"Musiqi dünyası" № 3 (88) 2021

Article №2; 8751-8760 pр.
Nərmin CƏBİYEVA. Hərbi musiqinin maestrosu Yusif Axundzadə
Text PDF

Musiqi ifacılıq sənətinin qədim növlərindən biri olan dirijorluq sənətinin maraqlı sahələrindən biri hərbi dirijorluqdur. Dirijorluq sənətinin digər növləri ilə müqayisədə hərbi dirijorluq daha çətin və mürəkkəb, böyük məsuliyyət cavabdehlik tələb edən bir sənət növüdür. Hərbi dirijorluq sənətinə yiyələnmək istəyən musiqiçi istedadlı və savadlı olmaqla yanaşı bu peşənin məsuliyyətini dərk etməli son dərəcədə nizam intizamli olmalıdır. Bu sənəti ürəkdən sevən hərbi dirijorlu peşəsinin vurğunu olan belə şəxsiyyətlərdən biri Azərbaycanın ən peşəkar hərbi orkestrinin dirijoru, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti,Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Nəfəs və zərb alətləri kafedrasının müdiri, professor cənab General-mayor Yusif Axundzadədir. Ömrünün 50 ilini hərbi musiqinin inkişafına həsr edən Yusif Axundzadə 2021-ci il 8 fevral tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Dövrü mətbuatda verdiyi müsahibələrin əksəriyyətini “ ən böyük arzum budur ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun” sözləri ilə bitirən Yusif Axundzadə yaşının müdriklik çağında 75 yaşında bu arzusuna çatdığı böyük sevinc hissi ilə qeyd edir. 2020-ci il 44 günlük vətən müharibəsi zəfərlə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edilərək torpaqlarımız işğaldan azad olunmuşdur. Bu münasibətlə Əlahiddə Nümunəvi Orkestrin ifasında orkestrin rəisi Əməkdar İncəsənət xadimi,Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Dosenti cənab Polkovnik-leytenant Rüfət Axundzadənin bəsdələdiyi “Qələbə marşı” zəfər paradında səslənmişdir.Vətəni ürəkdən sevən Yusif Axundzadənin ən böyük arzularından biri də mədəniyyət paytağtımız Şuşada – Cıdır düzündə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüranın Hərbi orkestrin ifasında səslənməsidir.

1992- cı ildə Yusif Axundzadə Hərbi orkestr xidmətini yaratmışdır. Həmin ilin 9 oktyabrında Azərbaycan Silahlı qüvvələrinin Azadlıq meydanında keçirilən ilk təntənəli rəsmi keçidində hərbi orkestr çıxış etmişdir. Hərbi orkestrin təkmilləşməsində Yusif Axundzadənin böyük xidmətləri olmuşdur. İlk növbədə onu qeyd etməliyik ki, hərbi orkestrə dirijorluq etmək burada ciddi hərbi intizam yaratmaq repertuar seçimi həddən ziyada çətin bir işdir.Təbiidir ki, hərbi dirijor hər bir hərbiçi kimi ilk növbədə ordu nizam-intizam üçün məsuliyyət daşıyır. Dirijor kimi orkestri bu sözün əsl mənasında idarə etməli, istiqamətləndirməlidir.Yusif Axundzadənin şəxsi keyfiyyətləri əsl hərbi dirijor sənətinə xas göstəriciləri nümayiş etdirir. Hərbi dirijor vəzifəsində çalışmaq üçün təkcə istedadlı, səriştəli musiqiçi olmaq kifayət etmir. Hərbi dirijor nizam-intizamlı olmaqla yanaşı parlaq lider keyfiyyətlərinə malik olmalı , hərbi nəzakət və kübarlıq etiketini özündə daşımalıdır. Bütün bu qeyd olunan cəhətlər Yusif Axunzadəyə məxsusdur.

