"Musiqi dünyası" № 4 (77) 2018

Article №6; 7995 - 8003 pр.
Niftiyeva ÜLFƏT. Süleyman Ələsgərovun “Gözlə məni” və “İlk xatirələr” mahnılarının melodik təhlili
Text PDF

S.Ələsgərov yaradıcılğı müxtəlif dövrlərə aid olan şeirlərə bəstələnmiş bir musiqi xəzinəsidir. Bu xəzinə S. Ələsgərov yaradıcılığının ən həssas, insan ruhuna yaxın bütün məqamları özündə birləşdirir. Məhz buna görə ən ali insan duyğusu olan saf, təmiz məhəbbət və sevgi mövzusu bəstəkarın yaradıcılığında özünəməxsus yer tutmuşdur. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Onun bu ilk mahnısı 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikaları xalqlarının musiqi ongünlüyündə alqışlarla qarşılanıb. Bəstəkar özü də “Gözlə məni” mahnısı haqqında təəssüratlarını bölüşəndə bu əsərin uğurunu xüsusilə vurğulayıb: “İlk mahnımı mən ikinci cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış “Gözlə məni” mahnısıdır. Mən xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur” [2]. “Gözlə məni” şeirinə yazılmış bəstə S.Ələsgərov yaradıcılığının həssas və qəlb oxşayan, ürək dindirən romanslarından biridir. Döyüş cəbhəsində, düşmən gülləsi qarşısında ölümü gözünə alıb vuruşan bir əsgərin öz sevgisinə böyük sədaqəti, vəfası bəstəkarın həzin musiqisinin notları altında qəlb oxşayır. Bu notlar odun, alovun içindən gəncin qələbə ilə çıxacağına və saf, təmiz məhəbbətinə qovuşacağına ümidi artırır. Ümumilikdə mahnıda sevgilisinin yarına olan həsrəti, gözləntisi ahəngdar, parlaq şəkildə verilmişdir.

Yenə düşdün yadıma, sən ey ismətli dilbər!
Demə ki, od içində yanıram axşam –səhər.
İlqarından dönənə qəlbi dönük deyərlər;
Mən sənə söz vermişəm, sevgilim gözlə məni!
Ürəyimdə qalmasın nisgilim, gözlə məni!

Şeirin sözlərinə nəzər salsaq eyni heca miqdarının şahidi oluruq. Hecalar 14 saya uyğun şəkildə verilmişdir. Mahnı “mi mayeli” şura əsaslanır. Moderato tempində və 8/6 ölçüdə yazılan əsər iki hissəli reprizli formadadır.

İlk olaraq fortepianinonun solo müşayiəti ilə verilən girişin melodiyası sanki variantlı şəkildə təkrarlanır. Giriş iki xanəli ibarələrdən təşkil olunub. Burada müşayiətin rəngarəng xırdalıqlarda istifadə olunmasını müşahidə edirik. Maraqlıdır ki, müşayiətin sol əlində giriş boyu T və D orqan punktu səslənir. Lakin müşayətin sağ əli melodiyanın kiçik ritmik qruplardan təşkil olunaraq rəngarəng səslənmə yaradır. Burada (triol, kvintol və sekstol) kimi ritmik qruplaşmalardan istifadə olunub. Girişin son iki xanəsində solo ifaya hazırlıq verilir. (nümunə 1).

Andante con moto tempində verilən vokal partiyanı iki hissəyə ayıra bilərik. Birinci hissəni a+a1+b+b1 şəklində qeyd etsək, burada ilk dörd xanəni əhatə edən “a” cümləsi həzin melodiya ilə təqdim olunaraq sanki yara həsrət hissi yaradır. Cümlənin ilk xanəsi mayenin tonikasında başlayıb, tonikanın kvintasında yarım kadansla bitir. Müşayiət sağ əlin xramatik oktavalarla aşağıya doğru gedişi və paralel olaraq sol əlin arpeciovari hərəkəti ilə təqdim olunur. Cümlənin ikinci keçidində, müşayiətdə səsaltı palifoniyanın ifadəli melodiya şəklində birgə ifasının şahidi oluruq. İkinci cümlənin vokal partiyası eyniylə birinci cümlənin təkrarı üzərində qurulursa, müşayiət partiyası variantlı dəyişikliyə uğrayır. Beləki səsaltı palifoniyada müşayətin bas və soprana səsləri demək olar ki olduğu kimi saxlanılmışdır. Lakin müşayiətdə bas ilə soprana arasında yaranan səs altı palifoniya maraqlı bir səslənmə əmələ gətirir. Bu keçid solo partiyanın tersiya aşağı təkrarına əsaslanır. (nümunə 2)

