"Musiqi dünyası" № 1 (82) 2020

Article №11; 8471 - 8482 pр.
Gülnar VERDİYEVA. Ruhumuzdan doğan notlar... (S.Hacıbəyovun irsinə dair)
Text PDF

       Azərbaycan musiqi mədəniyyətinin inkişafında, milli musiqimizin təbliğində parlaq istedada malik olan S.Hacıbəyovun misilsiz xidmətləri olmuşdur. S.Hacıbəyov musiqisinin milli kökləri, xalq musiqisinə yaxınlığının əsas səbəbi onun musiqinin beşiyi və Şərqin ilk Konservatoriyası adlandırılan doğma Şuşa şəhərində, mahir tarzən və xanəndələrin musiqi sədaları altında boya-başa çatmasıdır. Havasındanmı, torpağındanmı, suyundanmı, bilmirəm, amma uşağından tutmtuş böyüyünə qədər hamının muğam oxuya bildiyi fitri istedadlar məskəni olan Qarabağ torpağının belə bir musiqi mühiti hələ lap uşaq yaşlarından Soltan Hacıbəyovda xalq musiqimizə və muğamlarımıza böyük məhəbbət və maraq yaratmışdır, məhz buna görə də xalqa yaxın olmaq, xalq musiqisi ruhunda yaratmaq S.Hacıbəyov sənətinin əsas qayəsinə çevrilmişdir.

        Azərbaycan simfonizminin yaradıcılarından biri olaraq, bu sahənin formalaşması və inkişafı işində böyük işlər görmüş S.Hacıbəyov fəaliyyəti boyu müxtəlif janrlara müraciət etmişdir. O, “Gülşən” baletinin, “İsgəndər və çoban” uşaq operasının, “Qızılgül” musiqili komediyasının, I və II simfoniyalarının, simfonik orkestr üçün “Konsert”, “Uvertüra”, “Bolqar süitası, “Çex rəqsi”, violin və orkestr üçün bəstələdiyi A-dur konserti və bir-birindən gözəl mahnı və romansların müəllifidir.

        Janrından və formasından asılı olmayaraq, bəstəkarın müəllifi olduğu bütün əsərlərdə autentik folklor mənbələrinə qırılmaz tellərlə bağlılıq, xalq mahnı və rəqslərinin ruhunu dərindən duya bilmək qabiliyyəti aşkar olur.

        Bəzən hər hansı bir bəstəkar haqda söhbət gedərkən onun ən məşhur əsərini xüsusi olaraq qeyd edib “təkcə bu əsəri yazmış olsaydı belə, bu populyarlığı qazanardı” deyimini dəfələrlə eşitmişik. Mən bu sözləri S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi haqda söyləmək istərdim.

        Orkestr səslənməsinə yaxşı bələd olan, onun tembr çalarlarını bütün incəliklərinə qədər hiss edən, hər bir alətin özəlliklərini, özünəməxsus cəhətlərini gözəl duyaraq, alət qruplaşmalarından böyük ustalıqla, yerli-yerində istifadə edə bilən bəstəkar “Karvan” əsərində dəvə karvanının aramlı hərəkətini rəssam dəqiqliyi ilə əks etdirmişdir. Bu əsərdə bəstəkar “musiqi səs sənətidir” stereotipini qırıb-dağıdaraq sanki rəssam fırçasından istifadə etmiş, dinləyicinin təxəyyülündə karvanın hərəkətini vizuallaşdırmış, b3 və x4 intervallarının ardıcıllaşması fonunda dəvələrin ahəstə yerişini inandırıcı şəkildə, böyük məharətlə canlandıra bilmişdir.

        Xalq yaradıcılığına və folklor sənətinə dərin tellərlə bağlı olan, xalq musiqisini bütün incəlikərinə qədər dərindən duya bilən S.Hacıbəyovda xüsusi bir istedad, xalq mahnı və rəqslərinin ruhuna yaxın musiqi bəstələmək məharəti var idi. Bəstəkar öz əsərlərində Azərbaycan xalq musiqisinin bütün janrlarının, həm mahnı və rəqslərinin, həm aşıq sənətinin və həm də professional musiqi nümunəsi olan muğamlarımızın səciyyəvi xüsusiyyətlərini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, özünəməxsus bir üslub- Soltan Hacıbəyov üslubu yaratmağa nail olmuşdur. Xalq musiqisi onun qanına, canına hopmuşdur. Məhz buna görə də onun qələmindən çıxan hər bir əsər xalqa öz musiqisi qədər yaxın, doğma və əzizdir.