Yusif Axundzadənin hərbi dirijor kimi fəaliyyəti Azərbaycan Ali Hərbi Dənizçilik məktəbindən başlayır. 1971-ci ildə bu məktəbin orkestrinə hərbi dirijor təyin edilən Yusif Axundzadə orkestrlə birlikdə sovetlər dönəmində iki dəfə Moskvada keçirilən hərbi paradda iştirak etmişdir. 1979-cu ildə isə Yusif Axundzadəyə Mədəniyyət işçisi fəxri adı verilmişdir.

Hərbi dirijor kimi Yusif Axundzadənin yaradıcılığının ikinci mərhələsi 1992-ci ildən başlanır. Həmin ildə o, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi vəzifəsinə və baş dirijor təyin edilir.Artıq hərbi orkestrdə çalışdığı bu 29 il ərzində səmərəli fəaliyyətinə görə Yusif Axundzadə Respublikanın Xalq artisti fəxri adına (1998) layiq görülmüş “Hərbi xidmətlərə görə medalı”(2003), “Azərbaycan bayrağı” ordeni (2006) “Şöhrət” ordeni ilə (2021) təltif edilmişdir. 2015 –ci ildə isə ona Azərbaycan Silahlı Qüvvələrinin ali hərbi rütbəsi olan General-mayor rütbəsi verilmişdir. Onu da qeyd etməliyik ki, Azərbaycan musiqisi tarixində Yusif Axundzadə general rütbəsi verilən ilk dirijordur.

“Mən hərbi musiqiçiyəm. Dövlətimə və xalqıma xidmət edirəm.Hərbi musiqi milli ordumuzun atributudur. Bu gün müstəqil azad ölkəmizin milli ordusu vətən torpaqlarını, onun sərhədlərini qoruyur.Azərbaycan Silahlı qüvvələrinin Hərbi Orkestr xidmətinə rəhbərlik etməkdən qürur duyuram”. Bu sitat 2016-cı ildə Bakıda “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunmuş kitabdan sətirlərdir. Respublikanın xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, general- mayor Yusif Axundzadənin həyat və yaradıcılığından bəhs edən kitabın müəllifləri Rüfət Axundzadə və Pərviz Səfərlidir. Bu kitabda Yusif Axundzadənin həyat və yaradıcılıq yolu, hərbi dirijor kimi fəaliyyəti ilə yanaşı Hərbi Orkestrinin tarixi inkişaf yolundan da bəhs edilir. Onu da qeyd etməliyik ki, kitabda Yusif Axundzadə həmkarları müxtəlif sənət adamları onun haqqında söylədiyi dəyərli fikirlər də toplanaraq cəmləşdirilmişdir.

Yusif Axunzadənin sənətdə ilk addımları Bülbül adına orta ixtisas Musiqi məktəbindən başlayır. O, 1953-cü ildə bu məktəbə skripka ixtisası üzrə daxil olmuş, yeddinci sinifdən başlayaraq təhsilini fleyta ixtisası üzrə P.N.Zilbermanın sinfindən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında ( indiki Bakı Musiqi Akademiyası) Əməkdar artist,professor Ələkbər İsgəndərovun sinfində bu ixtisas üzrə təhsil alır. Hələ tələbəlik illərində Yusif Axundzadə zəhmətsevərliyi ilə seçilərək təhsil almaqla yanaşı bir sıra uşaq musiqi məktəblərində, Musiqili Komediya teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) , filarmoniyanın simfonik orkestri, “Dan ulduzu”ansamblında, Asəf Zeynallı adına musiqi texnikomunda çalışırdı.Yorulmadan ifaçı kimi öz üzərində işləyən Yusif Axundzadə bu işgüzarlığı sayəsində nəfəs və zərb alətləri ifaçılarının Respublika müsabiqəsinin lauratı adına layiq görüldü.

