"Musiqi dünyası" № 2 (63) 2015

Article №5; 7400 - 7405 pр.
Gülarə Axundova. Azərbaycan musiqili teatr sənətinin inkişafinda dirijor və xormeysterlərin rolu
Gulara Akhundova. The role of conductors and chorus master in the development of musical theater of Azerbaijan.
Text PDF

Musiqili teatr barəsində danışanda hər zaman ifaçıları və yaxud rejissorları nəzərdə tuturlar, lakin dirijor və xormeysterlərin işləri həmişə kölgədə qalmış olur. Biz bu məqaləmizdə opera və operetta janrlarının bugünkü yüksək inkişafında, tamaşaların uğurla keçməsində dirijor və xormeysterlərinin rolunu açıqlamağa çalışacağıq.

Azərbaycanın opera teatr sənəti özünün inkişafı tarixində muğam operalarından klassik operalara qədər (yəni sırf millidən ümummilliyə qədər) böyük təkamül yolu keçmişdir. Həmçinin 1938-ci ildə Azərbaycan Dövlət konsert birliyi nəzdində musiqili komediya ansamblı yaradılmışdır ki, həmin kollektiv 1939-cu ildə Dövlət Musiqili Komediya Teatrı kimi fəaliyyət göstərməyə başladı. Bu şərəfli və məsuliyyətli işlərdə Azərbaycanın dirijor və xormeysterlərinin çiyinlərinə də böyük yük düşmüşdür. İlk dirijorlarımız Ü.Hacıbəyli və M.Maqomayev olmuşlar. Onların layiqli davamçıları maestro Niyazı olmuşdur. Sonralar Azərbaycanda böyük və istedadlı dirijorlar və xormeysterlər nəsli yetişmişdir ki, onların əməyi nəticəsində musiqili teatr sənətimiz yüksək zirvələrə ucalmışdır.

Azərbaycan Dövlət Opera və Balet Teatrının bu günkü uğurlarında onun baş dirijoru Cavanşir Cəfərovun müstasna rolu vardır.

Helə gənc yaşlarından "cazibədar dirijor çubuğu", xora və daha sonra simfonik orkestrə rəhbərlik etmə imkanı C.Cəfərovu daim özünə çəkirdi. Azərbaycan respublikasının Əməkdar incəsənət xadimi, professor E.Novruzovun yetirməsi olan C.Cəfərov dirijor sənətini daha da dərindən öyrənmək üçün 1972-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Konservatoriyasında xor dirijorluğu ixtisası üzrə professor A.İ.Anisimovun sinfində təhsilini davam etdirməyi qərarını alır. Burada görkəmli rus xormeysterləri olan N.V.Şyolkov, Romanovski və K.A.Olxov da ona dərs demişlər.

1979-cu ildə Bakıya qayıdandan sonra Cavanşir Cəfərov, Azərbaycan Dövlət opera və balet teatrının direktoru Azər Rzayevin dəvətilə teatrın xormeysteri vəzifəsinə təyin olunur. Simfonik orkestrin dirijoru kimi ilk dəfə Cavanşir Cəfərov 1983-cü ildə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Uvertyuranın və "Çənlibel" xorunun ifası ilə çıxış etmişdi.

1985-ci ildə Cavanşir Cəfərov Musiqili Komediya Teatrının dirijoru vəzifəsinə təyin olunur. O zaman teatrın baş dirijoru Həsən Rzayev idi. Tezliklə C.Cəfərov baş dirijor vəzifəsinə təyin olunur və 1990-ci ilə qədər onu icra edir. Xormeyster əvvəl Larisa Melex, sonra isə Vaqif Məstanov idi. Cəfərov burada Leqarın "Şən dul qadın", Ştrausun "Yarasa", R.Hacıyevin "Yol ayrıcı", "Mən evlənirəm, ana", E.Sabitoğlunun "Bir gün Bağdadda" və digər tamaşaları səhnəyə qoyur. Həmçinin bu dövr Rusiya şəhərlərinə çoxsaylı qastrol səfərləri ilə də seçilir.

