"Musiqi dünyası" № 4 (77) 2018

Article №5; 7986 - 7994 pр.
İradə ABBASOVA. Bəstəkar Qara Qarayev yaradıcılığının inkişafında kantata janrı
Text PDF

Azərbaycanın görkəmli bəstəkarı olan Qara Qarayev yaradıcılığı fərdi və orijinal üslubu ilə seçilir. Sintetik üsluba yönələn bəstəkar yaradıcılıq özündə bir çox janrları cəmləşdirir. Belə ki, bəstəkar XX əsrin bütün yaradıclıq istiqamətlərinə daim çox fəal münasibət bəsləmiş, onların çox mühüm mütərəqqi cəhətlərini mənimsəmiş, milli ənənələr zəminində yenidən işləmiş, özünəməxsus keyfiyyələrə yiyələnmişdir.

Bəstəkar Qara Qarayev istər rus, istərsə də qərb klassik musiqisindən, romantik, impressionist, xüsusən Debüssi, Ravel, Stravinski, Bela Bartok və digər qüdrətli sənətkarların yaradıcılıqlarından bəhrələnmişdir. Eyni zamanda Qarayev müxtəlif xalqların musiqi yaradıcılığından istifadə edərək bu sahədə parlaq istedadını vurğulamışdır. Məlum olduğu kimi o, müxtəlif xalqların həyatından bəhs edən əsərlərin müəllifi olmuşdur. “İldırımlı yollarla” baleti, “Vyetnam” süitası, “Don Kixot” simfonik qravürləri, “Alban rapsodiyası” kimi əsərlərində müraciət etdiyi xalqın musiqi yaradıcılığından böyük ustalıqla göstərə bilmişdir. Bütün bunlar Qarayevin musiqi dilinin, yaradıcılıq üslubunun rəngarəngliyinə böyük təsir göstərmişdir.

Bəstəkarın yaradıcılıq məharətinin digər mühüm cəhəti ondadır ki, Qarayev hər hansı xalqın musiqisinə, hər hansı yaradıcılıq istiqamətinə, üslubuna müraciət edirsə etsin, daim öz milli xüsusiyyətini qoruyub saxlaya bilmişdir. Bu xüsusiyyət onu əsl milli bəstəkar kimi tanıdan, sevdirən ən başlıca keyfiyyətdir. Bəstəkar hansı mövzuda, hansı janrda yazırsa yazsın, daim öz xalqının milli xüsusiyyətlərini qoruyub saxlayır, vətəndaşlıq hissini, duyğusunu itirmir. Onun yaradıcılıq üslubuna xas olan cəhətlər Prokofyev, Şostakoviç kimi nümayəndələrinin yaradıcılığına müəyyən dərəcədə yaxındır.

Dmitriy Şostakoviç Qara Qarayev söylədiyi fikirlər diqqətəlayiqdiir. O qeyd edir ki, “Qara Qayevin yaradıcılığı təkcə respublikanın musiqi mədəniyyətində deyil, həm də bütün sovet musiqisində görkəmli hadisədir. Bu gözəl musiqiçi haqqında çox söz demək olar, kamilləşmiş bədii sənətkarlıq, musiqisinin parlaq obrazlılığı, ifadəli vasitələr seçməkdə incə zövq, zəngin boyalar, üslubun milli orijinallığı və cəsarətli novatorluq bu bəstəkara şamil oluna bilər” 1

Müasirləri kimi Qarayevdə demək olar ki, bütün janr və formalara müraciət etmişdir. O, dövrünün ən aktual mövzularına aid əsərlər yazmışdır. Onun kantata və oratoriya janrında yazdığı əsərləri Azərbaycan musiqisinin nadir inciləri sırasındadır.

Qarayev İntibah dövründə yaranıb çox mürəkkəb və ziddiyyətli inkişaf, təkmilləşmə prosesi keçən bu janrlarda öz məşhur müasirlərinin zəngin ənənələri zəminində yanaşmışdır.

