"Musiqi dünyası" № 1 (74) 2018

Article №5; 7908 - 7915 pр.
İradə ABBASOVA. Musiqi mədəniyyətinin inkişafında fortepiano duetləri
Text PDF

Dünya instrumental ansamblının geniş ədəbi repertuara malik məşhur duetləri sırasında fortepiano dueti XIX əsrdə meydana çıxmışdır. Bu janrın təşəkkülü və inkişafının bir sıra səbəbləri var idi. Klavesin və klavikord alətlərinin öz ifaçılıq imkanlarını tədricən itirməsi, artıq zəmanənin tələblərinə cavab verməməsi fortepiano alətinin meydana çıxması ilə nəticələnir.

Əvvəlkilərlə müqayisədə yeni alətin geniş diapazonu və səslənmə imkanları bu alətdə artıq tək ifaçının deyil, iki ifaçının çalğısını da mümkün edirdi. İki fortepianoda çalmaqla fortepiano alətinin yeni-yeni səs və registr boyaları meydana gəlirdi. Bu isə musiqidə yaranan homofon-harmonik üslub üçün yenilik idi.

Odur ki, dörd əl üçün nəzərdə tutulmuş fortepiano ansamblının inkişafı sürətlə gedirdi. Artıq XIX əsrin ortalarında bu janr musiqinin ən sevilən formalarından birinə çevrilir. Fortepiano duetinin məşhurlaşmasının başqa bir səbəbi onun demokratikliyində idi. Fortepiano aləti, ümumiyyətlə istər məişətdə, istərsə də konsert estradasında musiqi həyatının ayrılmaz bir hissəsinə çevrilmişdi. Bu alətdə həm solo ifa, həm də müxtəlif ansambllar mümkün idi.

XIX əsrin sonlarına doğru fortepiano duetinin daha bir xüsusiyyəti meydana çıxdı. Dördsəsli faktura vasitəsi ilə meydana çıxan duet nümunələrində orkestr effektləri əldə etmək mümkün olurdu. Tam səsli “tutti” ifa, səs hasilinin müxtəlif üsulları (legato, non legato, staccato və s.), orkestr qruplarına xas olan bir sıra tembr xüsusiyyətlərini fortepiano dueti vasitəsi ilə yaratmaq mümkün idi. Qeyd olunanlar orkestr əsərlərinin fortepiano dueti üçün işləmələrinə gətirib çıxarırdı.

Orkestr əsərlərinin fortepiano ansamblı üçün işləməsi fortepiano duetinin həm də musiqili - maarifçilik funksiyasını artırırdı. Simfoniya, opera kimi müxtəlif janrlı əsərlərdən məşhur musiqi parçalarının dörd əl üçün işlənməsi meydana çıxır. Y.Haydn, V.A.Motsart, L.Bethoven, F.Mendelson, R.Şuman, İ.Brams, F.List, P.İ.Çaykovski və digər bəstəkarların sonata, simfonik poema və oratoriyalarının, R.Vaqner və C.Verdinin operalarının məşhur musiqi fraqmentləri buna misaldır. Bir sözlə, dörd əl üçün işləmələr XIX əsrin instrumental musiqisində dəbdə idi. Fortepiano duetinə olan olan hədsiz maraq gündən-günə artırdı.

Qeyd edək ki, iri həcmli əsərlərin dörd əl üçün işləmələri XX əsrdə öz mənasını qoruyub saxlayır. Hər yeni dövr fortepiano duetinin daha da zənginləşməsinə öz təsirini göstərirdi. Yeni dövrdə bəstəkarlar artıq öz əsərlərini fortepiano dueti üçün həm işləyir, həm də bu janr üçün xüsusi, orijinal nümunələr yaratmağa başlayırlar. İ.Brams - “Macar rəqsləri”, A.Dvorjak - “Slavyan rəqsləri”, J.Bize - “Uşaq oyunları”, K.Debüssi - “Kiçik süita”, M. Ravel - “Matuşka - qusınya” pyesi və digər nümunələr buna misaldır.

XX əsrin birinci yarısından başlayaraq bu janra münasibət dəyişir. I dünya müharibəsindən sonra dörd əl üçün musiqi yeni dövrün sosial dəyişiklikləri səbəbindən bədii maraqların diqqətini artıq cəlb etmirdi. Lakin nisbətən sonralar barokko dövrünün musiqisinə yenidən maraq oyanır, XVII – XVIII əsrin musiqisi fortepiano duetlərində dirçəlir. Bununla da fortepiano dueti yeni kamera - ifaçılıq xüsusiyyətləri ilə zənginləşir.

