət ilə maraqlananlar üçün faydalı olacaq.” [3. ]

M.M.Nəvvabın “Vüzuhül-ərqam risaləsi” kitabı həm Azərbaycan musiqi elminin müəyyən bir mərhələsinin - XIX əsrdə yaranan musiqi risaləsinin tədqiqi, həm də görkəmli alim, musiqiçi, ifaçı M.M.Nəvvabın həyat və yaradıcılığının, musiqi irsinin ilk dəfə xüsusi tədqiqata cəlb edilməsi baxımından olduqca qiymətli bir əsərdir. Kitabın uğurlu tədqiqat əsəri kimi meydana çıxmasına səbəb olan amillərdən biri də akademik Zemfira Səfərovanın araşdırdığı mövzuya olan dərin marağı və müraciət etdiyi şəxsiyyətə verdiyi yüksək dəyərdir. Z.Səfərova “M.M.Nəvvab. Vüzuhül-ərqam” kitabına olan Ön sözündə yazır: “Alim, şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvab XIX əsrin xalqımıza bəxş etdiyi görkəmli simalardandır. M.M.Nəvvab Azərbaycan musiqi və poeziya beşiyi Şuşa şəhərində doğulmuş, yaşamış, yaratmış və orada da vəfat etmişdir.

Ensiklopedik bilik və bir çox sahələrdə nadir istedad sahibi olan M.M.Nəvvab Azərbaycan elminin, ədəbiyyatının və sənətinin müxtəlif sahələrində dəyərli iz qoyub getmişdir. Onun çoxşaxəli fəaliyyəti, elmi fikirləri və araşdırmaları iyirmidən artıq əsərində öz əksini tapmışdır. M.M.Nəvvab həm də bir çox rəsmlərin və miniatürlərin müəllifidir.” [4. 3.]

“Azərbbaycanın musiqi elmi” monoqrafiyasının “Mir Möhsün Nəvvab və onun elmi irsi” adlı fəsli alimin həyat və yaradıcılığına həsr edilmişdir. Müəllif burada Mir Möhsün Hacı Seyid Əhməd oğlu Ağamirzadə Nəvvab Qarabağinin (1833-1918) dövrü və mühiti, təhsili, doğma Şuşa şəhərinin mədəni həyatında oynadığı böyük rolu, ədəbi-bədii və elmi irsi, ictimai fəaliyyəti haqqında məlumat verib, dövrünün xalqının maariflənməsi, Azərbaycan ədəbiyyatının, incəsənətinin inkişafı yolunda əzmlə çalışan qabaqcıl ziyalısının parlaq portretini yaratmışdır.

