"Musiqi dünyası" № 3 (88) 2021

Article №10; 8822-8828 pр.
Cəmilə HƏSƏNOVA. Azərbaycanda etnomusiqişünaslığın inkişafında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin rolu
Text PDF

Üzeyir Hacıbəyli və Əbdül-Müslüm Maqomayev iki həmkar, iki məsləkdaş kimi bütün ömrünü və yaradıcılıq fəaliyyətini milli musiqimizin tərəqqisinə və XX əsrdə yeni musiqi mədəniyyətinin qurulmasına həsr etmişdilər. Əlbəttə ki, hər iki sənətkarın həyat və yaradıcılığı elmi tədqiqatlarda çox öyrənilib. Biz məlum faktlara müqayisəli şəkildə nəzər salaraq, onların etnomusiqişünaslıq sahəsindəki fəaliyyətini vurğulamaq istərdik.

Üzeyir Hacıbəyli və Müslüm Maqomayev eyni ildə, eyni gündə müxtəlif məkanlarda dünyaya göz açmışdılar. Ü.Hacıbəyli. - Qarabağda, Şuşada, M.Maqomayev - Şimali Qafqazda, Qroznıda. Hər ikisi uşaqlıqdan bu yerlərə məxsus musiqi mühitində böyümüşdü.

Şuşa - Qafqazın konservatoriyası, Azərbaycanın mədəniyyət beşiyi olaraq, neçə-neçə sənətkarların yurdudur. Üzeyir Hacıbəylini də yaradıcı bir şəxsiyyət kimi yetişdirən bəhrəli mənbə məhz Şuşa mühiti olmuşdur. Burada o, artıq uşaq yaşlarından Qarabağın məşhur ustadlarının ifasında muğamları, aşıq havalarını, xalq mahnı və rəqslərini mənimsəmişdi. Həmçinin, onların ailə məclislərində də daim musiqi səslənirdi. Hacıbəyovlar ailəsinin bütün övladlarının musiqi istedadı özünəməxsus şəkildə üzə çıxırdı. Bu baxımdan, Üzeyirlə yanaşı, Zülfüqar və Ceyhun Hacıbəyovların da adı çəkilməlidir. Eyni zamanda, burada onun ilk müəllimi - dayısı Ağalar Əliverdibəyovun ona ötürdüyü musiqi biliklərini də qeyd etməliyik. O, tar çalmağı, muğamların sirrini məhz Ağalar bəydən öyrənmişdi. Ağalar bəy Azərbaycan musiqi tarixinə “Rəsmli musiqi tarixi” adlı kitabı ilə daxil olmuşdur ki, bu da Azərbaycan musiqi mədəniyyətinin tədqiqində mühüm mənbələrdən biri sayılır. Daha sonra Üzeyir Hacıbəyli Şuşada yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə hazırlanan “Məcnun Leylinin məzarı üstündə” adlı muğamların ilk səhnələşdirilməsində iştirak etmişdi. Onun xalq musiqiçiləri ilə təması sonrakı yaradıcılıq təşəbbüslərinə təkan vermişdi. Bütün bunlar onun təfəkküründə bir yaradıcılıq bünövrəsinə çevrilmişdi.

M.Maqomayev tərbiyə alıb yetişdiyi mühitdə muğam sənəti o qədər də geniş yayılmasa da burada Qafqaz xalqlarına məxsus mahnı və rəqslər insanların həyatının bir hissəsinə çevrilmişdi. M.Maqomayev uşaqlıqdan musiqini çox sevir və ailə şənliklərində səslənən xalq mahnı və rəqslərini mənimsəyirdi. Əbdülmüslümün ilk musiqi müəllimi onun böyük qardaşı Məhəmməd idi. Sonralar Qroznı şəhər məktəbində təhsil alarkən, Müslüm məktəb orkestrinə başçılıq edib və həmçinin rəqs dərsləri tədris edirdi. Ailədə musiqiyə olan maraq Maqomayevin bir bəstəkar kimi formalaşmasında böyük rol oynamışdır.