        S.Hacıbəyovun yaradıcılığı haqda çox yazılmış,bəstəkarın dünya musiqisi tarixində tutduğu mövqe bir çox musiqişünaslar tərəfindən işıqlandırılmışdır.Mən isə bəstəkarın az tədqiq olunmuş mahnı yaradıcılığı üzərində xüsusi olaraq dayanmaq istərdim.

        S.Hacıbəyov yaradıcılığında mahnı janrı əhəmiyyətli yer tutur. Xüsusilə, bəstəkarın uşaqlar üçün bəstələdiyi, hələ 60-70-ci illərdə dəbdə olan, uşaqların sevə-sevə ifa etdikləri “Yolka”, “Yeni il”, “Oynaq topum”, “Bənövşə”, “Bahar gəldi” “Laylay” və s. kimi yadda qalan, ölməz mahnıları bu gün də öz təravətini itirməmişdir. Üstündən uzun illər keçsə də, uşaq repertuarları müair bəstəkarlarımız tərəfindən yeni-yeni mahnılarla zənginləşsə də, uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edən və sanki sevimli bayramın gəlişilə assosiasiya yaradan bu uzunömürlü mahnılar bu gün də dəbdən düşmür, əksinə, öz yerini və mövqeyini daha da möhkəmləndirərək yaşamağa davam edir.

        Geniş yayılmış mahnılarla yanaşı, bəstəkarın çox nadir hallarda ifa olunan mahnıları da vardır. Təəssüflə söyləyə bilərik ki, “Neftçi mahnısı”, “Güllərin söhbəti”, “Quşcuğaz”, “Tənha ağ yelkən”, “Döyüşçülərin nəğməsi” kimi gözəl və ürəyəyatımlı mahnılar demək olar ki, səslənmir.Təəccüblü olsa da, bəstəkarın hələ çap olunmamış, indiyə kimi işıq üzü görməmiş, hələ də əlyazma şəklində qalan mahnıları da yox deyildir. Müğənnilərin repertuarını bəzəyə biləcək “Ukraynaya salam”, “Abşeron işıqları”, “Mingəçevir”,“Şən mahnı” kimi milli üslublu parlaq nümunələri hələ də bəstəkarın evində əlyazma şəklində qalmaqdadır.

        S.Hacıbəyovu bu gün nadir hallarda ifa olunan və təbii ki, indiyə qədər heç bir tədqiqata cəlb olunmamış mahnılarından M. Əlizadənin mətninə bəstələnmiş “Şən mahnı” və Y.Həsənbəyin sözlərinə yazılmış “Abşeron işıqları”mahnıları üzərində bir qədər dayanmaq istərdim.

        Y.Həsənbəyin sözlərinə yazılmış “Abşeron işıqları” mahnısında Bakı şəhərinin gözəlliyi, sayrışan işıqları vəsf edilir. Əsər vals ritmindədir, təntənəli xarakterə malikdir. Sadə 3 hissəli formada, Bayatı-Şiraz məqamında bəstələnmişdir. Əsər 13 xanədən ibarət olan girişlə başlanır. Forte- fortissimonun fonunda səslənən və dominanta pərdəsinə əsaslanan giriş hissəsinin ilk 6 xanəsi təntənəli akkordlrdan ibarətdir. 7-ci xanədən başlayaraq, bu akkordları D funksiyasını daha aydın təsdiqləyən arpeciolar əvəz edir və daha sonra valsvari akkordların müşayiətilə A bölməsi başlanır. Mayə Bayatı-Şiraza əsaslanan 32 xanəlik A bölməsi B bölməsi ilə əvəz olunur. B bölməsi “Bayatı-Şiraz”ın “Hüzzal”(Segah) şöbəsində yazılmışdır.