Z.Səfərovanın təqdimatında M.M.Nəvvab Şuşada kitabxana, qiraətxana, “üsuli-cədid” məktəblərini açan qabaqcıl maarif xadimi, “Ziya”, “Kəşkül” və başqa qəzetlərdə maarif, mədəniyyət və səhiyyəyə dair məqalələr nəşr etdirən mahir jurnalist, Həsənəli xan Qarabağı, Mirzə Ələsgər Novrəs Fatma xanım Kəminə, Xurşudbanu Natəvan və digər şairlərlə şeirləşən şair, kitablarının bədii tərtibatını vermiş, Şuşadakı bir sıra minarələrin, mədrəsənin naxışını işləmiş, yağlı boya ilə “Quşlar”, “Güllər”, “Teymurun portreti” kimi əsərlər yaratmış yüksək bədii zövqə malik bir sənətkar, Şuşada mətbəə açıb Azərbaycanın kitab mədəniyyətinə dəyərli töhfələr verən fəal nəşriyyatçı kimi canlanır. Doğma yurdunun mədəni həyatının tərəqqisi amalı ilə yaşayan Nəvvabın daha dərin və dolğun portretini vermək məqsədilə Z.Səfərova onun yaratdığı “Məclisi-fəramuşan” (Unudulmuşlar məclisi) və “Musiqiçilər” məclislərindən, astronomiya, riyaziyyat, kimya və digər elmlərə aid görüşlərindən bəhs etmiş, astronomiyaya dair “Kifayətül-ətfal” (1899), ən qiymətli əsərlərindən olan “Təzkireyi-Nəvvab” və digər əsərləri haqda məlumat vermişdir. M.M.Nəvvabın elmi və pedaqoji fəaliyyətini işıqlandıran “Nəsihətnamə”, “Kifayətül-ətfal”, “Nürul-ənvar” və s. əsərlərində öz əksini tapan psixoloji və etik görüşləri barədə yazan Z.Səfərova alimin elmə verdiyi yüksək dəyəri vurğulayır, bu zaman fikrini Nəvvabın öz sözləri ilə təsdiqləyir: “Elm və hünərdən yadigar qoymaq yaxşıdır, nəinki mal və əmlakdan”. Müəllif Nəvvabın yaradıcı tərcümeyi-halında onun Azərbaycanın kitab sənətinin inkişafında göstərdiyi əhəmiyyətli fəaliyyətini qələmə alır, yüksək bədii zövqə malik sənətkar, mahir nəqqaş, zəngin palitralı boyalarla aşılanmış rəngkarlıq tablolarının müəllifi kimi səciyyələndirir. Alimin öz evinin, işlədiyi məktəbin, mədrəsənin divarlarına, Şuşanın Böyük məscidinin iki minarəsinə vurduğu nəfis naxışları onun sənətinin ən gözəl örnəkləri kimi təqdim etmişdir. Nəvvabın kitab nəşri və kitabların bədii tərtibatı sahəsinə bəxş etdiyi töhfələrə xüsusi önəm verən Z.Səfərova yazır: “Azərbaycanda kitab sənətinin inkişafında M.M.Nəvvabın rolu xüsusilə böyük idi. Onun parlaq istedadı kitab tərtibatında özünü biruzə vermişdir. O, bu işin ustadı idi. M.M.Nəvvab hələ gənc yaşlarından bədii tərtibat sənətinə, kitabların illüstrasiyasına aludə olmuşdur. Məsələn, 1850-ci illərdə o, Firdovsinin “Şahnamə” əsərinə çəkilən litoqrafik illüstrasiya üzərində yaradıcı iş apararaq, onları daha əlvan, baxımlı, emosional cəhətdən daha təsirli etmişdir.

M.M.Nəvvab “Bəhrul-Həzan” (1864-1865) kitabının illüstrasiyasını vermişdir. Buradakı beş miniatürdə o, müxtəlif döyüş səhnələrini əks etmişdir. Bədii cəhətinə, rəng çalarlarına görə bu miniatürlər klassik miniatürlərdən daha çox Şəki xan sarayının frizlərini xatırladır.” [5. 236]

M.M.Nəvvabı xalqının, vətənin sadiq övladı, hər zaman vətəninin azadlığı, istiqlalı uğrunda mücadilə edən vətənpərvər bir alim və sənətkar kimi təsvir edən Z.Səfərova onun bu gün də gündəmdə olan bədnam qonşularımızın Qarabağ torpaqlarına olan təcavüzünə, erməni-müsəlman davasına həsr edilmiş “Təvərixi-rəzm və şurisi talafeyi-ərməniyeyi-Qafqaz ba firqeyi müsəlmanan”, “Qafqaz Erməni tayfası ilə müsəlmanların vuruş və iqtisas tarifləri” əsəri barədə məlumat verir və göstərir ki, bu əsər erməni vandallıqlarının, şəhər və kəndlərdə törətdikləri vəhşilikləri tarixi fakt və sənədlər əsasında əks etdirən tarixi əsərdir.

Azərbaycanın musiqi sənətinin, musiqi elminin, musiqi təhsilinin inkişafında xüsusi rolu olan Nəvvabın bu sahədə fəaliyyətini araşdıran Z.Səfərova alimin musiqiyə dair “Kəşfül-həqiqeyi-məsnəvi” əsərində bir sıra problemlərlə yanaşı musiqiyə dair də dəyərli fikirlərin yer aldığını göstərmişdir: “M.M.Nəvvabın “Kəşfül-həqiqeyi-məsnəvi” əsərində əxlaqi-tərbiyəvi, etik və s. problemlərə toxunulmuşdur. Fars dilində yazılmış bu əsər üçhissəli məsnəvidən və “divan”dan ibarətdir. “Divan”da Nəvvabın qəzəl və rübailəri, müasiri olduğu müxtəlif tarixi şəxsiyyətlərə, ayrı-ayrı hadisələrə həsr etdiyi mənzumələri verilmişdir.