1970-ci ildə hərbi xidmətə çağırılan Yusif Axundzadə Xəzər Dəniz Hərbi Donammasının tərkibində mahnı və rəqs ansamblında musiqiçi matros kimi xidmət edir.Tezliklə burada orkestr rəisi vəzifəsinə təklif alır.1971-ci ildən Xəzər Hərbi Dəniz Donammasının Ali Hərbi Dənizçilik Məktəbində hərbi dirijor və orkestr rəisi kimi xidmətə başlayır.Burada çalışdığı dövürdə Yusif Axundzadə bir çox dövlət tədbirlərində çıxış edir.

1992-ci ildən müstəqil respublikanın ordusunda çalışmaq səadəti Yusif Axundzadəyə nəsib olur. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəhbəri kimi o, bir sıra mühüm dövlət tədbirlərində , xarici ölkələrdən dəvət olunan qonaqların qarşılanması və yola salınması mərasimlərində çıxış edir.Milli ordunun təməlinin qoyulduğu illərdə orkestr üçün hərbi formanın əldə edilməsi, milli kadrların hazırlanması, repertuarın təşkil edilməsi üçün dirijor çox gərgin əmək sərf edir. Orkestrdə solist kimi çıxış edən Elxan Əhədzadə, Natavan Şeyxova, Eldar Axundov, Zümrüd Məmmədova, Heydər Anatolu hərbi-vətənpərlik mövzusunda repertuarla çıxış edirlər. Bununla yanaşı Yusif Axundzadə təkcə çalışdığı orkestr ilə kifayətlənməyərək hərbi hissələr və hərbi təhsil müəssələrində də yeni orkestrlər yaratmaq qərarına gəlir. Çox qısa bir zamanda Hərbi dəniz qüvvələri ( hərbi dirijor –kapitan Tofiq Əsgərov) və C. Naxçivanski adına Bakı hərbi lisey orkestri ( hərbi dirijor Böyükağa Məmmədov ) həmçinin bir neçə hərbi qarnizon orkestri yaradıldı.1998-ci ildə Azərbaycan silahlı qüvvələrinin 80 illiyi qarşısında artıq bu liseyin bütün tələblərə cavab verə bilən heyyəti var idi.

Hərbi orkestr üçün milli kadrların xüsusən nəfəs alətləri ifaçılarının hazırlanması böyük əhəmiyyət kəsb edir. 1995-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə qarşılıqlı razılaşmaya görə nəfəs və zərb alətləri kafedrasında “Nəfəsli orkestr dirijoru” ixtisası açılmışdır.Yusif Axundzadə hərbi dirijor kimi orkestr ilə bir çox tədbir və mərasimlərdə öndədir .Heydər Əliyev adina Ali Hərbi Məktəbin buraxılış mərasimi, 28 May Respublika günü , 9 May faşizm üzərində Qələbə günü , Ulu Öndər Heydər Əliyevin anım mərasimi , Yanvar faciəsinin anım mərasiminin qeyd edilməsi ilə yanaşı hərbçilər arasında keçirilən beynəlxalq idman yarışlarının açılış və bağlanışında da Hərbi orkestr Yusif Axundzadənin rəhbərliyi ilə çıxış edir.