        Məqam dəyişkənliyinə baxmayaraq, B bölməsi ritmik cəhətdən A bölməsinin variantlı təkrarından ibarətdir. 29 xanədən ibarət olan B bölməsi dəyişiilməz şəkildə səslənən A bölməsilə əvəz olunur. Mahnı 11 xanəlik koda ilə tamamlanır. Kodanın əvvəlki 4 xanəsi A bəndinin son 4 xanəsini təkrar edir. Sonrakı xanələrin musiqi materialı isə mayə pilləsindən başlayaraq, səslərin tədricən 1 oktava yuxarıya istiqamətlənməsi ilə yaranır. “Bayatı-Şiraz” məqamında səslənən mahnı “Rast” məqamında-eyniadlı major tonallığında tamamlanır.

        Bəstəkarın “Şən mahnı” adlanan ikinci mahnısı isə bayramsayağı xarakterə, məzəli Azərbaycan xalq mahnılarını xatırladan nikbin əhval-ruhiyyəyə malikdir. Mahnının Azərbaycan xalq musiqisi üçün səciyyəvi olan 8\6 ritmi onu xalq üslubuna daha da yaxınlaşdırır. S.Hacıbəyovun əsərlərinin əlsəriyyəti kimi bu mahnı da “Şur” məqamına əsaslanır. 2 hissəli reprizli formada yazılmış mahnı 8 xanəlik girişlə başlanır. Mayə Şurda səslənən giriş şöbəsini “Hicaz” pərdəsində səslənən 24 xanəlik A bölməsi əvəz edir. Bu bölmə bitdikdən sonra giriş hissəsi yenidən dəyişilməmiş şəkildə təkrar olur. B bölməsi “Bayatı-kürd” muğamının “Kərkük” şöbəsinə istinad edir. Ostinato prinsipinə əsaslanan B bölməsinin zil səslərdə keçən musiqi materialı fərqli olsa da, ritmik cəhətdən A bölməsini təkrar edir. 16 xanəlik B bölməsindən sonra bu bölmə yenidən, bir qədər ixtisar olunmuş şəkildə təkrar olunur. Mahnı giriş hissəsinin təkrar olunmuş variantına əsaslanan 3 xanəlik sonluqla tamamlanır.

        Şən mahnı



        S.Hacıbəyovun sadə melodiyaya, gözəl fakturaya malik olan mahnılarının üstün cəhəti onların milli mənsubiyyətidir, xalq musiqisi ilə yaxınlığıdır. Məhz buna görə də bu mahnılar son dərəcə səmimi və doğma səslənir. İnanırıq ki, bəstəkarın diqqətdən kənarda qalmış mahnıları layiqincə dəyərləndirilərək konsert səhnələrimizi bəzəyəcək.

        Maraqlıdır ki, bəstəkarın elə mahnıları da var ki, onlar dinləyicilər tərəfindən xalq mahnıları kimi qəbul edilmiş və təbii ki, müğənnilərin ifasında da xalq mahnısı kimi təqdim olunmuşdur. Məsələn, bir çoxlarının xalq mahnısı kimi tanıyaraq sevdiyi və məmnuniyyətlə dinlədiyi şıltaq xarakterli “O nə xaldır yanağında” mahnısı əslində bəstəkarın “Qızılgül” musiqili komediyasından Azayın mahnısıdır. Mahnının geniş populyarlıq qazanması və sevilməsi sonradan onun müstəqil şəkildə yaşamasına səbəb olmuşdur. Mahnının təqdimatında bəstəkarın adının çəkilməməsinin səbəbini bir tərəfdən başa düsməsəm də, digər tərəfdən bunu bəstəkara göstərilən iltifat kimi qəbul edirəm, çünki yaradıcılığının məhsulu olan bir əsərin xalq mahnısı kimi qələmə verilməsi və xalq mahnısı qədər uzunömürlü olub sevilməsi hər bəstəkara nəsib olmur, buna yalnız bütün qəlbi ilə xalqa yaxın olan, xalq musiqisini dərindən duyan və həmin üslubda əsərlər yartmağı bacaran sənətkar nail ola bilərdi.