1996-cı ilin yanvar ayından isə M.F.Axundov adına Opera və Balet Teatrının direktoru A.T.Məlikovun dəvətilə C.Cəfərov Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə təyin olunur və bu vəzifədə bugünə kimi çalışır. Professor L.Mamedovanın qeyd etdiyi kimi "opera teatrında işlədiyi illər ərzində o, çoxsaylı premyeralar, opera və balet tamaşalarını keçirmişdir. Qeyd etmək lazımdır ki, onun opera teatrına gəlişindən sonra orkestrin ifaçılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, dinləyicilərin axını artmışdır. Demək olar ki, bütün tamaşalar tam dolmuş zalla, anşlaqla keçir".

Cavanşir Cəfərovun ilk dirijorluq etdiyi opera Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası, sonra Adanın "Jizel", Fikrət Əmirovun "1001 gecə" baletləri olmuşdur. 1998-ci ildə C.Verdinin "Traviata" operasının premyerası baş verir (solistlər başqa ölkələrdən dəvət olunmuşdu).

Cavanşir Cəfərov Ə.Bədəlbeylinin "Qız qalası", A.Əlizadənin "Rast", "Qafqaza səyahət", Q.Qarayevin "Don Kixot", "Karmen süitası" baletlərinin premyeralarını da həyata keçirmişdi.

Onun təşəbbüsü ilə C.Puçininin "Madam Batterflyay", "Boqema", Rossininin Sevilya bərbəri", F.Əmirovun "Sevil" (yeni redaktədə) operaları, Ü.Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" operettaları səhnəyə qoyulmuşdur.

Baş dirijorun yaradıcılıq həyatında maraqlı qastrol səfərləri də təşəkkül tapmışdı. Belə ki, 2000-ci ildə orkestr və opera teatrının solistləri Həsən Enami, Əli Əsgərovla birgə Cəfərov Fransanın Sen-Deni şəhərində keşirilən Berlioz adına festivalda iştirak etmişdi. Həmin il Cavanşir Cəfərovun həyatında əlamətdar olmuş – o, "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" yüksək ada layiq görülmüşdü.

2001-ci ildə Moskvada Dövlət Böyük Opera və Balet Teatrında Q.Qarayevin iki baleti – "Leyli və Məcnun" və "Don Kixot" səhnəyə qoyulmuşdur. Böyük teatrın orkestrinə Cavanşir Cəfərov dirijorluq etmişdi. 2003-cü ildə Moskvada C.Cəfərovun rəhbərliyi altında F.Əmirovun "1001 gecə" baleti səhnəyə qoyulmuşdur. 2005-ci ildə Bakıda Polad Bülbül oğlunun "Eşq və ölüm" baleti səhnələşdirilmişdi. Həmin ilin dekabr ayında bu balet Moskva və Sankt-Peterburqda səhnəyə qoyulmuşdur. 2005-ci il həmçinin İstambulda Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasının səhnələşdirilməsi ilə əlamətdar olmuş.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğ edilməsi sahəsində xidmətlərinə görə 2005-ci ildə Cavanşir Cəfərov "Azərbaycan Respublikasının xalq artisti" şərəfli ada layiq görülmüşdü.

Opera və balet teatrının uğurlarında onun baş xormeysteri Sevil Hacıyevanın da payı var. Helə gənc yaşlarından dirijorluq sənətinə vurğun olan S.Hacıyeva bu sənətin ustadı olması üçün bir çox çətinlikləri dəf etməli olmuşdu. O, çox məsuliyyətli və ciddi tələbə idi, özünün bilik almaq həvəsi ilə başqa tələbələrdən seçilirdi. Bakı Musiqi Akademiyasını bitirəndən sonra Sevil xanım öz kafedrasında assistent vəzifəsinə qəbul olunmuşdur.

