"Musiqi dünyası" № 1 (58) 2014

Article №1; 7011 - 7021 pр.
Zemfira SƏFƏROVA. Dədə Qorqudun musiqi dünyasi /
Zemfira SAFAROVA. Dede Gorgud's musical world
Text PDF

Qolça qopuz götürüb eldən-elə,
Bəydən-bəyə Ozan gəzər:
Ər comərdin, ər nakəsin
Ozan bilər. El-evinizdə çalıb-deyən Ozan olsun
[1, 32]

Bu misralar Azərbaycan xalqının qədim mədəniyyət abidəsi, möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanındandır.

1300 il öncə Dədəmiz Qorqud elimizdə, evimizdə əmin-amanlığın olmasını, ozanların çalıb oxumasını arzulamışdı. Ona görə ki, Ozan hər şeydən agah olan, "ər comərdini, ər nakəsini" bilən müdrik ağsaqqaldır. Dədə Qorqud özü məhz belə Ozan idi. Dastanda deyildiyi kimi, "Oğuzun, ol kişi tamam bilicisi idi, - nə diyərsə, olurdu. Qaibdən dürlü xəbər söylərdi, həq təala onun könlünə ilham edərdi..". [2, 32]

Oğuz Ozanlarının əsas musiqi aləti qopuz idi və mifoloji rəvayətlərə görə bu aləti icad edən və onun gözəl ifaçısı da Dədə Qorqud olub. "Kitabi-Dədə Qorqud"da olan "qolça qopuz", yəni qol uzunluğunda çanağı olan qopuz "qopuzi-ozan" adlanırdı. Bu qopuza çox vaxt "Dədə Qorqud" qopuzu da deyirdilər. Dədə Qorqud qopuzu oğuz igidlərinin arasında müqəddəslik rəmzinə çevrilmişdi. Oğuz igidləri hətta düşmənin əlində qopuz görəndə ona yaxın durmurdular, onu öldürmürdülər. Məsələn, "Kitabi-Dədə Qorqud" dastanının "Uşun qoca oğlu Səkrək boyu"nda belə bir yer vardır: "Qılıncının dəstəyindən yapışdı ki, onu vura, gördü ki, əlində qopuz vardır. Dedi: "Mərə, kafir, dədəm Qorqudun qopuzu hörmətinə çalmadım. Əgər əlində qopuz olmasaydı, səni iki para qılardım". [3, 114] Və yaxud "Dirsə xan oğlu Burac xan boyu"nda Dirsə xan dedi: "Mənim əlimi açın, qolça qopuzumu əlimə verin, ol igidi geri döndərim. Sonra məni ya öldürün, ya da diri aparın". [4, 40]

Deyilənə görə, oğuzlar həmişə qopuz gəzdirib çalardılar, çala bilməyənləri isə özlərinə yad bilib uzaqlaşdırardılar.

Dədə Qorqud özü əlində qopuz Xəzər dənizindən Qara dənizə qədər, bütün oğuz elini gəzmiş, qopuzunu çalmış, musiqisini səsləndirmiş, oğuz igidlərinə öyüd-nəsihət vermiş, gənclərə etdikləri əməllərinə, göstərdikləri şücaətlərinə görə ad qoymuşdu.

"Kitabi-Dədə Qorqud"un alman şərqşünası H.F.Dits tərəfindən 1815-ci ildə elm aləminə aşkar etdiyi və Drezden kitabxanasında hifz olunan nüsxəsi 12 boydan ibarətdir. Hər boyun sonunda Dədə Qorqud əlində qopuz "boy boylayır, soy soylayır", yəni dastanın həmin boyunu, əhvalatını yekunlaşdırır, ona ad verir, qəhrəmanları - oğuz igidlərini şeir, musiqi, mahnı ilə tərif və tərənnüm edir. Məsələn, "Bu oğuznamə Beyrəyin olsun", "Bu dastan Dəli Domrulun olsun", "Bu oğuznamə Yeynəyin olsun", "Bəkil oğlu İmranın olsun" - deyirdi.

Bir sıra boylardan Dədə Qorqudun refren kimi, müxtəlif variantlarda təkrarlanan aşağıdakı dərin fəlsəfi fikri, musiqi ilə aşılanmış bu misraları keçir:

Hanı dediyim bəy ərənlər?
Dünya mənim deyənlər?
Əcəl gəldi, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!

