"Musiqi dünyası" № 1 (86) 2021

Article №1; 8629-8633 pр.
Zemfira SƏFƏROVA. Nizami Gəncəvinin qəzəlləri Üzeyir Hacıbəylinin yaradıcılığında
Text PDF

Bu il iki dühanın – Nizami Gəncəvinin və Üzeyir bəy Hacıbəylinin məşhur “Sənsiz” musiqi qəzəlində qovuşmaqlarının səksən illiyi tamam olur. Yada salmaq istərdim ki,”Sənsiz” musiqi qəzəli Üzeyir bəy tərəfindən 1941 –ci ildə yazılmışdı.

Məlumdur ki,dahi bəstəkarımız Üzeyir Hacıbəyli böyük Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi münasibəti ilə “Sənsiz”lə bərabər həm də şairin “Sevgili canan” qəzəlinə 1943-cü ildə musiqi bəstələmişdir. Prezident İlham Əliyevin fərmanı ilə Nizami Gəncəvi ilini qeyd etdiyimiz zaman, vokal musiqimizin qızıl fonduna daxil olmuş bu romans- qəzəllər bu gün xüsusi təravətlə səslənirlər. Bu musiqi qəzəllərin klassik ifaçıları Bülbülü, M.Maqomayevi və digər gözəl vokalçılarımızın ifasını misal göstərə bilərik. Bu dövr ərzində Üzeyir Hacıbəylinin Nizaminin lirik şeirlərinə,qəzəllərinə yazdığı musiqinin populyarlığı,şöhrəti nəinki azalmamış,hətta qat-qat artmışdır. Qeyd edək ki,şairin sözlərinə Üzeyir bəy ona qədər musiqili qəzəl yazmaq niyyətində idi,təəssüflər olsun ki, yalnız ikisini bitirə bilmişdir.

Bu illər ərzində Azərbaycan musiqisində böyük Nizaminin əsərləri və mövzuları əsasında Əfrasiyab Bədəlbəylinin “Nizami”, Niyazinin “Xosrov və Şirin”operaları, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması və “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Nizami” simfoniyası və həyatının son illərində yazdığı “Nizami” baleti kimi dəyərli əsərlər yaranmışdır. Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” musiqili qəzəllərinin isə Azərbaycan vokal musiqimizin inkişafında və xalqımızın qəlbində xüsusi yeri həmişə olmuşdur.

Üzeyir bəy yaradıcılığında ilk dəfə Füzuli qəzəllərinə müraciət etmişdir. Ilk öncə Füzuli şeiri Hacıbəylinin “Leyli və Məcnun” operasında, daha sonralar şairin qəzəlləri “Arşın mal alan” və “O olmasın,bu olsun” operettalarında səslənmişdir.

Qəzəl yaxın şərq xalqlarının ,xüsusilə Azərbaycan, iran, ərəb, türk,özbək, tacik və sair xalqların poeziyasında geniş yayılmış,aşiqanə mövzulu,həcmcə böyük olmayan poetik bir formasıdır. Uzun əsrlərdən bəri qəzəl janrı Azərbaycan ədəbiyyatının ,eləcə də musiqimizin ən kütləvi janrlarından olmuşdur. Qəzəlin məşhurluğunun bir səbəbi də ondan ibarətdir ki, ədəbiyyatın bu janrını yaymaq çox asan idi. Ədəbi qəzəllər yazılı şəkildə bizə gəlib çatdığı halda ,musiqili qəzəllərə aid məlumatımız məhduddur.

Üzeyir Hacıbəyli ədəbi və musiqi formalarının vəhdəti ənənəsindən ,qəzəlin musiqi ilə üzvi bağlılığından yaradıcı surətdə istifadə etmişdir. Bəstəkar ədəbiyyatın bu janrını yenidən musiqi ilə bağlamış,qəzəli musiqiyə daxil edərək Azərbaycan vokal musiqisində yeni bir janrın və formanın –musiqili qəzəlin bünövrəsini qoymuşdur.

Məqalələrin birində bəstəkarın özü musiqili qəzəl haqqında belə yazırdı:

“Qəzəl Şərq poeziyası formalarında olub,lirik məzmun daşımalıdır. Qəzəllər Azərbaycan poeziyasında son dərəcə geniş yayılmışdır. Çox vaxt qəzəllərin mətnindən Azərbaycan ladlarında vokal improvizasiya üçün istifadə olunur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan bəstəkarları onun məşhur qəzəllərinə musiqi yazmışlar. Beləliklə,Azərbaycanda ilk dəfə olaraq musiqili qəzəllərin,artıq improvizasiya şəklində deyil, inkişaf etmiş melodiya şəklində olan, müvafiq ladlarda yazılan və Avropa romansları janrına yaxınlaşan yeni bir forması meydana gəlmişdir. ” 1

