"Musiqi dünyası" № 3 (72) 2017

Article №4; 7809 - 7823 pр.
Tərlan Seyidov. Fərhad Bədəlbəyli. Həyat və yaradıcılıq yolu
Text PDF

SSRİ-nin və Azərbaycanın xalq artisti, Beynəlxalq müsabiqələr və Dövlət mükafatı laurearı, “Şərəf” ordeni kavaleri, professor Fərhad Bədəlbəyli – dünyanın bir çox ölkələrində adı yaxşı tanınan bir ifaçı, bir neçə nəsil pianoçular yetişdirmiş müəllim; Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın musiqi xadimləri birliyinin sədri, ictimai xadimdir. Milli musiqi incəsənətinin dönüş məqamı bu görkəmli musiqiçinin adı ilə bağlıdır.

Hər bir incəsənət tarixində təcrübələr bolluğundan sonra zaman keçdikcə yaradıcı nəticələr və mədəni dəyərlərin yaranması dövrü gəlir ki, bu dövrdə bir çox keçmiş sənətkarların axtarışları və nailiyyətləri daha tam və dolğun öz əksini tapmış olur. Belə zaman kəsiyi – incəsənətin inkişafı yollarının zirvəsini təşkil edir: bu dövrdən çox asanlıqla keçmiş şərh olunur və gələcək mənzərə açılmış olur.

Belə mərhələli dövrlərdə sənətkarların yaradıcılığı geniş məşhurluq əldə edir, öz hüdudlarından, vətəninin sərhədlərindən kənara çıxaraq ümummilli əhəmiyyət kəsb etməyə başlayır. Bu, əsas etibari ilə milli mədəniyyətin gözəl ənənələrinin aparıcı dünya incəsənəti ənənələri ilə uzlaşması nəticəsində baş verir.

Azərbaycanın ifacılıq mədəniyyətində 60-70-ci illər məhz belə dövrlərdən idi ki, bu dövr görkəmli pianoçu F.Bədəlbəylinin sənəti ilə bağlı idi. Onun çoxşaxəli yaradıcı, ifaçı, pedaqoji və musiqili-ictimai fəaliyyəti Azərbaycan pianizminin inkişafında xüsusi rol oynamışdır və öz ölkəsi hüdudlarından çox kənara çıxaraq beynəlxalq nüfuz əldə etmişdir.

Hələ o uzaq 1967 – 1968-ci illərdə 20 yaşlı gəncin istedadı nüfuzlu beynəlxalq müsabiqələrdə öz parlaq təzahürünü tapdı. Bu, bir növ hesabat məqamı olub milli ifaçılıq sənətinin dünya səhnəsində gələcək uğurlarının başlanğıcını qoydu.

1967-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq müsabiqədə F.Bədəlbəylinin uğurlu çıxışından sonra F.Əmirovun dediyi sözlər buna parlaq nümunədir. “Gənc istedadlı pianoçunun nailiyyəti şəxsi nailiyyətdən kənara çıxır. Bu, Azərbaycan ifaçılıq məktəbinin ilk beynəlxalq uğuru idi ki, bizim həmyerlimizin parlaq sənəti “vizit kartı” oldu. Gənc musiqiçi Nizaminin dağları fəth etmiş Fərhadı kimi Azərbaycan pianizmini dünyada tanıtdı”. [1] Q.Qarayevin sözlərini də yada salmamaq mümkün deyil. Artıq bir il sonra, 1968-ci ildə Lissabonada keçirilən Beynəlxalq müsabiqədə F.Bədəlbəylinin zəfərli qələbəsindən sonra Q.Qarayev demişdir: “F.Bədəlbəylinin Lissabonda məsuliyyətli yarışda qazandığı qələbə bütöv Azərbaycan musiqi mədəniyyəti üçün əsil bayram idi. Bu gün artıq biz deyə bilərik ki, Bakı “fortepiano əyaləti” kimi fəaliyyətinə son qoymuşdur”. [2]

F.Bədəlbəylinin ifaçılıq və pedaqoji sənəti sayəsində yeni şəraitdə Azərbaycanın ictimai həyatında dinləyicilərin bədii tərbiyəsində dünya və milli fortepiano klassikasının məşhurlaşmasında, həm də professional pianizmin inkişafında fortepianonun rolu həddindən çox artmışdı. Onun ifa zamanı orijinal sənəti, hüdudsuz virtuoz imkanları və nəhayət bəlkə də milli köklərdən irəli gələn ehtiraslı, coşğun artist temperamenti dinləyici kütləsini fəth edir.

F.Bədəlbəylinin ifaçılıq sənəti gənc pianoçuları beynəlxalq arenalarda öz güclərini sınamağa ruhlandırmışdır. Yeni laureatlar 7 illik fasilədən sonra, 70-ci illərin ortalarında peyda olur və indiyə qədər onların sıraları artmaqda davam edir.

Belə böyük rezonansa səbəb olan ilk uğurlarına F.Bədəlbəyli hansı yollarla nail olmuşdur? Hələ uşaq ikən, Bülbül adına orta ixtisas musiqi məktəbində A.Kələntərdən təhsil alarkən istedadı ilə özünə diqqət çəkməyi bacarmışdı. Artıq o zaman o, öz gözəl fitri istedadı ilə, uşaqlıqdan kənar inadcıl işgüzarlığı, ciddiliyi və qarşıya qoyulmuş məqsədlərə nail olması ilə fərqlənirdi. Fərhad il ildən öz yaşıdlarını qabaqlayaraq qeyri-adi sürətlə inkişaf edirdi. Bir sözlə, o, məsuliyyətlə konservatoriya mərhələsinə çox yaxşı hazırlaşmışdı.

“Mənə professor M.R.Brennerin sinifində oxumaq səadəti nəsib oldu. Bizim sinifimizdə həmişə yüksək tələbkarlıq, tələbələr arasında ciddi intizam atmosferi səmimi və xeyirxah münasibətlərlə uzlaşırdı. Bütün bunların fövqündə müəllimin yüksək nüfuzu durardı. Mayor Rafailoviç Brennerin mənim üçün etdiklərini qiymətləndirməmək qeyri-mümkündür. O, öz yetirmələrinə peşəkarlıq vərdişləri aşılamaqla yanaşı müstəqil düşünməyi, mülahizələr aparmaq hisslərini tərbiyə edir, onların yaradıcılıq fantaziyasını formalaşdırır, sonra isə bütün cəhətləri düzgün qiymətləndirməyi bacarırdı. Bu keyfiyyətlər mənə müsabiqələrə hazırlıq mərhələsində çox kömək etdi. Müəllimim mənə qələbəyə inam, inadkarlıq hissləri aşılamışdı”.