Bəstəkar kantata və oratoriya janrında yeni söz deməyə nail olmuş, bu janrların spesifik xüsusiyyətlərini milli ənənələrlə əlaqələndirmək təşəbbüsü göstərmişdir. Azərbaycan musiqisi keçmişin ən mütərəqqi, ən qabaqcıl ənənələri üzərində yaranmış, formalaşmışdır. Musiqi tarixində məlum olan bütün janlar, formalar mütərəqqi yaradıcılıq üslubları və digər mühüm cəhətlər Azərbaycan musiqisində yenidən işlənilib, inkişaf etdirilmişdir. Bu baxımdan kantata və oratoriya janrlarının Azərbaycan bəstəkarları tərəfindən inkişaf etdirilib zənginləşdirilməsi təqdirəlayiq cəhətlərdəndir. Bu janrın ideya-emosional obrazlar dairəsini genişləndirmiş, kantatanın melodik, intonasiya quruluşunun xalq mahnılarına və kütləvi mahnılara yaxınlaşdırmışlar.

Qara Qarayev Azərbaycan mədəniyyətinin və incəsənətinin coşğun inkişafı dövründə yaradıcılıq yoluna qədəm qoymuşdur. Onun yaradıcılığa başladığı 30-cu illərin ikinci yarısında Azərbaycan incəsənəti, o cümlədən Azərbaycan musiqi yaradıcılığı sürətlə inkişaf edirdi. Məhz bu illərdə Azərbaycan musiqi incəsənəti Üzeyir Hacıbəylinin “Koroğlu”, Müslüm Maqomayevin “Nərgiz” operaları, eləcə də bir sıra görkəmli əsərlərlə özünün yetkinlk dövrünə qədəm qoymuşdur.

Bəstəkarın “Ürək mahnısı” kantatası onun ilk yaradıcılıq dövrünün ən müvəffəqiyyətli bəhrəsidir. Kantata kimi demokratik musiqi janrına müraciət etməsi Qara Qarayevin gənclik dövrünün, zamanın tələbyalərinə uyğun və onlara cavab vermək arzuunu nümayiş etdirir. Maraqlıdır ki, Azərbaycanda ilk dəfə bu janra Üzeyir Hacıbəyli sonra isə Qara Qarayev müraciət etmişdir. Bu faktın özü də Qara Qarayevin özünü hər cəhətdən Üzeyir Hacıbəyliyə yaxınlaşdırmaq cəhdini sübut edir.

“Ürək mahnısı” kantatasını yazdığı dövrdə ölkəmizdə, o cümlədən Azərbaycanda dinc quruculuq işləri coşub daşırdı. Qara Qarayev də xalqın ruh yüksəkliyini, çoşğun fəaliyyətini, xoşbəxt həyatını, onun şən əhval-ruhiyyəsini əks etdirmişdir. Əsərin mətni ilə musiqisi arasında üzvi surətdə əlaqəni şərtləndirən ən başlıca cəhətlər də məhz onun nikbinliy və optimizmidir.

“Ürək mahnısı” kantatasının meydana çıxması milli incəsənətimiz tarixində mühüm əhəmiyyət kəsb edir. Bu əsərin yaranmasına qədər Azərbaycan xor musiqisi Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin operalarındakı xor epizodları, xor səhnələri, eləcə də Üzeyir Hacıbəylinin xor üçün işlədiyi xalq mahnıları kimi mövcud idi. Təbiidir ki, bütün bu xor nümünələri Qara Qarayevin böyük xor əsəri yaratmasına səmərəli təsir göstərmişdir.