Məlumdur ki, Ü.Hacıbəyli və M.Maqomayev 1899-cu ildə Qori müəllimlər seminariyasında birlikdə təhsil alarkən dostlaşmışdılar. Qori seminariyasında musiqi dərslərinə böyük önəm verilirdi. Şagirdlərə musiqi nəzəriyyəsi tədris edilir, bir neçə alətdə çalmağı öyrədirdilər. Məsələn, Ü.Hacıbəyli skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələndi. M.Maqomayev skripka və qaboyda çalırdı. Onlar orkestrdə, xorda iştirak edirdilər. Seminariya dövrü ilə bağlı xatirələrdən məlumdur ki, Ü.Hacıbəyli hətta yaddaşında olan bəzi xalq melodiyalarını nota köçürərək, yoldaşlarına xorla oxumağı öyrədirdi. Seminariyada çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilirdi. M.Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edərdi.

Tələbəlik illərində onlar Qafqaz xalqlarının yaradıcılığı ilə maraqlanırdılar, Azərbaycan xalq musiqisini öyrənərək xalq mahnılarını nota köçürüb xor üçün tərtib edirdilər. Bu dövrün ən əlamətdar faktlarından biri də odur ki, Ü.Hacıbəylinin və M.Maqomayevin musiqi albomları vardı və həmin albomlara onlar uşaqlıqdan hafizələrində qalan, bəzən isə tətil vaxtlarında xalq musiqiçilərindən eşitdikləri melodiyaları yazırdılar. Hətta belə bir fakt da məlumdur ki, M.Maqomayevin albomu 1900-cü ildə Parisdə keçirilmiş Dünya Sərgisində nümayiş etdirilmişdir. Burada o, öz ilk musiqi əsərlərini də yazmışdı: “Xəyallar” valsı, “Seminarçı” mazurkası və s. Bu məlumata Q.İsmayılovanın tədqiqatında rast gəlirik. Lakin təəssüf ki, indi həmin albomların aqibəti haqqında məlumatımız yoxdur.

Əgər nəzərə alsaq ki, etnomusiqüişünaslığın əsası xalq musiqisinin toplanması və yazıya alınmasından başlanır, o zaman əminliklə demək olar ki, Azərbaycanda etnomusiqişünaslığın bünövrəsi məhz Ü.Hacıbəyli və M.Maqomayev tərəfindən XX əsrin əvvəllərindən qoyulmuşdur. Musiqi tarixindən məlumdur ki, Azərbaycan xalq musiqisinin yazıya alınmasının ilk təşəbbüskarları XIX əsrdə Qafqazda fəaliyyət göstərən rus etnoqrafları, bəstəkar və pedaqoqlar olmuşlar. Rusiyada çıxan bir sıra jurnallarda həmin nümunələr çap olunmuşdur.

Lakin məhz Azərbaycan məkanında bu işin başlanğıcı kimi Ü.Hacıbəyli və M.Maqomayevin fəaliyyətini hesab etmək olar.

1904-cü ildə seminariyanı bitirdikdən sonra Ü.Hacıbəyli - Hadrutda bir il müəllimlik fəaliyyəti ilə məşğul olur, daha sonra Bakıya köçür. M.Maqomayev isə Lənkəranda uzun müddət müəllim kimi çalışır və yalnız 1912-ci ildə Bakıya köçərək Ü.Hacıbəyli ilə birlikdə çiyin-çiyinə dirijor və bəstəkar kimi fəaliyyət göstərməyə başlayır.

Bu illər ərzində də onların etnomusiqişünaslıq sahəsində maraqlı işləri olur. Xüsusilə M.Maqomayevin kifayət qədər geniş həcmdə xalq musiqi folklorunu toplayaraq notlaşdırması, şagirdlərdən ibarət yaratdığı xorun ifasında onları səsləndirməsi çox önəmlidir. O cümlədən, məlumdur ki, Ü.Hacıbəyli də müəllimlik fəaliyyətində musiqiyə çox önəm verirdi və xalq musiqisini uşaqlara öyrədirdi.

Qeyd etmək lazımdır ki, bu dövrdə demokratik-maarifçilik dalğasında məktəblərdə uşaq şeirlərinin xalq mahnıları əsasında oxunması tendensiyası yayılmağa başlamışdı. Həsən bəy Zərdabinin “Azərbaycan xalq nəğmələri” adlı kitabçası bu sahədə ilk nəşrlərdən biri olmuşdur. Bu baxımdan həmin vaxtlar Ü.Hacıbəyli və M.Maqomayev tərəfindən toplama və notlaşdırma işlərinin aparılması çox önəmlidir. Bütün bunlar sonradan onların yaradıcılıq işlərində, əsərlərində, ictimai fəaliyyətində öz əksini tapmışdır.