Əsasən nəsihətamiz hekayələrdən ibarət olan məsnəvidə riyaziyyat, astronomiya, musiqi və s. elm sahələri ilə bağlı hissələr də vardır. Məsnəvidəki musiqi ilə əlaqədar üç hissə xüsusi maraq doğurur.” [5. 238.] Əsərin musiqiyə aid olan üçüncü hissəsinin daha qiymətli olduğunu hesab edən müəllif burada Nəvvabın muğamların, şöbələrin və guşələrin təsnifatını verməsi faktını nəzərə çatdırmış və orijinal bədii tərzdə şeirlə yazılmış bu hissəni bütünlüklə təqdim etmişdir:

Musiqi elmini bilsən rəvadır.

(Çünki) sənin məqsədin elmdir, xanəndəlik deyil.

Dörd ünsür olduğu dörd də məqam var

Üç doğulanla burgə yeddi ad edir.

Bu üç o dördə vursan

Hasili on iki olar.

Beləliklə on iki muğam de ki,

Sənə belə bir sirr aydın olsun:

Şöbələrin sayı iyirmi dörddür.

Qırx səkkiz guşəsi məşhurdur

Altı bəhri və üsulu var. (Hamısı birlikdə) doxsan edir

Qəbul edirsənsə, bir-bir deyim.

Avazların (sayı) on beşə çatır,

Bu qaydaları əldən buraxma.

Z.Səfərova Nəvvabın musiqi elmi və ifaçılıq sahəsindəki fəaliyyətinə xüsusi önəm verir. Belə ki, o, alimin XIX əsrin 80-ci illərində məşhur xanəndə Hacı Hüsü ilə Şuşada yaratdıqları “Musiqiçilər” məclisinin fəaliyyətindən, bu məclislərdə müzakirə olunan estetik, ifaçılıq, muğamlarda poetik mətn seçimi, musiqi təhsili və digər problemlərdən söz açmışdır. Müəllif bu məclislərin musiqi təhsilinə böyük təsir göstərdiyini və Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinki kimi məşhur muğam ifaçılarının ilk musiqi təhsillərini Nəvvabdan onun musiqi məclisində aldıqlarını xüsusi vurğulamışdır. Z.Səfərova tədqiqatında C.Bağdadbəyovun xatirələrinə istinadən M.M.Nəvvabı o dövrdə hökm sürən dini qadağalara rəğmən gizlin şəkildə istedadlı cavanlara muğam ifaçılığının sirlərini öyrədən, muğamatı təlim edən maarifpərvər bir musiqi xadimi kimi səciyyələndirmiş və alimin öz sözləri ilə doğru yolda olduğuna şəhadət vermişdir. “Nəvvab nə yazdısa doğruluq və həqiqət üçün yazdı, öz nəfsi üçün yazmadı”.

Monoqrafiyanın M.M.Nəvvabın yaradıcılığını araşdıran bölümündə, alimin məşhur “Vüzuhül-ərqam” (Rəqəmlərin izahı) risaləsinə həsr edilmiş üçüncü fəsil xüsusilə diqqətəlayiqdir. M.M.Nəvvabın 1884-cü ildə Şuşada yazdığı “Vüzuhül ərqam” əsəri XIX əsrdə əski əlifba ilə Azərbaycan dilində yazılan musiqiyə dair yeganə risalədir. Z.Səfərova Azərbaycan musiqişünaslığında mənbəşünaslığın əsasını qoyaraq, ilk dəfə olaraq bu risalənin ərəb əlifbasında olan mətnini müasir qrafikaya transfoneliterasiya etdirmişdir. Musiqişünas “Vüzuhil ərqam” risaləsini təhlil edərək göstərir ki, orta əsr muğam nəzəriyyəsinin ənənələrini davam etdirən bu risalə orta əsr risalələrindən fərqlənir və daha çox təcrübi məqsədə qulluq edir. Z.Səfərova bunu orta əsr risalələrinə xas olan özəllik kimi dəyərləndirir və bu risalənin musiqi təlimində istifadə edilə bilən bir dərslik olaraq görür. Lakin bununla belə, risalədə muğamlar və onların şöbələrinə həsr edilən nəzəri hissələr də var ki, burada musiqinin əmələ gəlməsi, şeirlə muğamın bağlılığı, səsin akustukası, dəstgahların tərkibi, muğamlarda rəqəmlərin izahı, muğamların emosional təsiri, musiqi və təbabət kimi estetik və nəzəri problemlər araşdırılır, eyni zamanda muğamların adları, musiqi alətləri barədə bilgilər təqdim edilir.