Azərbaycan simfonizminin, ümumiyyətlə Azərbaycan musiqisinin 40-cı illərindəki inkişafında Qara Qarayevin də çox mühüm rolu olmuşdur. Bəstəkarın bu illərdə yazdığı əsərlərin siyahısına nəzər saldıqda onun gördüyü işlər barədə dolğun təsəvvür almaq olar. Qarayev 40-cı illərdə “Vətən” operası ilə yanaşı iki simfoniya, iki simli kvartet, “Leyli və Məcnun” simfonik poema və digər əsərlərini yazmışdır. Həmin əsərlər içərisində bəstəkarın Məmməd Rahimin sözlərinə, sopranı, xor və simfonik orkestr üçün yazdığı “Xoşbəxtlik mahnısı” da diqqət mərkəzində olmuşdur.

“Xoşbəxtlik mahnısı” kantatasının aktuallığı musiqi dilinin və ifadə vasitələri, eləcə də ifadə priyomlarının yeniliyi ilə fərqlənir. Bu baxımdan kantata bəstəkarın 40-cı illərin ikinci yarısında yazdığı əsərlərindən geri qalmır. Əsər formasının sadəliyi və aydınlığı ilə harmonikliyi və bütövlüyü ilə diqqəti cəlb edir. Əsər xalq musiqi elementləri ilə zəngindir. Burada xalq musiqi elementlərinin xüsusən aşıq musiqisinin inkişafı hökm sürür. Bəstəkar kantatada xalq musiqisinə yaradıcı yanaşmış, onun əsas cəhətlərini yenidən inkişaf etdirib zənginləşdirməyə nail olmuşdur. Ümumiyyətlə, bəstəkar bu əsərində folklora yanaşmağın, ondan istifadə etməyin, yeni, müasir üslubunu, növünü nümayiş etdirmişdir.

Əsərdə bəstəkar yeni söz deməyə nail olmuşdur. Bu cəhət onun folklordan istifadə prinsipində də qabarıq şəkildə özünü göstərir. Məhz folklora belə ciddi münasibətin, yeni nöqteyi-nəzərlə yanaşmanın nəticəsidir ki, kantatanın musiqi dili milli, koloritli parlaq, mövzuları rəngarəngdir.

Əsərin musiqi dilinin yeniliyi, təravəti və emosional təsir gücü də onun xalq musiqi elementləri ilə zənginliyindədir. Bu cəhəti əsərin bütün hissələrində, o cümlədən onun orkestr girişində müşahidə etmək olar. Onu da xatırladaq ki, kantatanın orkestr partiyası üçlü tərkibə malikdir. “Ürək mahnısı” kantatasında olduğu kimi burada da bəstəkar orkestrə tar əlavə etmişdir. Bu da səslənmənin koloritini artırmağa kömək etmişdir. Bu cəhətləri kantatanın orkestr girişində nəzərdən keçirdikdə müəllifin xalq yaradıcılığına, xalq musiqi ifaçılığına münasibətini düzgün müəyyən etmək olur.

Qara Qrayevin kantata janrında apardığı ciddi axtarışların digər qiymətli bəhrəsi “Zamanın bayraqdarı” əsəridir. Bu əsər nəinki Qara Qarayevin, eləcə də Azərbaycan musiqisində çox mühüm əhəmiyyət kəsb edir. “Zamanın bayraqdarı” kantatasl 50-ci illərdə Azərbaycan musiqi incəsənətinin səviyyəsini, rəngarəng inkişafını bir çox cəhətdən nümayiş etdirir. Ümumiyyətlə, 50-ci illərdə Azərbaycanda professional musiqi bütün sahələr və janrlar üzrə sürətlə inkişaf etmiş, yeni yüksək ideya-bədii səviyyədə duran əsərlərlə zənginləşmişdir. Digər əlamətdar hadisə budur ki, 50-ci illərdə Azərbaycan bəstəkarlıq məktəbi tamamilə özünü təsdiq etdirmiş, eyni zamanda ölkəmizin hüdudlarından uzaqlarda tanınmağa, təqdir olunmağa başlamışdır. 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycan inəsənəti və ədəbiyyattı ongünlüyündə musiqi yaradıcılığının qazandığı böyük müvəffəqiyyətlər buna parlaq sübutdur.