Əlbəttə ki, həm məktəb, həm də xüsusi ilə konservatoriya illərində F.Bədəlbəyli piano sənətinin sirrlərini metodik və ardıcıllıqla mənimsəmiş, virtuoz vərdişləri daha da dərinləşdirmiş, çox cəsarətlə yeni-yeni fortepiano repertuarlarına müraciət etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, hələ gənc yaşlarından, həm valideynlərinin, həm də müəllimlərinin sayəsində o, məhdud professional sferada qapanmırdı. Təssüflər olsun ki, indiki zamanda gənc müsuqiçilərin təlim-tərbiyəsi son dərəcə məhdud xarakter daşıyır. Tələbə sanki, sözün əsl mənasında seçilmiş alətə buxovlanır və onun ətrafında hər hansı bir vakuum yaranır. Bax, elə bu məsələdə də F.Bədəlbəylinin ətrafında əlverişli, münasib atmosfer yaranmışdır.

O, 1947-ci il dekabrın 27-də, məşhur rejissor, respublikanın xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. Gənc musiqiçinin yetişməsində onun əmisi – bəstəkar və dirijor, respublikanın xalq artisti Əfrasiyab Bədəlbəylinin də az zəhməti olmayıb. Yaradıcı musiqiçi kimi təşəkkül tapmasında, görkəmli dirijor, maestro Niyazinin rolu əvəzsizdir. Fərhadın sözləri ilə desək, onların daimi ünsiyyəti və müştərək çıxışları onun üçün əsl bədii dərketmə məktəbi olmuşdur.

Müəllimləri, valideynləri gənc Fərhadın müxtəlif sənət sahələrində marağını təqdir edirdi. Kitab onun ən yaxşı dostu idi, bu və ya digər əsəri estradaya çıxaranda pianoçu əsərin müəllifi haqda, onun dövrü və üslubu haqda müxtəlif mənbələrlə tanış olurdu. Gənc Fərhad qədim dünya tarixi ilə ciddi maraqlanır, hətta arxeoloq olmaq arzusu ilə yaşayırdı. Moskvaya, Leninqrada (Sankt-Peterburqa) səfərlər onun üçün sadəcə əyləncə və istirahət günləri deyildi. Ermitaja, Rus muzeyinə, Tretyakov qalereyasına, Puşkin adına muzeyə estetik “səyahətlər” onun yaddaşına parlaq, unundulmaz təəssüratlarla həkk olurdu.

Belə mənəvi “tamahkarlıq” musiqiçinin müstəqil dəst-xəttinin, fərdi yaradıcılıq yolunun formalaşmasına təsir göstərirdi. Bu cəhət özünü repertuar seçimində, bəstəkarlıq təşəbbüslərində, nəhayət pianoçuluq təcrübəsində də büruzə verir: Fərhad daha fəal konsert proqramları ilə çıxış etməyə başlayır. Daha sonra istedadlı ifaçı üçün vacib hesab edilən müsabiqələr mərhələsi gəlir. İlk sınaq o qədər də uğurlu olmur – I kurs tələbəsi üçün Marqarita Lonq adına Beynəlxalq müsabiqənin seçmə mərhələsində daha təcrübəli namizədlərlə rəqabət aparmaq, əlbəttə ki, çətin idi.

Lakin artıq bu dövr üçün Bədəlbəylinin xarakteri mətanətli və belə desək döyüşkən əhval-ruhiyyəli olur. Öz qüvvəsinə, bacarığına inanan Fərhad, müəllimi M.R.Brennerin rəhbərliyi ilə yeni müsabiqələrə hazırlaşırdı. Qarşıya yeni məqsəd qoyulmuşdu: Qrades-Kralova şəhərində keçirilən Smetana adına Beynəlxalq müsabiqədə qalib gəlmək. Fərhad bu müsabiqəyə müəllimi ilə Pyarnu şəhərində (Estoniya) gərgin iş rejimində düz 5 ay hazırlaşmışdır. Böyük zəhmət bu dəfə öz bəhrəsini verdi: 1967-ci ildə 20 yaşlı musiqiçi nüfuzlu müsabiqənin laureatı adına layiq görüldü. “Lyudova demokratiya” qəzeti F.Bədəlbəylinin “orijinal ifa tərzini, vulkanik texnikasını və “çılğın ehtirasını” xüsusi qeyd etdi. III mükafatla yanaşı, azərbaycanlı pianoçu Smetana əsərinin ən yaxşı ifası üçün də xüsusi mükafata layiq görüldü. Artıq o zaman Bədəlbəyli bir çox mütəxəssisləri qeyri-adi üslübu ilə heyran etmişdir ki, bu da Smetananın miniatürlərinin ifasında (“Çex rəqsləri”, prelüdlər, Polka formasında “Çexiya haqqında xatirələr”, “3 poetik polka”, “Toy səhnəcikləri”) öz əksini tapmışdır.

Lakin əlbəttə ki,1968-ci il gənc musiqiçinin yaradılıq yolunda həllədici mərhələ oldu. Daha sonra Fərhad Lissabona, Viana da Mota adına Beynəlxalq müsabiqəyə yola düşdü. Bu müsabiqə olduqca mürəkkəb bir sənət yarışı idi. Yaradıcılıq fərdiliyini aşkarlamağa imkan verən rəngarəng proqram həmişə Lissabon yarışına çoxlu sayda musiqiçilər – fəal konsert ifaçılarını, eləcə də, başqa müsabiqələrdə laureat olmuş pianoçuları cəlb edir. Müsabiqənin 4 mərhələsində Bax, Motsart, Bethoven, Şopen, List, Raxmaninov, Skryabin, Debüssi və başqa bəstəkarların əsərləri çalınır. Müsabiqənin proqramına mütləq portuqaliyalı bəstəkarın əsəri daxil edilməli idi: həmin il bu əsər Viana da Motanın Balladası oldu. Finalçılar solo proqramla çıxış etməli idilər. Yekun turda fortepiano və orkestr üçün konsert ifa edilirdi. Artıq bu siyahı gənc pianoçuların qarşısına qoyulan ciddi tələbləri nümayiş etdirirdi. 1968-ci il müsabiqəsində ABŞ, İspaniya, Braziliya, Kanada və başqa ölkələrdən gəlmiş 50-yə yaxın ifaçı iştirak edirdi. Lissabon müsabiqəsinin nüfuzunu qeyd etmək üçün burada yüksək mükafatlar almış keçmiş sovet pianoçularının adlarını çəkmək kifayətdir: Naum Ştarkman, Qleb Akselrod, Vladimir Kraynev.

Və budur: 1968-ci ildə onların siyahısına 2 nəfərin adı da əlavə edildi: nüfuzlu münsiflər heyəti I mukafatı Viktoriya Postnikovaya və Fərhad Bədəlbəyliyə verdi.