Son bir neçə onillik ərzində fortepiano dueti konsert estradasında müstəqil janr kimi özünü göstərir. Dünya musiqi təcrübəsinə nəzər saldıqda görürük ki, ifaçılığın məhz bu sahəsinə üstünlük verən çoxlu sayda peşəkar duet cütlüyü vardır. Bununla yanaşı, Avropa və ABŞ-nın ən məşhur solistləri, piano ifaçıları öz konsert proqramlarına fortepiano duetlərini daxil edirlər. Bu mənada Artur Şnabel və oğlu Karl – Uilrixlə, Paul Badura-Şkoda və Yorq Demusla, Cerald Mur və Rut Merma ilə, Bencamin Britten və Svyatoslav Rixter ilə birgə çıxışları yaddaqalandır.

Rusiyada fortepiano duetinin populyarlaşmasında Viktoriya Postnikova və Gennadi Rojdestvenskinin, Aleksey Lyubimov və Aleksandr Baxçiyevin fəaliyyəti məhsuldar olmuşdur.

Azərbaycanda bu sahə XX əsrdən etibarən A.Mailova, İ.Plyam, Y.Perevertaylo, M.Dilbazi, Y.Axundova, Ü.Hacıbəyova, G.Rzayeva kimi fortepiano ifaçılarının diqqətini cəlb etmişdir. Azərbaycan bəstəkarlarının müxtəlif janrlara aid əsərlərinin, o cümlədən opera, operetta, musiqili komediya, müzikl, balet, solo alətlər üçün yazılmış nümunələrin iki fortepiano işləmələri musiqi təcrübəsində geniş tətbiq olunmaqdadır.

Belə işləmələr içərisində Üzeyir Hacıbəylinin “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları, Əfrasiyab Bədəlbəylinin “Söyüdlər ağlamaz”, “Nizami” operaları, Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operası, Qara Qarayevin “Çılğın qaskoniyalı” müzikli, Fikrət Əmirovun “Min bir gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletləri, Azər Rzayevin “Hacı Kərimin aya səyahəti” operettası, Adil Bəbirovun fortepiano üçün “Prelüd-skertso”sunun fortepiano işləməsi xüsusi yer tutur.

Fortepiano ansamblı bu gün həm ifaçılarımızın, həm də bəstəkarların diqqət mərkəzindədir. Fortepiano ansamblı - kamera ansamblı və konsertmeyster sinfi ilə birgə ixtisas fənlər kompleksinin əsas tərkib hissəsi olaraq, pianoçunun inkişafına kömək edir.

Fortepiano ansamblı pianoçunun ifaçılıq fəaliyyətində ən vacib yer tutur. Ona görə ki, ansambl - musiqi ifaçılarında ardıcıl və məqsədyönlü ansambl ifasının tərbiyə olunmasını tələb edir. Fortepiano ansamblının ifaçıları əsəri öyrənmək prosesi zamanı elə keyfiyyətlər əldə edirlər ki, öz partiyalarındakı tamlığın bir hissəsi kimi eşitmək bacarığı ilə yanaşı, həm də bütövlükdə ansamblı hiss etmək, yeri gəldikdə əsərin ədəbi fikrinin üzərində işləmək, birgə fəaliyyət əldə etmək və ifaçılıq prosesinə onu yeritmək bacarığı əldə edirlər.

Hər bir duetin tədris planına orijinal ansambl əsərləri ilə bərabər, Azərbaycan və xarici bəstəkarların, rus və Qərbi Avropa klassiklərinin iki fortepiano üçün köçürmələri və işləmələri, müxtəlif janr, forma və üslubda yazılmış əsərlər daxil edilir.

Məlum olduğu kimi, ansambl sözünün mənası öz əsasını fransız sözü olan “ensemble” – “birgə ifa”dan götürür. Birgə ifa arasındakı həmahəngliyə ansambl deyilir. Fortepiano duetində ifaçılar ilk növbədə ifa etdikləri əsərin ideya-bədii xüsusiyyətlərini duymalı, müəllifin niyyətini açmalı, sonra isə öz imkanı daxilində dinləyicilərə bu məziyyətləri bədii obrazlar vasitəsilə çatdırmalıdır.

