AZƏRBAYCANDA OPERA      
TEATRI-DÜNƏN, BU GÜN, SABAH?     
  Leyla Fərəcova          
1   2   3   4  
 

əlkə də ümumiyyətlə, musiqi incəsənətinin, eləcə də opera teatrının problemləri bizə bir çox mühüm siyasi, iqtisadi, millətlərarası, ekoloji və s. problemlərdən daha uzaq görünə bilər. Lakin incəsənətin sərhədləri sonsuzdur. Və bu gün bütün sahələrdəki - gündəlik və tarixi, maddi və mə'nəvi həyatımızdakı işlərimizdə musiqi mədəniyyəti problemlərinin bizi narahat etməsinə baxmayaraq, bizim bir an olsa da, yaşadığımız bu dünyanın mənzərəsini nəzərimizdən qaçırmağa və bu dünyadan təcrid edilmiş bir iqamətgah yaradaraq orada cəsarətsiz bir itaətlə qapanıb qalmağa haqqımız yoxdur. Bu, sadəcə illüziya deyil, həm də özünü könüllü surətdə məğlubiyyətə uğratmaqdır. Məhz buna görə də bu problemlər yalnız xüsusi, dar professional səviyyəli deyil, artıq dövlət əhəmiyyəti kəsb edən problemlər səviyyəsinə çatmışdır.

Bir tərəfdən, televiziya ekranlarından və bulvar mətbuatı səhifələrindən özünə yol tapan ideya-psixoloji təcavüz cəhalətlə qidalanan saxta dəyərləri zorla qəbul etdirərək sadə kütlələrin şüurunda mə'nəviyyatsız stereotiplərin formalaşmasına təhrik edir. əfsus ki, bu tə'sirin ilk əlamətləri estrada janrlı mahnılarda, ümumiyyətlə, televiziyada hiss olunmaqdadır. Nə edəsən ki, bizim cəmiyyətimizə dəbdə olan meyllərin tə'sirinə mə'ruz qalmadan, həqiqi is'tedadı düzgün tə'yin etmək bacarığı həmişə yad olmuşdur.

Digər tərəfdən isə, üst-üstə yığılmış bu problemlər fonunda geniş kütlələrin klassik musiqiyə, xüsusilə də, opera sənətinə olan marağının əhəmiyyətli dərəcədə artması bizi hədsiz sevindirir.

Musiqi incəsənətinin opera kimi mürəkkəb bir janrının geniş dinləyici auditoriyasına opera janrının həm klassik nümunələrini, həm də dinamik yeniliklərini dərk etməyə estetik cəhətdən hazırlıqlı olmağa kömək etməsi heç də təəccüblü deyil.

Bakıda opera ilk dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir(1). Bu o zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Həmin kollektiv yalnız Rusiyanın müxtəlif şəhərlərində deyil, həmçinin Avropada, Amerika, Asiya və Afrikada da tanınmışdı. Lakin bir çox musiqiçilər D.A.Aqrenyev-Slavyanskinin fəaliyyətinin bə'zi tərəflərini mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması haqda tənqidi qeydlərlə çıxış edirdilər. İki dəfə 1889-cu ilin dekabrında isə Tbilisi opera artistlərinin qastrol konsertləri olmuşdur. 19 gün ərzində 19 tamaşa göstərilmişdi, onlardan 15-i opera əsəri (11-i qərbi Avropa bəstəkarlarının, 4-ü isə rus bəstəkarlarının əsəri) idi(2). Tbilisidən orkestr, xor, balet və dekorasiyalarla birgə bütün truppa hey'əti gəlmişdi. Tiflis truppası artistlərinin çıxışları çox hərarət və rəğbətlə qarşılandı. O zaman "Kaspi" qəzeti (23/XVI.1889) yazırdı: "Bakıya operanın gəlişi bir daha sübut etdi ki, zəka, duyğu və zövq üçün teatr nə dərəcədə vacibdir".

Kütlələrin operaya olan marağı heç də Azərbaycan paytaxtı sakinlərinin musiqi zövqünə zidd deyildi. Bütün bunlar gələcəkdə Azərbaycanda opera incəsənətinin təsdiqinə ümid yaradırdı.

90-cı illərdə Bakının teatr həyatı çox rəngarəng və maraqlı olmuşdur. Buraya çoxlu kollektivlər və artistlər gəlirdilər: Tiflis opera truppası, Peterburq balet artistləri truppası, V.N.Lyubimovun truppası (Dirijorlar - V.S.Plotnikov və B.A.Truffi ilə), məşhur opera müğənniləri - F.İ.Şalyapin, N.N.Fiqner, E.K.Mravina, D.Borqi, L.Nikitina, A.V.Sekar - Rojanski və b.(3).

Kütlələrin operaya olan məhəbbəti opera janrını musiqisevərlər üçün daha populyar və gərəkli etmişdi.

1900-cü ildən başlayaraq, Bakıya demək olar ki, hər il (1901 və 1913-cü illərdən başqa) opera truppaları gəlirdi. Onlardan ən əhəmiyyətliləri (1904) A.A.Eyxenvaldın (1910) və D.X.Yujinanın (1912) truppaları idi.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site