Bu kecirilən möhtəşəm tədbirlər sırasında elə bir tədbir vardır ki, Əlahiddə Nümunəvi Orkestrin buradakı ifası əbədi olaraq yaddaşlara həkk olunmuşdur.Bu, hər il sentyabrın 18-də Musiqi günündə Bakı Musiqi Akademiyasının qarşısında keçirilən möhtəşəm tədbirdir. Hər il bu tədbirdə orkestrin ifasında dahi bəstəkar Ü.Hacıbəylinin əsərləri səsləndirilir. Orkestrin repertuarında aparıcı yerlərdən birini tutan Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası Y.Axundzadənin çox sevdiyi vətənpərlik aşılayan bir əsərdir. Ümumiyyətlə, Yusif Axundzadə çalışdığı orkestrin repertuarına böyük önəm verir. O, hərbi musiqidəki döyüş əzmini çox dəyərləndirən sənətkarlardandır. Hələ 90-cı illərdə orkestrin yarandığı ilk günlərdə o gərgin şəkildə repertuar seçimi üzərində işləyir.Yusif Axundzadə daim işləməyi sevən insanlardandır. O, musiqi sənətində repertuar seçiminin önəmliliyi xüsusən Hərbi Orkestrin fəaliyyətində bu məsələnin həll edici olmasını bu repertuarın həm də güclü təbliğat vasitəsi kimi vətənpərvərlik ruhunda tərbiyə etməsini daim əldə rəhbər tutmuşdur. Orkestrin repertuarında marşlara geniş yer verilmişdir. Eyni zamanda orkestr müxtəlif xarici dövlətlərin nümayəndə heyyətlərini qarşılamaq üçün onların himnlərini hazırlayır. Sırf hərbi orkestr üçün bəstələnən əsərlərdən başqa repertuar seçimində L.V.Bethoven, V.A.Motsart, K.M.Veber, C.Verdi, P.İ.Çaykovski, S.V.Raxmaninov, Ü.Hacıbəyli,Q.Qarayev, F.Əmirov, S.Ələsgərov,O.Zülfüqarov, A.Dadaşov, R.Mirişli başqa bəstəkarların əsərlərinə yer verilir.Yusif Axundzadə öz müsahibələrində Hərbi Orkestrin fəaliyyətində diqqəti çəkən başqa fərqli bir məqamı da həmişə böyük fəxr və qürur hissi ilə qeyd edir.Onun başçılıq etdiyi bu orkestr xarici ölkələrdə qəbul olunmuş təcrübədən fərqli olaraq meydanlardakı çıxışların da bütün əsərləri əzbərdən ifa edir.

Burada qısa bir hayişəyə çıxaraq təxminən otuz il əvvələ qayıtmaq istərdik. 1992-ci il iyul ayının 1-də Azərbaycanda hərbi orkestr xidməti yaradılır.Yusif Axundzadənin Hərbi orkestr xidmətinin yaranması tarixçəsindən bəhs edən məqaləsində qeyd etdiyi kimi, həmin tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin ayrıca əmri ilə hərbi orkestr xidməti rəisi-baş hərbi dirijor təyin olunmuş və bu qurumda xidmət edənlərin sayı və vəzifələri haqqında nizamnamə təsdiq edilmişdi. Yusif müəllim həmin illəri belə xatırlayır “Xüsusilə vurğulamaq lazımdır ki, çox qısa zaman kəsiyində Bakı birləşmiş Ali zabitlər məktəbinin və “N” hərbi hissəsinin orkestr heyyətləri doldurularaq tamamlandı və bütün başlıca çatışmazlıqları aradan qaldırıldı. Məhz 1992-ci il oktyabrın 9-da Azərbaycan silahlı qüvvələrinin Azadlıq meydanında keçirilən ilk təntənəli rəsmi keçidinin böyük və gərgin əməyi olub. Qoşunların rəsmi keçidində ifa repertuarı – “Qarşılama marşın”-dan tutmuş toplu orkestrin keçidində səslənən marşadək hamılıqla, bütövlüklə sırf Azərbaycanlı bəstəkarların əsərlərindən hazırlanmışdı. Xatırlamalıyam ki, rəsmi keçid iştirakçıların çox saylı arzuları nəzərə alınaraq açılışda Azərbaycan Respublikası Əməkdar İncəsənət xadimi Cavanşir Quliyevin “ Əsgər marşını” səsləndirdik. Rəsmi keçidin gedişində adı çəkilən əsərlə yanaşı Ü.Hacıbəyli , M.Maqomayevin, Səid Rüstəmovun , Ramiz Mirişlinin , Əlimərdan Əliyevin əsərləri də ifa olundu. Repertuar seçimi Hərbi Orkestrin yarandığı ilk günlərdən gündəmdə olan məsələ kimi musiqiçilərin nəzər-diqqətini cəlb edirdi. 1992-ci ildə Mədəniyyət Nazirliyi hərbi-vətənpərvərlik mahnı və marşları müsabiqəsini kecirməyi qərara alır. Filarmoniyada keçirilən bu müsabiqənin sədri Respublikanın Xalq artisti bəstəkar Tofiq Quliyev idi. Münsiflər heyətinə Aqşin Əlizadə və Polad Bülbüloğlu, Yusif Axundzadə və bir sıra digər məsul işçilər daxil edilmişdir. Bu musabiqədə dinlənilən əsərlər arasında dörd əsər seçilərək hərbi orkestrlər tərəfindən ifa olunması məsləhət görülür.

