"Musiqi dünyası" № 4 (81) 2019

Article №9; 8231 - 8233 pр.
Aybəniz Növrəsli. HONORİS CAUSA. Elmi rəhbərim. Esse
Text PDF

İnsanın mənən formalaşması, onun ətrafda yaşanan abu –havanı özünə hopdurması və cahan mövcudiyyətlərinə qarışması üçün həyati vacib əhəmiyyətli şəxslərə daim böyük ehtiyacı olur. Əgər onlardan biri sənin müəllimin, gələcəyinə işıq saçmağı özünə vacib hesab edən şəxsiyyətdirsə, onda sən xoşbəxt və elmin ağuşuna cəsarətlə atılmaqdan qorxmayan biri kimi yetişmək iqtidarında olacaqsan.

Bu gün haqqında ürək dolusu danışmaqdan çəkinmədiyim, varlığı ətrafında olan, onu sevən insanlar, tələbələri üçün vacibiyyətə çevrilən, daim dəyərli məsləhətlərinə və göstərdiyi yola böyük ehtiyac duyduğum şəxsiyyət barədə danışmaq mənim üçün həm sevincli, həm qürurlu, həm də fəxrlidir. O, bütün növ tərif, təmtəraq və pafosdan uzaq olan, sadə, eyni zamanda müxtəlif yaş mərhələlərinin kolliziyalarını özündə qeyri – ixtiyarən cəmləyən, insani keyfiyyətləri ilə hər kəsə nümunə ola bilən, lakin öz fikrini məcburən heç kəsə yeritməyi sevməyən, gənclik dövründən bu günədək elmi yenilikləri ilə musiqişünaslığın daim diqqət mərkəzində təmərküzləşən alim – Ülviyyə xanım İmanovadır.

Əvəzsiz elmi rəhbərim haqqında fikir bölüşmək üçün düşünməyə, hansısa fikirləri “axtarıb tapmağa” ehtiyac duymuram. Çünki onun barəsində mümkün bütün xoş fikirlər münasib və dayanmadan söylənəbiləcəklərdir. Lakin bir məqam vardır. Bu da onun müsbət fikirlər çoxluğuna münasibətinin birmənalı olmaması və seçiciliyidir. O səbəbdəndir ki, yazılmış hər bir kəlməyə onun baxışı ilə nəzər yetirərək münasibətimi daha təmkinli yanaşma bucağından təqdim etməyə çalışıram.

Dünya, eləcə də, Azərbaycan musiqi tarixi və nəzəriyyəsinin dərin bilicisi olan Ülviyyə xanım ilə tanışlıq çoxlarımızın tələbəlik dövrünün ən vacib “tapıntısı”dır. Təhsil dövrünün ilk mərhələsində qarşıya çıxan “Xarici musiqi tarixi” səddi məhz onun köməkliyi, auditoriyada yaratdığı abu –hava, ən əsası hər bir musiqi dövrünü anlaşılan və əlçatan edən maraqlı mühazirələr sayəsində hamarlanmışdır. Etiraf etməliyəm ki, pedaqoji təcrübəyə başladığım ilk günlərdən etibarən dəfələrlə həmin mühazirələri yenidən dinləmək, Ülviyyə xanımın yaratdığı abu –havaya təkrarən düşmək sevdasında olmuşam. Elə bu səbəbdəndir ki, özüm onun tələbəsi olsam belə, həmin yolu yenicə keçməyə başlayan tələbələrə daim paxıllıq hissi ilə yanaşıram.

