À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI

 



       Bütün dahi sənətkarlar kimi, Azərbaycan peşəkar musiqisinin əsasını qoyan sevimli bəstəkarımız Üzeyir bəy Hacıbəyov da öz yaradıcılığında hamar salınmış cığırla ketməmiş, daim irəli can atmış, açılmamış cığırlar axtarmış və bütün fəaliyyəti ərzində musiqimizin tərəqqisi yolunda yad ünsürlərə qarşı çıxış etmiş, artıq qəbul olunmuş yanlış kanon və anlayışları aradan götürməyə çalışmışdır. Azərbaycan mədəniyyəti tarixində silinməz izlər buraxmış dahi bəstəkar milli bəstəkarlıq məktəbini yaratmış, musiqimizdə bir çox janrların, o cümdədən opera və operettanın banisi olmaqla respublikada musiqi məktəbinin və texnikumunun və nəhayət ilk Azərbaycan Ali Musiqi məktəbinin – Dövlət Konservatoriyasının əsasını qoymuşdur. Həmin Ali məktəbin tələbələrinin qüvvəsi ilə Azərbaycanda ilk simli kvartetin, ilk simfonik orkestrin, notla çalan xalq çalğı orkestrlərinin və çoxsəsli xorun yaradılması da dahi bəstəkarın adı ilə bağlıdır.
       Notla çalan xalq çalğı alətləri orkestrinin əsasını qoymazdan əvvəl Üzeyir bəy xalq çalğı alətlərinin, xüsusən də Azərbaycan musiqisinin ən əsas alətlərindən olan tarın üzərində dərin elmi-tədqiqat işləri aparmış və onun, eləcə də digər milli musiqi alətlərimizin rəvan temperasiyaya malik olmasını sübuta yetirən və qızğın mübahisələrə səbəb olan bir sıra məruzə və məqalələrlə çıxış etmiş, bu alətlərin notla çalınmasının tədrisi məsələsini ortaya çıxarmış və bunun peşəkar səviyyədə aparılmasını təşkil etmişdir. Lakin o dövrdə bu dahi insanın mətin addımı bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmadı. Üzeyir bəyə qarşı çıxan iki bir-birinə əks qruplaşmanın biri – konservativ fikirli milli musiqi xadimləri onu (yəni Üzeyir bəyi) tarı milli – spesifik xüsusiyyətlərindən, özünəməxsusluqdan məhrum etməkdə günahlandırırdılar. Ikinci qrup isə, ümumiyyətlə Azərbaycan musiqisinin səslənməsinin, təbliğinin əksinə çıxaraq, musiqi təhsili sahəsində tarın, eləcə də bütün milli musiqi alətlərinin tədris olunmasının qəti əleyhinə idilər. Onlar bütün musiqi alətlərini arxaik hesab edərək kənara qoymağı, musiqi təhsili müəssisələrində Avropa musiqi alətlərində çalmağın tədrisini tövsiyə edirdilər. Hələ 1921-ci ildə "Sənayei-nəfisə" jurnalının birinci sayında çıxan "Vəzifeyi-musiqiyəmizə aid məsələlər" məqaləsində Üzeyir bəy Hacıbəyov hər iki cəbhənin nümayəndələrinə cavab verərək yazırdı: "Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsəslarının arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə çalışmaq və onun həqiqətən nəcib və nəfis bir sənəti-aliyyə məqamına yetirib, bu yolla ümum üçün yeni bir mənbəyi zövq və mənşəyi-feyz açmaq la Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək... "Daha sonra oxuyuruq":... Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş?.. biz Azərbaycan türklərinə "Ala franğa", yaxud bizlərdə "Yevropeyski" deyilən musiqini də öyrənmək lazımdırmı? Bəli, lazım və vacibdir: yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır. Bu yolda hər bir əsrə məxsus musiqi dahiləri və musiqi alimləri əmələ gəlib, öylə bir böyük və qiymətli əsərlər buraxıbdırlar ki, mədənilik iddiası edən heç bir millət bu əsərlərdən bixəbər və bibəhrə qala bilməz". Məqalənin başqa bir yerində yazılıb: "...Ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq", daha sonra, "...bizim aramızda ümumi musiqi sənəti tərəqqi taparsa, bizim də xalq özündə musiqiyə olan bütün istedadını aləmə göstərməyə qadir olar. Bizlərdən də kompozitorlar, pianistlər, artistlər əmələ gəlməklə biz də öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxara bilərik, "sonra da" ümumi musiqi sənətini öyrənərsək, öz milli musiqimizin tərəqqisinə böyük-böyük xidmətlər etmiş oluruq. Halbuki əks surətdə, yəni musiqi elmindən bixəbər qalarsaq, öz musiqimizi bir qədəm dəxi irəli apara bilmərik" – deyərək dahi bəstəkar öz məqaləsində çıxış etmişdir.
       Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov kimi qabaqcıl sənət fədailəri ilə birlikdə Üzeyir bəy Hacıbəyov Azərbaycan milli musiqi mədəniyyətini mürtəce baxışlı qüvvələrin təzyiqindən qorumuş, onlarla mübarizə aparmış və nəticədə haqsız olduqlarını, yanlış fikir yürütdüklərini sübuta yetirmişdi. Məhz həmin gərgin mübarizə və əməyin sayəsində Üzeyir bəy Hacıbəyov 1931-ci ilin oktyabr-noyabr aylarında Azərbaycanda ilk not sistemli xalq çalğı alətləri orkestrinin bünövrəsini qoymuşdur və bu orkestrin dirijoru və bədii rəhbəri Üzeyir bəy özü idi. Dirijor köməkçisi və konsertmeyster isə o zamanlar gənc bəstəkar, Üzeyir bəyin tələbəsi Səid Rüstəmov təyin edildi. Orkestrin tərkibi 22 musiqiçidən ibarət idi. Tar qrupunda Səid Rüstəmov, Xosrov Məlikov, Əhməd Bakıxanov, Qurban Pirimov, Bəhram Mansurov, Əbülfəz Fərəcov, Əmirulla Məmmədbəyov, Tutu Kərimova, Süleyman Hüseynqulu oğlu, Əlihəsən Nuriyev: kamança qrupunda Qılman Salahov, Hafiz Mirzəliyev, qarmonda Əhəd Əliyev, dəfdə Xalıq Babayev kimi istedadlı musiqiçil ər çalışırdılar.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page