AZƏRBAYCANDA OPERA      
TEATRI-DÜNƏN, BU GÜN, SABAH?     
  Leyla Fərəcova           
1   2   3   4  

Teatrın repertuarında ifa edilən baletlərdən - Minkusun "Don-Kixot", Adanın "Jizel", Çaykovskinin "Qu gölü", "Yatmış gözəl", "Şelkunçik", Prokofyevin "Zoluşka", Şostakoviçin "Xanım və xuliqan" və s. göstərmək olar.

Lakin qeyd etməliyik ki, opera və balet teatrına istər keçmiş sovetlər məkanında, istərsə də dünya miqyasında şöhrət qazandıran yalnız geniş və əhatəli repertuar olmamışdır.

Bu teatrın divarları arasında Azərbaycan vokal sənətinin bir çox parlaq ustalarının iste'dadı inkişaf edərək yüksək dünyəvi zirvəyə çatmışdır. Onlardan Bülbül, Ş.Məmmədova, F.Muxtarova, H.Sarabski, H.Rzayeva, R.Behbudov, R.Atakişiyev, F.əhmədova, M.Maqomayev, L.İmanov, Fidan və Xuraman Qasımova bacıları, R.Muradova, Z.Xanlarova və onların davamçılarından olan bir sıra başqa gənc iste'dadlı vokal ifaçılarının adını çəkmək olar.

Qəmər Almaszadə, Leyla Vəkilova, Konstantin Bataşov, Rəfiqə Axundova, Vladimir Pletnyov, Çimnaz Babayeva Azərbaycan baletini bütün dünyada şöhrətləndirmişlər və onların Azərbaycan musiqi incəsənətinin inkişafındakı xidmətləri əvəzsizdir.

İsmayıl Hidayətzadə, Mehdi Məmmədov, Adil İsgəndərov, Sultan Dadaşov, Firudin Səfərov kimi görkəmli rejissorlar teatrın tarixində, ümumiyyətlə, Azərbaycan opera və balet incəsənətinin inkişaf etməsi və çiçəklənməsində mühüm əhəmiyyət kəsb etmişlər.

Dirijor pultu arxasında bir sıra məşhur Azərbaycan dirijorları çalışmışlar: maestro Niyazi, əşrəf Həsənov, əfrasiyab Bədəlbəyli, əhəd İsrafilzadə, Kamal Abdullayev və b. Truppanın yeni səviyyəyə yüksəlməsində görkəmli Azərbaycan dirijoru, hal-hazırda Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru -Rauf Abdullayevin mühüm rolu olmuşdur. O, 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Onun iste'dadı və professionalizmi tamaşaların ifaçılıq səviyyəsinin yüksəlməsinə və bunun nəticəsində də kütlələrin opera və balet sənətinə olan marağının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.

Lakin teatr yalnız tamaşaçı auditoriyasının məhəbbətini qazanmamışdır. Qeyd etmək lazımdır ki, qastrola gəlmiş bir çox xarici ölkə teatrlarının görkəmli artistləri teatrın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirmişlər. Nisbətən qısa bir müddətdə (50 ilə yaxın) yüksək səviyyəli professional Azərbaycan musiqi mədəniyyəti ocağı statusuna nail olmasına görə 1959-cu ildə Azərbaycan Dövlət Opera və Balet teatrı Akademik teatr dərəcəsi almışdır.

Bundan başqa, 1969-cu ildə Parisdə "Şan Elize" teatrının səhnəsində keçirilən Beynəlxalq rəqs festivalında teatrın fəaliyyəti xüsusi qeyd edilmişdir. Bu festivalda Azərbaycan balet artistləri Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşlər.

əlbəttə, teatrın tarixində həm yüksəlişlər, həm böhranlar, həm qələbələr, həm məğlubiyyətlər olmuşsa da, müvəffəqiyyətlər daha çox olmuşdur. Teatrın binası illərlə tə'mirdə olmuşdur, lakin bir gün də olsun tamaşaçıların teatra olan məhəbbəti sönməmişdir. Və biz sevinirik ki, son illər kütlələrin opera və balet sənətinə olan marağı əhəmiyyətli dərəcədə artmışdır. İctimai və sosial böhranlara baxmayaraq incəsənət və mədəniyyət öz qanunlarına əsasən inkişaf etməkdə davam edir..

Biz hal-hazırda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Turan Məlikovdan bizi maraqlandıran suallara cavab verməsini xahiş etdik:

L.F.:-Opera və Balet Teatrının bu günkü vəziyyəti necədir? Kütlələrdə operaya olan marağın bu qədər artması optimizimə əsas verirmi?

A.M.:-Teatr hal-hazırda tam və fəal şəkildə işləyir və yaşayır. Anşlaqlar adi hala çevrilmişdir. Tamaşadakı iştirakçıların zaldakı tamaşaçılara nisbətən daha çox olduğu dövr artıq geridə qalmışdır. Həyatın bütün sahələrinin, eləcə də musiqi incəsənətinin kommersiyalaşdırıldığı bu ağır iqtisadi şəraitdə teatr paytaxtımızın mədəni həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir.