Düşünürəm... iki onillik müddətində bir insanla ünsiyyət, onunla professor –tələbə ünsiyyəti zamanı verilən məsləhətlər, göstərilən yollar, müzakirə edilən elmi, yada salınan tarixi hadisələrin təkrarsızlığı necə mümkündür?! Mütləqdir ki, bunun üçün həmin şəxsiyyətin ailə, daha sonra cəmiyyət və formalaşdığı mühitlə yanaşı, özünüinkişaf bacarığı çox önəmlidir. Təsadüfi deyildir ki, hazırkı dövrümüzdə də məhz, o, özü çoxlarımızın həyatında formalaşma, dəstək və yaradıcı fiqura çevrilmişdir. Bu məqam Respublika rəhbərliyinin də nəzərindən qaçmamış və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasınınn rəhbəri, professoru Ülviyyə xanım İmanova Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 dekabr tarixli, 1904 nömrəli sərəncam ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Heç zaman üzündən əskik olmayan doğma və mülayim təbəssüm, daim ətrafa istilik saçan yardımçı münasibət onu həm həmkarları, həm də tələbələri arasında sevilən, dəyərli və əvəzsiz birinə çevirmişdir. Dəfələrlə ruh düşkünlüyünə qapılmışları ümidləndirən, daxili və həqiqi yaradıcı potensial duyduğu gəncləri özünə inandırıb irəli addımlamağa vadar edən bu səmimi insan daim ondan kömək diləmək məqsədi ilə uzanan əlləri qucaq dolusu yola salmaqdadır.

Ülviyyə xanım Azərbaycan musiqisinin intibahı dövründə (XX əsrin 60 -70-ci illəri) sənətdə irəliləməyə başlamış və musiqişünaslığımızın parlaq simasına çevrilmişdir. Onun həyata gəldiyi il milli bəstəkarlıq məktəbinin yaradıcısı, görkəmli sima –Üzeyir Hacıbəylinin yaşam fəaliyyətinin son dövrünə, müasirlik tendensiyaları və yenilikçi münasibəti ilə musiqimizi fərqli dünyaya kökləyən əvəzsiz sima Qara Qarayevin isə yaradıcılığının formalaşdığı dövrə təsadüf edirdi.

O zaman bir tərəfdən artıq yetkin hesab edilən, digər tərəfdən formalaşmaqda olan musiqiçi nəsillərinin dairəsində öz sözünü demək heç də hər kəsə nəsib olmamışdı. Lakin Ülviyyə xanım İmanovanın müraciət etdiyi dissertasiya işinin mövzusu - “XX əsrin klassisizmi və Qara Qarayevin musiqisi” onun barəsində izah məqsədilə insanı heç bir kəlmə belə işlətməyə vadar etmir. Elmi rəhbəri sənətşünaslıq namizədi, dosent İzabella Abezqauz olmaqla Daşkənddə müdafiə edilən bu elmi əsər nəinki yazıldığı dövrdə həddən ziyadə yenilikçi olmuş, hətta müasir zamanda da aktual hesab edilən mövzudan bəhs edir.

Musiqişünaslığımızda açılan bu yeni tədqiqat qolu sonradan böyük bir şəcərənin formalaşmasına təkan vermişdir. Görkəmli bəstəkar Q.Qarayev Azərbaycan bəstəkarlıq məktəbində müasirlik cərəyanının yaradıcısı idisə, dəyərli musiqişünas Ü.İmanova da məhz Q.Qarayev musiqisinə XX əsr ampluasından yanaşan ilk tədqiqatçı olmuşdur. Təsadüfi deyildir ki, o, hazırkı dövrdə də toxunulmamış mövzuların araşdırılmasında maraqlı olan bir alimdir. Bu səbəbdəndir ki, onun elmi rəhbərliyi altında tədqiq olunaraq müdafiə edilən işlərin hər birində bu yenilikçiliyi aşkar izləmək mümkündür. Beləliklə, vurğulamaq lazımdır ki, məhz professor Ülviyyə xanım İmanovanın sayəsində Azərbaycan musiqişünaslıq məktəbi öz tədqiqat imkanlarını genişləndirir və yüksək mərhələyə doğru daim irəliləməkdə davam edir.

Dəyərli və doğma insan Ülviyyə xanımın yubileyi ərəfəsində şəxsiyyətinə xitabən sözlərə köçürülmüş, ona ünvanlı olan münasibətimin çox cüzi hissəsi açılmış oldu. Arzu edirəm ki, elmi rəhbərim çoxsaylı yeni musiqişünas nəsillərinin formalaşması üçün sütun olmaqda davam edərək öz yaradıcılıq zirvəsindən ona olan münasibət və aşkar sevgimizi daim fəxrlə izləsin.