"Musiqi dünyası" № 1 (66) 2016

Article №3; 7541 - 7548 pр.
Ariz Abduləliyev. Azərbaycan bəstəkarlarının xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin rolu
Ariz Abdulaliyev. Haydar Aliyev's role in perpetuating of Azerbaijan composers' memory
Text PDF

Azərbaycan musiqi mədəniyyətinin inkişafı, təbliği və qorunması Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasətinin və dövlətçilik fəaliyyətinin prioritetlərindən olmuşdur. [1]. Onun bu istiqamətdə mühüm tarixi xidmətlərindən biri də Azərbaycan bəstəklarının və musiqi xadimlərinin adının, xatirəsinin əbədiləşdirilməsidir. Heydər Əliyev bəstəkarların adının və xatirəsinin əbədiləşdirilməsinə onların yaradıcılığına, roluna və şəxsiyyətinə verilən layiqli tarixi qiymətin bir təzahürü kimi yanaşır və bu məsələyə mühüm əhəmiyyət verirdi.

İncəsənət, ədəbiyyat, mədəniyyət sahəsində xidmətləri olan, Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyatının inkişafına töhfələr verən şəxsiyyətlərin yaradıcı əməyini və fəaliyyətini qiymətləndirməkdəstəkləmək məsələlərinə Heydər Əliyev həmişə son dərəcə diqqətli, həssas, ardıcıl, birmənalı, obyektiv yanaşmışdır. Heydər Əliyev siyasi lider, dövlət xadimi kimi musiqi xadimlərinin yaradıcılığı və nailiyyətlərilə hər zaman maraqlanmış, onlarla ünsiyyət saxlamış, habelə onların yaradıcılıq və şəxsi problemlərinin həlli ilə məşğul olmuşdur. Bu qiymətləndirməsində və dəstəyində Heydər Əliyev öz səmimi, obyektiv, ədalətli mövqeyi ilə, humanistliyi və qayğısı ilə tarixə qurucu və yaradıcı siyasi xadim, dahi şəxsiyyət kimi düşmüşdür.

Ümummilli Liderin Azərbaycanın görkəmli bəstəkar, dirijor və ifaçıları ilə yaradıcılıq ünsiyyəti müxtəlif tədbirlərdə, konsertlərdə, yubileylərdə, görüşlərdə, bəzən də tamaşa və konsertldən sonra pərdəarxası görüşlərdə baş vermişdir. Bütün bu görüşlərində, ünsiyyətində Heydər Əliyev sənət adamları ilə səmimi, mehriban olmuş, dinlədiyi musiqi tamaşaları və əsərləri haqqında, onların uğurları barədə öz maraqlı rəy və fikirlərini bildirmişdir. O, musiqini çox sevdiyi, musiqi əsərlərini dərindən duya bildiyi və həm də yüksək bədii zövqə, təhlili yanaşmaya malik olduğu üçün fikirlərində səmimi olduğu qədər də dəqiq, məntiqli və obyektiv idi. Onun bəstəkar, dirijor, ifaçılar və əsərlər haqqındakı çıxışları, fikirləri, mülahizələri, qiymətləri, tövsiyələri, sadəcə, görüşdən yaranan situativ məqam deyildi, əksinə, maraqlı ideyalara, fikir və təkliflərə malik təhlili çıxışlar idi. Bu baxımdan, Heydər Əliyevin musiqi xadimlərinin yubileylərindəki nitqləri, konsert və görüşlərdəki çıxışları, mülahizələri musiqişünaslıq üçün maraqlı tədqiqat obyektidir.

Bu qeyd olunan aspektlə yanaşı, onun musiqiçilərlə görüşü həm də sənətə, sənətkara və yaradıcılığa verilən vacib mənəvi dəstək idi. Məlumdur ki, Heydər Əliyev yaradıcılığa, sənət adamlarına, yaşlı və gənc musiqiçilərə dövlət və hökumət tərəfindən həmişə maddi və mənəvi dəstək verməsinə nail olmuşdur. Heydər Əliyev sənətkara maddi və mənəvi dəstək verməklə onların yaradıcılığını da dəstəkləmiş və yaradıcılıq proseslərinin fəallaşmasına təkan vermişdir. Məlumdur ki, incəsənət adamlarının və bədii yaradıcılığın maddi və mənəvi dəstəyə hər zaman ehtiyacı vardır. Lakin bu dəstək ardıcıl və məqsədyönlü şəkildə dövlət və hökumət səviyyəsində həyata keçirildikdə daha uğurlu nəticələrə və real perspektivlərə malik olur. Bu baxımdan, hər bir peşəkar musiqiçinin istedadına, yaradıcılığına, fəaliyyətinə, sənət uğurlarına davamlı və məqsədyönlü maddi və mənəvi dəstək verən Heydər Əliyev, eyni zamanda, onların fəaliyyətinin və nailiyyətlərinin daha irəli getməsi üçün çalışır, bu fəaliyyəti və nailiyyətləri müxtəlif vasitələrlə qiymətləndirir, beləliklə musiqi xadimlərinin yaradıcılığını və bədii maraqlarını stimullaşdırır, Azərbaycan musiqi incəsənətinin inkişafını təmin edirdi.

Məqalənin mövzusundən irəli gələn daha bir qənaətimiz də var. Heydər Əliyev Azərbaycanın tarixi şəxsiyyətlərinin, görkəmli elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin adının və xatirəsinin əbədiləşdirilməsinə tarixi yaddaşın bərpası, şəxsiyyətlərin tanıdılması, milli şüurun qorunması, gənc nəslin vətəndaş tərbiyəsi və yaradıcılığın sosial-mənəvi dəstəklənməsi kimi yanaşırdı. Onun görkəmli musiqi xadimlərinin adının və xatirəsinin əbədiləşdirilməsi haqqında sənəncamları məhz bu böyük Azərbaycançılıq məramına xidmət etmişdir.