Qara Qarayev yazırdı: “Lissabon yarışması kimi, belə çətin müsabiqələrdə çıxış etmək ifaçılardan yüksək ifa tərzindən savayı iradə, artistizm tələb edir. Bizim gənc həmyerlimiz göstərdi ki, o, bütün bu keyfiyyətlərə malikdir. F.Bədəlbəyli layiqli qələbə qazanmışdır və mən şübhə etmirəm ki, qarşıda onu yeni yaradıcılıq uğurları gözləyir”. [2]

Lissabon müsabiqəsinin isti izləri ilə, o dövrdə münsiflər heyətinin üzvlərindən biri, Moskva Konservatoriyasının professoru, SSRİ-nin Xalq artisti Yakov Zak qeyd edirdi: “Müsabiqənin qalibi F.Bədəlbəyli dinləyiciləri gözəl ifa tərzi, dəqiq, qeyri-adi keyfiyyətə malik səs texnikası ilə heyran etdi. Şopenin si-bemol minor sonatası, Bethovenin mi minor sonatası, Ravelin sonatinası, Debüssinin etüdləri, Sen-Sansın II konserti onun ifaçılıq təfsirində gənclik təravəti, səmimiliyi, çılğın ehtirası ilə diqqəti cəlb edir. Azərbaycanlı pianoçunun parlaq istedadı hələ çox şeylər vəd edir”. [3]

F.Bədəlbəylinin sənəti haqqında Moskva konservatoriyasının digər professoru, görkəmli pianoçu SSRİ-nin xalq artisti Yakov Fliyerin də söylədiklərini misal çəkək: “Seçim turlarında mən, F.Bədəlbəylini 2 dəfə dinləmişəm. Smetana adına Beynəlxalq müsabiqədə onun qazandığı nailiyyət məni çox sevindirdi. Belə ki, burada o, III mükafata və klassik çex bəstəkarının əsərinin ən yaxşı ifasına görə xüsusi mükafata layiq görüldü. Lissabon müsabiqəsində F.Bədəlbəyli bir daha təsdiq etdi ki, onun ilk uğuru (Smetana adına müsabiqədə qazanmış olduğu laureat adı nəzərdə tutulur – red.) [6] heç də təsadüfi deyildi. Bu parlaq qələbə F.Bədəlbəylini dünyanın istedadlı gənc pianoçuları sırasına daxil etdi”. [7]

Sonrakı illər ən nikbin ümidləri doğruldur. Müsabiqədə böyük uğur qazanan Fərhad gərgin iş rejimini zəiflətmir. M.R.Brennerin rəhbərliyi ilə yüksək səviyyəli məktəbin özülündə onun və digər azərbaycan pianoçularının dünyagörüşləri cəsarətlə inkişaf edirdi. Məhz M.R.Brennerin sinfində Fərhad ən müxtəlif və mürəkkəb yaradıcılıq məsələlərinin müstəqil həllinə nail olur və əsl “döyüşçü” kimi formalaşır.

Fərhad Bədəlbəyli müasir pianoçuluq Olimpində möhkəm yer tutur. Müsabiqədə qazandığı qələbələr ona böyük konsert estradasına yol açır, yorulmaz yaradıçılıq axtarışlarına ilham verir. Bu mənada F.Bədəlbəyli gənc həmkarları üçün gözəl nümunədir. F.Bədəlbəylinin hazırki qastrol səfərləri dünyanın bir çox ölkələrindən keçir. Və hər yerdə artistin çıxışları auditoriyanın “isti” münasibəti ilə qarşılanır.

Bu uğurlar müəyyən mənada pianoçunun şəxsiyyətindəki səmimilik, ünsiyyət bacarığı ilə şərtlənir – sanki onu dinləyicilərlə hər zaman yaranmış möcüzəli cərəyan bağlayır.

Xarici mətbuatda musiqiçinin çıxışlarına həsr olunmuş heç olmasa 2 rəyi nəzərdən keçirək. Portuqaliyanın “Premeyro Janeyro” qəzetinin tənqidçisi yazır: “Viana da Mota” adına IV Beynəlxalq müsabiqəsinin laureatı F.Bədəlbəylinin konserti oldu. Bələdiyyə teatrının zalı ağzına kimi dolu idi. Hamı səbirsizliklə pianoçu ilə görüşü gözləyirdi. Musiqiçi ümidləri doğrultdu. Bir daha şahidi olduq ki, Rusiyanın fortepiano məktəbi necə güclüdür. Bədəlbəyli incə musiqi duyumunu, cilalanmış texnikanı, hərarətli ehtirası özündə birləşdirən, əla, yüksək səviyyəli ifaçıdır. Haydnın sonatası bütün detalları, zərgər dəqiqliyi ilə, çox incə ifa olundu. Şuman valehedici səsləndi. Poeziya və ehtiras, lirika və faciə bütün bu cəhətlər pianoçunun ifasında mövcud idi. Konsertin II hissəsində ifaçılıq sənətinin yeni keyfiyyətləri üzə cıxdı. Şostakoviçin monumental prelüd və fuqası dinləyicini geniş nəfəsi ilə heyran edərək, hərarətli alqışlarla qarşılandı, Raxmaninovun etüd-lövhəsi isə Bədəlbəylinin əsl virtuoz olduğunu göstərdi...”.[4]

Bu isə Belqradda çıxan “Borba” qəzetindəki rəydən bir fraqment: “Əvvəllər Yuqoslaviya musiqi sevərlərinə məlum olmayan F.Bədəlbəylinin çıxışı bizim üçün əsl kəşf oldu. Fortepianonun aydın, gözəl səsi, kamil pianoçuluq məharəti, müasir musiqinin həssaslıqla duyulması, ritm hissi – Gerşvinin fortepiano konsertinin təfsirində diqqəti cəlb etdi. Sanki, orkestrin özü bu istedadlı pianoçudan bir çox nüanslar əks edirdi”. [5]

Bu və ya digər fikirlərdə rəyçilər azərbaycan pianoçusunun təmtəraqlı virtuoz ifasını xüsusi qeyd edirlər. Bu da, məhz belədir. Həm bərq vuran passajların şəbəkəsi, həm oktava fakturasının genişliyi, həm kəskin qarşıdurmaların dinamikası, həm effektli sıçrayışlar – bütün bunlar Bədəlbəylidə çox təsirli səslənir, ən əsası isə onun interpretator konsepsiyalarının ümumi bədii bitkinliyində çox harmonik vəhdət təşkil edir. Lakin özlüyündə fortepianonun coşğunluğu, hətta ən yüksək ifa tonusunda belə ifaçının diqqətini cəlb etmir. Texnika, konstruktiv cəhətlər obrazlar quruluşu axarında sədaqətli yardım göstərmiş olur. Heç bu da, əslində dinləyicilərlə qarşılıqlı münasibəti yaratmır. O zaman bizə elə gəlir ki, birinci növbədə Bədəlbəylinin təbiətdən gələn artistizmindən söhbət açmaq lazımdır.

Ümumiyyətlə “artistizm” sözü qeyri-müəyyən anlam daşıyır və bu terminin dəqiq təyinini bəlkə də heç kəs verə bilməz. Lakin buna baxmayaraq, çox qəribədir ki, hamı çox gözəl başa düşür ki, söhbət nədən gedir. F.Bədəlbəylinin musiqi ilə məşğul olma tərzi səs ifadəsinin təbiiliyi ilə, konstruktiv aydınlığı ilə, instrumental nitqin məntiqliyi ilə diqqəti cəlb edir. Onun bütün çıxışlarında dramaturji formanı, bədii təfəkkürün konsepsiyasını, artistizm genişliyini, yaradıcılıq fantaziyasının zənginliyini aydın görmək olar.

