"Musiqi dünyası" № 1 (74) 2018

Article №3; 7889 - 7893 pр.
İqbal Orucov. XX əsrdə fleyta ifaçılığında yeni ifa üsulları və ştrixlər
Text PDF

Taxta nəfəsli alətlər sırasında qədimliyi ilə seçilən fleyta aləti uzun müddətli tarixi inkişaf yolu keçmişdir. Fleytanın sələfi sayılan taxta nəfəsli alətlər əksər xalqların musiqi mədəniyyətində mövcud olmuşdur. Tarixin müxtəlif mərhələlərində çoxsaylı təkmilləşdirmələrə məruz qalmış fleyta alətinin müasir dövrdə çəpəki növü istifadə olunur. Fleyta alətinin təkmilləşməsi onun üçün yaranan repertuarın da zənginləşməsinə səbəb olmuşdur. Nəticədə fleyta ifaçılığı peşəkar səviyyəsinə yüksələrək, müasir dövrün istedadlı musiqiçiləri tərəfindən təbliğ olunur.

Fleyta alətində ifaçılıq mədəniyyəti alətin özü kimi qədim tarixə malik olsa da, müəyyən mərhələlərdə bu proses sadəcə empirik xarakter daşımışdır. Müasir dövrdə fleyta ifaçısının timsalında sadəcə yüksək texniki hazırlığı olan fleytaçı deyil, hərtərəfli inkişaf etmiş, savadlı, yaradıcı musiqiçi nəzərdə tutulur.

Fleyta ifaçılığı müasir dövrdə inkişaf etdikcə, alətin bədii, texniki, akustik, tembr və s. imkanları bəstəkarlar tərəfindən daha geniş şəkildə dəyərləndirilir. Müasir bəstəkar yaradıcılığı yeni texniki ifadə vasitələri ilə zənginləşdikcə, fleyta üçün yazılan əsərlərdə yeni ifa üsulları və ştrixlər də yer almağa başlayır. Müasir dinləyicinin zövqünü, estetik tələblərini ödəmək üçün fleyta ifaçıları bütün yeni ştrixləri, ifa üsullarını mənimsəməyə, müasir əsərlərə müraciət edərək öz ifaçılıq ustalığını daha da artırmağa çalışır. Bu məsələ müasir ifaçılığın aktual mövzularından biri olduğu üçün fleyta alətində yeni ifaçılıq üsulları və ştirxlər haqqında bir qədər geniş məlumat verməyi mühüm hesab edirik. Qeyd etmək lazımdır ki, bu barədə rus və Avropa musiqişünaslığında bir sıra metodik vəsaitlər ortaya çıxmış, çoxlu sayda video dərslər, internet resursları yaranmışdır. Məqalədə bu mənbələrə də istinad edilmişdir.

Fleyta alətinin təkmilləşməsi müxtəlif mərhələlər keçdikcə, bu alət üçün yazılan əsərlərin sayı da artmışdır. Təbii ki, hər mərhələdə alətin bədii və texniki imkanlarının genişlənməsi onun üçün yazılan əsərlərdə öz əksini tapmış, ifaçılıq mədəniyyəti yüksəlməklə yanaşı, yeni-yeni ifa üsulları və ştirxlər yaranmışdır. Baxmayaraq ki, müasir fleyta T.Bömün rekonstruksiyasından sonra güclü dəyişikliyə məruz qalmamışdır, bu gün də alət üzərində işlər aparıılır. Bu təkmilləşdirmələr isə ilk növbədə alət üçün yazılmış müasir əsərlərdə yer alan müxtəlif ifa üsulları ilə bağlıdır.

Fleytada yeni ifa üsulları və ştrixlər sırasında qlissando, vibrato və smorzato, trel və tremolo, frullato, slap-tongue və ya pissikato, whistle tones (fit səsləri), klapanlarla zərbə, truba ambuşuru, müştüklə ifa və s. qeyd etmək olar.

