"Musiqi dünyası" № 3 (64) 2015

Article №2; 7436 - 7441 pр.
İmruz Əfəndiyeva. Bizim sevimli, hörmətli və gözəl tədqiqatçimiz
Text PDF

Çox istədiyiniz və hörmət etdiyiniz şəxsiyyət haqqında yazmaq həmişə çətindir. Ehtiyat edirsən, hansısa bir fakt yaddan çıxa bilər… Mən fəxrlə deyə bilərəm ki, Leyla Məmmədova (Fərəcova) mənim əlaçı tələbələrimdən biri olub. O, Harmoniya fənnini çox gözəl bilirdi və həmin fənnə yaradıcı insan kimi yanaşırdı. Bir Harmoniya dərsində xalq mahnılarını harmonizə edirdik - ciddi və sərbəst şəkildə. Leyla nəinki fortepiano arxasında əyləşərkən zövqlə harmonizə edir və həmçinin həmin xalq mahnısını evdə xor üçün işləyirdi, maraqlı tapıntılarla bizi cəlb edirdi.

Bu istedadlı və savadlı tələbənin maraqları olduqca geniş idi. Yaxşı yadımdadır, II kursdan başlayaraq Leyla mütəmadi olaraq, elmi-nəzəri konfranslara yazılır, uğurla çıxış edir, mükafatlara layiq görülür. III kursda olanda ali məktəblərarası keçirilən Respublika müsabiqəsində «Некоторые тенденции развития современной гармонии» adlı məruzəyə görə Təhsil Nazirliyi tərəfindən II dərəcəli Diploma layiq görülmüşdür. Və heç də təsadüfi deyil ki o, 1988-ci ildə Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluğu şöbəsini Fərqlənmə diplomu ilə bitirdi. Onu da qeyd edim ki, Leylanın fikri var idi ki, musiqişünaslıq fakültəsinə keçsin. Hətta o, bir il ərzində musiqişünaslarla birgə dərslərə gəldi, demək olar ki, iki fakultədə oxudu. Bunun üçün ona Konservatoriyanın rektoru, professor Elmira xanım Abasova icazə verdi. Lakin, çox heyif ki, sonra Leyla öz fikrini dəyişdi və qərara gəldi ki, dirijor kimi püxtələşsin.

1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Xalq artisti, görkəmli bəstəkar Aqşin Əlizadə Leyla xanımı bu gözəl yaradıcılıq ocağına işləməyə dəvət edir. Burada İttifaqın o vaxtlar baş məsləhətçisi, bizim aparıcı müsiqişünaslarımızdan biri olan Zümrüd Dadaşzadənin rolu da oldu. O, Aqşin müəllimə Leyla haqqında ən xoş rəylər vermişdi. Leyla burada 2006-cı ilə qədər çalışdı və həm İttifaqın işçiləri, həm də üzvləri arasında böyük hörmət qazandı. Bəstəkarlar İttifaqında işləyərkən, Leyla xanım Qurultay və Plenumların hazırlığında fəal iştirak edirdi, annotasityalar, məqalələr yazırdı. Bəstəkarlarımızın, musiqişünaslarımızın yubiley gecələrində məruzə ilə çıxışlar etmiş, müxtəlif səpgili konsert proqramlarını hazırlayıb aparıcısı olmuşdur. Bir sözlə, olduqca səmərəli çalışırdı.

Ü.Hacıbəyov ad. Bakı Musiqi Akademiyasında Leyla xanımın pedaqoji fəaliyyəti 1998-ci ildən başlayır. «Xor-dirijorluğu» kafedrasının müdiri, Bəstəkarlar İttifaqının birinci katibi, professor, tanınmış bəstəkar, Xalq artisti Vasif Adıgözəlov onun işini hər zaman yüksək qiymətləndirirdi. Gənc müəllim L.Fərəcova məsuliyyətlə dərslərə hazırlaşırdı, biliyini artırmaq üçün bütün günü qiraətxanada yeni musiqi əsərlərini, kitabları nəzərdən keçirirdi. Onun nəzəri bilikləri, Bəstəkarlar İttifaqında toplanmış təcrübəsi ona dəstək olmuşdur.

