"Musiqi dünyası" № 3 (72) 2017

Article №1; 7800 - 7802 pр.
Nərminə Quliyeva. Pianoçuluğun əfsanəsi
Text PDF

Özümü tanıyandan, bu ad həmişə ağızlarda dolaşıb, bizim dilimizdən düşməyib. Bu ad bizim üçün həm istedad, həm peşəkarlıq, həm yüksək ifaçılıq, həm də ibrət etalonu olub. Biz bütün siniflə yığışıb Fərhad Bədəlbəylinin iştirak etdiyi konsertlərə gedirdik, onu dinləyib zövq alırdıq, ondan öyrənirdik. Əlbəttə ki, bizim üçün Bədəlbəyli əlçatmaz idi. O vaxtlar, uzaq məktəb illərində mən heç ağlıma gətirə bilməzdim ki, bu görkəmli insanla çiyin-çiyinə işləyib, imtahanlarda oturacam, hər ifaya dair onun fikir və mülahizələrini, tövsiyələrini dinləyəcəm, instrumental ifaçılığın nəzərə çarpan nümunələrinə dair onun izah və şərhlərinə qulaq asacam.

Bir dəfə mən görkəmli rus pianoçusu S.Rixterin ifasında İ.S.Baxın prelüd və fuqaları haqqında Fərhad Şəmsiyeviçin şövqlə danışdığının şahidi oldum: fuqalarda səs hərəkəti və frazaları ayırma üsulu haqqında danışaraq, o, əl hərəkətləri ilə mövzu keçidlərini göstərirdi. Moskva konservatoriyasının zalında Rixter və Gilelsin konsert çıxışları haqqında onun necə heyranlıq hissi ilə danışdığını görmək lazım idi.

O, Moskva konservatoriyasının məşhur professorlarından birinin sözlərini tez-tez təkrar edirdi ki, hər bir ifaçının çıxışı onun oxuduğu kitabların sayını bəlli edir. Ona görə də bütün tələbələrə həm professional təhsil, həm də bədii ədəbiyyatı mümkün qədər çox mütaliə etməyi məsləhət görürdü. Çünki peşəkar ifaçının ehtiyac duyduğu geniş dünyagörüş və bilik səviyyəsini yalnız bu yolla genişləndirmək mümkündür.

F.Ş.Bədəlbəyli təkcə öz tələbələrini deyil, bizi – gənc müəllimləri də öyrədirdi. Biz çalışırdıq ki, imtahan zamanı ona yaxın oturaq, onun fikirlərini eşidib, notdakı qeydlərini görək (o, çox zaman tələbəni dinləyərkən, nota baxır). Bəzən, tələbənin uğurlu ifasından ilhamlanaraq o, elə həmin andaca, birbaşa imtahanda dörd sətirlik, zarafat xarakterli bir şer qoşur. Həqiqətən də istedadlı insan hər işdə istedadlıdır. O, insanlarla rahatca ünsiyyət qurduğu kimi, şerləri də belə asanlıqla yazır. Onda hər şey sadə və asan alınır. Ona görə də hamı ona doğru can atır, ona meyl göstərir. Təbiətin ona bəxş etdiyi insanpərvərliyi və cazibədarlığı ilə o, hamını öz ətrafına toplayıb, birləşdirir. Fərhad Bədəlbəyli ilə tanışlığımın hələ başlanğıcında mən bu xüsusiyyətləri onda aşkar etdim. F.Bədəlbəyli hərtərəfli şəxsiyyət, hər cəhətdən qabil insan kimi mənə tədricən ayan olurdu. Mən əvvəlcə, onun həyat yoldaşı Nailə xanım İbrahimovanı tanımışam. O, mənim ilk və ən sevimli müəllimim olub. Onun Fərhad Şəmsiyeviç haqqında necə ehtiramla, heyranlıq və sevgi hissi ilə danışdığını görüncə, mən dərhal ona dərin hörmət bəslədim. Nailə xanım onun bütün çıxışları zamanı həmişə yanında olub, həyəcan keçirib, onu ruhlandırıb.