Bədəlbəylinin ifasında Şumanın “Karnaval”, “Noveletta”, yaxud “Simfonik etüdlər”, Raxmaninovun İkinci konsertini (xüsusilə ikinci hissə), Şopenin saysız-hesabsız əsərlərini, o cümlədən si-bemol minor sonatasını dinləyərkən belə qənaətə gəlmək olar ki, ona daha çox, romantik coşğunluq, həyəcanlı çarpışmalar və səmimi poetikliklə dolu olan musiqi yaxındır. Müəyyən mənada, bu, məhz belədir, buna əsaslanaraq, pianoçunu “fortepianonun şairi” adlandırırlar. Şubert və Mendelsonun musiqisində o, hədsiz dərəcədə liriklik aşkar edir, onun təfsirində Listin şərh edilməsində səmimi, patetik hisslər, Skryabin, yaxud Raxmaninovun miniatürləri isə təsirli, emosional ruh yüksəkliyi ilə boldur... Şopenə gəldikdə isə, o, kəmiyyət etibarilə artistin proqramlarında ən aparıcı yerlərdən birini tutur. Hətta mənə elə gəlir ki, onun çox sevdiyi Prokofyevdə belə, ön plana məftunedici lirika çıxır, halbuki o, Prokofyevin bir çox səhifələrindəki motorlu tokkatalılığı da öz əlində olduqca inamlı tərzdə tutub saxlayır. Buna baxmayaraq, zəriflik, incəlik, aristokratik “nərmə-naziklik” pianoçunun xarakterinə uyğun deyil. Bədəlbəyli, özünün məharəti və qığılcım saçan pianizmi ilə iri konturlara, dolğun, işıqlı rəng çalarlarına üstünlük verir.

Bütün romantik fikirlərə baxmayaraq, Bədəlbəyli özünü Bax, Haydn, Bethoven irsinin dərin şərhçisi kimi tanıtmışdır. Onun ən yaxşı nailiyyətləri sırasına Haydnın fa major sonatasının interpretasiyasını aid etmək olar. Burada o, həm birinci hissənin şəffaflığı, həm ikinci hissənin yumşaq poetikliyi, həm də sevinc ifadə edən final üçün dəqiq boyalar tapır və hər yerdə dramaturji tənasüblük göstərərək, musiqini işıqlı və səmimiyyətlə zənginləşdirir. Motsartın re minor konserti də onda inandırıcı səslənir. Zaman ötdükcə pianoçunun repertuarında Bethoven musiqisi əhəmiyyətli yer tutmağa başlayır. Özü də o, dahi bəstəkarın sonata yaradıcılığının müxtəlif mərhələlərini dərindən mənimsəyir. Pianoçu erkən əsərlərdə – Birinci, Beşinci, Altıncı, Səkkizinci sonatalarda özünü inamla hiss edir, Bethovenin son dövrə aid İyirmi yeddinci və Otuz birinci sonatalarında bədii yetkinlik nümayiş etdirir, dərin fəlsəfi məzmunu üzə çıxarır. Sarsılmaz pianoçu iradəsi, güclü dramatizm – artistin yaradıcı təbiətinə xas olan cizgilər olub, Bethoven sonatalarının şərhində öz parlaq ifadəsini tapır. Çox güman ki, indi Bethoven əsərlərinin məna dərinliyini dərk edərək, məhz burada pianoçunun daxili aləminin transformasiyası xüsusi bir qüvvə ilə sezilir.

Beləliklə, Vyana klassiklərinin musiqisinə münasibətdə də, Bələdbəyli öz yaradıcı təbiətinin emosional xüsusiyyətlərini qoruyub saxlayır. Burada da onun daxili ehtirası, parlaq ifadəliliyə cəhd göstərməsi, musiqi axınının sərbəstliyinə meylliliyi üzə çıxır. Onun çalğısı cəlbedici hərarət, səmimi hisslərin genişliyi ilə maraq doğurur. Lakin əgər gənclik çağlarında onun üçün emosional səciyyəvi idisə, indi qıvraqlığı qoruyaraq o, belə demək mümkünsə, heç əvvəldən düşünmədən, musiqi axınına dəqiq şəkildə nəzarət edir, onu zəruri tənasüblər istiqamətində tutub saxlayır. Bununla belə, coşğun pafos – Bədəlbəylinin dəst-xəttinin ayrılmaz xüsusiyyətidir.

Nəhayət, artistin diqqət yetirdiyi daimi sahələrdən biri də XX əsrin musiqisi və onun dəyərli nümunələridir. Burada, şübhəsiz ki, Prokofyevin əsərlərini qeyd etmək lazımdır. İfaçıya onun qalibiyyətli dinamika ilə qığılcım saçan “əzələli” ritmlərlə zəngin musiqisi, fəal, sırf tokkatalı hərəkətlər çox yaxındır. Bədəlbəyli etiraf edərək, deyir: “Elə bəstəkar vardır ki, onu ifa etmək mənim üçün hər zaman böyük zövq bəxş edir. Bu, Sergey Prokofyevdir. Prokofyevdə alət duyumu özünün çox gözəl ifadəsini tapmışdır. O, böyük sənətkardır, onun pianizmi özündə dövrümüzün emosional nəbzini ehtiva edir. Prokofyev öz qüvvətli, möhkəm ritmi, “müəmmalı” musiqi obrazları, instrumental tokkatalılığı, nəhayət, öz təmkinli, bir qədər də lirik və yığcamlığı ilə mənə yaxındır” və pianoçu Prokofyev musiqisində olan bütün bu gözəlliyi və əzəməti konsert səhnəsində gerçəkləşdirməyə nail olur. “Ötəri anlar”, “Xəyal”, “Sarkazmlar”, Üçüncü, Altıncı və Səkkizinci sonatalardakı melodik özünəməxsusluğu o, ritmik tərkiblərin kəskinliyi ilə uzlaşdırmağı bacarır. Pianoçunun həm bizim ölkədə, həm də xaricdə dəfələrlə ifa etdiyi Prokofyevin fortepiano və orkestr üçün Birinci konsertinin interpretasiyası zamanı amiranə imperativlik, iri həcmlilik daha aydın hiss edilir.

O, Şostakoviçin sanballı re minor Prelüd və fuqasını böyük vüsətlə ifa edir; onun ifasında səslənən B.Bartokun sonatası ekspressiv dinamizm ilə donub qalmış dolğunluğun qəribə bir ahənglə uzlaşmasını nümayiş etdirir; Gerşvin və Vaqif Mustafazadənin konsertlərini, caz üslubunu gözəl duyaraq, böyük şövqlə ifa edir.

Gördüyümüz kimi, Bədəlbəylinin repertuar diapazonu kifayət qədər inandırıcı təsir bağışlayır və onun çoxcəhətliliyində hansısa bir dayaq nöqtələrini müəyyənləşdirmək çətindir. Pianoçu özü bu barədə bir dəfə belə qeyd etmişdir: “Məndə repertuar problemi yoxdur. Bu o demək deyil ki, mən hər şey ifa edirəm – xeyr, lakin buna baxmayaraq, bəzi pianoçuların hər şeyi ifa etməsinə bəzən qibtə edirəm. Mənim nəzərimcə, bir musiqiçi kimi mənim estetik mahiyyətimi daha yaxşı ifadə edən əsərləri daha çox ifa edirəm. Lakin bu və ya digər proqram seçimi zamanı tək öz şəxsi maraqları deyil, dinləyici auditoriyasının tələblərini də nəzərə almaq lazımdır. Konsert dinləyiciləri hökmən cəlb etməlidir”.