Biz çalışırıq ki, gəlir əldə edək və maddi-texniki təchizat problemlərini də özümüz həll edək. əlbəttə, buna lazımi dərəcədə nail ola bilmirik.

Lakin bu, əsas məsələ deyil. Bu gün teatra yalnız ideyalar və onların həyata keçirilməsi üçün vəsaitlər kifayət deyil. Bizə həm tamaşaçı auditoriyasının, həm də professional dairələrin mə'nəvi dayağı daha vacibdir. Bir-biri ilə əlaqədar olan bütün bu məsələlər həll edilməsə, teatr öz ruhi hərarətini itirərək boşalmış tarixi arxitektura abidəsinə çevrilər.

L.F.:-Opera teatrında ən kəskin problem nədən ibarətdir?

A.M.:-Bu problemlər çoxdur. əvvəla, opera və balet teatrı üçün professional səviyyəsi aşağı olan kadrların hazırlanmasıdır. Opera teatrı kadr hazırlamır, o, yalnız öz yüksək sənətini geniş tamaşaçı kütləsi qarşısında nümayiş etdirməyə qadir ola bilən görkəmli artistləri işə də'vət edir. əslində isə nə görürük? Hal-hazırda teatrda aparıcı tenor, koloratura-soprano səsləri çatışmır. Bu səbəbdən də, repertuarda olan "Toska", "Sevilya bərbəri", "Aida" operalarını tamaşaya hazırlaya bilmirik. Bu ona dəlalət edir ki, hazırda Bakı Musiqi Akademiyasının vokal kafedrası lazımi dərəcədə fəaliyyət göstərmir. İste'dadlı uşaqları aşkara çıxarıb onların gələcəkdə professional opera müğənniləri kimi yetişdirilməsi üçün xüsusi tədqiqat qrupları təşkil edib onları məktəblərə¸ rayonlara göndərmək məqsədəuyğun olardı. Kadrların axtarılıb tapılması məhz, vokal kafedranın əsas vəzifələrindən biridir.

10 il əvvəl konservatoriyanın nəzdindəki Ş.Məmmədova adına Opera Studiyasında istər vokal, istərsə də başqa ixtisaslar üzrə kadrların hazırlanması sahəsində fəal iş aparılırdı. 1977-ci ildən 1987-ci ilədək burada Maskanuinin "Kəndli şərəfi", Motsartın "Hamı belə edir", Raxmaninovun "Aleko", Çaykovskinin "Yevgeni Onegin", Verdinin "Traviata", Rossininin "Sevilya bərbəri" operaları tamaşaya qoyulmuşdur. Bu, müğənnilərin öyrənmək, öz ustalıqlarını artırmaq, axtarışlar aparmaq üçün əsil yaradıcılıq laboratoriyası idi. Məhz orada bir çox görkəmli opera müğənniləri formalaşmışlar: Z.Yelenskaya (hazırda BDT-nin solisti), Qərinə Kərimova (hazırda bizim teatrın solisti) Muxtar Məlikov, Fövziyyə İbrahimova, əli əskərov və b. Hal-hazırda isə studiyada yüksək professional kadrların formalaşması üçün fəal iş aparılmır.

əlbəttə, teatrımızda iste'dadlı gənclər az deyil. Lakin bir çox tamaşaların hazırlanması üçün bu kifayət etmir.

L.F.: Hazırda Ü.Hacıbəyov adına BMA-nın vokal kafedrasında kifayət qədər tenor və koloratura - soprano səsli tələbələr təhsil alır. Ümid edirik ki, onlar öz təhsillərini başa vurub, opera teatrının aparıcı solistlərinin layiqli davamçıları olacaqlar.

A.M.:-Deyilənlər xüsusilə, balet truppasına aiddir. Bu isə ikinci problemimizdir. Belə ki, son illər ərzində xoreoqrafiya məktəbində rəhbərliyin bir neçə dəfə dəyişdirilməsinə baxmayaraq, onların qarşısında duran kadr hazırlığı məsələsi həll edilməmişdir. Xoreoqrafiya məktəbinin bir çox mə'zunları yalnız yüksək əmək haqqı ödənilən yerlərə çıxıb gedirlər. Biz xoreoqrafiya məktəbinin işindən çox narazıyıq. Demək olar ki, bizim teatra yüksək professional səviyyəli kadrlar daxil olmur və biz kənardan artist də'vət etməli oluruq. Teatrda hazırda aparıcı rəqqas yoxdur! Bir müddət teatrın aparıcı rəqqası Albaniyalı Doda Gentiana idi, lakin o da ölkəsində baş verən mə'lum hadisələrlə əlaqədar olaraq çıxıb getmişdir. Hazırda biz Gürcüstandan aparıcı rəqqas də'vət etməyi planlaşdırırıq.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site