İndi isə fortepiano repertuarı barəsində söz açaq. Bu günə qədər fortepiano duetinin repertuarı kifayət dərəcədə zənginləşmişdir. R.Koçantenin “Notre Dame de Paris” əsərindən “Belle” mahnısının iki fortepiano üçün işləməsi pianoçuluq təcrübəsində klassik nümunələrdən hesab olunur. İ.S.Baxın orqan üçün bəstələdiyi “Tokkata və fuqa” d-moll məşhur əsərində hər bir notun çəkisi ilə diqqəti cəlb edən ecazkar musiqi individual xətt yaradır. Bu əsərlərin iki fortepiano üçün işləməsi musiqi obrazını tamamlayır, onu daha da qabarıq edir, əsərin bədii mənasını anlamaq üçün ifaçılara dərindən kömək edir.

Fortepiano musiqi aləmində yaddaqalan kompozisiyalardan biri olan R.Koçantenin - “Notre Dame de Paris” əsərinin kompozisiyası quruluş etibarilə üç hissəlidir. Əsər hər iki fortepiano partiyasının girişi ilə başlayır. Tempdə “Ad libitum” ifa nəzər çarpır. Qeyd edək ki, bu məşhur əsərin iki fortepiano üçün işləməsi maraqlı şəkildə təqdim olunmuşdur. Pyesin lirik xarakterli melodiyası birinci fortepianoya, müşayiət isə ikinci fortepiano partiyasına həvalə edilmişdir.

Orta mövzu es-moll tonallığındadır. Onun əsas xüsusiyyəti sürətin artırılması (con moto) və ikinci fortepiano partiyasının fəallaşması ilə maraq doğurur. Bu partiya arpecioların geniş istifadəsi ilə diqqəti cəlb edir . Bu zaman akkordun bəm səslərdən başlayaraq ardıcıl ifasına diqqət edilməlidir. Sonra isə mövzunun yerdəyişməsi verilir. Melodiya ikinci fortepianoya, müşayiət isə birinci fortepiano partiyasına həvalə edilir.

Barokko dövrünün dahi nümayəndəsi olan İohann Sebastyan Baxın “Tokkata və Fuqa”sındakı (d-moll) geniş fantaziya, patetika, epik, dramatik və lirik ifadə vasitələri fortepiano duetində ecazkar səslənir. “Tokkata və Fuqa” əsərinin ideya gücü, obrazların mənəvi zənginliyi həm vüsət, həm də ideya-emosional məzmununa görə əzəmətli sənət nümunəsidir.

Ümumiyyətlə, Baxın orqan və klavir üçün prelüd, fuqa, fantaziya, tokkata və variasiyaları fortepiano dueti kimi maraqlı səslənir. Çünki Bax əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən biri olan polifonik inkişafın təkmilliyi, ifadə vasitələrinin zənginliyi və xüsusən harmonik dilin təsirliliyi fortepiano dueti üçün müvafiqdir. Bəstəkarın dünya musiqi tarixində mühüm əhəmiyyətə malik “Tokkata və Fuqa” əsəri isə həm Qərbi Avropa polifoniya üslubunun zirvəsi, polifoniya ustalığı məktəbidir, həm də Bax bu kompozisiyasında klavişli musiqi alətini (orqan, klavir) təkmilləşdirmişdir. Klavir alətinə belə yanaşma ansambl qismində xüsusilə maraq doğurur.

“Tokkata və Fuqa”nın fortepiano işləməsinin giriş hissəsi Adajio – aramla, ff ifa olunmalı və orqan səslənməsi yaratmalıdır. Hər iki fortepiano partiyasının birgə ifası zamanı musiqinin vaxt etibarilə tam səslənməsi arasında müvazilik əldə etmək lazımdır. Aradakı fermato – dayanmalara dəqiq riayət olunmalıdır.

Molto pesante - əks.VII septakkordun çox ağır yuxarı hərəkətindən sonra iti sürətlə, aydın tərzdə tokkata hissəsinə başlamaq lazımdır. Tokkata – motor xarakteri daşıyır. Qısa, bərabər ölçülü (onaltılıq, triol qruplaşmaları), tez tempdə, zərbli texnika üzərində qurulub. Çünki “Tokkata” sözünün mənası italyanca “toccare” – klavişli alətdə çalmaq deməkdir. Baxın tokkatası sərbəst formaya malikdir. Cəld fiqurasiyaların, reçitativ və akkordlu epizodların növbələşməsi üzərində qurulmuşdur.