50-ci illərdə opera, balet, simfoniya, konsert, kvartet, kamera-instrumental və kamera-vokal janrlarda yaranmış bir çox əsərlər ən qiymətli sənət nümunələri kimi sovet və dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Fikrət Əmirovun “Sevil” operası, Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poeması, IV simfoniyasl, Cahangir Cahangirovun “Füzuli” kantatası, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhələri və digər əsərlər buna misal ola bilər. 50-ci illərdə Qara Qarayevin yaradıcılıq nüvəffəqiyyətləri daha geniş miqyasda öz təsdiqini tapmışdəstəkar “ır. O müasir musiqinin klassikləri səviyyəsinə yüksəlmişdir. Təkcə bu faktı göstərmək kifayətdir ki, 50-ci illərdə bəstəkar “Yeddi gözəl” və “İldırımlı yollarla” baletini, “Alban rapsodiyası”nı, “Vyetnam süitası”nı, “Don Kixot” simfonik qravürlərini, “Zamanın bayraqdarı” kantatasını yaratmışdır. Bundan başqa Qara Qarayev ictimai fəaliyyət sahəsində, pedaqoji işdə böyük əmək sərf etmiş, gənc milli bəstəkar kadrlarının yetişməsində olduqca fəal iştirak etmişdir.

50-ci illərdə Qara Qarayevin başçılıq etdiyi Azərbaycan bəstəkarlıq məktəbi, onun hər bir üzvü Üzeyir Hacıbəylinin yaratdığı prinsiplərə sadiq qalmaqla bir sıra olduqca cəsarətli yeniliklər nümayiş etdirmiş, klassik və milli ənənələrin, müasir musiqi dilinin üzvü sintezinə güclü meyl göstərmişlər. Bu sintez sonralar, 60-70-ci illərdə müasir Azərbaycan professioanl musiqi yaradıcılığının fərqləndirici keyfiyyətlərindən birinə çevrilmişdir.Onun ən parlaq təzahürünü Qara Qarayevin yaradıcılığında görürük. Bu böyük sənətkar 50-ci illərdə yazdığı əsərlərində nəinki öz xalqını, eləcə də bir xalqların musiqi irsini dərindən mənimsədiyini, onu klassik və müasir musiqi yaradıcılığı prinsipləri ilə inkişaf etidirb zənginləşdirməyi bacardığını sübut etmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi bu əsər Azərbaycan musiqi yaradıcılığının 50-ci illərdəki səviyyəsi haqqında dolğun təsəvvür yaradır. Musiqi dilinin aydınlığı parlaq obrazlılığı, milli koloriti, güclü emosional təsiri, formanın bitkinliyi, onun dərin məzmunla üzvü əlaqəsi, harmonik və polifonik ifadə vasitələri priyomlarının son dərəcə təbii işlədilməsi, bəstəkarlıq texnikasının yüksək səviyyəsi 50-ci illər Azərbaycan musiqi yaradıcılığının nailiyyətlərini şərtləndirən bütün bu keyfiyyətlər “Zamanın bayraqdarı” kantatasında parlaq şəkildə öz əksini tapmışdır.