Bəli, Fərhad Bədəlbəyli üçün zalın cavab reaksiyası olduqca vacibdir. O, belə deyək, qapalı, “laboratoriya” pianoçulardan deyil. Bəlkə elə bu səbəbdən o, müasirləri olduğu bəstəkarların yeni əsərlərini seçərkən bu qədər ciddidir? Milli fortepiano yaradıcılığında onu Qara Qarayev prelüdlərinin üçüncü və dördüncü dəftərindəki prelüdlərin fəlsəfi mahiyyəti, F.Əmirov və E.Nəzirovanın “Ərəb mövzularına konsert”in milli çalarları, T.Quliyevin pianoçu üçün xüsusi olaraq işlədiyi Ləzginkanın coşğunluğu cəlb edir.

Öz artistik individuallığı ilə səslənən əsər seçimi zamanı prinsiplərinə sadiq qalaraq, Bədəlbəyli iri həcmli əsərlərə meylliliyini aşkar edir və burada bədii təfəkkürün genişliyini, artistik vüsət, yaradıcılıq fantaziyasının zənginliyini nümayiş etdirir.

Bədəlbəylinin solo çıxışları çox vaxt sonata silsilələrindən təşkil olunur. Məsələn, onun ən yaxşı proqramlarından biri özündə Haydn, Bethoven, Prokofyevin sonatalarını və Ravelin sonatinasını cəm etmişdir. Bu əsərlərin hər birində sənətkarın yetkin fərdiliyi, onun “itilənmiş” pianizmi, ən əsası isə, dünya fortepiano musiqisinin şah əsərlərinin musiqi məzmununun ifadəsi zamanı ruh yüksəkliyi hiss olunmuşdur. Lakin Haydn, Motsart, Bethoven, Brams, Qriq, Sen-Sans, Raxmaninov, Prokofyev, Gerşvinin fortepiano konsertlərinin ifasında onun iri həcmli əsərlərə olan meylliliyi daha aydın surətdə özünü göstərir. Bu konsertlərdən çoxunun ifası zamanı solistin yaradıcı tərəfdaşları arasında SSRİ xalq artisti Niyazi, V.Dudarova, V.Fedoseyev, respublikanın xalq artisti R. Abdullayev, məşhur xarici ölkə dirijorları Alfred Xeller (ABŞ), Hikmət Şimşək və Güner Aykal (Türkiyə), V.Sinayski və V.Mixnovski kimi dirijorlar olmuşlar.

F.Bədəlbəylinin ansambl ifaçılığını xüsusi qeyd etmək lazımdır – bu sahə onun ən çox sevdiyi ifaçılıq fəaliyyətidir. Hələ 1974-cü ildə o, qədim musiqi ansamblının yaradıcısı və rəhbəri olur, bu ansamblın repertuarına Bax, Hendel, Teleman, Perqolezi və başqa bəstəkarların əsərləri daxil idi. Sonrakı illərdə o, həmçinin kamera-instrumental musiqi ifaçılığına da tez-tez müraciət etmişdir. Lakin sözsüz ki, Bədəlbəylinin ansambl karyerasının ən yüksək zirvəsi onun opera ulduzları ilə çıxışları olmuşdur. 1982-ci ildə o, SSRİ xalq artisti Bella Rudenko ilə parlaq duetdə çıxış edir. XVIII-XX əsrlərin opera və romans musiqisinin şedevrlərindən təşkil olunmuş üç konsert proqramının ifası Amerika, Avropa və Asiyanın müxtəlif şəhərlərində baş tutmuş, sonralar Bakıda və Moskvada təkrarlanmışdır. Daha sonra – 80-ci illər Bakı, Moskva, Leninqrad, Kiyevdə görkəmli Azərbaycan musiqiçisi Rauf Atakişiyev ilə yaradıcılıq əməkdaşlığı baş tutur, onların ifasında rus bəstəkarlarının vokal lirikası səslənir. Son illər F.Bədəlbəyli Azərbaycan operasının ulduzları Fidan və Xuraman Qasımovalarla çıxış edir. Tənqidçilər onun təkcə müşayiətçi kimi deyil, məhz həmmüəllif kimi son dərəcə gözəl, çox nəfis ustalığını qeyd edirlər. F.Bədəlbəylinin Arif Manaflı (violin), Eldar İsgəndərov və Rasim Abdullayevlə (violonçel) duetləri həmçinin diqqətəlayiqdir.

Peterburq musiqişünası və pianoçusu L.Gekkelin fikrincə müasir ifaçılıq fəaliyyəti yeni müasir spesifik qarışığa malik ifaçı şəxsiyyətlərin yaranması ilə təzahür olur: təşkilatçı, konsert proqramlarının rejissoru. Hələ 70-ci illərdə Qara Qarayevin IV dəftər prelüdlərinin interpretasiyasının dramaturji həllində F.Bədəlbəyli bu cür rejissor işi ilə çıxış etmişdir. Bəstəkarın öz razılığı ilə onun ifasında ayrı-ayrı pyeslər fasiləsiz növbələşir. Hər prelüdün sonuncu səsini saxlayaraq pianoçu sanki dinləyicini gələcək musiqi dalğasına kökləyir. Bununla pyeslərin axıcılığına, fasiləsizliyinə nail olur.

Fərhad Bədəlbəyli Qara Qarayevin fortepiano yaradıcılığının parlaq təfsirçisi kimi ən yüksək ifaçılıq nailiyyətləri əldə etmişdir. F.Bədəlbəylinin interpretasiyasında bu silsilənin digər ifaçılarında tez-tez təsadüf olunan çətinliyə dözməzlik, yaxud şərhin “akademik” interpretasiyasının mübaliğəli soyuqluğu yoxdur. Onun ifasında hisslərin dolğunluğu, eyni zamanda – məzmunlu başlanğıc mövcuddur ki, bu da pianoçuya emosiyaları “aşmağa” imkan vermir. Bu, bir-birinə zidd olan cəhətlərin çarpışması onların üzvi bədii sintezi ilə nəticələnərək, silsilənin bitkin dramaturji xəttinin təşkilinə səbəb olur.

Bədəlbəylinin Vaqif Mustafazadənin fortepiano konsertinin ifasına münasibəti də fərdidir. Pianoçu əsərə özünün solo improvizasiyasını daxil edərək, bununla klassik konsertin qədim ifaçılıq ənənələrini dirçəldir. Özü də hazırki məcrada solo improvizasiya öz mahiyyəti etibarilə xalq-instrumental sənətinin kökləri ilə sıx bağlıdır.