Bəstəkarın bu məqaləsi 1944-cü ildə yazılmışdır. Lakin hələ 1926-cı ildə “Azərbaycan musiqisinə bir nəzər” adlı məqaləsində Ü. Hacıbəyli qəzəllərin bəhri,yəni vəzni kimi mürəkkəb bir məsələyə toxunaraq yazırdı:

“Dəstgahların qəzəlləri mütləqən əruz vəzni ilə yazılmış olmalıdır,barmaq hesabı ilə yazılmış şeir və qəzəllər dəstgahlar üçün yaraşmaz,əruzla yazılmış qəzəlin vəzni dəstgahın musiqisi üçün dəxi vəzn məqamını tutur. Dəstgahı oxuyan xanəndə şeirin qısa hecasını necə ki, var qısaca tələffüz edib uzun hecasında avazla növ-növ “zəngulələr”,”kalaraturlar” edib istədiyi qədər uzadıb səsi işlədir: məsələn”məfail” vəznindəki sözün “mə-fa-il” kimi üç hecası olsa da,dəstgahda,”mə” hevası heç vaxt uzadılmaz,”mə” hecası olduqca qısaca “fa” hecasına rəbt edilib “məfa ” olar və bu yerdə,”yəni “fa”da xanəndə istədiyi kimi səsi uzadıb lazım gələn guşələri vura bilər: əlhasil “məfail” iki hecaya bölünüb oxunar.” (Məqalənin bu yerində Üzeyir bəy qeyd edir ki,osmanlı türkləri şeirdə hecaları başqa cür ayırıb oxuyurlar.” 2

Hacıbəyli hər iki əsərdə Nizami qəzəllərinin süjet xəttini və fikrini saxlamış , şeir və musiqinin vəhdətini yaratmış,qəzəlin vəznini bacarıqla musiqiyə keçirə bilmiş,şairin yaradıcılığının ruhuna uyğun əsərlər yaratmışdır.

“Sənsiz” və “Sevgili canan” qəzəllərinin ümumi cəhətləri çoxdur. Hər iki qəzəl instrumental girişlə başlanır. Hər iki giriş qəzəllərin əsas fonunu təyin edərək, onların xasiyyətinin ilk cizgilərini müəyyənləşdirir. Bu instrumental müşayiət bütün əsər boyu saxlanılır. Qəzəllərdə giriş hissəsinin xüsusi əhəmiyyəti vardır. Girişdə verilən və bütün əsər boyu saxlanılan vəzn hər iki qəzəldə eynidir.

Güman etmək olar ki, hələ not yazısı olmayan vaxtlar qəzəl həmin vəzndə musiqinin müşayiəti ilə oxunurmuş. “Sənsiz” qəzəlinin vəznini, bəhrini təhlil etdikdə onun qəzəl bəhrlərindən olan “Rəməl” əsasında bəstələndiyini görürük. “Sənsiz” qəzəlinin ilk dörd misrasını misal gətirək:

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim hədər getdi o saat sənsiz.

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,

Hicrinə yandı canım,yox daha taqət sənsiz.

Bəstəkarın “Sevgili canan” qəzəlinə müraciət etdikdə isə onun vəzninin “həzəc” bəhrində yazıldığı məlum olur.

Hüsnün gözəl ayətləri ey sevgili canan,

Olmuş bütün aləmdə sənin şəninə şayan.

Gəl eylə nəvaziş,mənə ver busə ləbindən,

Çünki gözəlin busəsidir aşiqə ehsan.

Qəzəllərdə melodiyanın ölçüsü üç çərək (3/4) , instrumental müşayiət isə Azərbaycan xalq musiqisinə xas olan 6/8 ölçüsündə bəstələnmişdir. Buna biz musiqimizin bir çox janrlarında rast gələ bilərik.

“Sənsiz ” və “Sevgili canan ”ın giriş hissələrində vaxtilə qəzəl ifaçılarını müşayiət edən musiqi alətlərinin xüsusiyyətləri aydın hiss olunur.

Ü.Hacıbəyli qədim musiqi qəzəlinin bir çox cəhətlərini –onun muğamat əsasında qurulan melodik xəttini, müşayiətçi xüsusiyyətlərini saxlaya bilmişdir. Hər iki qəzəlin müşayiətində bir səsin saxlanılması nəfəslə və zərblə çalınan Azərbaycan xalq çalğı alətlərini-balabanı,qavalı,tütəyi xatırladır.

Kvarta, kvinta səslənmələri isə aşıqları müşayiət edən sazın üslubuna yaxındır. Girişdə verilən kiçik melodik parçalar dinləyicini əsərlərin ümumi xüsusiyyəti ilə tanış edir. Girişdə vokal partiyanın kiçik melodik parçaları imitasiya yaradaraq, hər iki əsərdə bəstəkarın polifoniya üsullarından istifadə etdiyini göstərir.