Bu əsərlərdə bəstəkar müasirlərinin coşqun quruculuq fəaliyyətini, onların vətənə, xalqa sədaqətini məhəbbətini xüsusi ilham və ehtirasla ifadə etmişdir. Bəstəkar janrın tələblərini və onun ifadə imkanlarını dərindən mənimsəmiş, qarşıda duran mühüm yaradıcılıq vəzifələrini yerinə yetirmək üçün onlardan özünəməxsus səviyyədə, keyfiyyətdə istifadə etmişdir. Qarayevi qüdrətli sənətkar kimi fərqləndirən başlıca xüsusiyyətlər başqa janrlarda yazdığı əsərlərində olduğu kimi kantatalarında da qabarıq şəkildə aşkar olunur. Bəstəkar öz kantatalarında, xüsusilə yetkin yaradıcılıq dövründə yazdığı “Xoşbəxtlik mahnısı”, “Zamanın bayraqdarı” və Dostluq himnin”də novator kimi çıxış etmişdir. Onun novatorluğu istifadə etdiyi mövzunun aktuallığında, ifadə vasitələrindən qənaətlə, yaradıcılıqla istifadə etməsində özünü göstərir. Digər tərəfdən kantataya demokratik, kütləvi bir janr kimi fəal və yaradıcı münasibətində onun bir sıra yenilikləri aşkara çıxmışdır. Bu kimi yeniliklər əsas etibarı ilə kantatalardakı bədii sintezdə müşahidə olunur. Qarayev kantatalarında janrın əsas səciyyəvi cəhətləri ilə kütləvi mahnı, marş, xalq musiqi elementlərinin elə üzvü əlaqəsinə nail olmuşdur ki, bu keyfiyyət onun novatorluğunu müəyyən etməkdə olduqca mühüm həlledici əhəmiyyət kəsb edir. Bədii sintezə güclü meyl onun yaradıcılığının bütün sahələrində diqqəti cəlb edir. Bu hər şeydən əvvəl Qarayevin dövrün ictimai hadisələrinə çox fəal münaibətindən əmələ gəlir. Bəstəkar kantatalarında həyatın ən başlıca aparıcı cəhətlərini təbliğ etməyə çalışmışdır. Təbiidir ki, bunun üçün bəstəkar universal vasitələri axtarıb tapmalı idi. Daim sənətdə yeni söz, yeni fikir deməyə nail olmuş bəstəkar bir anda olsun axtarışlardan yorulmamışdır. Onun kantatalarının bir-birindən fərqli cəhətləri məhz bu axtarışların nəticəsi kimi meydana gəmişdir. Əgər “Ürək mahnısı” kantatasında müəllif təcrübəsizlikdən, lazımı hazırlığa malik olmamaqdan irəli gələn çətinliklərə məruz qalmışdısa, janrın xüsusiyyətini, ictimai mübarizədə, ictimai inkişafda rolunu, əhəmiyyətini düzgün müəyyənləşdirmişdir. Müasirlərini bu əsərlə həyəcanlandırması məhz janrın spesifikasını dərk etməsi, həmin janrda yeni fikir söyləmək cəhdi göstərməsindən irəli gəlmişdir.

“Ürək mahnısı”nı yazdığı dövrdə xalq kütlələrinin mütəşəkkilliyi yeni həyat quruculuğunda apardığı mübarizə ədəbiyyat və incəsənətin ən başlıca ifadə obyektlərindən sayılırdı. Xalqı bütün yüksək mənəvi keyfiyyətləri ilə əks etdirmək üçün yeni vasitə və formalar axtarıb tapmaq vəzifəsi qarşıda dururdu. Qara Qarayev başqa təcrübəli müasirlər kimi kantata janrının təşkiledici, birləşdirici imkanlarını dərk etdiyindən bu janrda ilk böyük həcmli əsərini yaratmışdır. Sonrakı illərdə Qarayev kantata janrı sahəsində apardığı ciddi axtarışlarının nəticəsini “Xoşbəxtlik mahnısı”nda nümayiş etdirmişdir. Məhz bu əsəri ilə Azərbaycanda kantata janrının ilk klassik nümunəsini yaratmışdır. Əsər obrazlı emosional məzmununun dərinliyi, genişliyi, ideya bədii səviyyəsinin yüksəkliyi, hissələrinin müstəqilliyi, bir-biri ilə üzvü əlaqəsi və digər keyfiyyətləri baxımından monumental sənət nümunəsidir. Burada bəstəkarın vokal texnikasına, xor sənətinə, musiqi dramaturgiyasına, xalq musiqi yaradıcılığına dərindən bələd olması öz təsdiqini tapmışdır. “Xoşbəxtlik mahnısı” kantatasında bəstəkar polifoniyasına bələd olduğunu aşkara çıxarmışdır. Bu əsərlə eyni vaxtda yazılan “Payız” xorunda həmin cəhət yeni keyfiyyətdə diqqəti cəlb edir.

