"Musiqi dünyası" № 3 (80) 2019

Article №2; 8138 - 8140 pр.
Tariyel MƏMMƏDOV. “Musiqi Dünyası” - 20
Text PDF

Əziz oxucular! Azərbaycanda ilk ixtisaslaşmış jurnal olan “Musiqi Dünyası” («Мир музыки», “The world of music”) jurnalının 20 illiyi (1999-2019) münasibətilə çap olunmuş “Biblioqrafiya” sizin diqqətinizə təqdim edilir.

Bu, ölkəmizdə ilk professional, elmi-pedaqoji, mədəni-maarifçilik, musiqişünaslıq, tənqidi-publisistik, beynəlxalq jurnal olub, azərbaycan (respublikada ilk dəfə latın qrafikası ilə), rus, ingilis dillərində nəşr olunaraq, 1999-cu il sentyabrın 18-də - Azərbaycanda milli bəstəkarlıq məktəbinin banisi, dahi Üzeyir Hacıbəylinin və onun məsləkdaşı – bəstəkar, maarifçi, dirijor və musiqi tənqidçisi Müslüm Maqomayevin anadan olduğu gündə işıq üzü görmüşdür.

Azərbaycan Bəstəkarlar İttifaqı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən təsis edilmiş “Musiqi Dünyası” jurnalının proqramlı devizi kimi “Azərbaycan musiqisi III minilliyə” tezis irəli sürülmüşdür, onun məqsəd və məramı isə klassik musiqi-analitik, publisistik jurnalların («Советская музыка», «Музыкальная академия», «Мир музыки», «Музыкальная жизнь» və s.) ənənələri üzərində qurularaq, ənənəvi mədəniyyətin, bəstəkarlıq məktəbinin, şifahi ənənəli professional musiqinin milli koloriti, etnoantropoloji mühit, tarix, dil, ədəbiyyat və s. cəhətlərin adekvat qavranılması nəzərə alınmışdır. Qlobal dünya quruluşunun dinamikləşdirilməsi və aktivləşdirilməsi üzrə aktual konsersiya irəli sürülmüş, kreativ məqsəd və vəzifələr işlənilmişdir ki, bunların da sırasında ölkənin musiqi cəmiyyətinin formalaşmasına və konsolida-siyasına yönəlmiş mədəni-maarifçi lahihələr mühüm yer tutmuşdur.

Əziz və sevimli jurnalımız haqqında danışarkən, yersiz pafosu kənara qoyaraq, faktlara və rəqəmlərə üstünlük vermək istərdim. “Musiqi Dünyası” illüstrasiyalı və resenziyalı jurnal olub, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi dərəcə iddiaçıları üçün tövsiyə olunan nəşrlər siyahısına daxildir. Jurnal ildə dörd dəfə 10 şərti çap vərəqi həcmində nəşr olunur, 2008-ci ildən “РИНЦ” (Российский индекс научного цитирования – Rusiya elmi sitatlar indeksi) sisteminə daxildir.

Fəaliyyət göstərdiyi 20 il ərzində jurnalın 79 nömrəsində 2500-dən artıq məqalə 3000 tirajla nəşr olunmuşdur (bax: Biblioqrafiya, səh. 13).

Göstərilən müddətdə Azərbaycan, Rusiya, Ukrayna, Belorus, Böyük Britaniya, ABŞ, Özbəkistan, Qazaxıstan, Fransa, Almaniya və digər ölkələrdən minə yaxın müəllifin məqalələri çap olunmuşdur. Jurnaldakı məqalələr aşağıdakı əsas istiqamətlər üzrə qruplaşdırılır: “Etnomusiqişünaslıq”, “Bəstəkarlar İttifaqı”, “Musiqişünaslıq”, “Musiqi nəzəriyyəsi”, “Musiqi təhsili”, “Musiqişünaslığın aktual problemləri”, “Portretlər”, “Kulturologiya” (daha ətraflı bax: Biblioqrafiya, səh. 190).