        Bəstəkarın müxtəlif dövr ifaçılarının sevə-sevə oxuduqları, bir ara çox populyarlıq qazanan və uzun müddət repertuarlardan düşməyən mahnılarından biri də “Bayatı-Şiraz” muğamına əsaslanan “Qəşəngdir, nədir” mahnısıdır.

        Xalq ruhunda yazılmış bu mahnıda bəstəkar xalq mahnılarına xas olan melodik ifadələrdən, səciyyəvi intonasiyalardan istifadə edərək, xarakter etibarilə onu xalq mahnılarının ruhuna maksimal dərəcədə yaxınlaşdırmışdır. Məhz, bu səbəbdəndir ki, bir çoxları onun S. Hacıbəyova aid olduğunu bilməmiş və xalq mahnısı kimi qəbul etmişlər.

        Musiqişünas Nailə Kərimova “XX əsr Azərbaycan teatr musiqisinin tarixi” adlı tədqiqatında S.Hacıbəyovun “Qatır Məmməd” tamaşasna yazdığı musiqi materialı ilə bağlı araşdırmalarında əsərin uvertürasından kiçik musiqi nümunələri verir və uvertüranın iknci mövzusunun “Yenə cilvələnib keçdi qarşımdan” mahnısı ilə assosiasiya yartdığını qeyd edir və bu mahnını xalq mahnısı kmi qələmə verir. 1.

        Əslində isə uvertüranın ikinci mövzusu “Yenə cilvələnib keçdi qarşımdan”mahnısı ilə heç bir assosiasiya yaratmır, sadəcə olaraq, həmin mahnının özüdür. Bu isə xalq mahnısı deyil, xalq mahnısına bənzəsə də, xalq mahnıları üçün səciyyəvi olan xüsusiyyətlərə malik olsa da, S.Hacıbəyovun qələminin məhsuludur.

        “Qəşəngdir, nədir”



        1. Керимова Наиля. «История театральной музыки Азербайджана в XX веке», Баку, «Марс-Принт»,2008, стр.96

        Bu mahnının yaranma hekayəti isə belə olmuşdur. Hələ “Qatır Məmməd” pyesi meydana çıxmamışdan əvvəl şair Zeynal Xəlil öz həyat yoldaşı Zəkiyyə xanımın gözəlliyini vəsf edərək ona “Qəşəngdir, nədir” şeirini həsr etmişdir. Şeirin musiqisini isə şair ailə dostu, qonşusu, həm də tez-tez əməkdaşlıq etdiyi və ruhən ona yaxın olan məşhur bəstəkarımız S.Hacıbəyova həvalə etmişdir. Onu da qeyd edək ki, bu mahnı iki adla- “Yenə cilvələnib keçdi qarşımdan” və “Qəşəngdir, nədir” adı ilə tanınmışdır.

        Hörmətli musiqişünasımızın bunu xalq mahnısı kimi təqdim etməsi və ümumiyyətlə, mahnının xalq mahnısı kimi tanınması bir daha bəstəkarın yaradıcılığının xəlqiliyinin sübutudur.

        Bir məqama da toxunmaq istəyirəm və qeyd etməyi özümə borc bilirəm ki, S.Hacıbəyovun şəxsi əlyazmasında mahnının not yazısına nəzər salarkən, mahnının giriş hissəsinin “Küçələrə su səpmişəm” mahnısının girişi ilə eyni melodiyaya malik olduğunun şahidi olduq.

        Bundan belə nəticəyə gəlmək olar ki, “Küçələrə su səpmişəm” mahnısı uzun illər öz girişilə ifa olunmuş, sonradan müasir dövr ifaçıları təhrifə yol verərək, S.Hacıbəyovun “Qəşəngdir, nədir” mahnısınn girişindən istifadə etmişlər. Hər iki mahnının eyni xarakterdə olması və eyni məqama əsaslanması buna imkan yaradıb və təbii ki, illər keçdikcə çox sevdiyimiz “Küçələrə su səpmişəm” xalq mahnısı özgə girişlə yaddaşlara həkk olub...