“Payız” xoru a capella ifa olunmaq üçün nəzərdə tutulmuşdur. Bəstəkar burada iki başlıca vəzifəninu həllini çalışmış və istəyinə müvəffəqiyyətlə nail olmuşdur.

Məlum olduğu kimi 40-cı illərin II yarısında Azərbaycanda dahi Nizamnının anadan olmasının 800 illik yubileyinə böyük hazırlıq işləri görülürdü. Bu tarixi hadisə ilə əlaqədar olaraq, yaradıcı sənətkarlar şairin əsərləri əsasında yeni sənət nümunələri yaradırdılar. Bəstəkar Fikrət Əmirov “Nizami” simfoniyası, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” poeması, Niyazinin “Xosrov və Şirin” operası bu əsərlər sırasında idi. Lakin Böyük Vətən müharibəsinin başlanması şairin yubileyinin təxirə salınmsına səbəb olmuşdur. Müharibə bitdikdən sonra yubileyə ciddi hazırlıq işləri görülmüşdür. Dahi mütəfəkkirin anadan olmasının 800 illiyi çox böyük təntənə ilə keçirilmişdir. Bu hadisəyə hazırlıq dövründə və onun müvəffəqiyyətlə başa çatmasında fəal iştirak edən sənətkarlar şairin yaradıcılığına ciddi maraq göstərmiş,onu hərtərəfli və dərindən mənimsəmək üçün çox çalışmışdır. Nəticədə Nizami mövzusunda bir sıra yüksək sənət nümunələri meydana çıxmışdır. Bunların içərisində Qara Qarayevin əsərləri xüsusi yer tutur. Bəstəkar şairin yaradıcılığından hər hansı mövzuya müraciət etmişdirsə, həmin mövzuda dəyərli əsər yaratmağa nail olmuşdur. Təsadüfi deyil ki, bəstəkar Nizamini “Əsrlərin sönməz məşəli” adlandırır. Bəstəkar qeyd edir ki, “yalnız bizim nəsil deyil, gələcək nəsillərin yazıçı və bəstəkarları da rəssam və heykəltaraşları da alim və filosofları da bu okeandan sənət inciləri tapacaq, yeni-yeni əsərlər yaradacaqlar”. 2 “Payız” xorunu bəstəkar Nizaminin “Leyli və Məcnun” poemasının bir epizodu əsasında yazmışdır. Bəstəkar məhz bu əsəri ilə Nizami yaradıcılığına müraciət etmiş, onun poetik obrazlarını musiqidə ifadə etmək səyi yüksək səviyyədə göstərilmişdir.

Əsər 1947-ci ildə yazılmışdır. Burada kədərli və lirik obraz Leylidir. Bəstəkar bu obrazın poetik təbiətini dərindən ifadə etmək üçün incə, zərif polifonik vokal texnikasından yüksək sənətkarlıqla istifadə etmişdir. Bundan başqa sadə polifonik vasitələr solğun təbiət obrazını çox aydın təcəssüm etdirir. Xorun kənar hissələrində ahəngli melodiyaların sərbəst polifonik inkişafı ifadə obyektinin rəngarəng keyfiyyətlərini təbii surətdə əks etdirir. Burada alterasiyalı akkordların qarşılıqlı əlaqəsi xorun orta hissəsindəki fuqato obrazın hərəkətsiz xüsusiyyətinə önəmli canlanma verir. Beləliklə, bəstəkar Nizaminin “Payız” obrazını musiqidə bütün poetik incəliyi, zərifliyi ilə təcəssüm etdirmək üçün polifonik vokal texnikasını əsas götürmüşdür. Digər tərəfdən bu obrazı Leylinin kədər, qüssə dolu aləminin simvolik rəmzi kimi səciyyələndirmişdir. “Payız” müəllifin polifonik musiqidə apardığı ciddi axtarışlarının, polifonik vokal texnikasına dərindən bələd olmaq cəhdinin səmərəli nəticəsi kimi qiymətləndirilir. Bəstəkar bundan sonra yazdığı əsərlərində, o cümlədən müxtəlif filmlərə bəstələdiyi musiqi parçalarında çoxsəsli xor vasitələrindən müntəzəm surətdə istifadə etmişdir. Nəhayət yaranması 1959-cu ilə təsadüf edən “Zamanın bayraqdarı” kantatasında milli xor musiqisinin Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan klassik prinsiplərin yeni, daha rəngarəng inkişafına nail olmuşdur.

