"Musiqi dünyası" № 1 (78) 2019

Article №4; 8063 - 8066 pр.
Cəmilə HƏSƏNOVA. Professor Tariyel Məmmədovun gördüyü işlərin miqyasini dərk etmək üçün “Musiqi Dünyasi” ünvanli saytlara daxil olmaq kifayətdir
Text PDF

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan alim və pedaqoqdur. O, Azərbaycan ənənəvi musiqisinin mühüm bir qolu olan aşıq yaradıcılığının tədqiqatçısı və “Musiqi dünyası” beynəlxalq elmi musiqi jurnalının naşiri və baş redaktoru kimi Azərbaycanın hüdudlarından kənarda da tanınmışdır.

Onun yaradıcılıq fəaliyyəti Azərbaycan musiqi mədəniyyətinin son dövrdə ən aktual sahələrini – bir tərəfdən, ənənəvi musiqini, digər tərəfdən, müasir texnologiyaları əhatə edir. İlk baxışda bir-birindən uzaq olan bu iki məfhumu musiqişünas alim bir müstəvidə birləşdirməyə nail olmuşdur. Uzun illər çalışdığı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar kafedrasının müdiri kimi bunu öz fəaliyyətində təsdiq edərək musiqi təhsilində yeni bir istiqamət formalaşdırmağa nail olmuşdur.

Onun aşıqşünaslıq sahəsini zənginləşdirən tədqiqatları musiqi ictimaiyyətinə 1980-ci illərdən təqdim olunmuş və T.Məmmədov bu sahənin mütəxəssisi kimi nüfuz qazanmışdır. Onun “Koroğlunun mahnıları” (rus dilində, 1978), “Azərbaycan aşıqlarının ənənəvi havaları” (rus dilində, 1989), “Aşıq sənəti” (2002), “Azərbaycan klassik aşıq havaları” (2009), “Koroğlu aşıq havaları” (2010), “Azərbaycan aşıq yaradıcılığı” (2011) kitabları Azərbaycan musiqi elmində aşıqşünaslıq sahəsində sanballı tədqiqatlardır. Bu sahədə yazılmış ilk dərslik də T.Məmmədova məxsusdur.

Burada bir cəhəti vurğulayaq ki, T.Məmmədovun tədqiqatları aşıq havalarının not yazıları üzərində qurulmuşdur. O, 80 aşıq havasının mükəmməl not yazısını ilk dəfə elmi ictimaiyyətə təqdim edərək onların üzərində araşdırma aparmışdır. Ərsəyə gətirdiyi nəşrlərdə havaların sayı, mövzu və coğrafi məkan baxımından əhatə dairəsi artmışdır: klassik aşıq havaları, Koroğlu havalarının müxtəlif xalqlara aid versiyaları nota salınaraq tədqiqat obyektinə çevrilmişdir. Həmin not yazılarının elmi-təcrübi dəyərini diqqətə çatdırmaq üçün elə onu qeyd etmək kifayətdir ki, bu zəngin material təkcə T.Məmmədovun öz tədqiqatlarının deyil, həmçinin bu sahədə tədqiqat aparan alimlərin, doktorantların və ali məktəb tələbələrinin elmi işlərinin əsasını təşkil etmişdir.

Məlum həqiqətdir ki, etnomusiqişünaslıq sahəsində tədqiqatlar məhz ənənəvi musiqi nümunələrinin yazıya alınmasından başlanır, bu baxımdan canlı ifadan səsyazma vasitələrinə və not vərəqinə həkk olunan musiqi nümunələri – xalq mahnı və rəqsləri, aşıq havaları, muğamlar və s. xalqın irs və sənət yaddaşının yaşamasına və nəsildən-nəslə ötürülməsinə xidmət edir.

T.Məmmədov elmi yaradıcılığında bu cəhətə xüsusi diqqət yetirmişdir. Onun kitablarına aşıq havalarının not yazıları ilə yanaşı, həmin nümunələrin ayrı-ayrı görkəmli aşıqların ifasında səs yazılarının da CD-diskdə əlavə olunmasını uğurlu yenilik kimi dəyərləndirmək olar.

Səsyazmaya maraq ümumiyyətlə, alimin fəaliyyətində xüsusi yer tutur. Onun Azərbaycanın görkəmli xanəndələrinin səsyazılarını toplayaraq, qrammofon vallarında nəşr etdirməsi artıq 1970-ci illərdən başlamışdır. Daha sonra isə səsyazma vasitələri təkmilləşdikcə, T.Məmmədov XX əsrin əvvəllərindən başlayaraq buraxılan Azərbaycan xanəndələrinin qrammofon vallarının bərpa olunması və yenidən disklərə yazılması istiqamətində fəaliyyətini genişləndirmişdir. Məhz bu bərpa olunmuş qiymətli səsyazma materialı Heydər Əliyev Fondu tərəfindən yaradılan “Qarabağ xanəndələri” CD-albomunun, “Muğam ensiklopediyası” nəşrinin əsasını təşkil etmişdir. Bu nəşrlər Azərbaycanın görkəmli xanəndələrinin və xalq çalğı alətləri ansambllarının ifasında muğam dəsgahlarının, zərbi-muğamların, təsnif və rənglərin səsyazılarını özündə cəmləşdirərək, böyük bir musiqi irsinin qoruyucusuna çevrilmişdir.