1908-ci ildə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının yaradılması ilə milli musiqi tarixində yeni bir səhifə açıldı. Bu, Azərbaycanda bəstəkar yaradıcılığının, ifaçılıq sənətinin çiçəklənməsinə təkan verdi. Eyni zamanda, bu opera etnomusiqişünaslıq baxımından da bir sıra məsələlərin həllinə istiqamət verdi. Bilavasitə xalq musiqisindən bəstəkar yaradıcılığında istifadə, milli məqam nəzəriyyəsinin əsaslarının öyrənilməsi məhz bu əsərlə başlanır. Belə ki, Ü.Hacıbəyli “Leyli və Məcnun”u, daha sonra digər operalarını və musiqili komediyalarını yaradarkən xalq mahnı və rəqslərinə, aşıq havalarına və muğamlara, təsnif və rənglərə əsaslanırdı. Həmin nümunələrin notlaşdırılması artıq onların mətninin qorunması üçün zəmin yaradırdı, həmçinin, bütün bu zəngin musiqi irsini o, yaradıcılıq təfəkküründən keçirərək, yeni əsərlər ərsəyə gətirirdi. Ü.Hacıbəyli eyni zamanda, Azərbaycan musiqisinin məqam nəzəriyyəsinin əsaslarını da bilavasitə ənənəvi musiqidən bəhrələnərək, yaratmışdı. Bütün bunlar isə digər bəstəkarlar və musiqişünaslar nəslinin yetişməsi üçün bünövrəyə çevrilmişdir.

Ü.Hacıbəylinin yaratdığı ənənələri ilk növbədə, onun məsləkdaşları olan Müslüm Maqomayev və Zülfüqar Hacıbəyov öz əsərlərində davam etdirmişdilər. Onların əsərlərində muğamlardan, aşıq yaradıcılığndan və xalq musiqi nümunələrindən istifadə ilə bağlı diqqətəlayiq cəhətlər vardır.

Bütün bunlar ənənəvi musiqinin sonrakı illərdə geniş surətdə öyrənilməsinə və tətbiqinə yol açmışdır. Ümumiyyətlə, xalq musiqisinin toplanması və işlənilməsi hər zaman Ü.Hacıbəyli və M.Maqomayevin diqqət mərkəzində olmuşdur.

1927-ci ildə “Azərbaycan türk el nəğmələri” məcmuəsinin ilk dəfə nəşr olunması Azərbaycan etnomusiqişünaslığında mühüm mərhələ hesab olunur. Ü.Hacıbəyli və M.Maqomayevin nota salaraq işlədikləri bu məcmuə 33 nümunədən ibarətdir. Bu mahnıların əksəriyyəti Ü.Hacıbəyli və M.Maqomayev tərəfindən xanəndə Cabbar Qaryağdıoğlunun ifasından, bəzisi ilə Zülfüqar Hacıbəyovdan nota salınaraq, həm birsəsli şəkildə, həm də səs və ya xor və fortepiano üçün işlənilmişdir.

Bu nəşrin Azərbaycan etnomusiqişünaslığının inkişafında böyük rolu olmuşdur. Birincisi, bu, sırf xalq musiqi nümunələrinin not yazılarını əhatə edən ilk nəşr idi. İkincisi, xalq musiqisi ilə bağlı bir çox janrları özündə əks etdirirdi. Burada əmək mahnılarına aid nümunələr - əkinçi, çoban, sağım, fəhlə mahnıları, uşaq mahnıları, lirik məhəbbət mahnıları, eləcə də yallı, halay kimi xalq rəqsləri və aşıq havası nümunələri toplanmışdır. Mahnıların işlənilməsi ilə bağlı maraqlı cəhətlərdən biri də odur ki, bəstəkarlar fortepiano müşayiətində musiqi məzmunundan gələn xüsusiyyətləri əks etdirmiş və musiqi ruhunu aça bilmişlər. Üçüncüsü, həmin illərdə yaradılan xor kollektivinin repertuar əsasını bu xalq mahnı işləmələri təşkil etmişdir. Həmin not yazıları əsasında Ü.Hacıbəyli kvartet üçün pyeslərini yaratmışdır. Bunlar tədris prosesinə də daxil olmuşdur.