“Vüzuhül-ərqam” risaləsində olan dinə müraciət məqamlarını Z.Səfərova alimin dinə baxışı ilə, dünyagörüşünün mühüm bir hissəsi kimi, risalədəki bir sıra elmi problemlərin həlli ilə sıx əlaqədə verməyə cəhd etmişdir. Belə ki, o, M.M.Nəvvabın əsərində olan dinə müraciəti, yaşadığı dövrdə hökm sürən dini qanun-qaydaların qoyduğu qadağalar şəraitində, alimin əsas məqsədinin həyata keçməsi yolunda istifadə etdiyi bir vasitə qismində göstərmişdir. Z.Səfərova fikirlərini alimin öz sözləri ilə əsaslandırmışdır: “Bu risaləni yazmaqda məqsəd millətin qüvveyi elminin izdiyarıdır. Qeyri bir məqsədimiz yoxdur.” Z.Səfərova digər orta əsr alimləri kimi M.M.Nəvvabın da yaradıcı şəxsiyyəti üçün xalqının maariflənməsi ideyasının, elmin inkişafının ön planda olmasını diqqətə çatdırır və yazır: “M.M.Nəvvab “Ruhani qardaşlarına bildirir ki, musiqi elmi ilə qüdrətli və bacarıqlı alimlər məşğul olmuşlar. Bütün dövrlərdə, əsrlərdə onlar “elmin ləzzətini dünyanın cəmi ləzzətindən artıq hesab etmişlər.””. [5]

Tədqiqatçı “Vüzuhül-ərqam” risaləsini təhlil edərkən ordakı beş cədvəlin izahını təqdim etmişdir ki, bu da əsərin ən maraqlı və önəmli məqamlarındandır. “Birinci iki cədvəldə musiqi terminləri, muğamların registri, şöbə və guşələri”, üçüncüdə “dörd elementin – odun, havanın, suyun və torpağın dərəcələri, həmçinin onlara müvafiq gələn səslər göstərilmişdir. Axırıncı iki cədvəl bilavasitə muğam ifaçılıq sənətinin xüsusiyyətləri və məsələləri ilə bağlıdır.” [5] Risalənin böyük hissəsi muğamlar və onların quruluşuna həsr edilib. Z.Səfərova risalənin bu hissəsində verilən rəqəmləri, onların izahını, muğamlarla əlaqələrini diqqətlə təhlil edir və orta əsr risalələrində də bu əlaqələrin təzahür etdiyini göstərir. Tədqiqatçı cədvəllərdən birinin izahatını verərək yazır: “Risalədə M.M.Nəvvab muğamlarla əlaqədar 4, 7, 12, 24, 48 rəqəmlərini izah edərək yazırdı ki, 4 sout, 7 pərdə, 12 məqam, 24 şöbə, 48 guşə və 15 avaz var ki, onların bəziləri ouc (zil – Z.S.), bəzisi isə həzizdir (bəm – Z.S.).....

Cədvəldə, deyildiyi kimi, 12 muğamın, 24 şöbənin, 48 guşənin və 15 avazın adı gətirilmişdir. Zildə olan muğamlar c hərfi ilə, həzizdə olanlar z hərfi ilə, orta registrdə olan muğamlar isə zc hərfləri ilə qeyd edilmişdi.” [5. 248] Önəmlidir ki, müəllif təhlil əsnasında M.M.Nəvvabın verdiyi siyahılar – muğamların və onların tərkib hissələrinin adları ilə saylarını gətirərkən bunları alimin “Kəfül-Həqiqeyi-məsnəvi” əsəri ilə, eyni zamanda orta əsr risalələrində verilən ad və rəqəmlərlə tutuşdurur, oxşar və fərqli məqamları aydınlaşdırır. Burada Z.Səfərova M.M.Nəvvabın daha bir ilkini də nəzərə çatdıraraq yazır ki, 48 guşənin adına ilk dəfə olaraq alimin bu risaləsində rast gəlinir. Xüsusi maraq doğuran cədvəllərdən birində alim səsləri təbiət ünsürləri ilə tutuşdurur və od, hava, su, torpaq dərəcələrinə uyğun səslərin siyahısını təqdim edir. Tədqiqatçı bu cədvəli təhlil edərkən, Nəvvabın bu cədvəldəki sistemə xüsusi önəm verməsini vurğulamışdır.