Bu cəhətdən onun müxtəlif boylarda refrenli, təkrarlanan xeyir-duaları da seciyyəvidir.

Qarlı uca dağların yıxılmasın!
Kölgəlicə hündür ağacın kəsilməsin!
Coşğun axan gözəl suyun qurumasın!
Tanrı səni namərdə möhtac etməsin!
Çaparkən ağ-boz atın büdrəməsin!
Vuruşanda iti polad uc qılıncın gödəlməsin!
Sancılarkən uzun nizən əyilməsin!

"Dədə Qorqud" dastanı sanki musiqi ilə yoğrulub, musiqi onun hər sətrinə, hər misrasına hopub. Görkəmli alman şərqşünası T.Neldeke 1859-cu ildə "Kitabi-Dədə Qorqud" dastanının Drezden nüsxəsini (qeyd edək ki, sonralar, yəni 1952-ci ildə "Dədə Qorqud"un İtaliyada 6 boydan ibarət Vatikan nüsxəsi də E.Rossi tərəfindən nəşr edilmişdi) alman dilinə çevirib çap etdirmək istəmişdir. Lakin müəyyən səbəblərə görə bu iş baş vermədikdə, o, öz qiymətli əlyazmalarını o vaxt Almaniyada təhsil alan, sonralar böyük şərqşünas alim kimi tanınan V.V.Bartolda həvalə etmişdir. O vaxtdan V.V.Bartold bu dastana bağlanmış, əvvəl onun birinci dörd boyunu rus dilinə çevirib nəşr etmiş, sonralar isə qalan səkkiz boyunu tərcümə etmişdir. Lakin bu boylar alimin sağlığında deyil, ölümündən sonra, əvvəl Bakıda (1950-ci ildə) H.Araslı və M.Təhmasib tərəfindən, sonralar isə Moskvada (1962-ci ildə) V.M.Jirmunski və A.N.Kononov tərəfindən çap edilmişdir. V.V.Bartold öz tərcüməsində "Dədə Qorqud"un boylarını "раздел" (fəsil) və ya «сказ, сказание, повествование» kimi deyil, məhz «песнь» kimi tərcümə etmişdir. Mənə elə gəlir ki, bu da təsadüfi deyildi, çünki böyük alim bu boyların dilinin axıcılığını, musiqililiyini hiss edərək, onları musiqi istilahı olan «песнь» kimi tərcümə etmişdir. Məsələn, «Песнь о Бамси Бейреке, сыне Бай-Буры», «Песнь о Кан-Турале, сыне Канлы-Коджи» və s. [5]

"Kitabi-Dədə Qorqud"un musiqi ilə bağlı səhifələrinə qayıdaq. "Baybörənin oğlu Bamsı Beyrək boyu"nda Beyrək toy məclisinə özünü yetirir. Qazan xanın icazəsi ilə qızlar oturan yerə gəlir. "Zurnaçıları qovdu, nağaraçıları qovdu... Qızlar oturan otağa gəldi; qapının ağzını kəsib oturdu". Burla xatunun "Ay dəli ozan, bəs məqsədin nədir? sualına belə cavab verir: "Xanım, məqsədim odur ki, ərə gedən qız qalxa oynaya, mən qopuz çalam".

Qısırca yengə deyilən bir qadın vardı, ona dedilər: "Ay, Qısırca yengə, dur sən oyna, nə bilir dəli ozan!" Qısırca yengə durub dedi: "Ay dəli ozan, ərə gedən qız mənəm!" Oynamağa başladı. Beyrək qopuz çaldı, söylədi, görək xanım nə söylədi. Dedi:

"And içmişəm, qısır qısrağa mindiyim yox.
Qısır atın belində döyüşlərə getdiyim yox.
Eviniz ardınca sarvanlar,
Sana baxar onlar.
Buldir-buldir gözlərinin yaşı axar.
Sən onların yanına get,
Muradını onlar verər, bəlli bil!
Səninlə mənim işim yox!
Ərə gedən qız qalxa, qol sallayıb oynaya, mən qopuz çalam,
- dedi [6, 64]