Hərbi-vətənpərvərlik mövzusunda marş və mahnıların yaranmasının 90-cı illərdə ümumiyyətlə çox böyük ehtiyac duyulurdu. Bununla əlaqədar bir sıra yeni müsabiqələr keçirilir.1998-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən elan edilən “Marşlar və mahnılar”müsabiqəsi, eləcə də 1999-cu ilin mayında Müdafiə Nazirliyinin əmri ilə keçirilən “Əsgər mahnıları” bədii öz fəaliyyət baxış müsabiqəsi, hərbi-vətənpərvərlik mövzusunda əsərlərin yaranması və təbliği böyük dəstək olmuşdur.

Yusif Axundzadə Hərbi Orkestr üçün repertuar üzərində işləyərkən həmişə böyük zövqlə seçimlər edir.Onuda qeyd etməliyik ki o, bir sıra əsərlərin nəfəs alətləri orkestri üçün işlənməsi və nəşrində redaktor qismində iştirak etmişdir.

Azərbaycan Respublikasının Dövlət himni (nəfəsli orkestr üçün partitura) Azərbaycan bəstəkarlarının hərbi marşları (partitura-əlyazmaları) 1996-cı ildə işlənmişdir. 2000-ci ildə Azərbaycan bəstəkarlarının əsərləri (partitura) və 2019-cu ildə Azərbaycan bəstəkarlarının marşları (məcmuə,partitura) işlənib hazırlanmışdır.

Yusif Axundzadədən yüksək səviyyəli musiqiçi kimi ən möhtəşəm tədbirlərindən biri də Silahlı Qüvvələrimizin möhtəşəm 100 illik paradında iştirak etməsidir.Ordumuzun gücü və müasir texnikanın nümayiş etdirildiyi bu möhtəşəm paradda Bakı Qarnizonunun Birləşmiş orkestri yüksək səviyyədə iştirak etmişdir.Ordunun 100 illiyi münasibəti ilə Əlahiddə Nümunəvi Orkestr tərəfindən buraxılan diskdə orkestrin dirijorları Əlahiddə Nümunəvi orkestrin rəisi, Polkovnik-leytenant ,Əməkdar incəsənət xadimi Rüfət Axundzadə, rəis müavini Mayor İmran Allahverdi və orkestrin hərbi dirijoru kapitan Orxan Zeynallı olmuş, orkestrin müşayiəti ilə solistlər Aynur İsgəndərli, Nərmin Abdullayeva və Kənan Qədimov hərbi marşlar,vətənpərvərlik ruhunda mahnılar ifa etmişlər. Onu da qeyd etməliyik ki, Orkestr Azırbaycan xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən dövlət tədbirində də yüksək səviyyədə çıxış etmişdir.

Azərbaycanın şanlı ordusu Qarabağda Zəfər çaldıqdan sonra keçirilən Zəfər paradında Yusif Axundzadə özü səhhəti ilə əlaqədar dirijorluq edə bilməsə də onun oğlu Əməkdar incəsənət xadimi, Polkovnik-leytenant Rüfət Axundzadə Bakı Qarnizonunun birləşmiş Hərbi Orkestrinə dirijorluq etmişdir.

