"Musiqi dünyası" № 2 (67) 2016

Article №7; 7577 - 7581 pр.
Əliqismət Lalayev. Azərbaycan-Özbəkistan teatr əlaqələri tarixindən
Text PDF

Azərbaycan teatr xadimləri XX əsrin əvvəllərində Orta Asiyada, o cümlədən Özbəkistanda peşəkar teatrın və dramaturgiyanın meydana gəlməsində və təşəkkülündə böyük rol oynamışlar.

Özbəkistan teatr tarixinin görkəmli tədqiqatçısı Məmmədcan Rəhmanov bu barədə yazır: «Özbəkistanda Azərbaycan demokratik ədəbiyyatının təsiri, xüsusilə teatr ədəbiyyatında görünməkdə idi. Bunu Həmzə Həkimzadə Niyazi kimi demokratik təməyüllü yazıçılar da hiss etməkdə idilər. Bu yol ilə Özbəkistana gələn Azərbaycan teatrının təsiri böyük rol oynadı. Azərbaycan teatrı və teatr ədəbiyyatı bu dövrdə Rusiyadakı müsəlman millətləri arasında ən əvvəl meydana gəlmişdi. Azərbaycanda professional teatr uğrunda başlanmış hərəkat ideya cəhətdən burjua yolu ilə getmirdi. Əksinə, demokratik istiqamətdə inkişaf edirdi» [1, 64-65].

XX əsrin əvvəllərində Özbəkistanda səhnə mədəniyyətinin ilk təşəbbüsçüləri – Zəkirçan Fürqət, Mahmud Xoca Behbudi, Abdulla Övlani, Həmzə Həkimzadə Niyazi və digərləri Azərbaycan səhnə xadimləri ilə əlaqə saxlayır, yazışır, mədəni-maarif işləri haqqında yazdıqları məqalələri Bakı mətbuat orqanlarında ardıcıl nəşr etdirirdilər. Azərbaycan teatr xadimləri də Orta Asiya şəhərlərinə qastrol səfərlərinə çıxır, yerli həvəskarları öz ətraflarına toplayır, milli dramaturgiyamızın ən yaxşı əsərlərini onlarla birlikdə hazırlayıb, tamaşaçılara göstərirdilər.

Tarixi sənədlərdən məlum olur ki, hələ “1904-cü il, aprel ayının 4-də Daşkənd şəhərində «Podpolkovnik Mirzəbekyevin evində yeni müsəlman ziyalıları tərəfindən 4 pərdəli «Eşqdən bəla» komediyası oynanıldı...

Özbəkistanda birinci dəfə yerli qüvvələr tərəfindən səhnələşdirilmiş «Pədərgüş» pyesi tamaşaya qoyulduğu zaman onun rejissoru Ələskər Əskərov (yəqin ki, Ələsgər Ələsgərov nəzərdə tutulur-Ə.L.) olmuşdur. Bu əsər Daşkənddə də oynanıldığı zaman rejissoru həmin Ələskər Əskərov idi. Yerli qüvvələr başqa dillərdən pyes tərcümə edərkən birinci Azərbaycan pyeslərindən başlayıb, «Xor-Xor» komediyasını tərcümə etdilər...” (M.Büzürk Salehov. Özbək teatr tarixi üçün materiallar, 1935, s.62-67) [2, 120].

1908-ci ildə Daşkənddə özbəkcə nəşr olunan «Asiya» qəzetinin verdiyi bir xəbərə diqqət yetirək. Qəzet yazırdı: «Teatr tamaşaları Qafqaz müsəlmanları arasında çoxdan tərəqqi etmişdir. Buradan gələn mədaxil müsəlmanların ehtiyaclarına (məktəb, xəstəxana, mədrəsəyə) sərf olunur… Bizlərdə əvvəllər teatrın nə olduğunu düşünmədən, onu bir fahişəxana zənn edirdilər və bəzi mütəassib şəxslər isə hətta bunun əksinə hərəkət edirdilər. Biz rusiyalı müsəlman qardaşlarımızdan geri qaldığımızı təəssüflə təsdiq etdik. Daşkəndli ziyalı müsəlmanlar idarəmizə gəlib, aprelin axırlarında russki-tatarski şkola faydasına… birinci «Eşq bəlası», ikinci Qafqaz dilində bir pərdəlik vodevil oynayacaqlarını bildirdilər. Oyunun axırında Qafqaz mahnıları oxunacaqdı» [2, 159].