Boğazca Fatma deyərlər, bir xatun vardı. "Qalx, sən oyna!" – dedilər. "Hey, bu dəli məğmun mənə də şayəd acılayan sözlər söylər" - dedi. Qızın qaftanını geydi, "Çal, ay dəli ozan, ərə gedən qız mənəm, oynayım!". Dəli ozan dedi:

And içəyim, bu gəz boraz qısırca mindiyim yox,
Minu-bəni qazavata varmağım yox.
Sənin adın Qırq oynaşlı Boğazca Fatma deyildimi?
Dəxi, eybin açaram, bəlli bil! – dedi
Səninlə mənim oyunum yox,
Get yerinə otur!
Ərə gedən yerindən dura
Mən qopuz çalam,
Qol salıb oynaya!
[7, 64]

Burla xatun deyir: "Qız, qalx oyna, daha əlindən nə gələr?" Banıçiçək qırmızı qaftanını geydi. Əllərini yeninə çəkdi, görükməsin deyə, oyuna girdi, dedi: "Ay dəli ozan, di çal!"

Dəli ozan çalıb dedi:
Mən bu yerdən gedəli dəli olmuşsan, dəlim!
Ağca qarlar yağmış dizə yetmiş.
Xan qızının evində qul-xəlaiq dükənmiş...
Məşrəbə almış, soyuqda, suya getmiş, -
Biləngindən on barmağını soyuq almış
Qızıl altun gətirin,
Xan qızına dırnaq yonun.
Eyibli, xan qızı, ərə getmək eyib olar,
- dedi. [8, 65]

Bunu eşitcək Banıçiçək qəzəbləndi: "Mərə, dəli ozan, mən eyiblimiyəm ki, mənə eyib qoşursan?" - dedi. Gümüş kimi ağ biləyini açdı, əlini çıxartdı. Beyrəyin keçirdiyi üzük göründü. Beyrək üzüyü tanıdı. Burada söyləmiş, görək, xanım, nə söyləmiş, nə demişdir:

Beyrək gedəli Bam-bam təpəyə çıxmısanmı qız?!
Boylanıb dörd yanına baxmısanmı qız?!
Qarğı kimi qara saçın yolmusanmı qız?!
Qara gözdən acı yaşlar tökmüsənmi qız?!
Alma kimi al yanağını yırtmısanmı qız?!
Sən ərə gedirsən, qızıl üzük mənimdir, ver mənə qız!
[9, 75]

"Kitabi-Dədə Qorqud"da qopuzdan başqa, müxtəlif hadisələr, əhvalatlar, vuruşlarla bağlı bir sıra digər musiqi alətlərinin də adı çəkilir. Məsələn, Qazan bəy "hayqırıb at sürdü, irəli gedib qılınc vurdu:

Gumbur-gumbur tavıllar çalındı
Burması altun tunc borular çalındı.
Ol gün igid bəy ərənlərə dönə-dönə savaşdı,
Ol gün iti polad qılıclar çalındı
. [10, 71]

Digər bir boyda, "Uşun qoca oğlu Sekrək boyu"nda, qoca ata oğullarının sağ-salamat qayıtmasını eşidib şadlıq etdi:

Gumbur-gumbur təbillər dönülmədi,
Ağır ulu divanım sürülmədi.
[11, 75]

Musiqi ilə bağlı dastandan bir epizodu da gətirək. "Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi" boyda, Qazanı quyudan çıxarıb gətirdilər ki, and içsin və düşmənlərini tərifləsin. O da belə deyir: "Mərə, kafirlər, qopuzumu gətirin, sizi ögəyin!" Qazan qopuzu əlinə alıb belə deyir:

On min ərdən yağı gördümsə, oyunum dedim
Yigirmi min ər yağı gördümsə, yiyləmədim.
Otuz min ər yağı gördümsə, ota saydım.
Qırx min ər yağı gördümsə, qıya baxdım.
Əlli min ər yağı gördümsə, əl vermədim.
Altmış min ər yağı gördümsə, atışmadım.
Səksən min ər yağı gördümsə, səksənmədim.
Doxsan min yağı gördümsə, donuqmadım.
Yüz min ər gördümsə, yüzüm dönmədi.
Əlinə girmiş ikən, mərə kafir, öldür məni,
Qara qılıncın sal boynuma, kəs başımı,
qılıncından saparım yox!
Kəndü əslim, kəndü köküm sımağım yox.
[12, 117]