2016-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, professor Generol-mayor Yusif Axundzadənin 70 illiyinə həsr olunmuş konsert keçirilmişdir. O, həyatının yarım əsrini hərb sənətinə həsr etməklə yanaşı, həm də BMA-nın nəfəs və zərb alətləri kafedrasında çalışaraq, pedaqoji fəaliyyətlə məşğuldur. Yusif Axundzadənin Bakı Musiqi Akademiyasındakı fəaliyyəti 1989-cu ildən başlanır. O, bir müddət “Nəfəs və zərb alətləri”kafedrasında müəllim kimi çalışmışdır. 1994-cü ildən dosent, 1999-cu ildən professordur. Hal-hazırda kafedra müdiridir.Kafedrada çalışdığı müddətdə Yusif müəllim bir sıra proqramlar üzərində çalışmış, BMA-ni bakalavr və magistr dərəcəsi ilə bitirənlər üçün dirijorluq üzrə proqramlar işlənib hazırlanmışdır. O, bir sıra dərsliklərin elmi redaktorudur. 2014 –cü ildə müəllifi Rüfət Axundazadə olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının trumpet sinfinin tarixi “dərsliyi, yenə eyni müəllifin Azərbaycan bəstəkarlarının əsərlərinin truba və fortepiano üçün işlənməsi və köçürülməsi eləcə də “xarici bəstəkarlarının əsərlərinin truba və fortepiano üçün işlənməsi və köçürülməsi” not nəşrlərinin redaktoru qismində iştirak etmişdir. Müxtəlif nəfəs alətlərinin tədris metodikası, onların ifaçılıq tarixinə dair metodik işlərə də redaktorluq etmişdir.Y.Axundzadənin Azərbaycan bəstəkarlarının nəfəs alətləri üçün bəstələdikləri əsərlərə böyük maraq göstərməsi bir sıra tədqiqatçılarının metodik tövsiyələri və bu mövzuda işlənilən dərs vəsaitlərinə verdiyi ətraflı rəylərdə özünü bir daha təsdiqləyir. Gözəl fleyta ifaçısı Müzəffər Ağamalızadənin , Oqtay Zülfüqarovun fleyta və simfonik orkestr üçün konserti haqqında metodik tövsiyyələri Yaşar Qarayusiflinin tərtib etdiyi “Azərbaycan musiqisində trumpet və simfonik orkestr üçün konsert janrının yaradıcısı bəstəkar və ifaçı Əziz Əzizli” adlı dərs vəsaitinə Yusif Axundzadə rəy vermişdir. Bu bir daha təsdiqləyir ki, Yusif müəllim peşəkar kimi hərbi və pedaqoji işə, eləcədə elmi işlərə çox maraqla və dəqiq yanaşan bir insandır.

Sənət dostları və həmkarları daim Yusif Axundzadənin şəxsi və peşəkar cəhətlərini yüksək dəyərləndirirlər. Daim ondan məsləhətlər alan həmkərlarını Yusif müəllim həmişə dəstəkləməyə çalışır. Çalışdığı Bakı Musiqi Akademiyasında Yusif müəllimin təşəbbüsü ilə açılan hərbi dirijorluq sinifində onun davamçıları yetişmişdir. Bu dirijorlar içində Əməkdar incəsənət xadimi Nümunəvi orkestrin rəisi, Polkovnik-leytenant Rüfət Axundzadə, uzun illər Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestrinin dirijoru olmuş,hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının orkestr rəisi polkovnik Mahir Ələsgərov, Əlahiddə Nümunəvi Orkestrin dirijoru kapitan Orxan Zeynallı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi akademiyasının tələbələrdən ibarət nəfəs və zərb alətləri orkestrinin dirijoru Qəmbərov Taleh onun sinfində təhsil almışlar.