B cümləsi artıq yeni melodiya ilə bizə təqdim olunur. Belə ki ilk xanə tonikanın kvartasında yarım kadansla (“lya”) başlayaraq elə eyni səsdə yarım kadansla bitir. Müşayiət arpeciolu akkordların səslənməsi ilə verilir. B1 cümləsi B cümləsinin variantlı şəkildə təkrarıdır. Eyniylə tonikanın kvartasında başlayaraq, lakin tonikada tamamlanır (nümunə 3). Romansın ikinci hissəyə keçidi dörd xanədən ibarət birinci hissənin cümləsinin oktava şəklində müşayiətdə verilməsi ilə göstərilir.

İkinci hissə üç cümlədən ibarətdir. Cümlələrdən hər biri kvadrat quruluşlu dörd xanədən təşkil olunub. Əgər birinci və ikinci cümlələr eyniylə təkrardırsa, üçüncü cümlə variantlı təkrara əsaslanır. Üçüncü cümlə eyni zamanda repriz hissəsinin bağlayıcı rolunu daşıyır. Bu xüsusiyyəti ilk növbədə cümlənin sonunda D üzərində verilən yarım kadans baris şəkildə nümayiş etdirir. Beləliklə əgər ilk iki cümlə “mi” şurun tonikasında tamamlanırsa, üçüncü cümlə həm cümlələrin variantını həm də repriz üçün bağlayıcı rolunu daşıyır. B cümləsi artıq yeni melodiya ilə bizə təqdim olunur. İkinci hissə -“ B” c+c+c1+ repriz (b + b1). kimi qeyd edək. Burada birinci cümlə tonikanın kvintasında (“si”) başlayıb, tonikada (“mi”) bitir. Müşayiətə nəzər salsaq sol əldə tonika orqan punktun ve sağ əldə harmonik melodiyanın birlikdə ahəngdar səslənməsinin şahidi oluruq. İkinci cümlə birinci cümlənin eyniylə təkrarı olaraq verilmişdir. İkinci hissənin üçüncü cümləsi sanki orta hissənin kuliminasiyası kimi səslənir. Bunu biz (c1) cümləsi olaraq qeyd edə bilərik (nümunə 4).

Repriz hissədə B və B1 cümləsinin melodiyası təkrar olaraq səslənir. Sonda koda birinci hissə ilə ikinci hissənin arasındakı keçidin materialı üzərində qurularaq sanki melodiyanı təsdiqləyir.

Sözləri İ. Səfərliyə məxsus olan “İlk xatirələr” mahnısı bəstəkarın lirik mahnılar silsiləsindən müraciət etdiyimiz maraqlı nümunələrdən biridir. “moderato-cantabile” tempində və 2/4 ölçüdə yazılan mahnı kupletli nəqərat formasındadır. Mahnı müxtəlif hecalı iki bənd və nəqəratdan ibarətdir. Hər iki bəndə nəzər salsaq burada aaba prinsipi üzrə qafiyələnmənin şahidi oluruq. Lakin hər misra müxtəlif hecaları özündə əks etdirir.

Gözələ göz dəyər (6)
Qəlbə söz dəyər (5)
Hicrana düşən gülüm (7)
Vüsal gözləyər (5)

Göründüyü kimi burada ikinci və dördüncü misralar eyni heca, birinci və üçüncü misralar isə fərqli heca sayına mənsubdur.

Nəqərat hissə abab həmqafiyəyə əsaslanır. Lakin misraların heca sayı yenə də dəyişkəndir.