Z.Səfərova risalədə yer alan əsas muğamların, onların guşə və avazlarının ardıcıllığı, adları ilə bağlı hökm sürən fikir ayrılığı məsələsinə də diqqət yetirmiş, belə qənaətə gəlmişdir ki, “Ümumiyyətlə əsrlər boyu muğamların quruluşu, tərkibi, onların sabitliyi, dəyişməzliyi müxtəlif mübahisələrə səbəb olmuşdur. Zənnimizcə, bu mübahisələri doğuran əsas səbəb muğam sənətinin improvizə xüsusiyyətilə bağlıdır. İllər keçdikcə muğam da dəyişmiş, hər bir ifaçı ona yeni pərdələr, xallar əlavə etmiş, bəzi pərdələr isə tamamilə yaddan çıxmışdır. Həmçinin şöbələrin bəzisi muğamlara, muğamların özü isə şöbə və hətta guşələrə çevrilmişlər. Məsələn, M.M.Nəvvabın risalədə verdiyi əsas muğamlar arasında hazırda ifa olunan Segah, Çahargah, Bayatı-Şiraz, Humayun və Şur kimi muğamları görmürük. Onlar ancaq müəyyən muğamların hissəsi, və ya şöbəsi kimi verilmişdir. əksinə, o vaxtlar çox ifa olunan məşhur Nəva muğamı indi əvvəlki şöhrətini itirmişdir.” [5. 253]

Z.Səfərova M.M.Nəvvabı Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğam dəstgahlarının quruluşunu verən bir alim kimi təqdim edib, göstərmişdir ki, risalədə ilk dəfə olaraq altı muğam dəstgahının – Rast, Mahur, Şəhnaz, Rəhavi, Çahargah, Nəvanın quruluşu, şöbə tutumu verilmişdir. Müəllif belə bir qənaətə gəlmişdir ki, M.M.Nəvvab “elmi ədəbiyyatda muğam dəstgahı termini, anlayışı barədə məlumat verən ilk müəlliflərdəndir.” Önəmlidir ki, müəllif risalədə verilən 6 muğam dəstgahının şöbələrinn ardıcıllığını oxucuların diqqətinə təqdim etmişdir.

“Rast dəstgahı. – Rast, Pəncgah, Vilayəti, Mənsuriyyə, Zəmin-xara, Raki-Hindi, Azərbaycan, Əraq, Bayatı-türk, bayatı-Qacar, Mavərənnəhr, Bali-kəbutər, Hicaz, Şahnaz, Əşiran, Zənge-şotori və Kərkuki.

Dəstgahe-Mahur. – Mahur, Şur, Əşiran, Dilkəş, Dügah, Zənge-şotori, Hicaz, Mavərənnəhr, Şəhnaz, Hacıyuni, Sarənc, Şüştər, Məsnəvi və Suzi-güdaz.

Dəstgahe-Şahnaz. – Dəramədi-Şahnaz, Üşşaqi-dəşti, Səlmək, Mayə, Leyli-Məcnun, Əbu-əl-çəp, Şah Xətai, Azərbaycan, Əraq və Hicaz.

Dəstgahe-Rəhavi. – Rəhab, Humayun, Tərkib, Üzzal, Bayatı-türk, Bayatı-Qacar, Zəmin-xara, Mavərənnəhr, Bali-Kəbutər, Hicaz, Bağdadi, Şahnaz, Azərbaycan, Əraq, Əşiran, Zənge-şotori, Osmani, Bayatı-Kürd, Bayatı-Şiraz, Hacıyuni, Sarənc, Şüştər, Məsnəviye-Səqil və Suzi-güdaz.

Dəstgahe-Çahargah. – Çahargah, Segah, Zabul, Yeddi hisar, Müxalif, Məğlub, Mənsuriyyə, Zəmin-xara, Mavərənnəhr, Hicaz, Şahnaz, Azərbaycan, Əşiran, Zəngi-şotori və Kərkuki.

