"Musiqi dünyası" № 2 (79) 2019

Article №8; 8123 - 8128 pр.
Emin ƏLƏKBƏROV. XX əsr Azərbaycan memarlıq abidələrində monumental bədii keramika nümunələri
Text PDF

Azərbaycan təsviri sənətinin tərkib hissəsi olan monumental-dekorativ sənəti çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malikdir. Monumental sənətin ilk cücərtilərinin ibtidai cəmiyyətlə bağlı olması onun incəsənətin yer üzündə ən qədim növlərindən olduğunu söyləməyə imkan verir. Monumental-dekorativ sənətin estetik mahiyyətinin nədən ibarət olduğunu birmənalı söyləmək çətindir. Bununla belə monumental sənət özünün tərəddüd doğuran nailiyyətləri ilə fəxr edirdisə də, dövrün bir çox mədəniyyət sahələrində elmi-texniki inqilabın nailiyyətlərinə ictimaiyyətin şüurlu reaksiyası və müasir bədii yaradıcılığın ən dərin qatlarına yiyələnmə sahəsində əsaslı dəyişiklər baş verirdi.

Sosial fəaliyyətinin təkamülü baxımından monumental incəsənəti nəzərdən keçirmək müxtəlif inkişaf mərhələlərində olan cəmiyyətlərin mədəniyyətində onun yeri və əhəmiyyəti barədə maraqlı müşahidələr aparmağa və nəticələr çıxarmağa imkan verir. Məlumdur ki, monumental incəsənətin kökləri bəşər mədəniyyətinin ən qədim sinkretik mərhələlərinə, hələ siniflərqabağı eranın ən erkən insan yaradıcılığına gedib çıxır. Qobustanın və Əldəmirin qaya rəsmləri, Qafqaz və Sibirin qədim daş abidələri və bir çox digər sinkretik maddi və mənəvi fəaliyyət hadisələri insanın həyatında ətraf mühitin mənimsəməsi üçün alət kimi vacib olmuşdur. Onlar bəşər sivilizasiyasının ən qədim monumental abidələridir.

Lakin Azərbaycanın ərazisinin Sovet ittifaqının tərkibində olması, həyat həqiqətlərinin diktə etdiyi yeni vəziyyətlər və yaranmış siyasi və ideoloji istiqamət müasir Azərbaycan monumentalist rəssamlarının qədim ənənələrlə müasir nailiyyətlərin ümumi sintezini axtarmağa məcbur etdi. Bu yaradıcılıq axtarışları tezliklə mürəkkəb bədii problemlərin həllində uğurlu üslubların tapınmasına səbəb oldu.

Bir qayda olaraq özündə əhəmiyyətli ideyanı və məzmunu ümumiləşdirilmiş və möhtəşəm bədii formalarla gerçəkləşdirilən plastik sənə növü nümunələri monumental əsər kimi qəbul olunur. Bu cür sintezi əldə etməklə xatirə abidələrini, tikililəri bəzəyən heykəltəraşlıq, rəngkarlıq və mozaik əsərləri, vitrajları, şəhərin meydanlarını bəzəyən heykəlləri və fəvvarələri yaddaqalan monumental sənət əsərinə çevirmək mümkündür. Qədim insanların yaradıcılığında ifadəsini tapan monumental sənət öz inkişafını bu günümüzə kimi davam etdirməkdədir. Monumental-dekorativ sənətin əsas növlərindən sayılan mozaika özündə əsasən eyni və yaxud da müxtəlif materiallardan yaradılan süjetli təsviri və ornamental kompozisiyanı ifadə edir. Onun gerçəkləşməsində daş və smaltadan (rəngbərəng şüşə daşlar), eləcə də keramik lövhələrdən istifadə olunur. Azərbaycanda mozaika sənətinin inkişafını əsasən XX əsrdən başlayaraq müşahidə etmək mümkündür. O.Şixəliyev, H.Rəcəbov, A.Ağamalov, M.Qafarov, T.Ağababayev, M.Abdullayev, R.Xələfov, E.Əhmədov, S.Mirzəzadə, S.Məmmədov bu sahədə uğurlu sənət əsərləri yaratmışdır. [2, s. 56].