F.Bədəlbəylinin interpretasiyasında Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və orkestr üçün Ərəb mövzularına Konsertinin interpretasiyası böyük şöhrət tapmışdır. F.Bədəlbəylinin ifasında bu ekspressiv musiqi, romantik əhval-ruhiyyə və lirik obrazlılıq özünəməxsus inkişafını tapır. Bu cəhətlər dinamik cəhətdən gərgin inkişafın təntənəli və əzəmətli apofeoz ilə qarşılaşdırılmasında, mərd, iradəli obrazların muğam improvizasiyası ilə növbələşməsində, pianoçuya xas emosional səmimiliklə ifadə olunan milli səslənmə koloritində, əsasən də fortepianoda instrumental ifaçılıq illüziyasının canlandırılmasında özünü göstərir.

İsmayıl Hacıbəyovun “Vatto ruhlu eskizlər”ində Bədəlbəyli XVII əsrin sonu-XVIII əsrin əvvəllərində yaşayıb-yaratmış fransız rəssamının bədii obrazını üslub cəhətdən məksimal dərəcədə yaratmağa müvəffəq olmuşdur. Pyeslərin səslənməsini həmin dövrün musiqisinə yaxınlaşdırmaqla, ifaçı bu məşhur rəssamın sənət əsərlərinə xas olan spesifik janrvariliyi, bəzən kədər, bəzən isə kinayəni ifadə edə bilir. F.Bədəlbəyli İ.Hacıbəyovun digər əsərinə – Üzeyir Hacıbəyovun xalq çalğı alətləri orkestri üçün eyni adlı əsərinin fortepiano və orkestr üçün transkripsiyası olan “Cəngi”yə də həyat vəsiqəsi vermişdir.

Pianoçunun geniş repertuarı sənətdə həyata keçirdiyi interpretasiyaların hər dəfə yenilənməsinə şövq edir. Öz repertuarına yeni əsərlər, xüsusilə yeni müəlliflərin əsərlərini daxil etməklə, Bədəlbəyli sanki həmin əsər üçün “köklənir”, bu musiqi üçün uzlaşdırılmış pianoçu üsulları tətbiq edir. Yüksək professional mədəniyyət, azad texniki imkanlar müxtəlif fortepiano ədəbiyyatına müraciət etməyə imkan yaradır: qərbi avropa barokkosundan – Hendel, Bax – demək olar bütün xarici və rus klassik musiqisindən müasir bəstəkarların son əsərlərinə qədər, onlar içərisində Azərbaycan bəstəkarının əsərləri əhəmiyyətli yer tutur.

O, hər zaman daha çox və ən əsası dinləyici təbəqəsi üçün ifa etməyə can atır. F.Bədəlbəyli solo konsertlər, simfonik konsertlər verir, kamera-ansamblı gecələrində çıxış edir və nəhayət ifaçılıq fəaliyyətli ilə pedaqoji fəaliyyəti çox müvəffəqiyyətlə uzlaşdırır. Belə vəhdət yeni pianoçu nəslinə səciyyəvidir.

Pianoçu milli mədəniyyətin quruculuğuna bir pedaqoq kimi də əhəmiyyətli töhfələr verir. Artıq xeyli ildir ki, o, Bakı Musiqi Akademiyasında dərs deyir. Musiqiçi belə deyir: “Müəllimliyi mən sırf bədii bir proses kimi qiymətləndirirəm və pedaqoji və konsert həyatını bir-birindən ayırmıram. Görkəmli pianoçuların fəaliyyəti pedaqogika və ifaçılığın qarşılıqlı təsirinin səmərəliliyini tam mənada təsdiq edir”. O, çoxsaylı istedadlı ifaçı yetişdirmişdir – onların arasında respublika, regional və beynəlxalq müsabiqələr laureatı vardır. Müəllimləri M.R.Brenner (Peterburq xətti), Y.Zak və Y.Fliyerdən (Moskva xətti) əxz etdiyi ifaçılıq və pedaqoji təcrübə onun tədris üsulunun metodik prinsiplərinin əsasını təşkil edir. “Aydın, mütəşəkkil dramaturji plan, səs mədəniyyəti və üslubun akademik şəkildə ardıcıllaşması – Fərhad Bədəlbəyli pedaqogikasının “təməl daşı”dır”. (A.Hüseynova) (137). [6] Professor Fərhad Bədəlbəylinin pedaqoji fəaliyyətinin kulminasiya nöqtəsi təbii ki, iki gözəl pianoçunun - onun məktəbinin yetirmələri olan beynəlxalq müsabiqələr laureatları, respublikanın əməkdar artisti Murad Adıgözəlzadə və Murad Hüseynovun ifaçılıq sənətidir. Onlar öz müəllimlərinin amalını ləyaqətlə davam etdirərək, konsert fəaliyyətlərini pedaqoji iş ilə uzlaşdırırlar.

Fərhad Bədəlbəyli “musiqi xadimləri” kateqoriyasına mənsubdur. Sürətlə inkişaf edən hazırki dövrdə, köhnənin keçmişə qovuşduğu bir zamanda, yeninin isə hələ təşəkkül tapmadığı bir anda o, baş verən proseslərdə iştirakını kəskin şəkildə duyur. Və yəqin ki, daha vacibi aşağıdakılardan ibarətdir – F.Bədəlbəyli doğma mədəniyyətin taleyinə məsuliyyətini tam olaraq dərk edir. Azərbaycan musiqisinin gələcəyinə həsr olunmuş məqalə, müsahibə, kütləvi çıxışlarında o, Azərbaycan musiqisinin XX əsrdə əldə etdiyi nailiyyətləri itirmək təhlükəsindən xəbərdar edir.

F.Bədəlbəyli daima dahi Üzeyir bəyin nəsihətlərini xatırladaraq, milli çərçivələrdə qapanmayaraq, dünya, Avropa mədəniyyəti ilə əlaqələri qorumağın, genişləndirməyin vacibliyini xüsusi qeyd edir. O, heç vaxt xoşagəlməz faktların, meyllərin sadəcə sadalanması ilə kifayətlənmir. F.Bədəlbəyli hər hansı bir problemə toxunanda, istər mədəniyyətimizin ağır maddi vəziyyətini, istər musiqi kadrlarının ölkədən çıxıb getməsini, istərsə də konsert salonlarının boşluğunu vurğulayanda – həmişə böhran vəziyyətdən çıxış yollarını təklif edir. Özü də o, sadəcə təkliflərlə çıxış etmir, dediklərini praktiki cəhətdən həyata keçirir.

Azərbaycan musiqi incəsənətinin gələcək inkişafında əlbəttə ki, onun estitik baxışları böyük rol oynayır. 80-cı illərin sonu Azərbaycan mədəniyyətində əmələ gəlmiş vəziyyəti şərh edərkən F.Bədəlbəyli qeyd edir: “Məsələ ondadır ki, bu gün bizim mədəniyyətimizdə çox təhlükəli fikirlər hökm sürür ki, milli mənbələrə olan qayıdış qapalı dairəyə çevrilə bilər. Insanların öz doğma dilinə, mədəniyyətinə, milli ənənələrinə olan marağı bütləşdirilə bilər. Özünə qapanma, milliyinin təhrifi əyalətçiliyə, hətta mən deyərdim ki, bəsitliyə gətirib çıxarır. (7)

İstər-istəməz tariximiz yada düşür. Professional musiqi sənətimizin ilk çağlarında Ü.Hacıbəyli ənənəvi Azərbaycan incəsənətinin dünya musiqi klassikasının nailiyyətləri əsasında professional musiqi yaradıcılığının inkişafı yollarında mühafizəkar (konservator) fikirlərlə mübarizə aparırdı.