Jurnala didaktik (tədris-maarifləndirici) material – CD disklər şəklində 150-dən artıq tematik nəşrdən ibarət audio-kontent əlavə olunur ki, bu da həm dünya klassikasını, həm də milli musiqi yaradıcılığını (sabit janr əsaslı nümunələri, şifahi-eşitmə irsini, bəstəkar və folklor əsərlərini və s.) əhatə edir (daha ətraflı bax: Biblioqrafiya, səh. 243).

Bundan əlavə, “Musiqi Dünyası” jurnalının redaksiyası, burada çalışan mütəxəssislər peşəkar səviyyədə multimediya saytlarının yaradıcısı və təbliğatçısı kimi çıxış edir ki, bunlar da janr baxımından differensasiyalı elektron məhsulların geniş spektrini – memorial, korporativ saytları, elektron kitabxanaları, elektron kitabları, virtual muzeyləri və s. əhatə edir. Bu şəkildə videoqrafik, İnternet şəbəkəsində fərdi qeyd olunmuş, zəkalı, intellektual, mədəni-maarifləndirici,elmi-inteqrasiyalı informasiya daşıyıcılarının sayı 41-ni ötür (daha ətraflı bax: Biblioqrafiya, səh. 241).

Jurnal çap və elektron nəşrlərdə beynəlxalq seriya nömrəsi ISSN-ə malikdir.

Jurnalın elmi siyasəti və bilavasitə təşkilati fəaliyyətinə Redaksiya şurası və Redaksiya kollegiyası rəhbərlik edir. Redaksiya şurasının tərkibində Azərbaycanın və Rusiyanın humanitar elmlər üzrə görkəmli alimləri və musiqi xadimləri çalışmış və indi də çalışırlar: Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Fərəh Əliyeva, Zemfira Səfərova, Nərminə Quliyeva, Nigar Axundova, Anna Əmrahova (Rusiya), Gülnaz Abdullazadə, Fərahim Sadıqov, Aleksandr Sokolov (Rusiya), Violetta Yunusova (Rusiya), Vasif Adıgözəlov , Oqtay Abasquliyev , Ramiz Zöhrabov , Əhməd İsazadə , Azad Ozan Kərimli .

Redaksiya kollegiyası çap olunan materialların məzmununa mühüm əhəmiyyət verərək, müasir humanitar elmin, musiqi təhsili və təcrübəsinin daha aktual problemlərinə həsr olunmuş konseptual və kontent səviyyəli məqalələri işıqlandırmağa çalışır. “Musiqi Dünyası”nın müəllifləri sırasında dünya şöhrətli alimlər, etnomusiqişünaslıq, müqayisəli-tipoloji etnologiya, rəqəmsal texno-logiyalar sahəsində aparıcı mütəxəssislər, eləcə də elmi axtarışlar üzrə ilk addım-larını atan gənc tədqiqatçılar (aspirantlar, magistrlər) yer almışdır. “Musiqi Dünyası” kimi spesifik bir jurnalda nəşr olunan məqalələrin seçimi üçün əsas meyar onların yüksək elmi səviyyəsi, müəllifin geniş dünyagörüşü, təqdim olunmuş konsepsiyalı materialın autentikliyi, yekun nəticənin musiqişünaslıq, vizual-antropoloji folklorşünaslıq, humanitar metodoloji paradiqmalar nəzəriyyəsinin müasir elmi inkişaf səviyyəsinə uyğun əsaslandırılmasından ibarətdir.

Ümumi Biblioqrafiyaya 1999-cu ildən 2019-cu ilə kimi “Musiqi Dünyası” jurnalının səhifələrində çap olunmuş məqalələr daxildir.

Yubiley dövrü tezliklə bitəcək, işlər öz axarına qayıdacaq, biz də sizinlə birlikdə “Musiqi Dünyası”nın 20 illik yubileyini elmi konfrans ilə qeyd edərək, yenidən gündəlik iş qayğılarına və növbəti dəfə tələbkar oxucunu sevindirmək üçün yeni maraqlı elmi-əsaslandırmalı nəşrlərin axtarışına dönəcəyik.