Dastanın yenə bir yerində deyilir: Qanturalı sağına baxdı, qırx igidin ağlar gördü. Soluna baxdı, eylə gördü. Dedi: "Hey, qırx dostum, qırx yoldaşım, niyə ağlarsız? Quruluca (yəni köklənmiş - Z.S.) qopuzumu götürün, öyün məni!" Burada qırx igid Qanturalını öymüşlər. Qanturalı buğanı yıxdıqdan sonra, getdilər, aslanı meydana gətirdilər. İgidlər dedilər: Buradan qurtuldu, aslandan necə qurtulacaq? Ağlaşdılar. Qanturalı igidlərin ağlar gördü, dedi: "Mərə, alca qopuzumu ələ alın, məni öyün!" Qanturalını öydülər, o aslanı da yıxdı. "Canavarlar sərhəngi dəvədir, - onunla dəxi da oyunun oynasın, ondan sonra qızı verək!" Qanturalı yenə dostlarına müraciətlə dedi: "Mərə, qolça qopuzumu çalın, öyün məni!

Alb igidlər qırış günü qırımdan qayırırmı? - dedilər
Sarı donlu Selcan xatun küşkdən baxar,
Kimə baxsa, eşqilə oda yaxar!..
[13, 90]

Qanturalı dəvəni basıb, iki yerden kəsdi, doğradı. Tekür dedi: "Vallah, bu igidi gözüm gördü, könlüm sevdi". Qırx yerdə otaq tikdirdi, qırx yerdə qızıl ala gərdək tikdirdi. Qanturalı ilə qızı gətirib gərdənə qoydular. Ozan gəldi, yelətmə çaldı" [14, 90] (yelətmə gəlini yola salanda çalınan rəqs havası idi, müasir dövrdə "Vağzalı" kimi). Bu ifadəni ayrı- ayrı tədqiqatçılar müxtəlif mənalarda izah etmişlər. Bəziləri onu musiqi aləti kimi, bəziləri isə musiqi, melodiya mahnı kimi vermişlər. Qədim dövrlərdə gəlini apararkən "Köçəri" havası ifa olunardı. Onun ikinci hissəsinə yelətmə deyərdilər.

Dastandan musiqi ilə bağı yeni-yeni parçalar gətirmək, boru, alça qopuz, quruluça qopuz, davul, düdük, kus, nağara, surna, tavıl və digər musiqi alətlərinin adını çəkmək olar.

Lakin "Kitabi-Dədə Qorqud" dastanına daxil olmayan, amma Dədə Qorqudla əlaqədar hələ neçə-neçə rəvayət, əfsanə, əhvalat mövcuddur. "Kitabi-Dədə Qorqud" yalnız Azərbaycan xalqının deyil, bütün türkdilli xalqların mədəniyyət abidəsi olduğuna görə həmin mövzularda bu xalqlarda da bir sıra rəvayətlər mövcuddur və indi də yaşayır.

Belə rəvayətlərdən ən məşhurları Qorqudun dünyaya gəlməsi, ölümdən qaçması və onun ölümü ilə bağlıdır. Rəvayətlərə görə, Qorqud ana bətnində üç il doqquz gün qaldıqdan sonra dünyaya gəlir. Lakin həmin gün bərk tufan qopur, şimşək çaxır, yer üzü qaranlığa qərq olur. Hamı qorxuya düşür, xüsusilə körpənin yaxınları, qohumları. Körpə sözlərə bənzər səslər çıxartdıqda isə qorxu hissi daha da artır. Bu uşaq hamını çox qorxutduğuna görə qohumları belə qərara gəlirlər ki, ona Qorqud adını versinlər.