        Dediyimi sübuta yetirmək üçün S.Hacıbəyovun şəxsi arxivindən tapılmış və öz xətti ilə yazılmış nümunəni təqdim etmək istəyirəm:



        Təbii ki, üzə çıxarılmayan mahnıların bir qismi haqda hətta musiqişünaslarımızın, bəstəkarın yaradıcılığına həsr olunmuş monoqrafiyalarında da heç bir məlumat verilməmişdir. Sözsüz ki, bunun günahı həm də bəstəkarın özündədir. Bunun səbəbini bu cür izah etmək olar: birinci səbəb bəstəkarın həddən artıq təvazökarlığı ilə, ikinci səbəb isə ümumilikdə, mahnı janrına münasibəti ilə, mahnını yaradıcılığının əsas sahəsi kimi qəbul etməməsi ilə bağlıdır. Simfonik musiqi sahəsində böyük nailiyyətlər əldə edərək tatixdə qalan əsərlər yaratmış S.Hacıbəyov, əhəmiyyətinə görə heç də simfonik əsərlərindən geri qalmayan mahnı yaradıcılığına etinasız yanaşmış, bu nadir inciləri heç üzə belə çıxartmamış, onların ifa olunması, yayılması, məşhurlaşması üçün heç bir səy göstərməmişdir. Məhz bu səbəbdəndir ki, hətta bəstəkarın qələmindən çıxan və xalq tərəfindən çox sevilən bəzi mahnılar başqa bir müəllifin adıyla məşhurlaşmışdır.

        Müğənnilərimizin sevə-sevə ifa etdikləri “Kimlər gəldi, kimlər getdi” belə mahnılardandır və biz məhz, bu mahnının üzərində dayanmaq istərdik.

        Haqqında danışacağımız mahnı Zeynal Xəlilin “Qatır Məmməd” pyesindən bir parçadır. Pyesin musiqi tərtibatı S.Hacıbəyova həvalə olunmuşdu.

        Ümumiyyətlə, S.Hacıbəyovun bir bəstəkar kimi simfonik təfəkkürə malik olması ilk dəfə onun dram tamaşalarına verdiyi musiqi tərtibatında aşkar edilmişdir. Məhz, bəstəkarın fərdi təfəkkür tərzi qeyri-adi orkestr boyaları, musiqinin temperamenti, dinamikliyi və milli melodizmi ilə birləşərək, o dövr üçün yeni və maraqlı bir üslub yaratmışdır. S.Hacıbəyov dram tamaşalarının musiqi tərtibatçısı kimi püxtələşərək “Qatır Məmməd” dən başqa, həmçinin, S,S,Axundovanın “Eşq və intiqam” və “Tərlan”, S.Vurğunun “İnsan”, S.Rəhmanın “Aşnalar”, “Əliqulu evlənir”, “Ayrılıq”, M.Hüseynin “Alov”, M.İbrahimovun “Kəndçi qızı”, İ.Əfəndiyevin “Mənim günahım” tamaşalarının da bəstəkarı olmuşdur.

        Beləliklə, “Qatır Məmməd” pyesində səslənən “Kimlər gəldi, kimlər getdi” tamaşanın lirik-fəlsəfi xəttinin inkişafında mühüm rol oynayır.

        “Şur” üstündə yazılan sadə melodiyalı və dərin məzmunlu bu mahnı poeziya ilə musiqinin bir-birini tamamladığı, vəhdət təşkil etdiyi ən gözəl mahnı nümunələrindəndir. Mahnının sadə musiqi ibarələri, üzərinə düşən ağır fəlsəfi məzmun yükünü o qədər gözəl və ifadəli şəkildə daşıyır ki... Poeziyanın və musiqinin üzvi surətdə qovuşmasından yaranan ecazkar səslənmə insanı valeh edir, elə ilk misralardan öz təsiri altına salır, mahnının ibrətamiz kəlmələri sanki insan əməllərinin bir nizamnaməsi kimi səslənərək, necə yaşamaq lazım olduğunu incə-incə, eyhamla başa salır.. düşünməyə vadar edir...