Qlissando fleytada dəliklərin yavaş və tədricən açılıb bağlanması vasitəsilə əldə olunur. İfaçı barmağını əyərək tədricən dəliyi açır. Sonra barmaq ucluğa toxunmaq şərtilə klapanların köməyilə qlissando ifa olunur. Qeyd etmək lazımdır ki, qlissando dəlikli fleytalarda daha mükəmməl ifa olunur. ¼ tonlu kiçik qlissandolar barmaq dəyişmədən sürətli ifa olunur. Bu, ambuşurun köməyi ilə, daha doğrusu dodaqların sıxılma dərəcəsinin dəyişməsi ilə baş verir, Qlissandonun daha bir ifa üsulu fleytanı çevirməklə əldə olunur.

Vibrato və smorzato – bu üsul ifaçılara yaxşı tanışdır. Bu üsul vasitəsilə səs tembri yeni boyalar əldə edir. Fleytada 3 növ vibrato ifa etmək mümkündür. Onlardan biri diafraqma vasitəsilə əldə olunan vibratodur. Bu zaman səsin yüksəkliyi deyil, gücünün titrəməsi baş verir. Bu üsulu musiqiçi daha rahatlıqla ifa edir, musiqi əsərinin tələbindən asılı olaraq onu istədiyi an başlada və ya sonlandıra bilir. Boğaz vasitəsilə vibrato daha geniş yayılmışdır. Boğazla hərəkətin sürət və amlitudası rahat tənzimləndiyi üçün vibratonun ifası daha kamil alınır. Dodaq və ya smorzato vasitəsilə vibrato isə dodaqların bir-birinə sıxılmasından asılı olaraq əldə edilir. Müasir əsərlərdə bu üsul vibrato lento, vibrato rapido, non vibrato kimi də qeyd olunur.

Trel və tremololar demək olar ki, bütün musiqi alətlərində ifa olunan üsullardandır. Müasir musiqidə bu üsul olduqca zənginləşmişdir. Fleytada bu üsulun 1/4 tonlu, tembr (bisbigliando), fiqurlu, ikiqat, multifon, həmçinin klapanlarla zərbə vasitsilə ifa olunan növləri mövcuddur. Fleyta nəfəsli alətlər içərisində ən virtuoz alət olduğu üçün, bu trellərin ən yaxşı ifası məhz onun ifasında daha mükəmməl səslənir. Maksimal sürət əldə edə bilmək üçün isə tremolo kvartanı aşmamalıdır. Kvintadan başlayaraq ifaçının sürəti tədricən aşağı düşür. Oktava və daha artıq məsafədə isə tremolo ifa etmək olduqca çətinləşir. İkiqat trellər də adi trel kimi ifa olunur, sadəcə səslərin növbələşməsi fərqli applikatura ilə yerinə yetirilir.

Frullato (italyancadan-fit səsi) fleytada iki üsulla həyata keçirilir: dil və boğaz vasitəsilə. Bu ştrix ilk dəfə rus bəstəkarı P.İ.Çaykovski tərəfindən istifadə olunmuş, daha sonra populyarlaşmışdı. Müasir əsərlərdə bəstəkarlar bu ştrixsiz keçinmir. Dil vasitəsilə frullato ifa olunarkən aşağı və orta registrdə incə səslənmə əldə olunur. Boğaz vasitəsilə frullato ifa olunarkən isə aşağı və orta registrlərdə yüngül ifa əldə olunur, detache passajlarda xüsusilə səs keyfiyyəti itmir, lakin yuxarı registrdə ondan istifadə etmək olduqca çətindir. Buna görə yuxarı registrdə frullato ifa edərkən dildən istifadə etmək daha məqsədəuyğundur. Frullatonun səssiz növü də var ki, bu küy effekti daşıyır.

Slap-tongue və ya Pizzicato caz ifaçılara daha yaxşı tanışdır. Bu ştirxdən xüsusilə klarnet və saksafon ifaçıları geniş istifadə edir. Fleyta üçün pizzicato termini daha xarakterikdir. Pizzicato dil vasitəsilə “te” hecasını səsləndirməklə yaranır. Bu zaman hava alətə daxil ola bilmir. Daha sürətli pizzicato “ke” hecası ilə əldə olunur. Beləliklə də ikiqat pizzicato “teke-teke”, üçqat pizzicato isə “tekeke-tekeke” hecaları ilə yaranır. Bu zaman ifaçı üçün cətinlik törədən məqam nəfəs ala bilməməsidir. Buna görə belə pizzicato-ların uzun müddət tətbiqi arzuolunmazdır. Bu üsul birinci oktavanın “c” səsi ilə üçüncü oktavanın “c” səsi arasında klapanların zərbəsi ilə daha mükəmməl alınır.