Qara Qarayev kantataları ilə Azərbaycan musiqisi incəsənətinə gətirdiyi nailiyyətləri təbiidir. Onun bu janra sərbəst yanaşması, onu milli ənənələrlə, milli poetik obrazlarla, xalq musiqi elementləri və üslub xüsusiyyətləri ilə zənginləşdirmək cəhdindən, bacarığından irəli gəlmşdir. Bundan başqa bəstəkar kantata janrına ciddi, yaradıcı münasibət bəsləməklə Azərbaycanda xor musiqisidinin inkişaf prosesini ləngiməyə, zəifləməyə qoymamış, bu musiqinin milli ənənələrinin dərinləşməsinə səbəb olmuşdur.

Bəstəkar kantata janrının demokratik təbiətini, bu janrın birliyə, mütəşəkkilliyə, kütləviliyə güclü təsir göstərən cəhətlərinin Azərbaycan bəstəkarları tərəfindən layiqincə dərk olunmasına çalışmışdır. Təsadüfi deyildir ki, bəstəkar kantatalarında kütləvi mahnı janrının himn və marşların forma təşəkkülü prinsipindən, çevikliyindən metro-ritmik xüsusiyyətindən, münasib ifadə tərzindən çox faydalançışdır. Bəstəkar kantatalarında doğma musiqi folklorunun bir sıra mühüm cəhətlərini intonasiya quruluşunu həmin vasitələrlə dərindən əlaqələndirmiş və orijinal vokal-instrumental musiqi dilinə nail olmuşdur.

Qara Qarayev kantatalarında qüdrətli musiqi dramaturqu kimi də özünü təsdiq etdirmişdir. Bəstəkarın üstünlük verdiyi mühüm dramaturji priyom təzadlı qarşılaşdırma prinsipi onun kantatalarında da gözəl nəticə vermişdir. Bəstəkar təzadlı qarşılaşdırma prinsipindən həm kantatalarının hissələrinin bir-birinə münasibətində, həm də onların daxilində istifadə etmişdir. Dörd hissədən ibarət olan “Xoşbəxtlik mahnısı” bu baxımdan çox səciyyəvidir. “Zamanın bayraqdarı”, “Dostluq himni” kantatalarındakı bölmələrin mövzuları bir-birindən fərqli xüsusiyyətləri ilə buradakı xor partiyalarının əsl simfonik musiqili müşayiət ilə qarşılaşdırılması əsərlərin dinamik gərginliyini, onlardakı obrazların fəallığını şərtləndirən ən önəmli dramaturji priyomlardır. B.Asafyev qeyd edir ki, musiqi dramaturgiyasının çevikliyi ağır və iti templərin bir-birini əvəz etməsi, modulyasiyanın planlı şəkildə qarşılaşdırmasından deyil, dinləyiciləri eyni zamanda dinləyicilərin diqqətini istiqamətləndirmək üçün musiqisinin hər hansı formalarından və elementlərindən istifadə etməklə əlaqədardır. 3