Baxt ulduzumsan (5)
Parla ey ülkər! (5)
Boylanır qəlbimdən (6)
İlk xatirələr.... (5)

Bəstəkar S. Ələsgərov da şeirdən ilhamlanaraq əsarəngiz mahnı yaratmışdır. Musiqi təhlininə nəzər salsaq deyə bilərik ki, mahnı giriş, kuplet və nəqəratdan ibarətdir. Maraqlı məqamlardan biri budur ki, mahnı 2 məqam (bayatı-şiraz və segah) üzərində qurulmuşdur. İlk öncə giriş iki cümlədən A+A1 və hər cümləsi dörd xanədən ibarət olub əsas tonika (do2) ikinci oktava bayatı-şiraz məqamına əsaslanır. Sonra ikinci cümlənin (A1) iki xanəsi variantlı təkrar və iki səsli fakturada verilir. Girişin sonunda bəndin hazırlıq prosesi baş verir. Məhz bu sonluq zamanı bayatı-şiraz ilə segah qarşıdurması yaranır (nümunə 5).

“Mi diyez” tonikalı segahda yazılan mahnının kupleti üç cümlədən ibarətdir (A, A, B). Hər cümlə beş xanədən təşkil olunub ifadəli melodiyanı bizə təqdim edir. Birinci cümlənin (A) ilk beş xanəsi (sol diyez1) segah məqamının şikəsteyi-fars aralıq ladında (əsas tonun kvintasında) bitir. İkinci cümləsi də eyniylə variantlı təkrar şəklində verilərək şikəsteyi – farsda bitir. Sözlər və melodiya öz zəngin ifadəliliyi ilə birbirini tamamlayır. Üçüncü cümlə dəyişən melodiyaya mənsubdur (B) . Bu cümlə mahnının kulminasiyasını təşkil edir.

İkinci oktava “do diyez” əsas tonun kvintasının mediantası olub segahın zilində səslənir. Lakin həmin cümlə yenə də şikesteyi-fars aralıq ladının istinad pilləsində yəni əsas tonın kvintasında (sol diyez) bitir (nümunə 6).

Nəqərat də kupletdə olduğu kimi üç cümlədən ibarətdir (A,B,B). Nəqəratda maraqlı məqamlardan biri əvvəldə qeyd etdiyimiz kimi məqam dəyişkənliyinin öz əksini tapmasıdır. Bu hissə bayatı-şiraz məqamına əsaslanır. Musiqidə “mi diyezin - mi bekar” ilə əvəz olunması bunu bir daha sübut edir. Birinci cümlə dörd xanədən ibarət olub, bayatı-şiraz məqamında, tonikanın kvintasında bitir. Sonra ikinci cümlənin dörd xanəsi dəyişilmiş şəkildə inkişaf edərək bayatı-şirazda müvəqqəti dayanır və melodiya variantlı təkrarla yenə də bayatı-şiraz məqamının əsas tonikasında bitir (“do”). (nümunə 6).

Beləliklə təqdim olunan məqalədə görkəmli bəstəkar S. Ələsgərovun “Gözlə məni” və “İlk xatirələr” mahnılarının musiqi forması, məqam, ritmika və melodik dilinin tədqiqi əsas təhlil obyektinə çevrilmişdir.

ƏDƏBİYYAT

1. Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Yazıçı, 1985, 152 s.

2. Zöhrabov R. Məhsuldar yaradıcılıq.«Bəstəkarlarımız haqqında söz» toplusu, Bakı, Şur, 1995, s.34.

3. Mahmudova C.E. Azərbaycan bəstəkar mahnılarında poeziya ilə musiqi. B.: Mars Print, 2009, 253 s.

4. Qafarova M. Bəstəkar Süleyman Ələsgərov və xalq çalğı alətləri orkestri. B.: ADPU – nun nəşriyyatı, 2012, 227 s.

5. Xəlilov V.C. Bəstəkar Süleyman Ələsgərov. Bakı: İşıq, 1985, 72 s.

6. Ələsgərov S.Ə. Lirik mahnılar. B.: Azərbaycan dövlət musiqi nəşriyyatı. 1978, 74 s.