1980-ci illərin sonundan başlayaraq keramika ən çox sevilən materiala çevrilir və demək olar ki, bəzi istisnalarda bütövlükdə metalı aradan çıxarır. İctimai binaların, metro stansiyalarının interyer və eksteryerlərində dekorativ keramika kompozisiyalarında bol istifadə olunurdu. Bunlara misal olaraq, “Yaşıl teatrda”, Kondisionerlər zavodunun fasadında, Uşaq stomatoloji klinikasının və 28 may metro stansiyasının interyerində, Şamaxı şəhərinin girəcəyində şamotdan “Şamaxının inkişafının tarixi” adlı keramik panno (müəllif Nicat Qocamanlı, 1979-cu il), Dəniz kənarı bulvarda Kukla teatrının tərtibatını (müəllif Rasim Rzayev 1986) göstərmək mümkündür. Sintez məsələsi, rəng, bədii estetik məsələlərin həlli həmişə uğurlu olmasa da, şəhərin tərtibatında monumentalist keramika rəssamlarının bir sıra uğurlarından danışa bilərik.

Bəhs olunan dövrdə sənəntkarların qarşısında daha bir əhəmiyyətli məsələ - Azərbaycan şəhərlərinin müasir tikililərinə milli özünəməxsusluq vermək problemi dururdu. Bu mənada ən uğurlu işlərindən biri Gənc Tamaşaçılar Teatrının keramikadan üz çəkilmiş fasadıdır. Müəlliflər S.Mirzəzadə və R.Seyfullayev peşəkar keramikaçı olmasalar da, (onlardan biri boyakar, digəri memardır) qarşılarında duran məsələni ustalıqla həll etmişlər.

Binalara keramik tava daşlarından üz çəkmək ənənəsi müsəlman Azərbaycanında çox sabit idi. S.Mirzəzadə və R.Seyfullayev kompozisiyaya bacarıqlı qadın ağlının yaratdığı əl işi quramaya bənzər şəkil verərək, bu ənənəni yeni istiqamətdə inkişaf etdirirlər. Quramanın xalq içərisində meydana çıxmış parça texnikası müasir rəssamların interpredisiyasında monumental formalarda yenidən doğulur. Lakin müxtəlif rənglərlə şirələnmiş tava daşlarından düzəldilmiş mozaik kompozisiyada bir fiqurlu motivlərədə rast gəlirik. Bu əsasən at, xoruz, pişik, dovşan kimi heyvanların təsviridir. Onların üslublaştırılmış təsviri sanki evdə toxunulmuş Azərbaycan xalçalarından götürülmüşdür. İslam mədəniyyətinin rəmzlərindən biri olmuş əl təsvirinin kompozisiyaya daxil edilməsi sanki yaradıcılıq qüvvəsinə işarədir. [1, s. 6].

Bağ-park heykəllərinin nümunələri olan “Göyərçinlər” kompozisiyası (“Gənclik” istirahət mərkəzində, müəllif Zahid Hüseynov 1989-ci il) və “Külək, dəniz, qayalar” kompozisiyası (DİN-nin istirahət evi, müəllif Darvin Vəlibəyov və Lev Seqal, 1982-ci il) şamotdandır. Hər iki iş bizə sahənin uğurlu estetik təşkilini nümayiş etdirir. Quşların uçuşu təəssüratını yaratmaq məqsədilə kompozisiyaya daxil edilmiş müxtəlif iri, ağır altılıqların üzərindəki göyərçinlərin ağırlığı memarlıq tikililərindən müəyyən uzaqlıqda açıq, hava ilə dolu fəzada praktiki olaraq yoxa çıxır. İkinci kompozisiya əksinə memarlıqla dekorativ plastikanın birliyinə əsaslanır.

Plastik ifadəliyin maraqlı axtarışları Əli İbadullayevin “Toy” adlı (1984-cü il, şamot) kompozisiyasında cəmləşmişdir. Toy mərasimini təşkil edən azərbaycanlı qadınların kiçik heykəlləri yeni orijinal formanın əmələ gəlməsi, abstrakt-dekorativ və təsviri elementlərin birliyinin sanki bir sübutudur.