Təbii ki, ayrı-ayrı konsertlərin və yaxud çıxışların təşkili zamanı tələbələrlə fikir mübadiləsi və müzakirələr böyük rol oynayır. Fikirlər hər zaman müxtəlif olur, amma F.Bədəlbəylidən söz düşəndə, bizim fikirlərimiz uzlaşır. Onun çıxışları parlaq temperamentliyi, yüksək peşəkarlığı ilə hər zaman seçilib. Dəfələrlə, məhz Bədəlbəylinin çıxışları sayəsində konsertlər yaddaqalan olub. Elmira Nəzirovanın yubileyinə həsr olunmuş konsert buna misaldır. Fərhad Şəmsiyeviçin qığılcım saçan, parlaq ifası olmasaydı, bəlkə də həmin konsertin o qədər də uğurlu olmayan çıxışları, maraq doğurmayan proqramı müvəffəqiyyətsizliklə nəticələnə bilərdi. Yubiley gecəsi F.Bədəlbəylinin ifasında F.Əmirov və E.Nəzirovanın “Ərəb mövzularına konsert”i ilə yekunlaşdı. Sürəkli alqışlar avasiyalara keçəndə, mən professor Rafiq Quliyevin coşqun rəyini eşitdim. O, dedi: “Fərhad konserti çətin vəziyyətdən qurtardı!” və bu həqiqətən də belə idi.

Onun həm solist, həm də ansambl ifaçısı kimi bütün çıxışları həmişə istənilən konserti bəzəyir. Onun ifasında səslənən Sen-Sans, Raxmaninov, Brams əsərləri, yaxud ayrı musiqiçilər tərəfindən onun müəllifi olduğu “Ave Mariya”, “Dəniz”in ifası zamanı dinləyici xüsusi bir aləmə düşür, sehrli, füsunkar və gözəllik aləminə, MUSİQİ aləminə qərq olur. Həssas qəlbli, son dərəcə gözəl üslub duyumuna malik musiqiçini SSRİ xalq artisti B.Rudenko “fortepianonun şairi” adlandırmışdır. O, həm də tək fortepianonun şairi deyil, nəzmi duyub hiss edən şairdir, gözəl lirik, fəlsəfi, zarafatyana-istehzalı şerlərin, ayrı-ayrı personajların, dost və həmkarların dəqiq və sərrast, yığcam və qısa təsvirinin müəllifidir. Mən onlardan bəzilərini oxuyub, insan xarakterinin ayrı-ayrı cəhətlərini üzə çıxaran xırda detalları görmək və göstərmək bacarığına, insan psixologiyasına bələdliyinə heyran qalmışam. Bütün bunlar onun istedadının, təfəkkürünün, xarakterinin masştablığından irəli gəlir.

Xocalı hadisələrinə həsr olunmuş masştablı konsert səfəri bu baxımdan maraq doğurur. Amerika Birləşmiş Ştatlarında bir ay ərzində keçirilən 17 konsertin bütün çətinliyinə, ağır uçuşılara baxmayaraq, Fərhad Şəmsiyeviç öz vətəndaşlıq borcunu yerinə yetirdi və bu konsertlərdə ürəkdən, səmimi qəlbdən çıxış etdi.

Artıq neçə illərdir ki, mən professor Bədəlbəyli ilə sıx təmasdayam, əvvəlcə fortepiano kafedrasının müəllimi, sonra dekanı, hazırda isə tədris işləri üzrə prorektoru kimi ünsiyyətdəyəm. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan xalq artisti Fərhad Bədəlbəylinin parlaq şəxsiyyəti, professional və insani keyfiyyətlərinin yeni-yeni xüsusiyyətləri mənim üçün hələ də açılmaqda davam edir. Bədəlbəylinin bütün həyat və yaradıcılıq yolu – Azərbaycan musiqi mədəniyyəti və ifaçılıq sənətinin inkişaf tarixidir. F.Bədəlbəyli - fortepiano ifaçılığında əfsanədir. Bu gün bu görkəmli musiqiçi pianoçuluq tarixinə yeni səhifələr yazır, bizim mədəni həyatımızı yeni-yeni əlamətdar hadisələr, yaradıcılıq layihələri, unudulmaz konsertlərlə zənginləşdirir, bizim hər birimizə öz musiqi istedadı ilə xoşbəxt dəqiqələr bəxş edir.