Hekayətli musiqi lüğəti
S. Əliqızı
Search


Belə bir məktəb var.
S.Fərəcov
Hekayətli musiqi lüğəti
S. Əliqızı
Gocaman mədəniyyat ocağı 60
illik ərəfəsində

G. Gulieva.

 



Beləliklə, hoboy Yaxın Şərqdən Avropaya keçərək, XVII əsrdən etibarən opera orkestrinin tərkibində bərqərar olmuşdur.
Hoboyun diapazonu kiçik oktavanın "si" (bəzən "si-bemol") notundan, üçüncü oktavanın "fa" səsinədək davam edir. Digər nəfəs alətlərində olduğu kimi hoboyun da tembri bütün registrlərdə eyni deyil. Aşağı registrdə onun səsi daha kobud, ortada daha dolğun, yuxarıda isə çox həyəcanlı səslənir.
Hoboyda çox hərəkətli və texniki cəhətdən mürəkkəb passajları çalmaq çətindir. Lakin lirik, axıcı melodiyalar hoboyda daha parlaq və ifadəli səslənir. Çox zaman bəstəkarlar təbiət təsvirini, xəyalpərəst, şairanə əhvali-ruhiyyəni əks etdirmək üçün hoboyun tembrindən istifadə edirlər. Hoboyun ecazkar səsi Azərbaycan musiqiçilərinin də diqqətini cəlb etmişdir. Görgəmli hoboyçalan Kamil Cəlilovun ifa etdiyi Azərbaycan xalq melodiyaları bu alətdə çox məlahətli səslənir.
Hoboya oxşar alətlərdən biri də ingilis sümsüsüdür (rusca "anqliyskiy rojok"). Bəzən alt-hoboy (yəni bəm hoboy) adlanır.
XVIII əsrin birinci yarısında yaranmış ingilis sümsüsü hoboydan böyükdür və diapazonu kvinta aşağı səslənir. Onun tembri daha qəmgindir. Bu alətdən Borodin "Orta Asiyada" simfonik lövhəsində Şərq koloritini yaratmaq üçün istifadə etmişdir.
Simfonik orkestrin tərkibində adətən iki hoboy və bir ingilis sümsüsü olur.
HOLAVAR Azərbaycan xalq musiqi yaradıcılığında əmək mahnılarının ən çox yayılmış formalarından biridir. Qədim Azərbaycan əmək mahnılarına maldarlıqla əlaqədar yaranan sayaçı sözləri və əkinçiliklə bağlı halovarlar aiddir. Bu qəbildən olan mahnılardan "Tutu nənəm", "Şum nəğməsi", "Xırman mahnısı", "Çək şumla yeri", "Çıxdı günəş", "Biçinçiyəm" və b. göstərmək olar.
HÜMAYUN Şifahi-professional Azərbaycan musiqisində əsas muğam dəstgahlarından yeddincisidir. "Hümayun" yaxın Şərq xalqlarının klassik musiqisinə daxsil olan 24 şöbədən birinin adıdır.
"Hümayun" sözü "cənnət quşu", "şahlıq quşu" mənasını daşıyırsa, onun ikinci mənası "uğurlu, səadətli" deməkdir.
Ü. Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında "Hümayunu Şüştərlə müqayisə edərək belə qənaətə gəlir ki, bədii-ruhi təsir cəhətdən "hümayun" dinləyicidə "Şüştər"ə nisbətən daha dərin bir kədər hissi oyadır. Bu muğam lirik-dramatik məzmuna malikdir.
XIX əsrin axırlarında "hümayun" 17 şöbə və guşədən ibarət olan muğam dəstgahı kimi mövcud olmuşdur.
Sonralar "Hümayun" dəstgahı təkmilləşmiş, daha yığcam olmuşdur. Halhazırda "Hümayun" aşağıdakı şöbə və guşələrdən ibarətdir: "Bərdaşt", "Hümayun", "Feli", "Şüştər", "Tərkib", "Üzzal", "Kiçik məsnəvi", "Hümayuna ayaq".