Azərbaycan musiqi mədəniyyətində 1999-cu il tarixdə gözəl bir hadisə kimi qalacaq. Həmin ildən başlayaraq Respublikamızda ilk olan «Musiqi dünyası» elmi jurnalı çap olunmağa başlanır. Bizim musiqişünaslar bu hadisəni bir bayram kimi məqbul etdilər. Hamımızın arzu etdiyimiz, çoxdan gözlədiyimiz jurnal fəaliyyətə başladı. İlk olaraq jurnalın təsisçisi Bəstəkarlar İttifaqı oldu, bir il sonra isə Bakı Musiqi Akademiyası da qatıldı. Jurnal işə başladığı gündən bura Leyla xanım redaktor vəzifəsinə dəvət olunur və hal-hazırda demək olar ki, bu jurnalın uğurları həm baş redaktor, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov və həmçinin Leyla xanımın da adı ilə sıx bağlıdır.

İlk nömrələrdən başlayaraq bu jurnalda Leyla xanımın müxtəlif səpgili məqalələri çap olunur. Məqalələri hər zaman oxucular tərəfindən maraqla qarşılanır, elmi baxımdan isə ətraflı və dərin olur. O, hər bir mövzuya muraciət edərək üzərində çox səmərəli çalışır.

Əvvəla biz qeyd etməliyik ki, Leyla xanımın yaradıcılıq həyatında iki görkəmli musiqiçinin böyük rolu olmuşdur. Birinci, onun ixtisas müəllimi Sailə xanım Ağayeva olduqca bilikli, istedadlı mütəxəssis idi. Rusiya Musiqi Akademiyasını bitirmişdir. Mən onun sənətşünaslıq namizədi almaq üçün yazdığı avtoreferatla tanış olandan sonra («Особенности национального мышления в хоровом творчестве азербайджанских композиторов», B., 1994. Elmi rəhbəri - elmlər doktoru, Russiya Musiqi Akademiyasının professoru Y.K.Evdokimova), nəticəyə gəldim ki, S.Ağayeva nəinki öz sənətinin ən yüksək səviyyəli mütəxəssisidir, o, həmçinin isçtedadlı musiqişünas-alimdir. Sailə xanımın harmoniya, polifoniya və faktura sahəsində olduqca maraqlı düşüncələri, fikirləri var idi. Səxavətli insan kimi sevimli tələbəsi Leyladan heçnə əsirgəmirdi. Təəcüblü deyil ki, Leyla xanım Sailə xanımın səyi ilə xormeyster ustalığına diqqətini yönəltdi.

İkinci mərhələ və ikinci müəllim Leyla xanım üçün görkəmli musiqişünas, Respublikamızın hüdüdlarından kənarda tanınan Elmira xanım Abasova oldu. Elmira xanım onun namizədlik dissertasiyasının rəhbəri idi. O, olduqca məsuliyyətli, ciddi və tələbkar müəllim idi. Leyla xanım söhbətlərinin birində bizə dedi ki, o, Elmira xanımın bütün monoqrafiyalarını, kitablarını, Azərbaycan və xaricdə çap olunan məqalələrini ətraflı öyrənəndən sonra, inamla yaxınlaşdı Elmira xanıma, xahiş etdi ki o, onun elmi rəhbəri olsun, E.Abasova sevinclə razılığını verdi. Lakin onu da qeyd edək ki, bu məsələdə bizim hörmətli professor, Gülnaz xanım Abdullazadənin də əvəzsiz rolu oldu. O, Leylanı aspirantura dərslərindən tanıdı və Elmira xanıma ən yüksək rəylər verdi.

Böyük alim, təvazökar və səxavətli insan, sakit və yumşaq xassiyyətli Elmira xanım maraqlı, canlı və ən yüksək peşəkarlıq səviyyəsində bu işə rəhbərlik etdi, fərdi dərslər xüsusi həvəslə aparılırdı. Hər zaman çox dəqiq və əhəmiyyətli məsləhətlər verirdi. Aspirantından da çox razı idi. Qeyd edirdi ki, Leylanın gözəl yazı qabliyyəti var. Nəticədə, 2005-ci ildə L.Məmmədova dəyərli elmi işini bitirir və namizədlik dissertasiyasını uğurla müdafiə edir. («Становление и развитие хорового исполнительского искусства Азербайджана (до второй половины ХХ века)». Avtoreferat. B., 2005, -28s.). 2009-cü ildə isə elmi işinə və pedaqoji fəaliyyətinə görə Leyla xanım Ali Attestasiya Komissiyasının qərarı ilə Dosent elmi dərəcəsinə layiq görülür.

