"Musiqi dünyası" № 1 (82) 2020

Article №1; 8343 - 8348 pр.
Zemfira SƏFƏROVA. GÖRKƏMLİ MUSİQİ TƏDQİQATÇISI VƏ PEDAQOQ (Azərbaycanın Əməkdar İncəsənət xadimi və professoru L.V.Karagiçevanın anadan olmasının 100 illiyi münasibətiylə)
Text PDF

Mənim müşahidəmə görə insanların əksəriyyəti ilk müəllimlərini heç vaxt unutmurlar. Mən də o insanlardan biriyəm. Mənim ilk müəlliməm Mələk müəllimə Namazova bizim sinfin uşaqlarını həmişə tərifləyərdi, mənə isə “qaymaq” qızım deyərdi.

Amma mənim bu günki yazım Mələk müəllimə haqqında deyil, Allah ona rəhmət eləsin, digər unudulmaz müəlliməm, diplom işimin rəhbəri, mənim sənətşünaslıq namizədi müdafiəmdə oppenentim, “Azərbaycan musiqi elmi” (XIII-XX əsrlər) monoqrafiyamın rəyçisi, Azərbaycanın Əməkdar İncəsənət xadimi Lyudmila Vladimirovna Karagiçeva haqqındadır, onun anadan olmasının 100 illiyinə həsr edilmişdir. 1

1950-ci illərdən musiqi fəaliyyətinə başlamış Lyudmila Vladimirovna uzun illər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyasının (indi akademiyasının) aparıcı müəllimlərindən olmuş, dəyərli kadrlar,böyük musiqişünaslar ordusunu yaradıb tərbiyə etmişdir. Musiqi tədqiqatçısı kimi o çox bəstəkarlar, ifaçılar haqqında kitablar, məqalələr yazmış, lakin onun yaradıcılığının mərkəzində duran, onun əsasını təşkil edən, qirmizixətt kimi keçən mövzu böyük bəstəkar SSRİ xalq artisti, akademik Qara Qarayevin şəxsiyyəti və yaradıcılığı olmuşdu. Musiqidə o, Qara Qarayev yaradıcılığının ilk, əsas və ən gözəl tədqiqatçısı sayılırdı. Qara Qarayev haqqında onun 10-dan artıq kitabı, monoqrafiyası və saysız-hesabsız məqaləsi mövcuddur.

İlk dəfə mən Lyudmila Vladimirovna ilə Azərbaycan Dövlət konservatoriyasında tanış oldum. O vaxtlar kino ekranlarında çox məşhur film “Serenada solneçnoy dolini”, yəni “Günəşli Vadinin serenadası” göstərilirdi. Karagiçeva filmdə əsas rolun ifaçısı Karen adlı aktrisaya çox bənzəyirdi. Mən bu haqda ona dedim, o da razılaşdı və bildirdi ki, bunu çoxları ona deyib.

O vaxtlar bu filmin bizim gənclərə böyük təsiri olmuşdur. Orada səslənən cəzbedici caz musiqisi, səriştəli aktyor oyunu, aktrisanın virtuoz xizək ustalığı çoxlarını valeh etmişdi. Filmdə məşhur caz ustası Qlen Millerin orkestri böyük ustalıq göstərirdi. Təəssüf ki, sonralar bu parlaq caz orkestri təyyarə qəzasına düşüb həlak oldu.

Lyudmila Vladimirovna milliyətcə rus idi. Lakin həyatını əsasən Azərbaycan musiqisinin tədqiqinə həsr etmişdi. “Azərbaycan SSR” broşuru (1956), «Народная музыка Азербайджана» (1961), «Мастера азербайджанского театра» (1961), «50 лет Азербайджанской Государственной консерватории» (1972), «Узеир Гаджибеков и развитие музыкального образования в Азербайджане» (1978), «Мугам: значение и содержание термина» (1978), «Азербайджанская Государственная консерватория имени Узеира Гаджибекова» (в соавторстве) - (1972) və bir sıra bəstəkarlar və ifaçılar haqqında qiymətli məqalə və kitablar yazmışdır. “Niyazi. Очерк творчества композитора и дирижера” (1959), «Афрасияб Бадалбейли» (1965), «Гюльшен», о балете С. Гаджибекова (1951), «Севиль», опера Ф. Амирова» (1954), скрипичный концерт А. Рзаева (1954) və s.