Dəstgahe-Nəva. – Nəva, Nişapur, Dəramədi-Şahnaz, Busəlik, Hüseyni, Məsihi, Şahnaz, Hacıyuni, Bayatı-Kürd, Azərbaycan, Əşiran, Zəngi-şotori, Kərkuki, Şah Xətai, Əfşari və Şikəsteyi-Şirvan.” [5. 255]

Dəstgahların tərkibini nəzərdən keçirən alim bir daha müxtəlif dövrlərdə muğamın, muğam dəstgahlarının şöbə və guşələrinin funksiyalarının müxtəlif olduğunu, əsas muğamlar və onların şöbələrinin yer dəyişkənliyinə uğradıqlarını göstərmişdir. “Ü.Hacıbəyovun təsnifatına görə, artıq əsas saydığımız muğamlar M.M.Nəvvabda hələ şöbə, guşə və s. verilmişdir.” [5.] Qeyd etmək lazımdır ki, Nəvvab risalədə o dövrün muğam və mahnılarının siyahısını vermişdir ki, bunlar da əsasən Qarabağ zonasında ifa edilən musiqi nümunələri idi. Z.Səfərovanın göstərdiyi kimi, muğam, onun şöbə və guşələrinin ad və ardıcıllığında baş verən dəyişikliklər müxtəlif coğrafi zonalarda da müşahidə olunurdu.

Z.Səfərova risalədə təcrübi əhəmiyyət daşıyan məsələlərdən biri kimi Nəvvabın ifaçılıq qaydalarına dair verdiyi bəzi məsləhətlərin olduğunu bildirmiş və alimin son iki cədvəlini təqdim etmişdir. Maraqlıdır ki, cədvəlləri təcrübədə işlətmək, onlardan birini səsləndirmək məqsədi ilə tədqiqatçı görkəmli tarzən mərhum Bəhram Mansurova müraciət etmiş, B.Mansurov müəyyən məşqlərdən sonra yaddan çıxmış, unudulmuş muğam parçalarını bərpa edərək, sonuncu cədvəldən bir hissəni səsləndirmişdi. O, cədvəldə verilən yolla – Çahargah, Novruzi-tərkib, Hicaz, Azərbaycan, Şah Xətai, 2 Dilkəş - ilk dəfə Mir Möhsün Nəvvabın cədvəlindən alınmış muğam nümunəsini 1983-cü ildə Səmərqənddə keçirilən II Beynəlxalq musiqişünaslıq simpoziumunda Z.Səfərovanın “Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” risaləsi” məruzəsinə illüstrasiya kimi, daha sonra isə Bakıda M.M.Nəvvabın anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya və konfranslarda ifa etmişdi.

Tədqiqatda risalədə qoyulan estetik problemləri araşdıran müəllif M.M.Nəvvabın muğamların insan təbiətinə, xasiyyətinə göstərdiyi emosional təsirdən bəhs etdiyinə diqqəti yönəltmiş, müxtəlif muğamların fərqli təsirə malik olduqları barədə fikirlərini təhlilə cəlb etmişdir. Alimin risaləsində qoyulan problemləri orta əsr alimlərinin elmi irsinin məntiqi davamı kimi dəyərləndirmişdir. Belə ki, Z.Səfərova Səfiyəddin Urməvi, Əbdülqadir Marağayi və Caminin risalələrində qoyulan mühüm nəzəri problem olan musiqinin poetik mətnlə əlaqəsi, muğamların ifasında münasib şeirlərin seçimi kimi məsələləri nəzərdən keçirir. Bundan başqa risalədə İbn-Sinanın nəzəriyyəsinin davamı olaraq Nəvvab musiqinin təbabətlə əlaqəsi, musiqinin şəfaverici özəllikləri kimi problemlərə də diqqət yetirmişdir. Z.Səfərovanın tədqiqində alimin musiqinin insan orqanizminə göstərdiyi böyük təsiri, müxtəlif xəstəliklərə hansı hissləri ifadə edən musiqinin yaxşı təsir bağışlaması kimi məsələlərin araşdırılması xüsusi yer alır.