L.Məmmədova pedaqoji fəaliyyətə 1998-ci ildən Bakı Musiqi Akademiyasında başlamışdır. O, «Xor dirijorluğu» kafedrasında əvvəlcə saat-hesabı müəllim, 2004-cü ildən əvəzçi müəllim, 2005-ci ildən baş müəllim, 2006-cı ildən dosent vəzəifəsində çalışmışdır. 2011-ci ildə professor vəzifəsinə keçib. O, «İxtisas», «Xor musiqisi ədəbiyyatı», «Xorşünaslıq» və s. fənlərini aparır. Onun dərsləri hər zaman tələbələrdə böyük maraq doğurur və onlar məqbul və imtahanlarda yüksək nəticələr göstərirlər.

2006-cı ildən başlayaraq L.Məmmədova Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyasının Elmi Katibi vəzifəsinə dəvət olunur. Bu çox çətin, məsuliyyətli və şərəfli işi Leyla xanım vicdanla aparır. Ali Attestaisya Komissiyasına göndərilən bütün elmi işlər dəqiq yoxlanılır və ehtiyatla səhmana salınır. Bir Elmi katib kimi o, hamını gülər üzlə, sevinclə və olduqca səmimi qarşılayır və hamıya sənədləri toplamaqda köməklik edir. Kənardan baxırsan və düşünürsən: «Bu insanda nə qədər səbr var imiş, bu insan necə də sadə və mehribandır!».

L.Məmmədova musiqi mədəniyyətimizə həsr olunmuş 80-dan çox elmi işlərin müəllifidir. O cümlədən, 2 dərs vəsaiti, 3 metodik vəsait, 2 fənn proqramı və s. Bu dərs vəsaitləri BMA-da, ADPU-də, ADMA-da tədris prosesində geniş istifadə olunurlar.

Onun elmi axtarışları Azərbaycanda xor mədəniyyətinin yaranması və inkişafı problemləri və bəstəkarlarımızın xor əsərlərinin təbliği ilə bağlıdır. O, Azərbaycan musiqi mədəniyyəti və xor musiqisi haqqında maraqlı tarixi və tədqiqat problemlərini açıqlayıır. Bir qayda olaraq bu illər ərzində müxtəlif elmi nəşrlərdə L.Məmmədovanın elmi axtarışları ilə tanış oluruq. Məqalələri «Musiqi dünyası», «Музыкальная Академия» (Rusiya), «İRS - Nasledie», «Muğam», «Konservatoriya», «Müasir mədəniyyətşünaslıq» və s. jurnallarda və elmi məqalələr toplularında çap olunur. Respublika və Beynəlxalq miqyasda təşkil olunan bir sıra konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxışlar etmişdir. Bu elmi axtarışlar hər zaman müsbət rəylər qazanmış, Azərbaycan bəstəkarlarının yaradıcılığının təbliğində böyük rol oynamışdır.

Leyla xanımın elmi yaradıcılığında onun monoqrafiyaları xüsusi diqqəti cəlb edir. Misal üçün, «Хоровая культура Азербайджана. Пути становления и разработка проблемы хорового исполнительства» (Bakı, «Adiloğlu», -232s.)1. Bu kitabda ilk dəfə olaraq Azərbaycan xor ifaçılıq sənətinin yaranma tarixi, inkişafı yolları tədqiq olunur, araşdırılır. Müəllif ilk dəfə olaraq olduqca qiymətli və nadir arxiv sənədlərini araşdırır və onlara öz münasibətini bildirir. Kitabı oxuyarkən, sizin qarşınızda Azərbaycan musiqi tarixinin ən önəmli, aparıcı və vacib olan mərhələləri canlanır. L.Məmmədova Azərbaycan xor ifaçılıq sənətinin inkişafında Ü.Hacıbəyli, M.Maqomayev, C.Cahangirov kimi musiqi xadimlərinin və həmçinin Leninqraddan dəvət olunmuş N.Romanovski və başqalarının rolunu tarixi sənədlər ilə vurğulayır. Ümumiyyətlə, bu kitabda xor sənətinin, xor mədəniyyətinin aparıcı simalarından olan şəxsiyyətlər, vaxtilə Bakı Musiqi Akademiyamızda pedaqoji fəaliyyətlə vicdanla, səmərəli çalışmış mütəxəssislər haqqında böyük material tapmaq olar.