Ayrıca olaraq, M.Maqomayevin arxivlərdə qalmış yaradıcılıq irsində daha böyük miqdarda və geniş çeşiddə not yazılarının olduğunu qeyd etməliyik. Belə ki, M.Maqomayev 1928-ci ildə “Rast” muğamını tarzən Qurban Primovun ifasından nota köçürmüşdür ki, bu, muğamın ilk not yazısı kimi musiqi tarixinə düşmüşdür. M.Maqomayevin arxivində 300-ə yaxın xalq mahnı və rəqslərinin not yazıları qorunur. Hətta bunlardan 100-ü bəstəkarın özü tərəfindən redaktə olunaraq, çapa hazırlanmışdır. Bunların arasında Azərbaycan, Çeçen və digər Qafqaz xalqlarının musiqisinin toplanması və sistemləşdirilməsi ilk dəfə həyata keçirilmişdir ki, bu da etnomusiqişünaslıqda azsaylı xalqların musiqi folklorunun və multikulturalizm ənənələrinin təzahürlərinin öyrənilməsinə yol açır.

Təəssüf ki, həmin əlyazmalar bu günə kimi çap olunmamış və ictimaiyyətə çatdırılmamışdır. Təsəvvür edin ki, bunların işıq üzü görməsi musiqi irsimizi nə qədər zənginləşdirə bilərdi.

Onu da demək lazımdır ki, Ü.Hacıbəyli və M.Maqomayev tərəfindən əsası qoyulan ənənəvi musiqinin toplanması və notlaşdırılması ənənəsi sonrakı nəsil bəstəkarlarının əksəriyyəti tərəfindən davam etdirilmişdir. Bülbülün rəhbərliyi ilə fəaliyyət göstərən musiqi kabinetində çox sayda xalq mahnıları, rəqslər, aşıq havaları, muğamlar, təsnif və rənglər Asəf Zeynallı, Səid Rüstəmov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov, Fikrət Əmirov, Niyazi, Məmmədsaleh İsmayılov və digər bəstəkar və musiqişünaslar tərəfindən nota salınmış, yaradıcılıqda istifadə olunmuş, tədqiqatlara cəlb olunmuşdur və bu gün də bu ənənə davam edir.

Ü.Hacıbəyli və M.Maqomayevin fəaliyyətində etnomusiqişünaslıq sahəsi onların yaradıcılıqları, elmi və ictimai işləri ilə yanaşı olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının, həmçinin, respublikada bir sıra təhsil ocaqlarının və ifaçılıq kollektivlərinin yaradılmasında da Ü.Hacıbəyli və M.Maqomayevin böyük rolu olmuşdur. Bura həm təşkilati, həm yaradıcılıq, həm də tədris işləri aiddir. Qeyd edək ki, 1920-ci ildə Ü.Hacıbəyli Xalq Maarif Komissarlığının incəsənət şöbəsinə rəhbərlik edirdi. 1921-ci ildə bu vəzifəyə M.Maqomayev təyin olundu. Onların əlbir səmərəli təşkilati işləri sayəsində ADK-da etnomusiqişünaslıqla bağlı bir sıra mühüm işlər görülmüş, ADK-da Şərq şöbəsinin təşkili, burada xalq musiqisinin öyrənilməsi, Azərbaycan Türk Musiqi Texnikumunun təşkili həyata keçirilmişdir.

1920-30-cu illərdə tarın not sisteminə salınması və xalq çalğı alətləri orkestrinin yaradılması etnoorqanologiyada mühüm mərhələ kimi qiymətləndirilməlidir. Uzun əsrlər boyu şifahi ifaçılıq ənənəsində mövcud olmuş xalq çalğı alətlərindən ibarət orkestrin təşkili, alətlərin not sisteminə salınması, onların quruluşunun notla çalğıya uyğunlaşdırılması və orkestr partiturasının yaradılması həmin dövrdə milli alətlərin qorunması və onların müasir bəstəkarlıq yaradıcılığına gətirilməsi məhz Ü.Hacıbəyli və M.Maqomayevin xidmətləri idi. Bu orkestr üçün ilk əsərləri də Ü.Hacıbəyli və M.Maqomayev yazmışdır.

Ü.Hacıbəyli və M.Maqomayevin elmi irsində də etnomusiqişünaslığın proqram əsasına çevrilmiş fikirlər öz əksini tapmışdır. Bu baxımdan Ü.Hacıbəylinin elmi məqalələri, onun “Azərbaycan xalq musiqisinin əsasları” fundamental elmi əsəri xüsusi əhəmiyyətə malikdir.