Digər çox yayılmış rəvayət Dədə Qorqudun ölümdən qaçmasıdır. Dədə Qorqud yer üzündə elə məkan tapmaq istəyir ki, ölüm onu orada haqlamasın. Bu məqsədlə o, yer kürəsinin son nöqtəsinə gəlib çıxır. Görür ki, bir neçə kişi qəbir qazır, çox ehtiyatla soruşur ki, bu qəbri kimin üçün qazırsınız, onlar da deyirlər ki, Dədə Qorqud üçün. Qorqud dərhal burdan götürülüb dünyanın o biri başına yollanır. Bura gəlib çıxdıqda da eyni hadisəyə rast gəlir. Soruşanda ki, qəbir kimin üçündür, deyirlər ki, Dədə, sənin üçündür. Onda Dədə Qorqud yer üzünün ortasını, göbəyini axtara-axtara Sır-Dəryanın qırağına gəlib çıxır. Dəvəsinin üstündən sehrli xalçasını götürüb çayın üstünə sərir və onun üstündə oturur. Qopuzunu alır əlinə, gecə-gündüz çalıb oxumağa başlayır. Qorqud elə düşünür ki, suyun üstündə qəbir qazmaq mümkün olmadığına görə, ölüm onu burada tapa bilməz. Onun sehrli qopuzu aramsız həyat melodiyalarını səsləndirir. Nə qədər ki, qopuz çalır, ölüm gücsüzdür. Dədə Qorqud dayanmadan çalaraq axır ki, yorulur, gücdən düşür. Bu vaxt onun yemək çantasından bir ilan çıxaraq onu çalır, zəhər Qorqudun bədəninə yayılır. Əzrail gəlib onun canını alanda, son arzusunun nə olduğunu soruşur. Qorqud deyir ki, mən həyatda iki dəfə səhv etmişəm, birinci dəfə 41 il əvvəl ölümdən qaçmışam, ikinci dəfə isə təsadüfən ayağımla bacıma toxunmuşam. Ona görə məni basdıranda ayaqlarımın aşağı hissəsini açıq qoyun. Qorqud ağlayan bacısını sakit edərək deyir: "Ağlama, əzizim, ağlama, məgər göz yaşları ilə kömək etmək olar? Taledən qaçmaq, ölümdən gizlənmək olmaz" Dədə Qorqudu özünün istədiyi kimi basdırırlar. Qopuzunu da qəbrinin üstünə qoyurlar. Deyilənə görə, Dədə Qorqudun qəbrinin yanından keçəndə onun qopuzunun səsləri eşidilir. Elə bil insan səsi -Qorqud, Qorqud, - deyə təkrar edir.

Qorqud uşaq yaşlarından bütün musiqi alətlərində gözəl çalırdı, lakin o elə alət düzəltmək istəyirdi ki, insan səsi kimi səslənsin, buna da uzun müddət nail ola bilmirdi. Bir gün o, yuxuda bu alətin nə cür düzəldilməsinin sirrinə agah olur. Beləliklə, Qorqud qopuz alətini icad edir. Müxtəlif qədim kitablarda, lüğətlərdə qopuzdan xəstəlikləri müalicə etmək məqsədilə də istifadə olunması göstərilir.

Qopuz bir çox xalqların musiqisində indi də mövcuddur, onun müxtəlif növləri yaşayır, səslənir. Bizdə isə artıq XIV əsrdə Əbdülqadir Marağainin gətirdiyi alətlər arasında o, qopuzi-rumini, qopuzun özünü "ozan"adı ilə vermişdir. Daha sonralar aşıqların əsas aləti olan "saz" onu əvəz etmişdir.

Tuvalıların qopuzu isə o biri qopuzlardan fərqlənərək dördkünc olub, "qıl qopuz" adlanır. Qazaxların qopuzu indi də onların musiqi mədəniyyətində böyük rol oynayaraq, "küy musiqisini" ifa edən əsas alətdir. Dədə Qorqudu onlar "küy atası" adlandırırlar. Qorqudun adıyla, onun haqqında olan rəvayətlər, mövzular ilə bağlı qazaxlar 11 küyün notunu nəşr etmişlər. [15] Bu küyləri pianoda çalanda onların musiqisi məni həyəcanlandırıb, təsirli hisslər oyatdı. Küylərin çox melodik, tembr cəhətdən rəngarəng, təbiətin və heyvanların səslərini məharətlə təqlid edən musiqisi xəyalımızı çox uzaq vaxtlara aparır, insan dərin düşüncələrə dalır.