Yusif Axundzadə Hərbi Orkestr üçün bir sıra əsərlər bəstələmişdir.Onun müəllifi olduğu “Azərbaycan marşı” və “Hərbi təyyarəçilər marşı” daim gündəmdədir.Yusif müəllim nəfəs və zərb alətləri orkestri üçün Sevda İbrahimovanın “Sülh marşı” Əfşər Cavanşirovun “Xoş keçir hər anımız” mahnılarını işləmiş Üzeyir Hacibəylinin “Azərbaycan Respublikasının Dövlət himni” “Şəfqət bacısı” mahnısı, Emin Sabitoğlunun “Siravi Əhməd” “Can Azərbaycan” , Cavanşir Quliyevin “Əsgər Marşı”, Ramiz Mirişlinin “Qarşılama Marşı” “Azərbaycan Türkləri” Eldar Mansurovun “Müqəddəs ordu” əsərlərini redaktə etmişdir. Bu redaktə olunan əsərlər sırasında Əməkdar İncəsənət xadimi Fəxrəddin Atayevin “26 İyun Marşı” qeyd edilməlidir. Fəxrəddin Atayev dirijorluq ixtisası üzrə Yusif müəllimin sinfində təhsil almışdır.

Yusif Axundzadə publisist kimi daim dövrü mətbuatda çıxış etmiş, ötən əsrin 60-cı illərindən başlayaraq onun məqalələri “Баку” “Azərbaycan gəncləri” “Ədəbiyyat və incəsənət” qəzetlərində dərc edilmişdir. Son zamanlar Yusif müəllim “Musiqi dünyası” jurnalı ilə yaxından olan əməkdaşlıq edir. O, bu jurnalı çox dəyərləndirərək müsahibələrin birində “ Musiqi dünyasını respublikada analoqu olmayan bir jurnal adlandırmışdır. 2001-ci ildən başlayaraq Yusif müəllimin məqalələri bu jurnalda dərc edilir. “Musiqi dünyasında dərc olunan “Üzeyir Hacıbəyli adına BMA-nın fleyta sinfinin tarixindən” “Nəfəs və zərb alətləri kafedrası” məqalələrində konservatoriyanın tarixi, ifaçılıq sənəti işıqlandırılır. Son zamanlar Yusif müəllim hərbi orkestrin tarixinin üzərində işləyərək “Hərbi orkestr xidmətinin yaranması” tarixçəsinə dair məqaləsini “Musiqi dünyası” jurnalında dərc etdirmişdir. Bu maraqlı məqalədə Hərbi orkestrin inkişaf yolu, onun repertuarından söz açılaraq, hərbi-vətənpərvərlik ruhunda əsərlər yazan bəstəkarlara minnətdarlıq duyğusu ifadə olunur.

Repertuardan söz düşmüşkən Hərbi orkestrin fəaliyyəti haqqında maraqlı bir məqama da toxunmaq istərdim. Y.Axundzadənin rəhbərlik etdiyi Hərbi orkestrin repertuar zənginliyi ən diqqət çəkən məqamlardan biridir. Yusif müəllim bu repertuarın üzərində işləyərkən solistlərlə işə də böyük önəm verən dirijorlardandır. O müğənnilərdən Elxan Əhədzadə, Eldar Axundov, Zümrüd Məmmədova, Xalq artisti klarnet ifaçısı Şükürov Səməd və Dövlət xor kapellası ilə müştərək iş nəticəsində maraqlı repertuar işləyib ərsəyə gətirmişdir.

Yusif Axundzadə hələ gənc yaşlarında çalışdığı 2 № musiqi məktəbində solo konsertlərlə fleyta ifaçısı kimi çıxış etmişdir. 70-ci illərin sonu 80-cı illərdə onun rəhbərlik etdiyi Ali Hərbi dəniz məktəbinin nəfəsli alətlər orkestri konservatoriyasının böyük zalında konsertlər vermiş, hətta 1978-ci ilin 28 aprel tarixində keçirilən belə konsertlərdən birində pianoçu Eyyub Ələsgərov solist kimi çıxış etmişdir. Əlamətdar haldır ki, Yusif Axundzadənin rəhbərlik etdiyi Hərbi orkestr bir sıra tanınmış sənət xadimlərinin yubileyləri münasibətilə BMA-da konsertlər vermişdir.Yusif Axundzadə çox yaradıcı insandır. O, əldə etdiyi ilə kifayətlənmir,daim axtarışdadır. Yaradıcılıq yollarında o, həmişə gənclərə dəstək olmuşdur.