X

XANƏNDƏ Bu ad adətən muğamat sənətinə kamil surətdə yiyələnmiş nəğməkara aid edilir. Bir qayda olaraq, xanəndə-sazəndə dəstəsinə (ənənəvi "üçlük" tar, kaman, qaval) daxil olub, həm də dəfçi (qavalçalan) vəzifəsini də daşıyır.
Azərbaycan xanəndə və sazandaları virtuoz sənətkar oxuyan və çalan olmaqla yanaşı, şifahi-professional musiqi yaradıcılığının mükəmməl biliciləri olmuşlar. Əsrlər boyu ustad xanəndələr öz ifaçılıq məktəblərini yaratmışlar. XIX əsrdə Şuşada ustad sənətkar Xarrat Qulu xanəndəlik musiqi məktəbini yaratmışdır. Məşhur xaləndələrdən Hacı Hüsü, Məşədi Isi, Şahnaz Abbas, Əbdülbağı (Bülbülcan), Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və b. həmin məktəbin yetirmələri idilər.
XX əsrin əvvəllərində A. Zeynallı adına Bakı Orta ixtisas musiqi məktəbinin xanəndəlik sinfinin yaranması və inkişafında görkəmli xanəndə Seyid Şuşinskinin mühüm rolu olmuşdur. Xanəndələrin böyük bir nəsli S. Şuşinskinin yetirmələridir: Zeynəb Xanlarova, Rübabə Muradova, Islam Rzayev, Əlibaba Məmmədov, Qulu Əsgərov və b.
Tanınmış muğam ustadları Xan Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva, Hacıbaba Hüseynov uzun illər xanəndəlik üzrə muğam sinfində dərs demişlər.
XOR Yunan sözü olan "choros" "yığıncaq, camaat" mənası daşıyır. Vokal musiqisinin kollektiv ifası xor musiqisi, bu kollektiv isə xor kapellası adlanır. Hər hansı kollektivi xor adlandırmaq olmaz. Belə ki, bəzi vokal ansambllarda bir neçə, hətta 10 nəfərdən artıq ifaçı ola bilər. Xorda isə ifaçıların sayı daha çoxdur. Xorun bütün üzvləri adətən dörd qrupa bölünür. Uşaq xoru isə iki qrupa bölünür: zil-soprano səsi, bəm-alt səsi.
Öz tərkibinə görə xorlar müxtəlifdir: qadın xoru, kişi xoru və qarışıq xor. Qarışıq xorda bütün əsas vokal səsləri iştirak edir: soprano (zil qadın səsi), alt (bəm qadın səsi), tenor (zil kişi səsi), bas (bəm kişi səsi).
Bəstəkarlar xor üçün xüsusi əsərlər mahnılar, xorlar, poemalar, oratoriya və kantatalar bəstələyirlər.
Operaların başlıca nömrələrindən biri də xor səhnələridir. Əksər operaların kütləvi səhnələrində xor səslənir. Məsələn; Musorqskinin "Boris Qodunov" operasından "Rasxodilas razqulyalas" xoru, Qlinkanın "Ivan Susanin" operasından "Slavsya" xoru, Ü. Hacıbəyovun "Koroğlu" operasından "Çənlibel" xorunu misal göstərmək olar.
Bəzi xor əsərləri müşayiətsizdir. Belə xor ifasına a kapella deyilir.
XORAL Orta əsrlərin latın termini olan "choralis" dini kilsə nəğməsidir. Katolik kilsə musiqisində xoral birsəsli, yəni unison şəklində oxunurdu. Protestant kilsəsində isə xoral çoxsəsli (adətən 4 səsdən ibarət) oxunurdu.
Xoralın musiqisi möhtəşəm, təntənəli xasiyyəti, aramlı ritmi, sabit hərəkəti ilə fərqlənir. Ciddi, səs hərəkətinə əsaslanan akkordlu harmoniya xorala dolğun səslənmə gətirir.
XORMEYSTER "Xor" haqqında artıq yuxarıda məlumat verilmişdi. Alman sözü "meister" isə usta, sənətkar, bələdçi kimi mənalar daşıyır. Xora rəhbərlik edən dirijora xormeyster (yəni "xor ustası") deyilir. Kapelmeyster, konsertmeyster kimi terminlər də bu qəbildəndir.
XROMATIZM Müxtəlif yüksəklikdə olan lakin eyni adlı notların ardıcıl və ya birgə səslənməsinə xromatizm deyilir. Məsələn; əgər royalda "do" notunu çalıb, sonra ondan sağda yerləşən qara dili səsləndirsək "do-diyez" notu alınar. "Do-do-diyez" ardıcıllığı xromatik yarımton əmələ gətirir. Belə ki, klaviaturada hər bir səs özündən üst və alt tərəfdə yerləşən səslərlə xromatik yarımton münasibətində olur. Məsələn; re-re-bemol; sol-sol-diyez; lya-lya-diyez və s.
"Xromatizm" sözü yunanca "chroma" sözündən olub "rəng" kimi tərcümə edilir. Qədim yunanlar diatonik səsdüzümünün 7 əsas səsini (do, re, mi, fa, sol, lya, si) göy qurşağının yeddi əsas rənginə uğyunlaşdırırdılar. Səslərin arasında əmələ gələn yarımtonları isə bu rənglərin müxtəlif çalarları ilə əlaqələndirirdilər.
Xromatizm sözünün kökü bir sıra musiqi anlayışlarına da aid edilir: xromatik qamma (yarımtonlarla hərəkət edən qamma), xromatik işarələr (alterasiya işarələri), xromatik intervallar (ladın xromatik dəyişilən pərdələri arasında yaranan intervallar).

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page