Heydər Əliyev Azərbaycanın musiqi xadimlərinə dövlət və hökumət dəstəyini ən müxtəlif formalarda həyata keçirməklə ölkəmizdə vətəndaş tərbiyəsinə çalışmışdır. Görkəmli bəstəkarların, dirijorların, ifaçıların yubileyləri, əsərlərinin nəşri, onların fəxri ad, orden, medal və təqaüdlərlə təltif olunması, adlarının əbədiləşdirilməsi və s. bu kimi tədbirlər gənc nəsillərdə Azərbaycan musiqi incəsənətinə marağı artırmaqla yanaşı, onlara görkəmli musiqi xadimlərini tanıtmış, yaradıcı ziyalalara vətəndaş münasibəti və onların irsinə hörmət və dəstək formalaşdırmışdır. Heydər Əliyev Azərbaycanın görkəmli musiqiçilərinin adını və xatirəsini əbədiləşdirməklə, mədəniyyət dəyərlərimizə böyük vətəndaşlıq nümunəsi göstərirmişdir.

Bu məqalərdə görkəmli bəstəkarların xatirəsinin əbədiləşdirilməsi sahəsində iki faktı araşdırılmışdır.

ƏFRASİYAB BƏDƏLBƏYLİNİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA QƏRAR

Azərbaycan KP MK Bürosu 11 yanvar, 1977-ci ildə görkəmli bəstəkar, dirijor və musiqişünas-alim, Azərbaycan Respublikasının Xalq artisti Əfrasiyab Bədəlbəylinin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul etmişdir. [2].

Bu qərar Heydər Əliyevin sədrliyi ilə Büro iclasında qəbul olunmuş və onun imzası ilə təsdiq edilmişdir. Qərarda deyilir:

"Görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq artisti Ə.B.Bədəlbəylinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə:

1. Bakı şəhərində 23 nömrəli musiqi məktəbinə Əfrasiyab Bədəlbəylinin adı verilsin.

Nazirlər Soveti bu məsələ ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.

2. Respublikanın Mədəniyyət nazirliyi və Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən Ə.B.Bədəlbəylinin məzarı üzərində qəbirüsütü abidə qoyulsun və bəstəkarın yaşadığı S.Vurğun küçəsi, 96 ünvanlı binaya xatirə lövhəsi vurulsun.

3. Respublika Dövlət Nəşriyyat Komitəsi "İşıq" nəşriyyatının 1978-ci il tematik planına Ə.B.Bədəlbəlinin "Qız qalası" baletinin klavirini və onun tənqidi məqalələrindən ibarət bircildliyi daxil etsin." [2].

Əfrasiyab Bədəlbəylinin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan KP MK-nın 11 yanvar, 1977-ci tarixli qərarını (protokol N 29) ilk dəfə musiqi ictimaiyyətinə və musiqişünaslığa təqdim edirik 1:

Bu qərar Azərbaycan xalqının, musiqi ictimaiyyətinin, musiqisevərlərin Əfrasiyab Bədəlbəylinin yaradıcılığına əbədi sevgi və ehtiramının yüksək ifadəsidir.

SOLTAN HACIBƏYOVUN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA QƏRAR

Azərbaycan KP MK Bürosu görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Soltan Hacıbəovun xatirəsinin əbədiləşdirilməsi haqqında 11 yanvar, 1977-ci il tarixli qərar qəbul etmişdir. [2].

Bu qərar Heydər Əliyevin sədrliyi ilə Büro iclasında qəbul olunmuş və onun imzası ilə təsdiq edilmişdir. Qərarda deyilir:

"Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti S.İ.Hacıbəovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə:

1. Sumqayıt musiqi məktəbinə S.İ.Hacıbəyovun adı verilsin.

Nazirlər Soveti bu məsələ ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.

2. Respublikanın Mədəniyyət nazirliyi və Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən S.İ.Hacıbəyovun məzarı üzərində qəbirüsütü abidə qoyulsun və bəstəkarın yaşadığı Nizami, 111 ünvanlı binaya xatirə lövhəsi vurulsun." [2].

Soltan Hacıbəyovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan KP MK-nın 11 yanvar, 1977-ci tarixli qərarını (protokol N 29) ilk dəfə musiqi ictimaiyyətinə və musiqişünaslığa təqdim edirik:

Bu qərarlar Heydər Əliyevin Azərbaycanın musiqisinə, musiqi xadimlərinə, onların yaradıcılığına böyük sevgisini və qayğısını bir daha əks etdirirdi. Lakin bu iki qərar Azərbaycan musiqi xadimlərinin adının və xatirəsinin əbədiləşdirilməsinə Heydər Əliyev tərəfindən göstərilən yeganə tədbirlər deyildir.


1 Bu məqalədə təqdim olunan arxiv sənədləri ilk dəfə dərc olunduğu üçün onlardan istifadə zamanı məqaləyə istinad müəllif hüquqları baxımından məqsədəuyğundur.

ƏDƏBİYYAT:

1. Abduləliyev A.Ə. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan musiqi incəsənətinin inkişaf mərhələləri //Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Elmi-praktik konfransın materialları. – B.2016, s. 58-66.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi, fond 1.

3. Müasir Azərbaycan mədəniyyəti: Nailiyyətlər və perspektivlər (elmi məqalələr toplusu). – Bakı, E.L., 2007, 256 s.