"Elim mənim, xalqım mənim" küyündə "yazıq mənim elim, yazıq mənim xalqım" - deyilir – sən nə vaxtsa əlindən nizəni atıb, əynindən zirehi çıxarıb, rahat, kədərsiz, qüssəsiz yaşaya biləcəksənmi? Belə xoşbəxt vaxt gələcəkmi?" Bu dərin kədərli sözlər əsərin leytmotivini təşkil edir. Bu küydə Dədə Qorqud xalqının acı taleyindən, talan olmuş, viran olmuş elindən "boy boylayır, soy soylayır". Əsərin musiqisinə ozan-aşıq musiqisinə xas olan kvarta- kvinta səslənmələri əsasında qurulmuş təsirli melodiyası Dədə Qorqudun dərin düşüncələrini, kədərini gözəl əks etdirir.

Nota yazılmış hər bir küy Dədə Qorqudla bağlı bir epizodu, bir rəvayəti nəql edir və gözəl musiqi vasitəsilə onların təsvirini təqdim edir. Məsələn, "Xallı dana" küyündə deyilir ki, bir oğlan çöldə mal-qara otarırmış. Jelmay adlı dəvəsi ilə səyahət edən Qorqud gəlib bu çölə çıxır. Onu görüb qorxan xallı dana götürülüb qaçır. Oğlan onu tutmaq üçün dalısınca qaçanda ayağını yaralayır, ağlamağa başlayır. Qorqudun oğlana yazığı gəlir, ona kömək etmək üçün dananın dalısınca qaçır, lakin tuta bilmir, hirslənib deyir ki, ölsəm də, tutacam. Onda tanrı Qorqudu qorxutmaq üçün dananı daşa döndərir. Hissə-hissə daşa dönən dananın əziyyətlərini görən Qorqud, sarsılaraq "Xallı dana" küyünü yaradır. Qorqud dananı tutmaq istəyəndə ölüm sözünü dilinə gətirir, hərçənd ki, ona xəbərdarlıq olunmuşdur ki, bu sözü heç vaxt dilinə almasa, ona ölüm yoxdur, lakin Qorqud vədi pozmuşdur. "Xallı dana" küyündə Qorqud öz sarsıntılarını, həyəcanlarını da musiqi dili ilə əks etdirir.

Digər bir küydə - "Uşarın ulaması" adlı küydə deyilir ki, bir dul qadının yeganə bir oğlu varmış, ovçuluqla məşğul imiş. Onun küləkdən iti gedən atı və vəfalı Uşar adlı iti var imiş. Lakin gənci ölüm haqlamışdır. Onu basdırandan sonra ana qohumları ilə bu yerlərdən köçmüşdür. O, təzə yerə gələndə görür ki, it yoxdur, başa düşür ki, əvvəlki evdə qalıb, yenə ora dönür, eşidir ki, it oğlunun qəbri üstündə ulayır. Bu hadisədən təsirlənərək, Qorqud "Uşarın ulaması" küyünü bəstələyir.

"Auppay" küyündə isə Qorqud ana məhəbbətini tərənnüm edir. Çayla xalça üzərində gedən Qorqud sahildə qucağında körpə balasını doyuzdura bilməyən taqətdən düşmüş ananın iztirablarını görür. "Auppay, auppay" – deyərək ağlayan balasını sakit edən ana iztirablı baxışlarla çayın ortasında üzən Qorquddan kömək diləyir. Onlara bir kömək edə bilməyən Qorqud "Auppay" küyünü yaradır.

"Maralın iztirabları" küyündə isə deyilir ki, Qorqud heyvanların, quşların dilini yaxşı başa düşürdü. Bir gün o, tutulub iplə bağlanmış maralın səsini eşidir, iztirablarına agah olur. Qorqud yiyəsindən xahiş edir ki, maralı açıb balalarının yanına buraxsın, onlar hələ özləri otlaya bilmirlər. Yiyəsi isə razı olmayaraq deyir ki, mən onun südünü içirəm, axşam isə onu kəsib ətini yeyəcəm. O zaman Qorqud deyir: sən məni onun yerinə bağla, mən söz verirəm ki, o, balalarını yedizdirib qayıdacaq. Belə də olur. Maral gedib qayıdandan sonra, Qorqud "Maralın iztirabları" küyünü bəstələyir.