1911-ci ilin mart ayında Novruz bayramı münasibətilə Səmərqənddəki «Üsuli cədid» məktəbində şagirdlərin xeyrinə özbək, tacik və Azərbaycan dillərində iki pyes oynanılmışdı. Bunlardan biri «Axşam səbri xeyir olar», digəri «Xor-xor» idi. Sultanməcid Qənizadənin bu məşhur əsərləri özbək dilinə tərcümə və təbdil edilmişdi. Tamaşanı Mahmud Xoca Behbudi və Nəzərqulu Səlimov təşkil etmişdilər; rejissorluq işini Ələsgər Ələsgərov görmüş, xəzinədarlıq işini isə Ağalar Axundov aparmışdı.

Əslən azərbaycanlı olan Ələsgər Ələsgərov uzun müddət Özbəkistanda yaşamış, müəllimlik etmiş, Bakı qəzetlərinin müxbiri olmuşdu. O, Daşkənd, Səmərqənd, Fərqanə, Buxara və digər şəhərlərdə özbək dilində verilən tamaşalara rejissorluq etmişdir. Cəfakeş azərbaycanlı ziyalısı olan Ələsgər Ələsgərovun adına Azərbaycan və özbək dövri mətbuatında, Özbəkistan teatr tarixinə aid əsərlərdə tez-tez rast olunur. O, özbək teatrının təşəkkülü və inkişafında mühüm rol oynayan şəxsiyyətlərdəndir.

1911-ci ildən başlayaraq özbəkcə verilən tamaşalarda Ələsgər Ələsgərovun bir teatr təşkilatçısı, rejissor, rəhbər, aktyor, tərcüməçi, tənqidçi kimi adı hörmət və minnətdarlıq hissi ilə çəkilir. O, Özbəkistanda Mahmud Xoca Behbudi, Abdulla Övlani, Əbdülqədir Şəkuri, Əbdülvahab Muradi və başqaları ilə birlikdə teatr, mədəniyyət, maarif işi yolunda yorulmadan çalışmışdır. Ə.Ələsgərovun 1911-1919-cu illərdə Buxara, Səmərqənd, Daşkənd, Əndican, Oş, Xocənd və digər şəhərlərdə verilən tamaşaların əksəriyyətinin təşkilatçısı və fəal iştirak edənlərdən biri olmuşdur.

Özbəkistanın o dövrkü mətbuatı yazırdı: «Möhtərəm Qafqazlı Ələsgər Ələsgərov cənablarının idarəsi altında 1915-ci il, martın 12-də (Ə.L.) özbək gəncləri «Əski Türkiyə» (Türk daramaturqu Rza Zəkinin pyesi – Ə.L.) və «Ac həriflər»i (Ə.Haqverdiyevin komediyası – Ə.L.) (azərbaycanca) müvəffəqiyyətlə oynadılar». «Nəməngan gənclərinə və möhtərəm Ələsgər cənablarına təşəkkür edirik. Səmərqənddə də birinci türk dilində qoyulan teatra 3-4 il qabaq Ələsgər cənabları səbəb olubdur. Türküstanda Ələsgər əfəndinin teatr qoymadığı şəhər az qaldı. Onlarda da qeyrət edib tamaşa versə yaxşı olar» [2, 396].

Özbək mətbuatında Ələsgər Ələsgərov haqqında yazılmış bu kimi təşəkkür dolu yazılara dəfələrlə rast gəlmək olar. Tanınmış özbək teatrşünası, «Özbək teatrı tarixi» kitabının müəllifi M.Rəhmanov Ələsgər Ələsgərovun Özbəkistanda teatr sahəsindəki fəaliyyətindən bəhs edərək yazır: «Azərbaycan və özbək teatr əlaqələri barədə fikir demək lazım gələrsə, inqilabdan əvvəlki yeni özbək teatrının təşkili dövründə daha iki azərbaycanlı rejissor haqqında da danışılmalıdır. Bunlardan biri Ələsgər Ələsgərovdur. O, Səmərqənddə və Daşkənddə ilk özbək teatrının pərdəsinin açılmasına yardım etmişdir.

İkinci Mirələkbər Talışınskidir. Bunlar Azərbaycan teatrının tanınmış rejissorları deyillər. Lakin o illərdə Avropa səhnə qaydalarını yaxşı bilən, teatrda çox çalışıb böyük təcrübə qazanmış teatr xadimləri idilər» [1, 66].