Tədqiqatçı risalədə öz əksini tapan Avropa və milli musiqi alətləri ilə, musiqini dinləmək və ifa etmək qaydaları ilə bağlı verilən bilgilərin də qiymətli olduğunu nəzərə çatdırmışdır. Belə ki, ifaçılıq qaydalarına böyük əhəmiyyət verən, onun estetika, akustika məsələlərini önəmli bilən M.M.Nəvvab risalədə ifaçıların qarşısında duran iki şərti mütləq hesab edirdi: “Birinci şərt odur ki, çalan və çağıran xoşsurət və xoşsima və şirin dilə malik olsun ki, baxanların və eşidənlərin şadlığına səbəb olsun.”. [5. 262] Nəvvabın ifaçılar qarşısında qoyduğu ikinci şərt isə muğam ifaçısı ilə dinləyici arasında olan məsafədən ibarət idi. Bu məqamı izah edən alim Aristotelin fikrini də təqdim edir: “Gərək çalan, çağıran alçaqda əyləşsin, dinləyici isə qəlbidə. Çünki nəğmənin lətifliyinin mərkəzi yuxarı aləmdədir: nəğamatın sazı və cövhəri öz mərkəzinə meyl edir.”

““Vüzuhül-ərqam” əsərində qaldırılan məsələlər maraqlı və qiymətlidir. Müəllif bu məsələləri bəzən dini haşiyəyə alır. Bu dini haşiyə isə M.M.Nəvvaba əsas niyyətinə, məqsədinə nail olmaq üçün lazım olan bir vasitə idi. Onun əsas məqsədi isə özünün qeyd etdiyi kimi, millətinin, xalqının savadlanması və musiqi elminin inkişafı idi” [5. 263], – yazan Z.Səfərova Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” risaləsini musiqi tariximizdə yalnız Azərbaycanın deyil, ümumən Yaxın və Orta Şərq xalqlarının muğam sənətinin və ifaçılığının vacib məsələlərini araşdıran əsər kimi yüksək dəyərləndirib. Tədqiqatçı XIX əsrin mütəfəkkiri, Orta əsr alimlərinin parlaq davamçısı, Azərbaycan elminin, incəsənətinin görkəmli nümayəndəsi, maarifpərvər ziyalısı M.M.Nəvvabın Azərbaycan musiqi sənətinin, rəngkarlığının, musiqi təhsilinin, musiqi elminin inkişafında əhəmiyyətli rolunu göstərmiş, sənətkarın yaradıcı şəxsiyyəti barədə dolğun təsəvvür yaratmağa müvəffəq olmuşdur. Z.Səfərovanın M.M.Nəvvaba həsr edilmiş tədqiqatı təkcə fakt, elmi material, mənbə zənginliyi cəhətdən deyil, həm də verilən elmi təhlilin ardıcıllığı, məqsədyönlülüyü, konkretliyi və məzmunluluğu ilə cəlb edir.

Zemfira Səfərovanın M.M.Nəvvabla bağlı tədqiqatları müxtəlif alimlər tərəfindən yüksək dəyərləndirilmişdir. AMEA-nın müxbir üzvü, musiqişünas Rəna Məmmədova əsərə verdiyi rəydə yazmışdır: “Nəvvabın əsərlərində müəllif belə bir fikri axtarır və tapır ki, hər bir dəstgah – bütöv bir orqanizmdir, ayrı-ayrı muğamların məcmusu deyil. Belə halda muğamın lad-tonal dramaturgiyası möhkəm lad təməlinə əsaslanır. Dissertasiya müəllifi ardıcıllıqla, addım-addım Azərbaycan muğamının təkmilləşməsini, onun genezisini və inkişaf yolunu izləyir. Konkret analitik material sübut edir ki, muğamın melodik forma təşəkkülünün məntiqinə görə elə qaydalar və inkişaf üsulları yaranırdı ki, onlar laddan lada keçidi əsərin ümumi lad-tonal xəttini pozmadan təmin etsin.

Nəvvabın “Vüzuhül-ərqam” risaləsi muğamı öyrənənlər üçün böyük maraq kəsb edir. Zemfira Səfərovanın dissertasiyasında gətirdiyi və işıqlandırdığı belə bir fakta diqqət yetirək. Risalələrdə gətirilən cədvəllərdə muğamın ucalığı, şöbə, guşə və avaz göstərilir. Sənət sahələrinin qarşılıqlı əlaqəsi aspektində də dissertasiyanın əhəmiyyətindən danışmaq olar. Belə ki, bizim üçün qədim dövrün və orta əsrlərin canlı musiqisini dinləmək imkanından məhrum olan müasirlər üçün, şifahi ənənəli professional musiqinin qarşılıqlı əlaqələrinin ən parlaq əksi orta əsr yazılı mənbələridir. Buna sübut dissertasiyada araşdırılan risalələrdir. Musiqi öyrənənlərin konkret spesifik istiqamətləri ilə yanaşı, bu risalələr bir çox məsələlərin işıqlandırılması işini davam edir. Məsələn, “musiqinin yaranması problemi, ayrı-ayrı muğamların adları, musiqinin təbabətlə əlaqəsi, şeir mətninin muğamla əlaqəsi, alətlər haqqında məlumat, estetika, akustika, dəstgahların tərkibi, muğamlarda rəqəmlərin izahı”.” 3