İki il dərs dedikdən sonra S.Hacıyevanı Az.Dövlət Filarmoniyasının "Mahnı və rəqs ansamblı"na xormeyster vəzifəsinə dəvət olunmuşdur. O, bu işə 2003-cü ilin oktyabrında başlamışdır, lakin artıq 3 həftədən sonra onu opera teatrına baş xormeyster vəzifəsinə dəvət edirlər.

Sevil xanımın düşüncəli və dəqiq iş üslubu opera teatrının baş xormeysteri işlədiyi dövrdə də özünü biruzə vermişdir: çox qısa bir zamanda Azərbaycan və Qərb bəstəkarlarının operalarından xor səhnələri üzərində işləyərkən o, əhəmiyyətli nailiyyətlər əldə etməyə müvəffəq olmuşdir. S.Hacıyevanın rəhbərliyi altında xor truppası gözə çarpacaq dərəcədə gəncləşmişdir, mətnlərin tələffüzünün keyfiyyəti tanılmaz dərəcədə yaxşılışmışdır və xor layiqli ansambl hissiyatını da əldə etmişdir. Qeyd etməliyik ki, teatrın repertuarında olan bütün operalar orijinal dildə ifa olunmağa başladı. Bu isə Sevil xanımın teatrın baş xormeysteri kimi 5 il ərzində apardığı çox əziyyətli və gərgin işi nəticəsində mümkün olmuşdur.

Sevil xanımın bir xormeyster kimi işlərinin sırasında Ü.Hacıbəylinin "Koroğlu" və "Leyli və Məcnun", M.Maqomayevin "Şah İsmayıl", Z.Hacıbəyovun "Aşıq Qərib", F.Əmirovun "Sevil", R.Mustafayevin "Vaqif", V.Adıgözəlovun "Natavan", C.Verdinin "Aida", "Riqoletto", "Traviata" və "Trubadur", C.Puççininin "Boqema" və "Toska", R.Leon-kovallonun "Payaçi", J.Bizenin "Karmen" və b. operalar vardır. Böyük nailiyyətlərinə görə S.Hacıyeva "Azərbaycanın Əməkdar incəsənət xadimi" fəxri ada layiq görülmüşdür.

Bundan sonra əməkdar incəsənət xadimi Akif Məlikovun simasında opera teatrının rəhbərliyi gənc musiqiçiyə təkcə xormeyster kimi deyil, həm də artıq bütün opera tamaşasının dirijoru kimi çıxış etməyi havalə etdi. Bu yeni ampluada Sevil xanımın ilk tamaşası Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası oldu. Gənc dirijorun çıxışı tamaşaçıların marağına səbəb olmuş və böyük uğur qazanmışdır. Sonra S.Hacıyevaya "Aşıq Qərib" opera tamaşasının dirijorluğunu həvalə etdilər. O, bu yaradıcı imtahanın da öhdəsindən uğurla gəlmiş oldu.

2007-ci ilin sentyabrında M.F.Axundov adına opera və balet teatrının səhnəsində böyük bəstəkarımız Ü.Hacıbəylinin doğum gününə həsr olunmuş onun "Koroğlu" operasının tamaşası keçmişdir. İctimaiyyət bu tamaşanı səbrsizliklə gözləyirdi, çünki elan olunmişdu ki, baş rollarda teatrın gənc solistləri cixış edəcəkdir. Bu tamaşanın səhnələşdirilməsində S.Hacıyevanın böyük rolu olmuşdur. Burada o nəinki xormeyster kimi, həm də xoreoqraf kimi çıxış etmişdir: səhnədə hər zaman gördüyümüz klassik xoreoqrafiya deyil, əsl mənada xalq rəqsləri yerini tutmuşdur.

S.Hacıyeva bu gün də öz tamaşaçılarını sevindirərək müxtəlif opera tamaşalarında uğurla çıxış edir və biz inanırıq ki, o hələ bir çox tamaşaları ilə gələcəkdə bizi heyran edəcəkdir.