Mətbuatın yazdığına görə, Ələsgər Ələsgərov 1911-ci il noyabr ayının 19-da Səmərqənddə Mirzə Məmməd Axundovun «Nidamət», Sultan Məcid Qənizadənin «Xor-xor» və «Dursunəli və ballıbadı» pyeslərini tamaşaya hazırlamışdı. Böyük müvəffəqiyyətlə keçən bu tamaşalara azərbaycanlılar və özbəklərlə yanaşı, rus və qeyri millətlərin nümayəndələri də həvəs və maraqla baxmışlar.

Yuxarıda adı hörmətlə çəkilən Mirələkbər bəy Talışınski 1913-cü ildə məsləkdaşı Muxtar Vəliyevlə birgə Bakıdan Aşqabada gəlir. Hər iki ziyalı buradakı teatr prosesinə fəal qoşulur və onun inkişafı üçün əllərindən gələni edirlər. Mirələkbər bəy Talışınski yerli həvəskarların iştirakı ilə «Yaman qardaş» (müəllif Əli Razi Şəmsizadə – Ə.L.) və «Daşım-daşım» (müəllif Mir Mahmud Kazımovski – Ə.L.) vodevillərini hazırlayır, Orta Asiyada, xüsusilə Özbəkistanda xalq teatrının inkişafına böyük əmək sərf edir.

M.Talışınski, Aşqabaddan getdikdən sonra Mərvdə, Əfqanıstan sərhəddi yaxınlığında, Taxtabazarda, Buxarada, Kətəqurqanda, Səmərqənddə, Nəmənkanda, Daşkənddə və Özbəkistanın digər şəhərlərində yerli həvəskarları ətrafına toplayaraq, məktəb və maarif işləri, yaralı əsgər ailələrinə kömək və digər xeyriyyə məqsədilə çoxlu tamaşalar göstərmişdir. Tamaşaçılar onun hazırlayıb göstərdiyi «Yaman qardaş», «Köhnə Türkiyə», «Axşam səbri xeyir olar», «Daşım-daşım» və başqa pyeslərin tamaşalarına böyük maraqla baxmışlar.

1912-ci ilin yanvarında Səmərqənddə «Muzıkalno-dramatiçeskoe obşestvo» zalında N.Nərimanovun «Nadir şah» faciəsi Bakıdan gəlmiş artistlər – Əhməd Qəmərlinski və Sidqi Ruhulla tərəfindən «Şəkuri» məktəbinin xeyrinə ikinci dəfə oynanılmışdır. Bir neçə gün sonra həmin artistlər Kokandda «Kimdir müqəssir» əsərini və «Dursunəli və ballıbadı» vodevilini oynamışlar. Çarcodakı Şaraşidzenin sirk teatrında Sidqi Ruhullanın rejissorluğu və iştirakı ilə göstərilən «Nadir şah» pyesinin tamaşası böyük uğur qazanmışdı.

1915-ci il, martın 13-də Buxarada azərbaycanlı gənclər Talışınskinin rejissorluğu ilə Qars və Ərdəhan qaçqınları xeyrinə türk dramaturqu Rza Zəkinin «Köhnə Türkiyə» və M.F.Mustafanın «Qatili Kərimə» adlı pyeslərini tamaşaçılara göstərmişlər. Həmin ilin 12 noyabrında Daşkəndin Apollo teatrında Ə.Qəmərlinski, Y.Nərimanov və S.Ruhullanın iştirakı ilə (Məcnun – Sidqi, Leyli – Y.Nərimanov, Ağacəfər – Sidqi, Dursunəli – Qəmərlinski) göstərilən «Leyli və Məcnun» və «Dursunəli və ballıbadı» tamaşaları güclü təsirə malik olmuşdur.

Daşkəndin Xivə teatrında həmin artistlərin şəhər gəncləri ilə birlikdə oynadıqları «Nadir şah Əfşar» tamaşası da müvəffəqiyyətlə keçmişdi. «Kolizey» teatrında Ə.Qəmərlinskinin iştirakı ilə göstərilən «Məkri zənən», «Ev tərbiyəsinin bir şəkli» tamaşaları da böyük maraqla qarşılanmışlar.