Qara Qarayevin musiqi dramaturgiyası məhz bu nöqteyi-nəzərdən çox önəmlidir. Bəstəkar istifadə etdiyi ədəbi mətnin, süjetin mahiyyətini, məzmun və xarakterini çox böyük ciddiyyət və məsuliyyətlə qoruyub saxlamış, onu daha da mənalandırmaq, musiqidə yüksək bədii ümumiləşdirmə səviyyəsinə qaldırmaq məharəti vardır. O, kantatalarında bu yüksək sənətkarlıq keyfiyyətini bütünlüklə nümayiş etdirmişdir. Bu əsərlərdə mətnlə musiqinin qarşılıqlı əlaqəsi vahid şəkildə nəzərə çarpır. Hətta bəzən obrazın əsas fikrin tələbindən irəli gələn müəyyən düzəltmələrə də yol verir. Məsələn, mətndəki hər hansı ifadənin lazım olduqda eyni cümlə ilə bir neçə dəfə təkrarlanması xarakterik cəhətlərdəndir.

Məlum olduğu kimi mətn və melodiya arasındakı bu kimi qarşılıqlı əlaqə xalq mahnı, muğam və aşıq musiqi ifaçılığında geniş yayılmış prinsiplərdəndir.

Qara Qarayev kantatalarında melodik harmonik dilin zənginliyi, xor və orkestr partiyalarının orijinallığı, onların üzvü əlaqəsindən meydana çıxan monumentallıq və digər cəhətlər müəllifin bir bəstəkar kimi hansı xüsusiyyətlərə malik olduğunu tam şəkildə aşkar edir. Bu bir daha onu sübut edir ki, Qara Qarayev müraciət etdiyi hər hansı bir musiqi janrına olduqca məsuliyyətlə yanaşır, mövzu aktuallığına xüsusi diqqət yetirir. Digər tərəfdən bəstəkar qarşısında duran vəzifəni və məqsədi mümkün qədər düzgün yerinə yetirmək üçün yeni ifadə vasitələri və üsulları axtarıb tapır.

Bəstəkar daim aydın, təsirli musiqi dilinə nail olmağa çalışır. Buna görə də onun hər bir əsərinin o cümlədən yetkin yaradıcılıq məhsulu olan kantatalarının meydana çıxması həmişə ciddi maraq doğurmuş, bəstəkarın davamçılarının sayının artmasına səbəb olmuşdur. Azərbaycanda kantata və oratoriya janrlarında meydana çıxan əsərlərin əksəriyyətində Qarayevin kantatalarının müəyyən istiqamətverici təsiri və rolu olmuşdur. Bu da böyük sənətkarın qüdrətli sənəti üçün əlamətdar keyfiyyətlərdən biridir. Belə ki, Qara Qarayev musiqisinin Azərbaycan musiqisinin ən qüdrətli nümayəndələrindən biri kimi bu musiqinin bütün nəsillərdən olan nümayəndələrində böyük maraq doğurmuş, öz orijinal və çoxcəhətli yaradıcılığı ilə çoxlarının yaradıcılıq inkişafına səmərəli təsir göstərmişdir.


1. Şostakoviç “Əla bəstəkarlıq məktəbi”. Ədəbiyyat və incəsənət” qəzeti. 14.12.1957

2. Qara Qarayev “Əsrlərin sönməz məşəli”. Ədəbiyyat və incəsənət qəzeti. 12.11.1966

3. Ярустовский Б. Драматургия русской оперной классики. М., 1952, с. 194

ƏDƏBİYYAT:

1. Абезгауз И. Кара Караев. Советская музыка. 1956

2. Карагичева Л. Кара Караев. М., 1960

3. Мамедова Б. О некоторых чертах гармонического языка Кара Караева. Б., 1959

4. Qara Qarayev “Əsrlərin sönməz məşəli”. Ədəbiyyat və incəsənət qəzeti. 12.11.1966

5. Şostakoviç “Əla bəstəkarlıq məktəbi”. Ədəbiyyat və incəsənət” qəzeti. 14.12.1957

6. Ярустовский Б. Драматургия русской оперной классики. М., 1952