Musiqili komediya teatrı barəsində danışanda isə onun baş dirijoru N.Hacıəlibəyov haqqında bir neçə söz deməliyik. N.Hacıəlibəyovun ilk tamaşası bəstəkar E.Sabitoğlunun "Hicran" əsəri olmuşdur. Tamaşada Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi milli səhnəmizin parlaq ulduzları çıxış edirdi. Və qeyd etmək lazımdır ki, gənc dirijor bütün tamaşanı layiqincə aparmağa müvəffəq olmuş, bununla da tamaşanın bütün iştirakçılarının ehtiramını və dəstəyini qazana bilmişdir. 1985-ci ildə konservatoriyanı bitirəndə N.Hacıəlibəyov artıq dirijor pultu arxasında onlarla tamaşa aparmış yetkin bir sənətkar idi. Məhz bu səbəbdən 1987-ci ildə Moskva teatrlarına stajor təcrübəsini keçmək üçün namizədlər seçiləndə N.Hacıəlibəyov tərəddüdsüz buna layiq görülmüşdür.

Gənc dirijor Nazim Hacıəlibəyov Moskva şəhərinə Böyük Teatra staj keçmə üçün göndərilmışdir. Burada onun rəhbəri görkəmli opera-simfonik dirijoru Mark Ermler təyin olunmuşdur. Onun iş qrafiki ciddi şəkildə Moskva və Kopenhaqen arasında bölünmüşdür. Belə böyük ustadın rəhbərliyi ilə işləmək N.Hacıəlibəyov üçün əsl sənət məktəbi olmuşdur, belə ki, görkəmli maestro ilə birgə partituranın üzərində xanə-xanə aparılan iş, görkəmli opera ulduzlarının və aparıcı vokal mütəxəssislərinin rol üzərində çalışmalarının şahidi olmaq gənc dirijorun bir sənətkar kimi püxtələşməsində mühüm rol oynamışdır.

Burada staj keçmə dövründə N.Hacıəlibəyov bir çox maraqlı hadisələrin şahidi olmuş, hətta İtaliyanın La Skala teatrının dirijoru senyor Mytti kimi böyük sənətkarla ünsiyyətdə olması da onun xatirəsində dərin iz qoymuşdur.

Planda nəzərdə tutulan iki il çox sürətlə keçir. Bu illər ərzində gənc stajorun bütün xərclərini keçmiş SSRİ-nin mədəniyyət nazirliyi öz öhdəsinə almışdır. Və bu zaman misilsiz bir hadisə baş verir: M.Ərmlerin təşəbbüsü ilə Böyük Teatrın rəhbərliyi Azərbaycan respublikasının Mədəniyyət Nazirliyinə istedadlı gənc dirijorun staj keçmə müddətinin öz vəsaiti hesabına bir il də artırılması təklifi ilə müraciət edir. O dövrdə Azərbaycanın Mədəniyyət naziri P.Bülbüloğlu bu təklifi rəğbətlə qarşıladı: axı respublikamıza əsl peşəkarlar çox lazım idi.

Moskvadan qayıdandan sonra N.Hacıəlibəyov, Böyük Teatrın opera-simfonik dirijoru diplomuna layiq görülməsinə baxmayaraq, bir neçə il ərzində Azərbaycan Dövlət musiqili komediya teatrında sıravi dirijor vəzifəsində çalışır, 1993-cü ildən isə həmin teatrın baş dirijoru vəzifəsinə təyin olunur.

Bu illər ərzində N.Hacıəlibəyov bir çox tamaşanın səhnələşdirilməsini həyata keçirmişdir. Bunların sırasında M.Qluzun "Matəm duası", A.Əzimovun "Lotoreya", İ.Kalmanın "Qaraçı-premyer" və bir çox rus, qərb və azərbaycan bəstəkarlarının digər əsərlərinin adlarını çəkmək olar. Rəhbərliyin dəvəti ilə teatra tez-tez Rusiyanın aparıcı teatrlarının solistləri qastrol səfərləri ilə gəlir. Bu da sözsüz ki, teatr repertuarını və Bakının teatr həyatını zənginləşdirir. Belə ki, musiqili komediya teatrının səhnəsində dəfələrlə Rusiyanın əməkdar artisti, "Qızıl maska" mükafatının laureatı V.Qruşenenko bəstəkar İ.Kalmanın "Maritsa", "Şən dul qadın", "Silva" tamaşalarında böyük müvəffəqiyyətlə çıxış etmişdir. Bakının mədəni həyatında onun çıxışı ilə tamaşalar parlaq hadisəyə çevrilmişdir.