1915-ci ilin noyabr ayının 14-də Daşkəndin «Kolizey» teatrında Hüseynqulu Sarabskinin rejissorluğu ilə yerli artistlərdən N.İ.Xocayev, A.Övlani, M.Yunisməhəmmədov, A.Abxarov, F.Tahiri, S.Övlani və başqaları öz doğma dillərində A.Qədrinin «Bəxtsiz adaxlı» dramını oynayırlar. Azərbaycan artistləri isə H.Sarabskinin «Nadanlıq» və M.M.Kazımovskinin «Həmşəri mənzili» pyesini tamaşaçılara göstərirlər. Orenburqda çıxan «Vaxt» qəzeti 13.11.1915-ci il sayında yazırdı ki, tamaşaçılar «Qafqaz artistlərinə fövqəladə hörmət əlaməti göstərirdilər. Onların oynadıqları «Həmşəri mənzili»nin tamaşası zamanı salonda gülüş səsləri kəsilmirdi. Artistləri bir neçə dəfə qızğın alqışlarla səhnəyə qaytardılar».

1917-ci il, noyabrın 21-də Daşkəndin Apollo teatrında «Gülüstan» truppası Sidqi Ruhullanın buraya gəlməsi münasibətilə N.Nərimanovun «Nadir şah» əsərinin tamaşasını göstərmişdir. Nadir şah rolunu Sidqi Ruhulla oynamışdır.

Özbəkistanda teatr işi təşkilati baxımdan da getdikcə genişlənirdi. 1919-cu il, aprel ayının 11-də Daşkənd şəhərində Qafqazın azərbaycanlı gənclərinin yığıncağı keçirilmişdi. İştirakçılar xalqın mədəniləşməsi və maariflənməsi üçün xeyirli olan məsələləri müzakirə edib bir neçə maddədən ibarət tədbirlərin həyata keçirilməsini vacib hesab etmişlər. Üçüncü maddə teatr məsələsi olmuşdur. Yığıncağın sədri İsmayıl Həqqi demişdir ki, teatr qrupu həyatımıza aid səhnələrdə əski və yeni şəhərlərlə isbati-vücud etməkdədir.

Səmərqəndin «Müsəlman-musiqili dram cəmiyyəti»nin 1919-cu il, iyulun 14-də «Mehnətkeşlər evi»ndə göstərdiyi «Arşın mal alan» tamaşası cəmiyyətin nüfuzunu daha da artırmışdı.

1919-cu il may ayında azərbaycanlı müəllim Heydər Əlibəyovun Daşkənddə təşkil etdiyi tamaşalar da az əhəmiyyətli olmamışdır.

Həmin il avqust ayında Daşkənd şəhər teatrında «Karl Marks» adına dəstə Məmməd Səid Ordubadinin «Əndalisin son günləri» əsərini tamaşaçılara göstəmişdi. Sentyabr ayında Nəmənkandakı klubda Əli Nəzminin rejissorluğu ilə «Şeyda, ya ki həbsdəki inqilabçılar» və «Dursunəli və ballıbadı» əsərləri oynanılmışdır.

Dekabr ayında Daşkənddə «Şərq azadlığı ittifaqı» tərəfindən təşkil edilmiş böyük konsertdə Azərbaycanın teatr və musiqi dəstələri fəal iştirak etmişlər. 1920-ci ilin fevral ayında Daşkəndin şuralar teatrında (əvvəllər Kolizey teatrı adlanırdı) azərbaycanlı gənc teatr həvəskarları A.Abdullazadə və R.Məmmədovun iştirakı ilə Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyası müvəffəqiyyətlə göstərilmişdir. Ə.Ələsgərovun rejissorluğu ilə onların göstərdiyi «Kəblə Xudu», «Evliykən subay» və «Bizim kirayənişin özünü öldürdü» əsərlərinin tamaşaları da maraqla qarşılanmışdır.

Göründüyü kimi, XX əsrin əvvəllərində Özbəkistana qastrol səfərləri edən teatr xadimlərimiz, eləcə də orada yaşayan azərbaycanlı teatr həvəskarları bu qardaş ölkədə teatr işinin təşəkkülündə və inkişafında özbək ziyalılarına yaxından kömək göstərmiş, eyni zamanda Azərbaycan dramaturgiyasının ən dəyərli nümunələrini, səhnəsinin ən gözəl ənənələrini, güclü yaradıcılıq xüsusiyyətlərini geniş yayaraq, xalqımıza və onun sənətinə şöhrət qazandırmışlar.

ƏDƏBİYYAT

1. Raxmanov M. İstoriya uzbekskoqo teatra v 2 t., t I, Taşkent: Fan, 1968, 240 s.

2. Azərbaycan teatrının salnaməsi. I hissə. (1850-1920). / Toplayanı və tərtib edəni Qulam Məmmədli. Bakı: Azərnəşr, 1975, 584 s.