Üzeyir Hacıbəylinin novatorluğu ondadır ki, onun yazdığı musiqi adi romans çərçivəsindən çıxaraq, daha geniş və sərbəst bir forma yaratmışdır. O, romans janrında çox işlənən üç hissəli formanı öz qəzəllərində muğamatla əlaqələndirmişdir.

“Sənsiz” və “Sevgili canan”da musiqinin inkişafı muğamatın improvizə xüsusiyyəti ilə uyğundur. Buna görə də melodiya tədriclə deyil, sıçrayışlarla, qeyri-bərabər pillələr şəklində zilə qalxaraq, son nöqtəsinə çatır. Bundan sonra melodiya ,muğamatda olduğu kimi, bəmə enməyə başlayır. “Sənsiz” və “Sevgili canan” musiqili qəzəlləri ehtiraslı və eyni zamanda həzin təsir bağışlayır. Görkəmli şərqşünas Y.E.Bertels haqlı olaraq yazır ki, qəzəlin hər sözü musiqidir, lakin bu simfonik orkestrin gurultusu deyil , tarın xəfif titrəməsi,aylı gecədə neyin həzin iniltisidir. “Sənsiz” və “Sevgili canan”da böyük bəstəkar qəzəl janrının bu ruhunu gözəl ifadə edə bimişdir.

“Sənsiz” qəzəlində melodiyanın hərəkət xəttinə diqqət yetirsək, deklamasiya şəklini görərik. Melodiyanın danışıq tərzi onun bir səs üzərində təkrarlanıb,kiçik sıçrayışdan sonra yenə həmin səsə qayıtması ilə əldə edilir.

Məhz belə melodik xətdən istifadə edərək Üzeyir Hacıbəyli Nizami qəzəlində ifadə olunmuş qüssə və kədəri musiqi dilinə çevirə bilmişdir. Qəzəldə işlənən “Sənsiz” rədifi müxtəlif rənglərə boyanaraq, ayrı-ayrı intonasiyalarla səslənir. Bu gah kədər, gah ümidsizlik, gah sual, gah da şadlıq intonasiyalarıdır. “Sənsiz” qəzəlində “Segah” məqamından istifadə edilməsi Ü.Hacıbəyli musiqisinin Nizami qəzəlindəki şeiriyyətlə , bu qəzəllərin fəlsəfi kədəri ilə gözəl ahəngini yaradır.

Birinci hissə “Şikəsteyi-fars” şöbəsindən başlanır. Ikinci hissə isə “Segah” məqamının səs qatarının genişləndirmiş “Əraq” şöbəsində yazılmışdır. Bu hissədə başqa kökə keçməklə bərabər ,özgə məqama “Bayatı-Şiraz”a meyl göstərilir. Qəzəlin orta hissəsində eyni bir məqamın və kökün verilməsi əsərdə müəyyən bir təzad yaradır,onu təzə rəngə boyayır.

“Sənsiz”dən fərqli olaraq ,”Sevgili canan” qəzəlinin məzmunu bir qədər başqa səpkidə verilmişdir. “Sənsiz” qəzəlində böyük rol oynayan rədif burada yoxdur. Lakin onu “Şüştər” məqamının “Tərkib” şöbəsinə xas olan və bütün qəzəl boyu təkrarlanan intonasiya əvəz edir. Bu intonasiya qüssə-qəm hissi oyadır. Qəzəl “Şüştər” dəstgahının ikinci şöbəsi olan “Tərkib”dən başlayaraq orta hissəsində “Bayatı-Şiraz”a meyl göstərir. Melodiya “Tərkib”ə qayıdaraq üçüncü hissənin başlanmasına səbəb olur. Qəzəlin orta hissəsi –“Bayatı-Şiraz”ın “Hüzzal” şöbəsi inamla doludur. Qəzəl də məhz bu inamla-sevincə, səadətə, şadlığa dərin inam hissi ilə bitir.

Şübhəsiz ki, hər iki qəzəldə ümumi cəhətlərin olması təsadüfi deyildir. Görünür, Üzeyir bəy həmin ədəbi janrı musiqidə məhz bu cür təsəvvür edirmiş.

Böyük sənətkarın musiqimizdə yaratdığı bu janrda başqa bəstəkarlarımız da gözəl qəzəl-romanslar yazmışlar. Əmirovun “Gülüm”, Quliyevin “Bəxtəvər oldum”, Cahangirovun “Nazənin” və bir çox başqa musiqli qəzəllər buna misaldır.

Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” musiqli qəzəlləri vokal lirikamızın ilk və klassik nümunələri kimi yaşayır və yaşayacaqdır.

Nizami və Hacıbəyli dühası bu iki musiqili qəzəlində qovuşmuş və hər iki sənətkarın adını bir daha əbədiləşdirmişdir.

1 Üzeyir Hacıbəyov.Əsərləri,2c-Bakı,1965,s.348

2 Elə orada ,s.217