Fuqa – ikinci fortepianoya həvalə olunmuşdur, təksəsli başlayır. Onu tələsmədən, ritmik cəhətdən dəqiq, tempin bir sürətdə, orta olmasına diqqət yetirmək lazımdır. Fuqa imitasiya üsulu ilə birinci fortepiano partiyasında davam və inkişafını tapır və çoxsəsli polifonik tərzdə davam etdirilir. Fuqa quruluşuna görə üç hissəlidir. I hissə - ekspozisiya, II hissə - işlənmə, III hissə - reprizadır. Ekspozisiyada mövzu göstərilir. İşlənmədə onun əsasında inkişaf daha sərbəst şəkildə qurulur. Burada mövzu kontrapunkt və modulyasiyalı inkişafa məruz qalır. Reprizada isə mövzu əsas tonallıqda öz təsdiqini tapır.

İki fortepianoda ifa etmək üçün adı qeyd olunan əsərlərin ansambl işləmələri faktura cəhətdən əlverişli və pianistikdir və bədii ideyanı həyata keçirməyə tam şəkildə imkan verir. Müəyyən texniki və interpretasiya məsələləri iki pianoçu arasında eyni çətinliklə bölünür.

Qeyd etmək lazımdır ki, ideyanı, bədii obrazı əks etdirmək ifaçının pianoçuluq məharətindən asılıdır. İfaçılar üçün əsəri düzgün təfsir etmək əsas şərtdir. Bununla bağlı olaraq, iki fortepiano üçün klassik irslə yanaşı, müasir nümunələr də işlənir. Qərb, rus və azərbaycan bəstəkarlarının dəyərli əsərləri iki fortepiano üçün yaradıcı şəkildə tərtib olunur. Klassik və rus ifaçılıq ənənələrinə xas melodiklik seçilən nümunələrdə diqqəti xüsusi olaraq cəlb edir.

Azərbaycan musiqisində iki fortepiano üçün işlənmiş maraqlı nümunələrin sayı çoxdur. Belə pyeslərdən olan Oqtay Rəcəbovun “Zarafat” və “Düşüncə” pyesləri aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur və məktəblilərin fortepiano dueti sinfində musiqi inkişafına kömək edir. Dadaş Dadaşovun “Prelüd” və “Etüd-skertso” əsərləri iki fortepiano üçün işlənilməklə ifaçılara Azərbaycan bəstəkarının üslub xüsusiyyətləri ilə ətraflı tanış olmaq imkanı yaradır. Emin Sabitoğlunun “Bakı, sabahın xeyir”, Xəyyam Mirzəzadənin “Yadındamı” mahnılarının iki fortepiano üçün işləmələri müxtəlif səviyyəli pianoçuluq təcrübəsini artırmaq məqsədi daşıyır. Bu mahnılara xas olan gözəl musiqi ahəngi partnyorlarda müştərək və yüksək “ansambl hissi” tərbiyə edir. Belə musiqinin ifası həm tembr təfəkkürünü, həm də müğənninin ifa etdiyi mahnını iki royalın səslənməsində eşitmək bacarığını inkişaf etdirir.

Caz musiqisindən seçilmiş nümunələr fortepiano duetində hər zaman həm orijinal səslənir, həm də maraqla qarşılanır. Andrey Eşpay və Yuriy Markininin əsərlərinin iki fortepiano üçün işləmələri ifaçılar tərəfindən həvəslə ifa olunur. Orta tədris müəssisələrində təhsil alan şagird və tələbələri dünya caz musiqisinə aid seçilmiş əsərlərlə tanış etmək üçün bu əsərlər əvəzolunmazdır.

Musiqinin müxtəlif janrlarında yazıb-yaradan Andrey Eşpayın yaradıcılığının əsas janrları simfonik əsərlər (“Simfonk rəqslər”), instrumental konsertlər (Fortepiano və orkestr üçün iki konsert, Skripka və orkestr üçün “Macar rapsodiyası”) olsa da, bu bəstəkarın dram tamaşalarına və kino filmlərinə musiqisi də diqqəti cəlb edir.