Tariyel Məmmədovun yaradıcılıq fəaliyyəti yeniliklərlə zəngindir. 1999-cu ildə onun rəhbərliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə ərsəyə gəlmiş “Musiqi dünyası” həmin dövrdə Azərbaycan dilində ilk və yeganə musiqi jurnalı idi və respublikada ana dilində elmi ədəbiyyatın genişlənməsinə xidmət etmişdir. Tədricən bir çox ölkələrin alimlərinin diqqətini cəlb etmiş jurnal hazırda öncül mövqeyini saxlayaraq, musiqişünas və bəstəkarların tribunasına çevrilmişdir. 20 illik yubileyini qeyd etməyə hazırlaşan jurnal həm çap və elektron variantda fəaliyyət göstərir, həm də elektron nəşrlər mərkəzi kimi Azərbaycan mədəniyyətinin müxtəlif sahələri – musiqi, teatr, ədəbiyyat, rəssamlıq və s. ilə bağlı çoxsaylı internet saytlarının yaradılmasını həyata keçirir.

“Musiqi dünyası” jurnalının və elektron nəşrlər mərkəzinin rəhbəri kimi T.Məmmədovun fəaliyyətində sanki zamanı qabaqlamaq tendensiyası vardır. Professional musiqi sahəsində ilk dəfə kompüter texnologiyalarının tətbiqi ilə məhz “Musiqi dünyası” məşğul olmağa başlamışdır və həyata keçirilən layihələrlə, yaradılan veb-saytlarla, ərsəyə gətirilən elektron məhsullarla həmişə öndə olmağa çalışır və buna nail olur. “Musiqi dünyası” T.Məmmədovun bütün elmi fikirlərini və təxəyyülünü reallaşdırdığı məkana çevrilmişdir. Təkcə virtual məkanda təqdim olunan saytların janrına, məzmununa, tərkibinə nəzər salmaq bunu sübut edir. Bu elektron resurslarda ənənəvi musiqi, bəstəkar yaradıcılığı, mədəni-mənəvi irs, ədəbiyyat, poeziya, teatr sənəti, Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folkloru əksini tapır: portallar, memorial saytlar, elektron dərslik və dərs vəsaitləri, ensiklopediyalar, lüğətlər, lektoriyalar, elektron kitabxanalar, səsyazıları, not yazıları, karaoke nəşrləri və s. Bu sırada “Üzeyir Hacıbəyli” portalını (özündə dərslik, ensiklopediya və virtual muzeyləri cəmləşdirir), “Qara Qarayev”, “Tofiq Quliyev”, “Əfrasiyab Bədəlbəyli”, “Vaqif Mustafazadə”, “Xan Şuşinski”, “İlyas Əfəndiyev”, “Rəsul Rza”, “Şəmsi Bədəlbəyli” memorial saytlarını, “Azərbaycan bəstəkar və musiqişünasları”, “Bakı Musiqi Akademiyası”, “Azərbaycan teatrı” kataloq saytlarını, “Muğam ensiklopediyası”, “Üzeyir ensiklopediyası”, “Dədə Qorqud ensiklopediyası” saytlarını qeyd edə bilərik. “Azərbaycan bəstəkarlarının mahnıları”, “Azsaylı xalqların mahnıları”, “Yüz şairin yüz şeiri” karaoke topluları bir neçə dildə həm çap və həm də elektron formatda həyata keçirilib.

Adıçəkilən elektron məhsulların təhsil sahəsində böyük rolu vardır. Müasir texnologiyaların təhsildə tətbiqi özlüyündə innovasiyalı bir sahə kimi diqqəti cəlb edir. Tələbələr üçün bu saytlar vaxtı səmərəli surətdə sərf edərək maraqlandıqları, dərsdə keçdikləri mövzu haqqında məlumat, səslənmə, notlar əldə etmək imkanı verir. Bu saytlarda mövzunun təqdimatının bir neçə mərhələdə aparıldığını da qeyd etməliyik: eyni zamanda əsərin səs yazısını dinləmək, videogörüntülərini izləmək, notları ilə tanış olmaq mümkündür.

“Musiqi dünyası”nın Azərbaycan, rus, ingilis dillərində hazırlanan veb-saytları beynəlxalq miqyasda milli musiqi mədəniyyətimiz haqqında geniş məlumat mənbəyinə çevrilmişdir. Təsəvvür edin ki, dünyanın ən müxtəlif yerlərində, ən müxtəlif millətlərdən olan insanlar bu saytlara daxil olaraq, Azərbaycanın musiqi mədəniyyətini tanımaq imkanı əldə edir, musiqimizi eşidir, mədəniyyətimizin ən parlaq simalarını görür, səs yazılarını və not ədəbiyyatını əldə edə bilir. Bu da Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfələrdir.

T.Məmmədovun rəhbərliyi ilə “Musiqi dünyası” elektron nəşrlər mərkəzinin əməkdaşları tərəfindən yaradılmış saytlar bir çox mükafatlar almışdır. Bu sırada “Azerbayjan E-Kontent-2005”, “İntellekt-2005”, “Humay-2007” mükafatlarını, müxtəlif illərdə 10 saytın “NETTY” milli internet müsabiqəsinin mükafatına layiq görülməsini qeyd edə bilərik.

Əlbəttə ki, bir məqalə çərçivəsində Tariyel müəllimin bütün fəaliyyətini, musiqi mədəniyyətimizin tədqiqi və təbliği yolunda gördüyü bütün işləri tam açıqlamaq mümkün deyil. Bunun üçün sadəcə “Musiqi dünyası” ünvanlı saytlara daxil olmaq kifayətdir: gözünüz qarşısında böyük bir musiqi dünyası canlanacaq. 70 illik yubileyini böyük sənət nailiyyətləri ilə qeyd edən Tariyel Məmmədovun bitib-tükənməyən hələ nə qədər perspektiv planları var. Bütün bunların həyata keçməsini, növbəti yubileylərdə yeni uğurlarla zənginləşməsini arzulayıram.