"Başpay" küyü, deyilənə görə, Qorqudun son küyüdür. Qorqud çayın ortasında xalçanın üstündə oturub çalır. Onun yanına hər gün kiçik bacısı gələrək yemək gətirir. Ölüm isə onu güdür. Lakin Qorqud qopuzda çalarkən həyat melodiyalarını bu alətin vasitəsilə böyük məharətlə ifa eləyir. Yorğunluq onu əldən salanda, qopuz susanda, yemək çantasından çıxan ilan onu çalır. Qorqud ağlayan bacısına deyir: "Taledən qaçmaq, ölümdən gizlənmək olmaz".

Qorqudun küyləri həm məzmun, həm də musiqi cəhətdən heç kimi laqeyd, biganə qoymur. Küylərin arasında müəyyən melodik ümumilik, bağlılıq vardır. Bəzi melodik hissələr, fraqmentlər təkrar olunur. Lakin ritmi, fakturası cəhətdən dəyişkən olur. Bəzilərinin forması daha mürəkkəb, həcmi daha böyükdür. Qorqudun küyləri üçün dərin fəlsəfi düşüncələr, doğma xalqının taleyi haqqında kədərli hisslər, dərin, səmimi lirika, xoşbəxtlik arzuları xasdır.

Musiqi ilə bilavasitə bağlı Ditsin nəşr etdiyi "Atalar sözləri"ndə aşağıdakı şeir parçası da diqqətimizi cəlb etdi, musiqi ilə şeirin vəhdətindən yaranmış bu ritmik şeir parçasında biz qədim Ozanlarımızın qopuzunun sədalarını aydın eşidirik:

Əvvəl sağlığa çalalum, sağlıq gəlsin,
Əsənliyə çalalum, əsənlik gəlsin
Dövlətə çalalum, dövlətimiz qayım olsun,
Dostluğa çalalum, düşmənimiz naim olsun,
Uğura çalalum, uğurumuz xeyir olsun.

Bizim musiqimizdə isə Dədə Qorqud ilə bağlı musiqi əsəri yazılıb qalmamışdırsa da, şübhəsiz indiki aşıq musiqimizin bir sıra qədim növləri öz əsasını, kökünü bu dastandan almışdır. Hələ Əbdülqadir Marağainin elmi əsərlərində musiqimizin ozan sənəti ilə bağlı məlumatlarına alimin risalələrinin alətlər və janrlar bölmələrində rast gəlirik. Burada musiqiçi ozanlar arasında çox yayılan alətlərdən qopuzi-rumini, ozanı, şıdırqunu, sazi-dolabı, janrlardan isə "həvailəri, bəstə nakşı" göstərmişdir.

Artıq bizim dövrümüzdə, 70-ci illərdə çəkilmiş iki seriyalı "Dədə Qorqud" filminə bəstəkar Emin Sabitoğlunun yazdığı musiqini də qeyd etmək istərdik. Bu filmin, "Dədə Qorqud" dastanını xalqımıza tanıtdırmaqda, onun fəlsəfəsini anlatdırmaqda, gənclərimizə qəhrəmanlıq ruhunu aşılatdırmaqda böyük rolu və əhəmiyyəti olmuşdur. "Kororlu" operasının Uvertürası və final xorunda olduğu kimi, "Dədə Qorqud" filminin sonu da xalqımıza vətənpərvərlik, qəhrəmanlıq, mübarizə və nikbinlik ruhu aşılayır.

"Dədə Qorqud"un musiqi dünyasının bəzi məsələlərinə həsr etdiyimiz bu məqaləni, Dədə Qorqudun sözlərilə başladığımız kimi, onun bu fikriylə də bitirmək istəyirik: "Elimizdə-evimizdə çalıb deyən ozan olsa, o zaman Vətənimizdə də, elimizdə də həmişə əmin-amanlıq olar!

Ədəbiyyat siyahısı:

1. "Kitabi-Dədə Qorqud", Bakı, 1988, s. 32.
2. Elə orada, s.32.
3. Elə orada, s.114.
4. Elə orada, s.40
5. Bartold V.V. "Kitabi-Dede Korkut". M., Nauka, 1962.
6. "Kitabi-Dədə Qorqud", Bakı, 1988, s. 64.
7. Elə orada, s. 64.
8. Elə orada, s. 65.
9. Elə orada, s. 75.
10. Elə orada, s. 71.
11. Elə orada, s. 75.
12. Elə orada, s. 117.
13. Elə orada, s. 90.
14. Elə orada, s. 90.
15. Korkut Elim-ay. Alma-Ata, Öner. 1987.