Dodaq vasitəsilə də pizzicato mümkündür. Bu zaman dodaqlar əvvəlcə möhkəm sıxılır, daha sonra yüksək hava axını ilə açılır və sanki “pa” hecası səslənir.

Tongue-ram (sıxılmış dil mənasını verir) ifa etmək üçün dili üfürmə boşluğunu bərk sıxmaq lazımdır. Bu zaman fleytanı içəri doğru çevirmək, dili isə üfürmə boşluğuna dərin yerləşdirmək lazımdır. Bu zaman boğluğa sürətlə dolan hava axını istifadə olunan applikaturadan b.7 aşağı səs yaradır. Bu üsulu aşağı registrdə tətbiq etmək doğru olar. İkinci oktavanın “dis” səsindən yuxarı da yaratmaq olar, lakin bu zaman septima aşağı səs demək olar ki, eşidilməyəcək. Tan-remləri ardıcıl olaraq da istifadə etmək olur.

Fleytada fit verən səslər üçün tətbiq olunan üsul whistle tones adlanır. Onu əldə etməyin iki üsulu vardır. Hər hansı bir applikaturada əks-səda tətbiq etmək olar, bu yuxarı registrdə daha yaxşı alınır. İkinci üsul aşağı notlarda applikatura istifadə etməkdir. Buradakı fit səsləri daha çox obertonlar kimi qavranılır. İlk zamanlar bu üsul fleyta ifaçıları üçün bir çalışma xarakteri daşıyırdı. Müasir musiqidə isə yeni tembr effektləri yaratmaq üçün bu üsuldan əsərlərdə istifadə olunmağa başladı.Onun müxtəlif növləri vardır: jet whistle, aeolian sounds və s.

Müasir əsərlərdə geniş istifafə olunan üsullardan biri də klapanlar vasitəsilə zərbədir. Birincisi, barmaq klapana hər hansı bir notdan sonra növbətiyə zərblə toxunur. İkincisi isə, ifa zamanı digər sərbəst barmaq klapana zərblə toxundurulur. Bu, uzun ölçülü not çalınarkən digər əl klapanlara zərblə toxundurmaqla da həyata keçirilir.

Truba ambuşuru vasitəsilə çalğı fleyta ifaçısının dodaqlarının sıxılması mis nəfəslilərdə olduğu kimi gərginləşməsi nəticəsində əldə olunur. Oxuyaraq çalğı isə ifaçının öz səsi ilə fleytanın səsinin qovuşması nəticəsində yaranan yeni tembr boyalarının yaranması ilə əldə olunur. Müştüklə ifa zamanı fleyta ikinci oktavanın “gis”, birinci oktavanın “lya” səslərini ifa edir. Bu, bir neçə üsulla baş verir: müştüklə ifa, müştük əllə örtülür, müştük bütünlüklə örtülür, müştükün tədricən örtülməsi, müştükün barmaqla tədricən açılması. Müştük vasitəsilə müxtəlif trel və qilssandoların da ifası mümkündür.

Sirkulyar nəfəs müasir ifaçılıqda geniş tətbiq olunur. Lakin onun hələ İ.S.Baxın əsərlərində tətbiqinə dair mənbələrdə məlumat verilir. Fleytada bu ifa üsulu digər nəfəslilərə nisbətən daha çətin alınır. Çünki bu zaman ağız boşluğuna yığılan havanın burundan eyni zamanda nəfəs almaq şərtilə sıxılması baş verir. Bu ifa üsulunu düzgün həyata keçirmək üçün ifaçılara bir neçə məşq təklif edilir. İlk növbədə ambuşurun hazırlanması baş verir. Bunun üçün yanaqları tam boşaldaraq nəfəs yığmaqla hər üç registrdə uzun ölçülü notları ifa etmək lazımdır. İfa zamanı havanı verən zaman dodaqların bir qədər açılmasına nəzarət etməklə səsi stabil saxlamağa çalışmaq lazımdır. Bu çalışma yanaqların boşalması və hava verməsi məqsədilə həyata keçirilir və səsin keyfiyyəti o qədər də önəmli olmur. İkinci mərhələ həmin üsulu həyata keçirərkən üst dodağın yuxarı dişlərə doğru duruşunu təmin etməkdir. Bu zaman stabil ambuşura və səsin uzun müddət saxlanılmasına nail olunur. Üçüncüsü isə, uzun ölçülü notları ifa edərkən yanaqları boşaltmaq və tədricən ora hava yığmaq, daha sonra yenidən yanaqları gərginləşdirmək və əvvəlki pozisiyaya qaytarmaq lazımdır. Bu çalışma bütün registrlərdə həyata keçirilir.