        Çox təəssüf ki, bu cür məziyyyətləri, valehedici melodiyası, gözəl şeiriyyatı olan bir mahnı uzun illər “yiyəsiz”qalmış, valideynlik hüququndan məhrum olmuş, daha doğrusu, iki bəstəkarın -bəzən S.Hacıbəyovun, bəzən də Andrey Babayevin yaradıcılığına aid edilmişdir. Hər halda mahnının müəllifi ilə bağlı mübahisələr hər iki bəstəkar dünyasını dəyişdukdən sonra başlamışdır. 1923-1964-cü illərdə yaşamış Andrey Babayev 1950-ci ildə ADK-nı bəstəkarlıq ixtisası üzrə (Qara Qarayevin sinfi) bitirmişdir.

        “Qatır Məmməd” pyesinin yazılma tarixi isə 1945-ci ildir, yəni, əsər yazılan zaman 22 yaşlı Andrey Babayev hələ professional bəstəkarlıq təhsilini başa çatdırmamış bir bəstəkar idi. Əlbəttə, bu da əsas göstərici olmasa da, hər halda, şairin seçimini şübhə altına alır. 1919-1974-cü illərdə yaşamış S.Hacıbəyov isə ADK-nı professor Zeydmanın sinfi üzrə bitirərək, o zaman artıq “Qızılgül” musiqili komediyasının, bir sıra mahnı və romansların və nəhayət, dünyanı lərzəyə gətirən “Karan”ın müəllifi idi...

        Şair Zeynal Xəlilin sözlərinə yazılmış müəmmalı taleyi olan bu mahnını ilk dəfə gözəl müğənnimiz Mirzə Babayev özünəməxsus şəkildə ifa edərək dinləyicilərin ürəyinə yol tapmışdır.



        Sonra Zakir Əliyev, Tünzalə Ağayeva, Zabitə Məmmədova, bindan başqa digər gənc ifaçıların da bəziləri mahnıya biganə qalmayaraq, onu öz repertuarlarına daxil etmişlər. Mübahisə doğuran “Kimlər gəldi, kimlər getdi” gah S.Hacıbəyovun, gah da Andrey Babayevin mahnısı kimi yaşamışdır. Hətta vəziyyətin belə olduğunu görən sevimli müğənnimiz Mirzə Babayev də bir müddət özünü mahnının bəstəkarı kimi təqdim etmişdir...

        Bütün bunlara baxmayaraq, “Kimlər gəldi, kimlər getdi” öz məqrurluğunu itirməmiş, müəllifin kimliyindən asılı olmayaraq yaşamış, ürəkləri oxşamış, getdikcə daha da populyarlaşmış, sevilməkdə davam etmişdir.

        Amma bu yaralı mübahisə, mahnının müəllifi ilə bağlı haçalanmış fikirlər, əslində kimin qələminin məhsulu olması əminəm ki, bir musiqişünas kimi yalnız məni yox, bəstəkarlarımızın yaradıcılığı ilə məşğul olan, onların mədəni irsinə biganə qalmayan bütün musiqişünasları düşündürmüşdür.

        Məsələni aydınlaşdırmaq üçün ev yığıncaqlarının birində S.Hacıbəyovun oğlu, mərhum bəstəkarımız İsmayıl Hacıbəyova müraciət etdim və İ.Hacıbəyov heç bir tərəddüd etmədən, birmənalı şəkildə mahnının atası tərəfindən yazıldığını, “Qatır Məmməd” pyesinin bir parçası olduğunu söylədi.

        Əslində İ.Hacıbəyovun qətiyyətli fikri müəllifin, məhz S.Hacıbəyov olmasını başa düşmək üçün kifayət edirdi. Sonrakı araşdırmalara ehtiyac qalmırdı. Ona görə ki, əsərləri ilə dünya şöhrəti qazanmış, musiqimizi xarici ölkələrdə tanıtmış bir nəhəng bəstəkarın əslində, bu mahnıya heç bir ehtiyacı yox idi və İsmayıl müəllimin də əsassız şəkildə mahnını atasına aid etməsi inandırıcı deyildi. Amma yenə də axtarışları davam edərək arxiv idarəsinə yollandıq, hər iki bəstəkarın arxivini araşdırsaq da, heç birində bu mahnıya aid sənəd tapmadıq.