F.Bədəlbəyli söyləyir: “Üzeyir Hacıbəylinin böyüklüyü milli musiqini yalnız yeni pilləyə yüksəltməsi ilə sona çatmır, o, milli musiqini ümumbəşəri formalarla birləşdirmişdir. Məhz bundan sonra Azərbaycan musiqisi dünya səhnəsinə çıxmışdır”.

Fərhad Bədəlbəylinin həmçinin müasir pianoçuluq məsələlərinə dair fikri də yerinə düşür: “Məlum olduğu kimi, musiqi tarixi həm də ifaçılıq sənətinin qanunları üzrə inkişaf edir. XIX əsrdə bir qayda-qanun üzrə, XX əsrdə isə tamamilə ayrıları əsasında ifa edirlər. Yəqin ki, XXI əsrdə inkişaf daha yeni şəkildə davam edəcək... yeni üsul meydana çıxacaq: maksimum professionalizm şəraitində minimum emosiyalar... Moskva konservatoriyasında bizi tamamilə ayrı cür öyrədirdilər. O zamanlar “əsərin bütün dramaturgiyasını təkcə ağılla deyil, həm də ürəklə yaşamaq tələb olunurdu”.

Fərhad Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişaf yollarına dair görüşlərini respublikanın musiqi xadimləri ittifaqına və 1991-ci ildən Bakı Musiqi Akademiyasında rəhbərlik etdiyi andan bəri həyata keçirməyə başlamışdır. Respublika üçün ağır illərdə, əhəmiyyətli siyasi dəyişikliklər dövründə ali musiqi məktəbinə rəhbərlik edən Bədəlbəyli, tez bir zamanda və uğurla qəbul planını təhsis edir və bununla da ixtisasların daha müntəzəm bölgüsünü tənzimləyir. Xalq çalğı alətlərində muğam ifaçılığı kimi xüsusi fənn daxil edir, yeni kafedralar yaradır – “Dirijorluq və orkestrləşdirmə”, “Orqan və klavesin”, “İncəsənət tarixi və nəzəriyyəsi”. Musiqi Akademiyasının elm sahəsi də möhkəmlənir. Respublikada professional musiqi təhsilinin banisi Üzeyir Hacıbəylinin ənənələrinə sadiq qalaraq, F.Bədəlbəyli Azərbaycan xalq musiqisinin əsaslarının öyrənilməsi üzrə iki elmi laboratoriya açır. Onun rəhbərliyi altında praktik musiqi pedaqogikası və təhsil metodikası sahələrində elmi fikir inkişafını tapır. Bakı Musiqi Akademiyası nəzdindəki məktəb-studiyada yaradılan bir sıra tədqiqi və təcrübi-eksperimental iş nəticəsində musiqi məktəbləri və texnikumlarının təlim-tərbiyə prosesində tətbiq olunan faydalı metodik vəsaitlər və tövsiyələr meydana çıxır. Bunların içərisində Fərhad Bədəlbəylinin mənimlə birgə həmmüəllif olduğu “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı”nın tərtibi xüsusilə fərqlənir.

Fortepiano fakültəsində dərs alan tələbə-pianoçunun formalaşmasında F.Bədəlbəyli ən çox “əsasların əsası” sayılan pianizmə xüsusi diqqət ayırır. Bu, ən əsas texnika üzrə yoxlama tələblərində Çerni, Kramer və Klementinin təlimatlı etüdlərinin, Mendelsonun “Sözsüz mahnılar”ında və Fildin noktürnlərində səs ifadəliliyinin aşkar edilməsi üçün F.Bədəlbəylinin tətbiq etdiyi göstərişlərdə öz əksini tapır. Bu məqsədlər həyata keçirilərkən təhsil alan hər bir pianoçunun “lakmus kağızı” kimi nöqsanlı və layiqli cəhətləri aşkarlanır. Müəllim, məhz bunları nəzərə alaraq tələbə ilə gələcək iş prosesini qurur. Həmçinin müasir milli fortepiano musiqisinin ifasında yoxlama sorğular vacib xarakter daşıyır.

Milli pianoçu sənətinin inkişafında F.Bədəlbəylinin rəhbərliyi ilə təşkil etdiyi yarışlar xüsusi diqqət çəkir.

Öz səviyyəsinə (yüksək səviyyəli 49 iştirakçı), yaş həddinə (25 yaşa qədər) görə ən yaxşı pianoçu adı ilə 1996-cı ildə keçirilən Respublika müsabiqəsini qeyd etmək olar. Artıq müsabiqənin adı onun yüksək tələblərindən xəbər verir. Hər ifaçı həm klassik, həm də müasir repertuarda özünü tam və hərtərəfli göstərməli idi. Müsabiqənin repertuarı virtuoz texniki sənəti, geniş ifaçı palitrasını, müxtəlif əsərlərin və müxtəlif ölkə bəstəkarlıq məktəbi üslublarını aşkara çıxarırdı. Burada çıxış edən ifaçıların tərkibi müsabiqənin yüksək professional səviyyəsi haqqında fikir söyləməyə imkan verir ki, onlar içərisində keçmiş illərin respublika müsabiqələrinin laureatları, hətta Beynəlxalq müsabiqələrin iştirakçıları var idi. Professor R.Quliyevin sədrliyi ilə münsiflər heyəti birinci yer üçün 2 mükafatı təcrübə keçən assistent Yuri Sayutkinə və BMA-nın V kurs tələbəsi Murad Adıgözəlzadəyə verir (hər ikisi professor F.Bədəlbəylinin sinfi).

1999-u ildə F.Bədəlbəyli daha bir müsabiqəni – “İlin yaxşı konsertmeysteri ” – təşkil edir və keçirir. Müsabiqədə konsertmeyster ustalığı kafedrasının tələbələri ilə yanaşı Bülbül adına orta ixtisas musiqi məktəbinin və Bakı musiqi kollecinin tələbələri də iştirak etmişlər. Çıxış edənlərin qarşısında yüksək tələblərə baxmayaraq müsabiqə çox yüksək yaradıcı mərhələdə keçərək istedadlı pianoçu konsertmeysterləri aşkar etmiş oldu. 1999-cu ilin ən yaxşı konsertmeysteri adına Tamilla Quliyeva layiq görüldü (professor N.İbrahimbəyovun sinfi).

Və nəhayət, 2007-ci ildə ilk Azərbaycan pianoçusu xalq artisti, professor Kövkəb Səfərəlibəyovanın anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən I Respublika müsabiqəsi geniş ictimai rezonansa səbəb oldu. Yarısı məktəb-studiyanın şagirdləri və keçmiş yetirmələri olan 17 iştirakçı içərisində müsabiqə yeni istedadlı gənc pianoçuları aşkar etdi. F.Bədəlbəylinin sədrliyi etdiyi nüfuzlu münsiflər heyəti laureat adını BMA-nın tələbələri Ayan Salahovaya və Zakir Əsədova (O.Abasquliyev və Ş.Behbudovanın sinfi) təqdim etdilər. III mükafat L.M.Rostropoviç adına musiqi məktəbinin şagirdi Z.Yusifliyə və BMA-nın nəzdində məktəb-studiyanın şagirdləri Fəqan Həsənli və Nərgiz Kəngərliyə verildi. Müsabiqəyə onları professorlar O.Abasquliyev, T.Seyidov, müəllimlər M.Tuayeva və A.Əliyeva çalışdırmışdılar.