İkinci çalışma nəfəsin sirkulyasiyasıdır. Bu çalışmada ilk 4 mərhələ alətsiz həyata keçirilir. Əvvəlcə ağız bağlanır və yanaqlar şişirdilir. Bu vəziyyətdə burunla nəfəs alınmalıdır. Sonra hava tədricən ağızdan boşaldılır. Bundan sonra burun vasitəsilə nəfəs alınır, yanaqlar şişirdilir və asta-asta ciyərlər boşalana qədər nəfəs verilir. Bir neçə dəqiqə fasilədən sonra çalışma təkrarlanır. Daha sonra bu proseslər alət üzərində həyata keçirilir.

Qeyd etmək lazımdır ki, bütün bu sadalanan və digər ifa üsulları, ştrixlər bəstəkarlıq texnikasının müxtəlif mərhələlərdə inkişaf istiqamətləri, musiqidə yaranan müxtəlif təmayül və tendensiyalarla birbaşa bağlıdır. Bəstəkar yaradıcılığı yeni texniki vasitələrlər, üsul və metodlarla zənginləşdikcə, öz təsirini ifaçılıq mədəniyyətinə də göstərmişdir. Bu proses XX əsrdə daha da sürətlənmiş, avanqard, dodekofoniya, seriya, sonoristika və s. kimi müxtəlif yazı texnikalarının yaranması fleyta alətində yeni ifa üsulları, ştirxlər, tembr boyaları və s. yaranması ilə səciyyələnmişdir. Bu proses həm də fleyta repertuarında yeni ifa üsulları və metodları, rəngarəng ştirxlərlə zəngin əsərlərin yaranmasına da təkan vermişdir. XX əsrin ortalarından başlayaraq fleyta üçün nəzərdə tutulan eksperimental əsərlər daha sonra konsert, müsabiqə və tədris repertuarlarına salınmaqla həyata vəsiqə qazanmış, yeni nəsil bəstəkarlar üçün yaradıcılıq laboratoriyasına çevrilmişlər. XXI əsrdə bu ifa üsulları artıq alətdə qeyri-adi səs effektləri, tembr boyaları yaratmaq naminə deyil, müəllifin əsas ideyasını gerçəkləşdirən ifadə vasitələri sırasında çıxış edir. Bu sahədə araşdırma aparılması isə həm bəstəkarlar, həm də ifaçılar üçün gərəkli metodik vasitə ola bilər.

İstifadə edilmiş ədəbiyyat

1. Искендеров А.М. Стилевые и исполнительские особенности произведений для флейты. Б:Адилоглы, 2002, 194 с.

2. Абдуллаев А.Д. Очерк истории исполнительства на духовых инструментах европейского типа. Б:Адилоглы, 2003, 204 с.

3. Кожухарь В.А. Инструментоведение. Симфонический и духовой оркестры. Уч.пос. М: Плаента музыки, 2009, 320 с.

4. Ю.Волков, Н.В. Теория и практика искусства игры на духовых инструментах. Монография / Н.В. Волков.- М.: Академический Проект; Альма Матер, 2008. —- 399 с.

5. Квашнин, К.А. Сонористика и исполнительство на духовых инструментах. / К.А. Квашнин. Самара: СГАКИ, 2004. - 69 с.

6. Левин, С.Я. Духовые инструменты в истории музыки. / С.Я. Левин.- Л.: Музыка, 1973. 4.1. - 263 с.

7. Левин, С.Я. Духовые инструменты в истории музыки. / С.Я. Левин.- Л.: Музыка, 1983. 4.2. - 190 с.

8. Новые приёмы игры на флейте. Хрестоматия. — М.: НИЦ МК, 2005.-69 с.

9. Новые приёмы игры на флейте. Составитель О.И.Танцов. — М.: НИЦ МК, 2011.-80 с.