Andrey Eşpayın - “Köhnə motiv” əsəri özündə “Slowly caz” üslubunda ifanı nəzərdə tutur. Tədrici inkişaf üzərində qurulan caz kompozisiyası müəllif tərəfindən elə işlənib ki, hər iki fortepiano partiyasına caz improvizasiyası bərabər tərzdə paylanır və partiyalar arasında müvazinət, balans əldə olunur. Mövzunun yerdəyişməsi əvvəlcə birinci fortepianoda (əsərin əvvəlində), sonra ikinci fortepiano partiyasında özünü göstərir.

Caz musiqisində orijinal nümunələrdən biri də Kole Parterin “Melodiya” adlı kompozisiyasıdır. Bu əsərdə caz musiqisinin səciyyəvi xüsusiyyətlərindən böyük ustalıqla istifadə olunmuşdur. “Medium rock” – orta tempdə ifa olunan “Melodiya” - iki hissəli, kontrast obrazları ifadə edən kompozisiyadır. Onun birinci hissəsi “Reqtaym”, ikinci hissəsi isə “Svinq”dir. Reqtaymın ifası zamanı ansambl əldə etmək üçün ritmə dəqiq riayət olunmalıdır. Reqtaym ritminə xas sinkopalara diqqət edilməlidir. Svinq isə tamamilə ayrı əhval-ruhiyyəli, daha sakit və fərqli ritmik şəkil üzərində qurulub. Sinkopalı mövzu ikinci fortepiano partiyasına həvalə edilmişdir. Bu zaman birinci fortepiano partiyası müşayiət edir və akkordlu harmonik fon yaradır. Sinkopaları bu hissədə də düzgün ifa etmək vacibdir.

Vaqif Mustafazadənin “Düşüncə” və “Mart ayı” caz əsərlərinin iki fortepiano üçün işləmələrində müsbət cəhət ondan ibarətdir ki, hər partiya eyni çətinliklə yazılıb. Ümumiyyətlə, caz əsərləri iki fortepiano üçün olduğundan, bu işləmələr müasir dövr üçün lazımlıdır.

Azərbaycan bəstəkarlarının əsərlərində milli üslubu – Azərbaycan xalqının milli ruhda yazılan əsərləri ifa etmək üçün xalq musiqisinin metroritmik, melodik və lad-harmonik xüsusiyyətlərini bilmək zəruridir. Gözəl ahəng səs əldə etmək üçün musiqinin dinamik inkişafına dəqiq riayət olunmalıdır. Qeyd edək ki, musiqinin dinamik inkişafında ritmin rolu ən mühüm amilərdən biridir. İfaçılar frazaları düzgün səsləndirməyə, motivləri, periodları bir-biri ilə düzgün növbələşdirməyə, melodik frazirovkaya daha gözəl şəkildə nail olmalıdırlar.

Fortepiano duetləri üçün əsərlər xarakterinə görə elə seçilir ki, müxtəlif məzmunlu, virtuoz və koloritli olsun, bir-birindən fərqlənsin. Əsərlərin üslubu ilə yanaşı, musiqi obrazları, dinamik çalarlar, səsin keyfiyyəti, ölçü, sürət, ritmik xırdalıqlar, frazaları düzgün ayırmaq üsulu, çalğı plastikasına diqqət yetirilməlidir.

İfaçılıq prosesi fəal, yaradıcı bir prosesdir. Hər bir ifaçı fortepiano duetində öz partiyasını müstəqil öyrənməyə başlarkən, yüksək məzmuna, kamil formaya, zəngin bədii ifadə vasitələrinə yiyələnməli, bunları çatdırmağa çalışmalıdır. Bütün sadalananlar – kiçik ifaçı heyəti olan fortepiano dueti üçün yazılmış musiqi əsərlərində ansaml ifaçılarının çalğısı üçün olduqca vacibdir.

Fortepiano ansamblı üçün nəzərdə tutlmuş əsərlər ifaçıların zövqünə uyğun seçilir. Bütün işləmələr təcrübədən keçərək, bəyənilir və həvəslə ifa olunur. Bunları isə yüksək bədii əsərlər vasitəsilə inikas etdirmək mümkündür. Dinləyicilərin zövqünü oxşayan, ən yaddaqalan, həqiqi estetik zövq bəxş edən, onları gözəllik aləminə sövq edən əsərlərin iki fortepiano üçün işləmələri bu gün də konsert repertuarının bəzəyidir.