Lakin əvvəldə dediyimiz kimi L. V. Karagiçevanın tədqiqatlarının əsasını, onun mərkəzi mövzusunu akademik, SSR-inin xalq artisti Qara Qarayevin yaradıcılığı təşkil edirdi. Bəstəkarın ilk əsərlərindən tutmuş (Царскосельская статуя (f-no üçün) son əsəri Sirano de Berjerak” müziklinəcən, baletləri və simfonik yaradıcılığı haqqında geniş, səriştəli tədqiqatları mövcuddur. Onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, simfonik yaradıcılığı, 3-cü simfoniyası, “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması, f-no üçün 24 prelyüdü və digər əsərləri Karagiçevanın hərtərəfli geniş professional təhlil obyektinə məruz qalmışdır. Son kitablarından isə “Кара Караев. Статьи, письма, высказывания” ( 1978) geniş əks səda doğurmuşdu.

Karagiçeva bir çox musiqişünasların elmi işlərinin, diplomlarının rəhbəri, monoqrafiya və kitablarının redaktoru, rəyçisi, olmuşdur. Onlardan Z.Səfərovanın, Ş. Mahmudova-Həsənovanın, V. Şərifova- Əlixanovanın, G. Vəzirovanın, Fərrux Həsən Əmmarın və başqalarının adlarını çəkmək olar. Lyudmila Vladimirovna mənim həm “Üzeyir Hacıbəyovun musiqi-estetik konsepsiyası” adlı diplomumun rəhbəri və həm də «Музыкальная наука Азербайджана» (XIII-XX века) monoqrafiyanın rəyçisi idi. Diplom işimin əlyazmasında və toplanmış materiallarda onun əliylə yazılmış qeydlər, məsləhətlər indiyə qədər qalır. Məsələn, “Üzeyir Hacıbəyovun musiqi tənqidçisi, musiqi ictimai xadimi kimi Azərbaycan publisist musiqisi uğrunda mübarizəsi” göstərilməli, opera janrına həsr olunmuş diskussiya vaxtı formaslizm, doğru və səhvin qarşılığını, proletkult və ASM-ın səhvlərini qeyd etməli, Üzeyir bəyin məntiqliyini, hazırcavablılığını vurğulamağı kimi qeydləri dəftərin qırağında həkk olunub qalmışdı. Lyudmila Vladimirovnanın tələbələri ilə mədəni, mülayim, ziyalı rəftarını və münasibətini xüsusi qeyd etmək istərdim. Ona görə də o, biliyi və xasiyyətinin bu cəhətlərinə görə tələbələri və hamı tərəfindən böyük hörmət və məhəbbət qazanmışdı.

Lyudmila Vladimirovna Azərbaycan dilini çox qısa müddətdə qavramışdı. İş prosesində dilimizdə olan materialları da oxuyub təhlil edə bilirdi. Onun Azərbaycan dilini bilməyi hətta o vaxtlar Üzeyir bəyin də diqqətindən yayınmamışdı. Bəstəkar Əşrəf Abbasovun dediyinə görə Üzeyir bəy bunu gözəl müsbət hal kimi qeyd etmişdi. Hətta ona Azərbaycan dilində mühazirələr oxumağı da məsləhət görmüşdü.