O,orkestrə gənc ifaşıları cəlb etməklə yanaşı onlardan öz qayğısını əsirgəmir, gənc bəstəkarların əsərlərini interpretasiya edir.Yusif müəllim daim yeniliklərə can atan bir insandır.Onun rəhbərlik etdiyi Nümunəvi orkestr BMA-nin böyük zalında ilk dəfə olaraq Nümunəvi orkestrin ifasında “Avatar”, “Zorro” , “Harry Poter”, “Ulduz müharibələri”, kimi məşhur filmlərin musiqisi səslənmişdir. Burada orkestrin rəisi Polkovnik-leytenant Rüfət Axundzadənin zəhmətini qeyd etməmək olmaz. O, öz hesabına xarici ölkələrdən bu sountreklərin partituralarını əldə etmiş və ilk dəfə olaraq Azərbaycanda Nümunəvi Hərbi orkestrin ifasında səslənmişdir.

Yusif müəllimin rəhbərlik etdiyi Nümunəvi Hərbi orkestrin repertuarında dünyanın bir çox dövlətlərinin himnlərinə də geniş yer verilmişdir. Dünya ölkələrindən gələn rəsmi qonaqlar Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin peşəkar ifalarını çox yüksək dəyərləndirmişlər.Uğurla keçən “Cooperativ-Determination”beynəlxalq hərbi təlimlərinə hazırlıq ərəfəsində Yusif Axundzadə 20-dək artıq dövlətin himnlərinin yüksək səviyyədə ifasını təşkil etmişdir. Sənətinin bütün dərinliklərini bilən Yusif Axundzadə həm də böyük erudisiya və dünyagörüşünə malik bir şəxsiyyətdir. Azərbaycan Respublikasının Xalq artisti rejissor Oqtay Mirqasımov müsahibələrin birində Yusif Axundzadəni əsl “profi” insan adlandırmış, onun milli hərbi orkestrin gələcək inkşafı ilə bağlı düşüncələrinə yüksək dəyər vermişdi:Yusifin fəaliyyəti yüksək peşəkarlığı bütün bunlar bir fenomendir. Hərb mövzusu böyük, əhəmiyyətli,ağır çəkili bir mövzudur. Mən onunla söhbət etdiyim məqamlarda bir daha əmin oldum ki, Yusif bu sahədə təsadüfi adam deyil. Məsələn o, hərbi musiqinin qədim ənənələrini, o cümlədən şərq türk dünyasının ənənələrini, hərb musiqisinin əzəmətini, döyüşçülərə aşıladığı qələbə ruhunu, alətlərin xüsusiyyətlərini dərindən bilir. Onun milli hərbi orkestrin gələcək inkişafı ilə bağlı düşüncələri,fikirləri mənim ürəyimcədir.O, yalnız rəhbərlik etməklə kifayətlənmir, öz işini yüksək dərəcəli musiqiçi kimi peşakarlıqla həyata keçirir,kadrlar yetişdirir, xidməti borcunu ləyaqətlə icra edir”.

Yusif Axundzadənin Nümunəvi Orkestri onun gərgin əməyi hesabına yaranmış və inkişaf etmişdir. Tanınmış musiqiçi, gözəl hərbi dirijor, pedaqoq və ziyalı insan olan Yusif müəllimin bu il 75 yaşı tamam oldu. Bu gözəl yubiley münasibətilə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və xalqımızın qələbə ruhunu qoruyan möhtəşəm hərbi orkestrimizin daim önündə dayanmasını arzulayırıq!

ƏDƏBİYYAT

1. Axundzadə R. Səfərli P. General Yusif Axundzadə Bakı: Müntərcim, 2016

2. Axundzadə Y. Arzum budur ki, Hərbi Orkestr qələbə paradı səsləndirsin –“Xalq cəbhəsi”, 2018- 14 avqust , s.15