Alimin M.M.Nəvvaba həsr etdiyi tədqiqatının elmi yeniliyini yüksək dəyərləndirən AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev göstərirdi ki, “Zemfira xanım Mir Möhsün Nəvvabın musiqişünaslıq yaradıcılığını Urməvi və Marağayi ilə Üzeyir bəy arasında keçid kimi verir. Məhz Nəvvabın musiqişünaslıq fəaliyyəti Səfiyəddin və Əbdülqadir ənənələrinin milli mədəniyyət tariximizdə yaşadığına dəlalət edir. Göründüyü kimi, əslində Nəvvab klassikaya diqqəti cəlb edir. Üzeyir bəyi yetirən Şuşa musiqi mühitinin nəzəri təşkilatşçısı Mir Möhsün Nəvvabdır. Nəvvab, görünür, Üzeyir bəyin bilavasitə klassik musiqi təmsilçisidir. 1884-cü ildə Nəvvabın Şuşada yaratdığı “Vüzuhül-ərqam” hələ 30 il sonra çap üzü görsə də, musiqi məclislərindəki müzakirələr, şəxsi söhbət və mübahisələr vasitəsilə Üzeyir bəyin klassik Azərbaycan musiqi məktəbi sahəsində ilk nəzəri dərsliyi olmalı idi. Professor Z.Səfərova muğam təlimini təhlil etməklə yanaşı, Nəvvabın musiqi və auditoriya , musiqiçi və dinləyici faktorlarına da, xüsusi diqqət yetirir. Musiqi ilə bağlı elmi irsini kifayət qədər tədqiq edən Zemfira xanım “Terminlər lüğəti” bəhsində də Nəvvabın fəaliyyətinə güzgü tutur, muğamlara gətirdiyi guşələr, musiqiyə daxil etdiyi anlayışlar əks etdirilir. Yeri gəlmişkən deyim ki,kitabdakı lüğət təkcə musiqi mədəniyyəti baxımından deyil, həm də filoloji- folklorşünaslıq və tarixi leksikologiya məsələləri ilə bağlı çox qiymətlidir.” [2. ]

Beləliklə, Z.Səfərovanın M.M.Nəvvaba həsr edilmiş tədqiqatı həm mövzusu, həm də araşdırılan problemlər toplusu baxımından Azərbaycan musiqişünaslığında dərin iz buraxmış və elmin bu istiqamətində aparılacaq yeni araşdırmalara geniş yol açmışdır.


1. Söhbət Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı sənətşünaslıq elmləri doktoru Natalya Mixaylovna Miklaşevskayadan gedir.

2. Z.Səfərova Bəhram Mansurov tərəfundən çağdaş dövrümüzdə unudulmuş və ifa edilməyən Azərbaycan və Şah Xətai muğamlarının səsləndirməsi faktını açıqlayır.

3. AMEA-nın müxbir üzvü R.Məmmədovanın rəyi Z.Səfərovanın şəxsi arxivində saxlanılır.

Ədəbiyyat

1. Ağayeva S. Xeyirxah insanlara dərin minnətdarlıqla // Ərslərə həsr olunan illər. – Bakı: Elm. – 2007. – Səh. 125.

2. Hacıyev T. Mükəmməl tədqiqat // Ədəbiyyat qəzeti. – 2000. – 6 oktyabr.

3. Kərimov L. Z.Səfərovanın “M.M.Nəvvabın “Vüzuhül-ərqam risaləsi” haqqında // Ərslərə həsr olunan illər. – Bakı: Elm. – 2007. – Səh. 41.

4. Nəvvab M.M. Vüzuhül-ərqam. – Bakı: Elm. – 1988. – Səh.3.

5. Səfərova Z. Azərbaycanın musiqi elmi. XIII-XX əsrlər. – Bakı: Azərnəşr. – 2006. – 544 s.