Rəssam Eldar Əhmədovun yaradıcılıq dövrü 1950-ci illər monumentalistlərin bədii cəhətdən zəif olan işlərinin köhnəliyi ilə sovet, monumental sənətinin həqiqi simasını müəyyən etdiyi bir dövrə təsadüf etmişdir. 1970-ci ildə Eldar Əhmədovun işlərində milli yaradıcılıq ənənələri və monumental-dekorativ sənətin yeni yaradıcılıq məsələlərinin sintezinə dəqiq riayət edildiyi açıq aydın sezilir. Bu onun S.Məmmədovla birgə Köhnə İnturist mehmanxanasının qarşısında “Xoş gəlmisiniz” (1969-ci ildə) adlı keramik pannosunda aydın duyulur. 1970-ci illərin əvvəllərində yaradılmış qələbənin 30 illiyi münasibətilə Lənkəranda hazırlanmış “Yaşa, yaşa doğma Azərbaycan” adlı monumental dekorativ pannoda da bəs edilən axtarışları müşahidə etmək mümkündür.

Rəssam bu əsərdə milli rəmzi ənənəvi oyma və rəsm texnikaını yeni dövrün sənətkarlıq tələbləri ilə vəhdətdə götürür. Triptix çınqıl səpilmiş meydanda uzaqdan seyr edilir. Mərkəzi hissədə şaquli formada Ana Vətənin fiquru yüksəlir. O itirilmiş oğulların hüsnü ilə, qəm guşəsi ilə möhtəşəmdir. Böyük dalğaları xatırladan libasın və şalın iri bükümləri yumşaq görünür və onun bədən qurluşunu təsvir edir. Triptixin sol tərəfində kompozisiyanın bütün personajlarının mərkəzə doğru sürətli hərəkəti hiss olunur. Döyüşçülər qrupu fədakarlıqla qumbaraları alırlar, kompozisiyanı sol tərəfdən tamamlayan əsgərlərdən biri, mərkəzə doğru atılan döyüşçülər şaquli istiqamətdədirlər. [1, s. 3].

Bədii tərziylə təsviri sənətimizdə təkrarolunmaz bir mövqeyə sahib olan Tofiq Ağababayevin özünəməxsusluğu ilə fərqlənən və 1960-ci illərdə yaratdığı keramik pannoları böyük şöhrət qazanmışdır. Belə pannolardan biri “Azərbaycan lirikası”dır (1961-ci il). Bu əsərin süjeti yığcamdır və rəssam burada əllərini irəli uzadaraq yerdə oturmuş vəziyyətdə qız təsvir etmişdir. Qarşıya uzanmış əllər marala yem verir. Müxtəsər kompozisiyaya malik olan bu əsər surətlərinin ifadəliyi ilə diqqət cəlb edir. Əlbəttə ki, kompozisiyanın adı rəmzidir, yəni rəssam burada Azərbaycan lirikasını zərif qız və maral surətlərində təmsil edir.

Öz surətinin plastikliyi ilə diqqəti özünə cəlb edən T.Ağababayevin digər keramik pannosu “Qız qalası haqqında əfsanə” (1962-ci il) adlanır. Əsərin mərkəzini qız surəti tutur. Qızın ümumiləşdirilmiş və üslublaşdırılmış surəti olduqca plastik verilmişdir. O üzünü aşağı salaraq, əllərini çarpazlaşdırmış və ayaqlarını altına yığmışdır. Dağınıq saçları obraza xüsusi ifadəlik verir. Rəssam qızın simasının təsvirində xüsusi dayanmamışdır. Onu gizlətmişdir, sanki o burada əsas deyil. Qaranlıq fon sanki sayrışaraq pannonun bir növ lirik, sirli xüsusiyyət aşılayır.

“Qız və ahu” pannosu (1965) lirikası ilə fərqlənir. Əsərin süjetində heç bir artıq element yoxdur. Sol küncdə əyləşmiş qız ud çalır, yanında uzanmış maral, onların arxasında sanki sıraya düzülmüş söyüd ağacının asılı budaqları arxa planı təşkil edir. Bu budaqlar fəza təsəvvürü yaradır. Müəllif qız bədəninin plastikliyini olduqca dəqiq və incə təsvir etmişdir. Maral surəti xəfisliklə verilib. Sağ küncdə çəkilmiş qara ağac təzad təsəvvürü yaradır. Pannonun ümumi rəng ahəngi sükunətlidir, sanki çalınan musiqi eşidilir. Qızın faciəli sevgisindən bəhs edən musiqini, maral diqqətlə və gözlərində ifadə olunan təəssüflə dinləyir. [2, s. 24].