        Zeynal Xəlilin yaradıcıığını nəzərdənn keçirtdik. "Ulduzlar”, “İntiqam”, “Gənc ustalar”, “Ata yolu” kimi pyeslərin müəllifi olan şair Zeynal Xəlilin pyeslərindən biri də “Qatır Məmməd”dir (sonralar bu mövzuda film də çəkilmişdir).

        Axtarışlarımıza davam edərək, şairin böyük oğlu AMEA-nın folklor institutunda şöbə müdiri vəzifəsində çalışan folklorşünas Rza Xəlilovla əlaqə yaratdıq və o da bu fikri təsdiq edərək mahnının “Qatır Məmməd” pyesinə S.Hacıbəyov tərəfindən bəstələndiyini söylədi.

        Pyesdə şair “Kimlər gəldi, kimlər getdi” şeirini aşıq mahnısı kimi təqdim etmişdir.

        Zeynal gəzər el-obanı

        Gözəllərdir din-imanı

        Bir gün köçər qəm karvanı

        Bu dünyadan, bu dünyadan...

       Bu şeirin aşıq mahnısı kimi təqdim olunması adi təsadüf deyil. Şeirin “Kimlər gəldi, kimlər getdi” misralarının fəlsəfi məzmunu Azərbaycan xalqının abidəsi olan “Kitabi-Dədə Qorqud”da səslənən misraların fəlsəfi mahiyyəti ilə üst-üstə düşərək eyni məna kəsb edir:

       Hanı dediyim bəy ərənlər? Dünya mənimdir deyənlər

        Əcəl aldı, yer gizlətdi

       Fani dünya kimə qaldı?

        Gəlimli-gedimli dünya

        Bir ucu ölümlü dünya...

       Dədə Qorqud oğuz qəbilələrinin mənəvi atası, məsləhətçisi, göstərdiyi şücaətə görə oğuz igidlərinə ad qoyan el ağsaqqalı, keçmişi və gələcəyi görən, nəhayət, oğuzların arasında müqəddəslik rəmzi sayılan qopuz alətinin ixtiraçısı, ozanların atası və qopuzunu əlinə alıb el-obanı gəzərək qan tökülməsinin qarşısını alan, hər yerdə sülhü, əminamanlığı bərqərar edən, qazandığı hörmətə görə “Dədə Qorqud” ləqəbinə layiq görülən müqəddəs bir varlıqdır. Və Zeynal Xəlilin bir söz ustadı kimi “Kimlər gəldi, kimlər getdi” şeirini məhz aşıq mahnısı kimi təqdim etməsi, onun ozan-aşıq yaradıcılığının mühüm poetik mənbələrindən biri olan Dədə Qorqud poetikası ilə əlaqələndirilməsi ilə şərtlənir.

        “Qatır Məmməd” pyesinin bəstəkarı teatr tamaşalarına musiqi bəstələməkdə böyük təcrübəsi olan Soltan Hacıbəyovdur. Bu isbata ehtiyacı olmayan bir fakt olaraq, professor Nailə Kərimovanın «История театральной музыки Азербайджана в XX веке» dərs vəsaitində də öz əksini tapmışdır.

        Vəsaitdə Azərbaycan Dövlət Dram Teatrında oynanılan bütün tamaşaların, həmçinin, bəstəkarı S.Hacıbəyov olduğunu təsdiqləyən “Qatır Məmməd” tamaşasının da afişası verilmişdir. Burada tamaşalardan bəzi musiqi nümunələri qısaca şəkildə təhlil olunmuş, lakin təəssüf hissi ilə deyə bilərik ki, məhz haqqında danışdığımız mahnı burada tədqiqata cəlb olunmamışdır.

        Bundan başqa, “1001 mahnı” məcmuəsində də Zeynal Xəlilin “Kimlər gəldi, kimlər getdi” mahnısının S.Hacıbəyov tərəfindən yazıldıqı qeyd olunmuşdur.