Mənim sənətşünaslıq namizədliyimin müdafiəsində qocaman musiqişünas Qubad Qasımovun Karagiçevaya verdiyi sual indi də yadımdadır. Müdafiə bitdikdən sonra belə o, Lyudmila Vladimirovnanı buraxmayıb ondan bu suala “hə” və ya “yox” cavabını almaq istəyirdi. Məsələ, Üzeyir Hacıbəyovun “Musiqidə tərcümə” adlı məqaləsindən gedirdi. Mən işimdə Üzeyir bəyin bu məqaləsini bir eksperiment kimi qiymətləndirmişdim. Üzeyir bəy arzu edirdi ki, Azərbaycan dinləyicisi tez bir zamanda Qərb musiqisi ilə tanış olsun, onu anlasın, sevsin, necə ki, ədəbiyyatda tərcümə vasitəsilə bir çox dünya ədəbiyyatı, nümunələri xalqımıza məlum olub, sevilmişdi, eləcə də Üzeyir bəy musiqidə bu cür tərcümənin mümkün olmasını istəyirdi, hətta özü Motsartin Do major (15) sonatasını musiqimizə tərcümə etmişdi. Lakin bu tərcümə istənilən nəticəni vermədiyi üçün bəstəkar bu işi davam etdirməmiş və gördüyü tərcümənin materialını özünün “Çahargah” fantaziyasında istifadə etmişdir. Bu barədə mənim kitabımda müfəssəl danışılır. Lyudmila Vladimirovna da Qubad müəllimə bu aspektdə cavab vermişdi.

Mənim orta əsrlərlə məşğul olmağımı, Səfiyəddin Urməvi, Əbdülqadir Marağai, Fətullah Şirvani və XIX əsrin musiqi alimi Mir Möhsün Nəvvab haqqında tədqiqatlarımı və “Azərbaycanın musiqi elmi” doktorluq dissertasiyamı Lyudmila Vladimirovna qürur hissi ilə qarşıladı və bu haqda mənə məktub və tərif dolu rəy göndərdi. Mən bu rəydən ayrı-ayrı fraqmentləri oxuculara əvvəl orijinalda, yəni rus dilində təqdim edirəm ki, alimin fikirləri olduğu kimi, təhrifsiz oxuculara çatdırılsın, sonra isə onun bir fraqmentini də Azərbaycan dilinə tərcümədə gətirirəm:

«Позволю себе, в нарушение академического стиля, требуемого для отзыва, привести справку по «Истории вопроса», являющегося темой исследования Земфиры Сафаровой.

В начале 1950-х годов члены кафедры истории и теории музыки АГК обсуждали ответ на письмо В. М. Беляева, обратившегося к нам с просьбой сообщить ему сведения о Сафиаддине Урмави и Абдул Кадире Марагаи, содержании, местонахождении их трактатов, их исследования и пр.

Трудно дать характеристику этого обсуждения: мы были обескуражены, раздосадованы, огорчены необходимостью признаться в полной своей неосведомленности, кроме строк, посвященных Урмави и Марагаи в «Основах азербайджанской музыки» Узеира Гаджибекого. «Все это была бы смешно, когда бы не было так грустно» (М. Ю. Лермонтов).

В последующие сорок с лишним лет несколько разрозненных попыток азербайджанских музыковедов осветить отдельные страницы истории азербайджанской науки о музыке не могли приблизиться к разрешению важной задачи- раскрыть ее истоки. Не хватало активности, смелости, настойчивости, теоретической и естетической подготовленности, владения восточными языками и т. п. К тому же, целый ряд условий нашей деятельности тогда создавал почти непреодолимые трудности в знакомстве с имеюищимися в библиотеках мира списками музыкально-теоретических трактатов Урмави и Марагаи.

Думаю, что сказанное полностью объясняет огромное значение для культуры Азербайджана исследования Земфиры Сафаровой, переведшей на азербайджанский язык, подготовившей к печати и проанализровавшей один из списков капитального труда Сафиаддина «Китаб аль-адвар».

Но не один этот, хотя значительный сам по себе факт определяет достоинтсво исследования. Столько же важно, что рассмотрев также другой трактат Урмави («Шарафийя») и сочинения последующих известных теоретиков, заложивших основы азербайджанской науки о музыке, - от Марагаи до Навваба, автор обосновывая историко- культурную среду, в которой жили и творили последователи Урмави, выстраивая узловые точки развития средневековой восточной науки о музыке, Земфира Сафарова аргументированно доказывает глубокую связь и преемственность с ними научных открытий нашего выдающегося современника Узеира Гаджибекова, тем самым вводя азербайджанскую научно- эстетическую мысль о музыке в общий процесс развития ее на Ближнем Востоке.