“Azərbaycan” keramik pannosu (1970) kompozisiyanın əzəmətliyi ilə fərqlənir. Üslublaşdırılmış qadın-ana surəti və beşikdə oturan uşaq beşiyin mərkəzini tutur. Rəssam bu əsərə Azərbaycan adını təsadüfi verməyib, Azərbaycan vətəndir, deməli, ana surətində o, bu əqidəsini təsbit edir. Rəssam Tofiq Ağababayev vətənlə ananı eyniləşdirir, vətənə məhəbbətini isə ananın öz uşağına məhəbbəti ilə müqayisə edir. Pannonun kompozisiyası müxtəsər və bütövdür.

Keramik pannolardan savayı, T.Ağababayev müxtəlif süjetli gözəl keramik lövhələrin müəllifidir. Onlar ölçülərinə görə böyük deyil və çox gözəldir. Bunun nümunəsi kimi çox böyük olmayan, kvadrat formal “Mənzərə” (1969) keramik lövhəsini gösdərmək olar. Lövhənin kiçik ölçüsünə baxmayaraq, müəllif süjeti çox gözəl qurmuşdur. Təbiətin bir guşəsində o, buludlu səmanı, üfüqi ağacları, kiçik gölü, qəhvəyi torpağı öz təbii rənglərində gözəl təsvir etmişdir. Ən adi materialdan incəsənət əsəri yaratmağa can atan bu fövqəlada insanın ustalığı özünü biruzə verir.

Düşündüyünü açıqlamaq üçün T.Ağababayev öz yaradıcılığında mina və müxtəlif üsulları işə salır. Təcrübə aparır və istədiyinə nail olur, nümunə kimi “Azərbaycan lirikası” və “Azərbaycan” pannolarını göstərmək olar.

Sənətşünas Ziyadxan Əliyev monumental sənət haqqında qeyd edir ki, “Monumental sənəti səciyyələndirən obrazlı həll, yaddaqalan, təsirli təsvir və kompozisiya vasitələri onun yadda qalan məkan-mühit yaratma funksiyası ilə daima dialektik əlaqədədir. Bu xüsusiyyətlərin bəzi cəhətlərinə Azərbaycan monumental sənətinin inkişafında rastlaşırıq. Bunlar həm əhatəli, həm də kiçik bir interyerin özünəməxsus görkəm vermək gücü ilə ifadə olunur”. [1, s. 3].

Monumentallıq keyfiyyətinə malik olan əsərlər üçün qəhrəmanlıq pafosu, yüksək obrazlılıq, həqiqətin fəlsəfi-epik dərki, ictimai əhəmiyyətli məzmun, fikrin miqyaslılığı, mülki pafos və s. bu kimi məfhumlar xarakterikdir.

Nədənsə sovet dövründən başlamış bu günkü günə qədər bizim tikililərdə bədii-tərtibat və rəssamlıq işi ancaq ictimai-inzibati binalarda tətbiq edilir. Yaşayış binalarında isə bunlardan əsər-əlamət belə yoxdur. Axı hamıya bəllidir ki, memarlıq incəsənətin ən qədim növlərindəndir. Onun xalqın estetik tərbiyəsində, zövqlərin təkmilləşməsində, gözəllik duyğusunun aşılanmasında əvəzsiz imkanları vardır. Yaşayış binaları isə insanların daimi məskənidir. Əgər biz məişətimizə gözəllik gətirmək istəyiriksə, bu cəhəti də nəzərə almalıyıq.

Ədəbiyyat siyahısı

1. Əliyev Z. Azərbaycan Monumental sənətinin birinci respublika sərgisi. Bakı 1989.

2. Mirzəzadə S. Monumental boyakarlıq. B., 2003.

3. Hacıyev P. Günəşli freska. Bakı 1976. 7 Aprel. Səh, 2

4. Tərlanov M. Oqtay Şıxəliyev. 1988.