Yeni, maraqlı musiqi layihələrində F.Bədəlbəylinin fəal iştirakını xüsusi qeyd etmək lazımdır. Bunların içərisində dünya musiqi təcrübəsində analoqu olmayan elmi-ifaçılıq konfransları və müsabiqələrini misal göstərmək olar. Artıq 35 ildən çoxdur ki, F.Bədəlbəyli mənimlə birgə bu musiqi layihələrini əvvəlcə Respublika, sonra isə beynəlxalq səviyyədə həyata keçirir.

Müsahibələrin birində Fərhad Bədəlbəyli aşağıdakıları söyləmişdir: “Hesab edirəm ki, hər bir kəs vicdanla çalışsa, biz öz mənəvi həyatımızın yeniləşməsi və yaxşılaşdırılmasında çox şeylərə nail olacağıq”. Fərhad Bədəlbəyli öz işini maksimal dərəcədə yerinə yetirir və inanır ki, Azərbaycan incəsənətinin gələcəyi onun uzun əsrlər boyu davam edən şərəfli ənənələrinə layiq olacaqdır.

Onun professional və musiqili-ictimai fəaliyyəti son illər ərzində yeni, beynəlxalq dərəcəyə yüksəlmişdir. Hər ilin yay ayında Qəbələ şəhərində keçirilən Beynəlxalq klassik musiqi festivalında bədii rəhbər və solist kimi böyük yaradıcılıq fəaliyyəti buna parlaq misalıdır. Festival Heydər Əliyev fondunun təşəbbüsü və Azərbaycan mədəniyyət və turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdur.

Festivalda dünyanın müxtəlif ölkələrindən gəlmiş orkestr və solistlər iştirak edir: Londonun kral filarmonik orkestri, “Ranaana” İsrail simfonik orkestri, Yuri Başmetin rəhbərliyi ilə “Yeni Rusiya” Dövlət simfonik orkestri, Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan dövlət simfonik orkestri, Slaven filarmoniyasının “Tartini” kvarteti və başqaları.

Solo ifaçılar-dünya ulduzları: Denis Matsuyev, Boris Beryuzovski, Anna Samuil, Oksana Yablonskaya, Vadim Repin, Alyona Bayeva, Dmitri Yablonski, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Vyaçeslav Voynarovski, Şlomo Mints, Sergey Leyferkus, Masimiliano Pisaniya və başqaları.

Hər iki ildən bir festival çərçivəsində beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Qəbələ festivalı və müsabiqəsinin iştirakçıları avropa, rus və azərbaycan musiqisini ifa edirlər. Dünya şöhrətli musiqiçilər ustad dərsləri keçirirlər.

Qəbələ festivalı dünya musiqi həyatında mühüm hadisəyə çevrilmişdir. Dünyanın aparıcı televiziya kanallarından biri olan “Euronews”da onun ətraflı işıqlandırılması Azərbaycan musiqisi, ənənələri və mədəniyyətinə artan böyük maraqdan bəhs edir.

Bu isə musiqiçi, ifaçı, təşkilatçı və ictimai xadim F.Bədəlbəylinin əsas məqsədlərindən biridir. O, tez-tez bu sözləri təkrarlayır: ”Bizim incəsənətimiz, gənc istedadlarımız, mədəniyyətimiz əldə silaha çevrilməlidir, biz məhz belə silahlarla mübarizə apararaq çox şeylərə nail ola bilərik”. Mədəniyyət “cəbhəsində” gedən bu mübarizə bir an belə səngimək bilmir. Bu mübarizə bəzən bir çox siyasi aksiyalardan daha əhəmiyyətli və vacibdir.

2016-cı ilin yazında F.Bədəlbəylinin ABŞ-na olan qastrol səfərləri bir daha bunları sübut edir. Florida ştatının müxtəlif şəhərlərində tam anşlaq keçən 17 konsert nəinkı böyük musiqili, həm də böyük siyasi rezonans əldə etmişdir.

Bütün çıxışlarında F.Bədəlbəyli Ş.Prokofyevin I konserti ilə birgə müasir rus bəstəkarı Aleksandr Çaykovskinin xüsusi Qəbələ festivalı üçün yazılmış və ilk dəfə 2012-ci ildə F.Bədəlbəyli, Y.Başmet, S.Paşazadə və Dmitri Yablonski tərəfindən ifa edilən “Xocalıya həsr edilmiş Rekviem” əsərini daxil etmişdir.

Amerika qastrol səfərlərinin təşkilatçıları ilə uzun sürən danışıqlardan sonra F.Bədəldəyli Yerusəlim simfonik orkestrin müşayiəti ilə səslənən “Xocalıya həsr edilmiş rekviyem”dən əvvəl azərbaycan xalqının faciəsi haqqında müəyyən məlumatların verilməsinə nail olmuşdur və ABŞ-da yaşayan insanlar bu haqda məlumatlanmışlar.

Heydər Əliyevin söylədiyi “Bu amansız və qəddar soyqırım bəşəriyyətin dəhşətli faciələrindən biridir” – sözləri amerika musiqi mədəniyyətinə qızıl hərflərlə həkk olunmuşdur ki, bu da F.Bədəlbəylinin böyük xidmətlərindən biridir. Bu, mədəniyyət “cəbhəsində” qəhrəmanlıqdır. Amerika qastrol səfərlərindən sonra – yenə doğma Bakı şəhərində, rəhbərlik etdiyi BMA-da çıxışlar və yenə növbəti Qəbələ festivalı və müsabiqəsinə hazırlıq, yenə rektor, təşkilatçı, ifaçı və müəllim kimi fasiləsiz çalışmalar.

Fərhad Bədəlbəyli Azərbaycanın bədii həyatında xüsusi yer tutur. Artıq erkən gənclik dövründə F.Bədəlbəyli milli incəsənətimizə yol açanlardan biri kimi daxil olmuşdur ki, məhz o, pianoçuların nüfuzlu beynəlxalq müsabiqələrində laureat adı almış ilk azərbaycan musiqiçisi olmuşdur. Lakin bu, başlanğıc, istinad nöqtəsi idi. Sonra çox sürətli yaradıcı yüksəliş baş verir ki, bura da zəngin zəkalı F.Bədəlbəyli şəxsiyyətin yeni-yeni imkanları aşkarlanır və meydana çıxırdı.

O, bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsidir və onun fəaliyyətində yaradıcılıq və təşkilatçılıq işi, maarifçilik və pedaqogika bir-biri ilə sıx vəhdət təşkil edir. Onun yaradıcılıq coşğusu, inadkarlığı, məqsədyönlülüyü gənc nəslə mənsub musiqiçilər üçün bariz nümunədir.