Нет необходимости говорить о том, что проявившаяся еще на студенческой скамье склонность З. Ю. Сафаровой к научно- эстетическим проблемам музыки Азербайджана и ее все большая методологическая вооруженность достигли в исследовании, своей высокой точки.» (Москва, 1995, 15 ноября ).

İndi isə rəydən bir fraqmentin Azərbaycan dilinə tərcüməsi: “Son dərəcə əlamətdardır ki, Urməvidən başlayaraq, Marağaidən Nəvvaba qədər Azərbaycan musiqi elminin əsaslarını qoymuş sonrakı məşhur nəzəriyyəçilərin əsərlərini də araşdıraraq, Urməvi xələflərinin yaşadıqları və yaratdıqları tarixi-mədəni mühitə əsaslanaraq Zemfira Səfərova bizim böyük müasirimiz Üzeyir Hacıbəyovun bu sələfləriylə dərin əlaqələrini və elmi kəşflərinin davamlılığını dəlillərlə yerinə yetirir və bununla da musiqi haqqında Azərbaycan elmi -estetik fikrini ümumi Yaxın Şərq inkişaf prosesinə daxil edir.”

Son illər Lyudmila Vladimirovna anasını, həyat yoldaşını (məşhur alim, professor L. S. Bretaniskini) itirəndən sonra, qızı ilə Moskvaya köçmüşdü. Pensiyaya çıxmağına baxmayaraq Karagiçeva orada da əzmlə işləyirdi və Moskva mətbuatında çap olunurdu. Mən ona Qara Qarayevin adını daşıyan gəminin şəklini (otkrıtkasını) göndərdim. O, cavabında yazırdı: “Спасибо за кораблик. Я очень тронута.”

Sonda mən L. V. Karagiçevanın qızı, istedadlı musiqişünas Alla Bretanitskaya haqqında da bir-iki kəlmə demək istərdim. O, təəssüf ki, cavan yaşlarında dünyasını dəyişdi. Lakin onun Bakıya, xalqımıza münasibəti son illər işlədiyi Moskvanın məşhur «Музыкальная академия» jurnalında verdiyi yazıda təzahür olundu. Bu yazıda Alla xanım Azərbaycan musiqisinin nailiyyətlərini və uğurlarını xoş aurada beynəlxalq oxucuya çatdırmağa çalışmışdı. Ona görə ona minnətdarıq. Belə mötəbər dərgidə Azərbaycan musiqisi haqqında böyük bir materialın verilməsi şübhəsiz ki, Alla xanımın qələbəsi idi. Allah hər ikisinə rəhmət eləsin.

Azərbaycanın Əməkdar İncəsənət xadimi, professoru Lyudmila Vladimirovna Karagiçevanın 100 yaşı mübarək olsun!


1. Karagiçeva Lyudmila Vladimirovna 19 avqust 1920-ci ildə Maykop şəhərində ixtisasca aqronom Vladimir Vasilyeviç Karagiçevin ailəsində anadan olmuşdur. Atası bu sahənin görkəmli mütəxəssisi, bir sıra çap olunmuş əsərlərinin müəllifi idi. Ailə 1923-cü ildə Bakıya köçür. Lyudmila Vladimirovnanın dayısı Boris Vasilyeviç Karagiçev bəstəkar, müəllim, musiqişünas idi və Azərbaycan Dövlət konservatoriyasının ilk professorlarından olmuşdur. Onun, qardaşı qızının musiqi təhsilində, ümumi taleyində şübhəsiz ki, müsbət təsiri olmuşdur. Karagiçeva əvvəl tibb universitetində oxumuş, lakin bu sahədə uğurlarına baxmayaraq, fikrini qəti dəyişərək institutun üçüncü kursundan çıxaraq musiqi texnikumuna daxil olur, sonra konservatoriyada bilikli müəllimlərdə savadını davam etdirir.

L.V. Karagiçeva Moskvada 2015-ci ildə vəfat edir.