Fortepiano duetinin ansambl musiqisinə aid olması onun çoxsəsliliyini gücləndirir. Homofon –harmonik və polifonik çoxqatlı quruluş belə ansambl üçün səciyyəvidir. Birinci fortepiano əsas melodiyanı aparır, bas və orta səslər isə ikinci fortepianonun öhdəsinə düşür. Hər bir əsərdəki yüksək kulminasiya nöqtələri məzmundan asılı olaraq əsərin ortasında, yaxud sonunda, güclü və ya sakit ola bilər. İfaçılar buna ciddi yanaşmalı, dürüst çatdırmalıdırlar. Müxtəlif vəzifələr daşıyan iki fortepiano ifası birləşərək rəngarəng səslər əmələ gətirir. Onların eyni məqsədə yönəlməsi harmoniklik yaradır.

Səsin uzadılması, səslər arasında sıx əlaqə yaratmaq, çoxsəsli akkordları leqato ilə icra etmək üçün pedaldan istifadə olunur. Pedalsız səsi uzatmaq, səslər arasında sıx əlaqə yaratmaq, çoxsəsli akkordları leqato ilə icra etmək çox çətin olardı. Səsin keyfiyyətinin dəyişilməsində pedalın xüsusi rolu vardır. O, səslərin sonsuz gözəl imkanlara malik olmasını aşkara çıxarır. Pedal - fortepiano səslənməsini zənginləşdirir. Pedalizasiya məsələlərinə də diqqət etmək lazımdır. Hər iki ifaçı bir-birinin səsini eşitməli, səs çalarlarının koloritini dərindən duymalıdır.

Bəzi nümunələrdə ifadakı metro-ritmik sərbəstliyi ifadə etməyi bacarmaq lazımdır. Elə əsərlər var ki, burada ritmdəki sərbəstliyi düzgün təfsir etmək zəruridir. Vaqif Mustafazadənin “Mart” əsərini işləyərkən bu məqamlara diqqət etmək vacibdir.

Fortepiano ifasının instrumental təfsirini yaratmaq olduqca lazımlıdır. Bu əsərlərin səslənmə imkanlarını genişləndirmək, onun yeni təfsirini yaratmaq üçün E.Sabitoğlunun “Bakı, sabahın xeyir” və X.Mirzəzadənin “Yadındamı” mahnılarının iki fortepiano üçün işləmələrinə müraciət etmək məqsədəuyğundur. Bu mahnılarda elə xüsusiyyət vardır ki, sırf “ansambl hissi” tərbiyə edir, ifaçının həm də tembr təfəkkürünü inkişaf etdirməyə imkan yaradır. Məsələn, Xəyyam Mirzəzadənin “Yadındamı” əsəri bəlli olduğu kimi, səs və fortepino üçün yazılmışdır. Amma iki fortepiano üçün işlənilərək bununla da fortepiano ansamblını zənginləşdirir. Digər bir janra aid nümunələrin fortepiano təfsirinin yaradılması əsərə yeni nəfəs gətirir, onun bədiiliyini artırır, onu xüsusilə nəzərə çarpdırır.

Fortepiano dueti kamera-ansambl janrlarından biridir. Mövcud əsərlərin yeni interpretasiyasını yaratmaq, onun meydana çıxdığı dövrə aid olan üslub əmələ gətirmək, obrazlı-emosional əhval-ruhiyyəni açmaq fortepiano duetinin əsas vəzifələrindən biridir. İfaçılıqla bağlı bir sıra praktik məsələlər - müxtəlif üslublar, dinamika, aqogika, pedalizasiya, templər, harmonik dil, melodiyanın qavranması, əlaqəli çalğı, rəvan səs obrazları, səslərin ifaçılığında uyarlığa, rəvanlığa nail olmaq, vahid eşitmək ehtisasına malik olmaq – bütün bu cəhətlər dörd əl üçün fortepiano işləmələrinin başlıca məğzini təşkil edir.

İstifadə olunmuş ədəbiyyat

1. Гаккель Л. Фортепианная музыка ХХ века. Очерки. – Л.-М.: Советский композитор, 1976

2. Видные деятели фортепианной культуры Азербайджана. / Составитель Сеидов Т. – Баку: Ишыг, 1988

3. Гофман И. Фортепьянная игра. Ответы на вопросы о фортепьянной игре. – М.:Музгиз, 1961

4. Мильштейн Я. Вопросы теории и истории исполнительства. М.: Советский композитор, 1983

5. К вопросу изучения и исполнения фортепианной музыки. (Под ред. Сафаралиевой К. и Сеидова Т.). – Вып.1. – Баку: Минвуз АзССР, 1983