Leyla xanım bu kitabda xüsusi olaraq dahi Ü.Hacıbəylinin əhəmiyyətli rolu haqqında söhbət açır. Bildiyimiz kimi, Ü.Hacıbəyli Azərbaycan Dövlət Filarmoniyasında, Konservatoriyada və digər sənət ocaqlarında xor kollektivləri yaratmışdır. Bu kollektivlərin yaranma tarixindən arxiv sənədləri araşdırmış, L.Məmmədova maraqlı faktları açıqlamışdır. Xüsusi olaraq 1940-cı ildə Filarmoniya nəzdində ilk Xor kapellasının yaranması haqqında sənədlərin üzərində aparılmış araşdırmaları qeyd etmək istərdik.

Əgər tarixə nəzər salsaq, biz Hacı Zeynalabdin Tağıyevin də rolunu da yada salmalıyıq. Bildiyiniz kimi, 1902-ci il yanvar ayında «Tağıyev teatrında» Bakıda Birinci Şərq konserti keçirilmişdir. Həmin konsertdə iki xor qrupu iştirak etmişdir: uşaq xoru və böyüklərdən ibarət xor. Bu haqda da kitabda məlumatlar var.

Həmçinin monoqrafiyada Həsənbəy Zərdabinin də böyük rolu açıqlanır. O, 1901-ci ildə məktəblər üçün maraqlı məcmuə çap etmişdir. Şair A.Əfəndizadə tərəfindən mahnıların mətni toplanmışdır. Həmin məcmuəni H.Zərdabi çapa hazırlayarkən, « Сборник азербайджанских хоровых песен» adlandırmışdır.

Leyla xanım xüsusi olaraq Moskvadan dəvət olunan gözəl mütəxəssisləri qeyd edir - A.A.Yurlov və L.V.Frolova. İndiki zamanda onların tələbələri nəinki Azərbaycanda, digər ölkələrdə də uğurla çalışırlar.

Kitabda böyük bəstəkarımız V.Adıgözəlovun xor yaradıcılığı haqqında da ətraflı məlumat verilir. V.Adıgözəlov uzun illər «Xor dirijorluğu» kafedrasının müdiri olmuşdur və kafedrada bir çox dəyərli yeniliklər etmiş, onun nüfuzunu qaldırmışdır.

Digər professorların, müəllimlərin rolu da qeyd olunur, o cümlədən: E.Novruzov, N.Məlikov, L.Atakişiyeva, S.Ağayeva, Z.İsmayılova, E.Sabitoğlu, K.Əliverdibəyov, M.Mirzəyev, G.İmanova, C.Cəfərov, Y.Adıgözəlov, İ.Kazimova, B.Vəkilova, Z.Bağırov, N.Mərdanov, A.Qafulov, Ə.Quliyev, Y.Kuxmazova və b.

Biz bu kitab haqqında ətraflı məlumat verdik, çunki Leyla xanımın ən sanballı elmi-tədqiqat işlərindən biridir.

Bizim qarşımızda Leyla xanımın 2014-cü ildə nəşr olunmuş yeni kitabıdır - «Страницы творческой биографии Сардара Фараджева» (Bakı, «Mütərcim», 2014, -88s.). Leyla xanımın bu elmi-tədqiqat işi dərs vəsaiti kimi təqdim olunmuşdur. Bəstəkar Sərdar Fərəcov haqqında bu ilk monoqrafiyadır. Onun yaradıcılığı ilə əlaqədar çox az məqalələr yazılıb, televiziya kanallarında və konsertlərdə isə onun əsərlərini vaxtaşırı eşidirik. Tamaşaçılarımızın yaxşı yadındadır S.Fərəcovun «Mədəniyyət» kanalında apardığı verilişlər. «Musiqi xəzinəsi» adlanan rubrikada Sərdar müəllim «Xalq musiqisi» verilişini məharətlə, professional səviyyədə aparırdı. O, qocaman muğam ustadlarını dəvət edir, maraqlı diskussiyalar keçirirdi.

Leyla xanım kitab üzərində çox səmərəli işləyib. Fikir verin, Leyla xanımın tərtib etdiyi bəstəkar haqqında yazılan əsərlərin siyahısına. L.Məmmədova Ü.Hacıbəyli, M.Maqomayev, C.Cahangirovun xor yaradıcılığı ilə birlikdə A.Əlizadə, V.Adıgözəlov, R.Mustafayev, A.Dadaşov, A.Cəfərova, F.Nagıyev və başqa bəstəkarların əsərlərini araşdırıb. Və bütün işlərdə ilk növbədə ciddilik, peşəkarlıq və səliqəlilik bizim diqqətimizi cəlb edir.