Ü.Hacıbəylinin Azərbaycan etnomusiqişünaslığının inkişafında proqram əhəmiyyətli bir neçə fikrini xatırlatmaq istərdim. “Xalq mahnısı Azərbaycan xalqının əhvali-ruhiyyəsini şərh, zövqi musiqisini bəyan, şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan, istər musiqi, istər ədəbi, istər psixoloji, istər etnoqrafik əhəmiyyəti böyükdür”.

Eyni zamanda, o, muğamla bağlı olaraq demişdir. “Azərbaycan musiqisini öyrəndikdə və ondan istifadə etdikdə muğam sisteminə, Azərbaycan musiqisində olan və çox böyük rol oynayan canlı muğamlara xüsusi diqqət verilməlidir.” Bu fikirlərin həqiqiliyi etnomusiqişünaslıqda tədqiqatlara istiqamət vermişdir.

Beləliklə, Ü.Hacıbəyli və M.Maqomayev artıq tələbəlik dövründən başlayaraq, etnomusiqişünaslıq sahəsi ilə maraqlanmışlar. Bu sahədə onların birgə, yanaşı fəaliyyətində həmçinin özünəməxsus cəhətləri qeyd etmək istərdik.

Musiqi yaradıcılığı sahəsində hər iki bəstəkarın əsərlərində ənənəvi musiqidən geniş istifadə edilmişdir. Əlbəttə ki, bunun banisi Ü.Hacıbəyli olmuşdur. Məhz Ü.Hacıbəyli muğamı, xalq musiqisini bəstəkar yaradıcılığına gətirmişdir. M.Maqomayev isə onun davamçısı olmuşdur. Bu bəstəkarların yaradıcılıq irsinin həcmi və tutumu fərqli olsa da, xalq musiqisindən istifadə prinsipləri oxşardır. Janr fərqlərini də nəzərə alsaq, M.Maqomayevin yaradıcılığında maraqlı cəhətlərdən biri kimi xalq rəqsləri əsasında müstəqil simfonik əsərlərin (“Turacı”, “Ceyranı” və s.) yaradılmasını qeyd etməliyik.

Xalq musiqisinin toplanması və notlaşdırılması işində M.Maqomayevin fəaliyyətinin daha geniş olduğu görünür. Arxivlərdə saxlanılan xalq mahnı və rəqslərinin miqdarı bunu deməyə əsas verir. Eyni zamanda, Azərbaycandakı azsaylı xalqların musiqi folklorunun toplanması, eləcə də muğamın notlaşdırılması işinin başlanğıcı M.Maqomayev tərəfindən qoyulmuşdur.

Ü.Hacıbəylidə ənənəvi musiqiyə elmi yanaşma formalaşmışdır. Onun etnomusiqişünaslığın inkişafına təkan verən, istiqamətverici fikirlərlə zəngin elmi tədqiqatları bunun bariz nəticəsidir. Ü.Hacıbəylinin ənənəvi musiqi qanunauyğunluqları əsasında yaratdığı milli musiqinin məqam nəzəriyyəsi bəstəkar yaradıcılığının əsas mənbələrindən biri olmuşdur.

Ümumilikdə, Ü.Hacıbəyli və M.Maqomayevin Azərbaycan etnomusiqişünaslığının inkişafındakı rolunu qiymətləndirərək, qeyd etmək lazımdır ki, onların fəaliyyəti folklorşünaslıq, aşıqşünaslıq, muğamşünaslıq, etnoorqanologiya, məqam nəzəriyyəsi və mənbəşünaslıq kimi elm sahələrinin inkişafına təkan vermişdir.

İstifadə edilmiş ədəbiyyat:

1. Абасова, Э.A. Узеир Гаджибеков. / Э.А.Абасова. - Баку: Азернешр. - 1974. - 142 с.

2. Исмайлова, Г.А. Муслим Магомаев. / Г.А.Исмайлова. – Баку: - 1975. - 140 с.

3. Hacıbəyli, Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən hazırlanmış yeni nəşri: çap və elektron dərslik. / Ü.Ə.Hacıbəyli. - Bakı: Apostrof. - 2010. - 176 s.; http://musbook.musigi-dunya.az (elmi redaktor T.Məmmədov).