        Bəs belə olan surətdə, yəni, pyesin bəstəkarı S.Hacıbəyov olduğu halda bu mahnı bir başqası tərəfindən yazıla bilərdimi? Şübhəsiz ki, yox. Dünya şöhrətinə malik olan sənətkarın əsərdə səslənən mahnılardan birinin bəstələnməsi üçün Andrey Babayeva müraciət etməsi olduqca əsassız və gülüncdür. Mahnını “özününküləşdirmək” nə məşhur “Karvan”ı ilə bütün dünyaya səs salmış S.Hacıbəyova, nə də xalqımıza xidmət edərək, bütün ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş və gözəl mahnıları ilə tarixdə qalmış Andrey Babayevə yaraşmazdı.

        Ən başlıca məsələ isə üslub, dəst-xətt və daha çox müraciət etdiyi məqam məsələsidir.

        Mahnı yaradıcılığında məqamlarımızın böyük əksəriyyətində “bayatı-şiraz”, “şüştər”, “segah” üstündə gözəl mahnılar bəstələmiş Andrey Babyevi “şur” məqamı cəlb etməmiş, mahnılarının kiçik bir qismini çıxmaq şərtilə, bu məqama, demək olar ki, müraciət etməmişdir. Onun məşhur “Nazəndə sevgilim”, “Pıçıldaşın ləpələr”, “Özünə qurbanam”, “Qaraqız”, “Səni sevəcəyəm, sən sevməsən də”, “Aqronom oğlan”, “Необыкновенные глаза” və s. mahnılarının heç biri “şur” məqamına əsaslanmamışdır. Bunun əksinə olaraq, S.Hacıbəyovun əsərlərinin əksəriyyəti isə bəstəkarın çox sevdiyi şur məqamı üstündədir. “Kimlər gəldi, kimlər getdi” mahnısının xarakteri, üslubu, səciyyəvi intonasiyaları, melodik dönmələri və nəhayət, bəstəkarın çox sevdiyi “Şur” məqamında yazılması onun S.Hacıbəyov qələminin məhsulu olmasını bir daha sübut edir.

        Yaxşı bəstəkarın üslubu ilk xanələrindən tanınmalıdır, fikri ilə tam razıyam. S.Hacıbəyovun mahnılarını, ümumilikdə, bir-biri ilə müqayisə etsək, onların hamısının eyni üslubda yazılmış olduğunun şahidi olarıq. Məsələn, “Darıxıram sənsiz, Bakı” və “Kimlər gəldi, kimlər getdi” mahnılarını müqayisə etdikdə, tərəddüdsüz onların hər ikisinin eyni müəllif tərəfindən yazıldığı aydın görünür. O ki qaldı mahnının not yazısına, kiçik qeydləri çıxmaq şərtilə, nəinki “Qatır Məmməd”in, heç bəstəkarın digər dram musiqinin də notları nə evdə, nə də arxivdə tapılmamışdır. Dram tamaşalarında musiqi tərtibatının səsyazma vasitəsilə təqdim olunmasını nəzərə alsaq, vəziyyəti anlamış olarıq. Lakin dram tamaşaları bir qırağa, ürək ağrısı ilə demək istərdim ki, partiturasız ifa edilməsi mümkün olmayan musiqi komediyalarının da not yazısı aşkar edilməmiş, naməlum səbəblər üzündən əsər yalnız bir neçə not vərəqi formasında tapılmışdır.

        Notları tapmaq mümkün olmasa da, düşünürəm ki, mahnının tərəddüd doğuran taleyi ilə bağlı yuxarıda söylədiyimiz fakt və mülahizələr artıq uzun illərdən bəri aparılan mübahisələrə son qoymuş olacaq və həmişə, hər yerdə “Kimlər gəldi, kimlər getdi” mahnısının Soltan Hacıbəyova aid olduğunu əminliklə söyləyə biləcəyik.

        Ədəbiyyat siyahısı.

        1. Abdullayeva Zemfira. Azərbaycan musiqi ədəbiyyatı “Adiloğlu” Bakı-2009

        2. Керимова Наиля. «История театральной музыки Азербайджана в XX веке», Баку, «Марс-Принт»,2008, стр.96

        3. Tağızadə Aida. Soltan Hacıbəyov. Monoqrafiya-Bakı: Mütərcim, 2011.