O ki, qaldı S.Fərəcov haqqında kitaba, qeyd edək ki, bu bəstəkar bütün janrlarda məsuliyyətlə çalışıb, demək olar ki, bütün janrlarda özünü sınayıb.

Leyla xanım kitabın konstruksiyasını məntiqlə qurur və ən dəyərli, diqqəti cəlb edən əsərlər üzərində dayanır, dərindən təhlil edir, maraqlı nəticələrə gəlir. O, bəstəkarın Simli Kvarteti, Ü.Hacıbəyliyə həsr olunmuş a cappella xoru üçün Konserti və «Koroğlu əfsanəsi» simfonik freskasını təhlil edir. Müəllif S.Fərəcovun musiqi dilini təhlil edərkən, ilk növbədə onun milli köklərini təyin edir, sonra isə onun musiqi tematizmini, harmonik dilini, polifonik xüsusiyyətlərini, fakturanı, dinamikasını və s. cəhətlərini dəqiqliklə araşdırır.

«Koroğlu əfsanəsi» adlı simfonik freska ilk dəfə Ukraynada, Kiyev şəhərində, 2013-cü ilin aprel ayında səslənmişdir. Bu əsəri S.Fərəcov Ü.Hacıbəyliyə həsr etmiş, dahi bəstəkarın ənənələrinə arxalanaraq, maraqlı, yaddaqalan kompozisiya yaratmışdır. Misal üçün, bəstəkar geniş yayılmış «Cəngi» janrının metro-ritmik xüsusiyyətlərini canlandırır.

Kitabda S.Fərəcov musiqi-ictimai xadimi kimi də təqdim olunur, onun Ü.Hacıbəylinin Memorial Ev-Muzeyinin müdiri vəzifəsində apardığı işlər çox maraqlı şəkildə göstərilir, həyata keçirtdiyi əsas proyektlər haqqında məlumat verilir.

Biz musiqiçilər yaxşı bilirik ki, S.Fərəcov bu Muzeyə təyin olunan gündən burada çox səmərəli işlər görülür: tez-tez elmi konfranslar, bəstəkarlarla, ifaçılarla görüşlər təşkil olunur. Ü.Hacıbəyli irsinin qorunması – bəstəkar və ictimai xadim S.Fərəcəovun faktiki olaraq həyat kredosudur. Açığını deyək ki, S.Fərəcov üçün bu memorial Muzey – onun birinci evidir.

Biz S.Fərəcovun elmi əsərlərini də çox yaxşı tanıyırıq. O, həmişə düzgün və obyektiv şəkildə hər bir hadisəni, mövzunu izah edir, öz ideyasını müdafiə edir. L.Məmmədova kitabda S.Fərəcovun elmi əsərlərinin və məqalələrinin siyahısını verir və bu da mən bilən, gələcək nəsil üçün çox faydalıdır. Onu da qeyd edək ki, bəstəkar S.Fərəcov və bizim aparıcı musiqişünaslarımız kitaba ən böyük qiymət vermişlər.

Ümumiyyətlə, Leyla xanımın elmi yaradıcılığında digər əsərələr də qeyd olunmalıdır. O cümlədən, Традиции о новаторство в хоровом творчестве Агшина Ализаде», «Концерт для хора а капелла памяти Кара Караева» Фаика Нагиева» adlı metodik vəsaitlər, fənn proqramları, həmçinin müxtəlif mövzulu bir çox elmi məqalələri və s. Onu da qeyd edim ki, L.Məmmədovanın konfrans çıxışları da hər zaman ən yüksək səviyyədə keçir və dinləyicilərdə böyük maraq oyadır.

Əzizimiz Leyla xanım! Sizi – tanınmış alimi 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Yaradıcılıq dairəniz genişdir. Siz həmişə fəaliyyətdəsiniz, hər zaman axtarışdasınız. Sizə uzun ömür, Can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


1. Bu kitab haqqında bu sətirlərin müəllifi vaxtılə məqalə yazmışdır. Bax: «Оригинальное и масштабное исследование. Лейла Мамедова – «Хоровая культура Азербайджана».// İ.Əfəndiyeva, «Axtarış yollarının bəhrəsi» kitabında məqalə, B, «Zərdabi LTD», 2014, -s.495-504