N.Hacıəlibəyovun hərtərəfli çalışmaları respublikamızın rəhbərliyinin nəzərindən qaçmamışdır. 2009-cu ildə o "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" kimi fəxri ada layiq görülmüşdür. 2011-ci ildə isə "Bankir adaxlı" tamaşasına görə N.Hacıəlibəyov "Qızıl dərviş" mükafatına layiq görülmüşdür.

Bu gün N.Hacıəlibəyov yaradıcı həyatının çiçəklənməsi dövrünü yaşayir, o, doğma teatrına dair, həm də müxtəlif simfonik orkestrlərlə iş barəsində çoxsaylı maraqlı, parlaq planlarla doludur. Onun ailəsi də hər zaman ona dayaq olmuş, çünki musiqi artıq çoxdan onun üzvlərinin qəlblərini, ürəylərini və fikirlərini məftun etmişdir.

Musiqili komediya teatrının uğurlu fəaliyyətində onun baş xormeysteri olan Vaqif Məstanovun da rolu vardır. V.Məstanovun ilk tələbəlik illəri böyük ustad Nicat Məlikovun dirijorluq sinfində, onun özünəməxsus maraqlı şəxsiyyətinin təsiri altında keçmişdir. Ali məktəbdə oxumaqla bərabər V.Məstənov E.Novruzovun yanında Azərbaycan dövlət xor kapellasında solist və xormeyster vəzifələrini də uğurla icra edirdi. Belə böyük ustadla yanaşı apardığı yaradıcı fəaliyyət də, Məstənovun etiraf etdiyi kimi, onun həyatında yaxşı bir məktəb olmuşdu. Yuxarı kurslarda V.Məstənov artıq digər istedadlı xormeyster, Zərifə İsmaylovanın sinfində təhsilini davam etdirirdi. Konservatoriyada gözəl müəllimlərin sinfində təhsil aldığı illər (1978-1983) V.Məstənovun həyatında böyük bir iz qoymuş, onun xor dirijoru olmaq fikirlərinin düzgün olduğunu və bu qərarın həyata keçməsinə bir qədər də təkan vermişdir. Xorla işləmə onun həyatının mənasına çevrilmişdir. O, yenə də kapellada solist və müxtəlif xor kollektivlərində xormeyster kimi işini davam etdirir.

1990-cı idə V.Məstənovun həyatında mühüm bir dönüş baş verdi: o, Azərbaycan Musiqili komediya Tetrına baş xormeyster vəzifəsinə dəvət olundu. Bu dövrdən sonra onun həyatı teatrla sıx bağlanmış oldu. Çoxsaylı tamaşalar, məşğələlər, xorla iş – bütün bunlarsız Vaqif artıq öz həyatını təsəvvür etmir.

Keçmiş sovet respublikalarına qastrol səfərləri, Türkiyədə müxtəlif festivallarda iştirak – bunların hamısı onun fəaliyyətinin heç də dolğun siyahısı deyil. Öz yaradıcılıq fəaliyyətinə görə V.Məstanov 2013-cü ildə "Fəxri mədəniyyət işçisi" adına layiq görülmüşdür.

Beləliklə, gördüyümüz kimi, Azərbaycan musiqi teatrının inkişafında dirijor və xormeysterlərin əməyi əvəzsizdir. Onlar özlərinin fəal işi, daima yaradıcı axtarışları ilə respublikamızın musiqili teatr mədəniyyətini inkişaf etdirir, onu daha da yüksəklərə aparırlar.