Hekayətli musiqi lüğəti
S. Əliqızı
Search


Belə bir məktəb var.
S.Fərəcov
Hekayətli musiqi lüğəti
S. Əliqızı
Gocaman mədəniyyat ocağı 60
illik ərəfəsində

G. Gulieva.

 



Lakin çox zaman fermata əsərin bədii xüsusiyyətindən asılı olaraq ifaçı tərəfindən qeyri-müəyyən müddətə qədər uzadılır.
FLEYTA Italyanca "flauto" "külək, meh" deməkdir. Ən qədim acağ nəfəs alətlərindən biri olan fleytanın yaranması haqqında müxtəlif əfsanələr mövcuddur. Arxeoloqlar tərəfindən qədim Misir və Yunanıstanda tapılmış freskalarda fleytaçalanın rəsmi aşkar edilmişdir.
Ilk əvvəl fleyta qamışdan düzəldilmiş bir neçə dəliyi olan sadə boruğuqdan ibarət olmuşdur. Əvvəllər fleytanı uzununa (yəni şaquli istiqamətdə) tutaraq çalırdılar. Əsrlər boyu bu alət təkmilləşmiş və müasir vəziyyətinə çatmışdır. Hazırda musiqiçilər fleytanı eninə (yəni üfuqi istiqamətdə) tutaraq qalırlar. Fleytanın bu, sonuncu növü ilk dəfə 1832-ci ildə Münxen saray kapellasının fleytaçısı T. Byom tərəfindən təkmilləşdirilmişdir.
Müasir fleytanın diapazonu birinci oktavanın "do" notundan dördüncü oktavanın "do" notunadək davam edir. Fleytanın tembri aşağı registrdə bir qədər yumşaq, orta registrdə incə və məlahətli, yuxarı registrdə isə gəskin fit səsi kimi səslənir.
Artıq XV əsrdən etibarən fleyta instrumental ansamblların tərkibinə daxil olmuşdur. Onun ifadəli və məlahətli tembri, virtuoz ifa imkanları bəstəkarların nəzərini cəlb etmişdir. Dünya musiqi ədəbiyyatı nümunələri içərisində I. S. Baxın, G. F. Hendelin, F. Pulenkin, S. Prokofyevin fleyta üçün yazılmış sonataları, V. A. Motsartın, Y. Haydnın və b. fleyta konsertləri çox məşhurdur.
Hazırda fleyta simfonik və nəfəsli orkestrlərin və kamera ansambllarının daimi tərkibinə daxildir. Fleytadan çox zaman solo aləti kimi də istifadə edilir.
Fleytanın ən geniş yayılmış növlərindən biri də fleyta-pikkolodur. Bu, simfonik orkestrin ən incə səsli alətidir. Onun diapazonu təxminən fleyta ilə eyni olsa da bir oktava yuxarı səslənir
Çox nadir hallarda alt və bas fleytalara da təsadüf edilir. Onların ölçüsü adi fleytadan bir qədər böyükdür və təbii ki, səsi daha qalındır.
FOLKLOR Ingilis sözü olan "folklore" "folk" "xalq" və "lore" "təlim" kimi tərcümə edilir. "Xalq müdrikliyi", xalq yaradıcılığı kimi anlaşılır. Folklor şifahi ənənəyə əsaslanan bədii xalq yaradıcılığıdır.
Janr və məzmun etibarilə çox geniş və zəngin olan xalq yaradıcılığı mahnıları, nağılları, əfsanələri, rəqsləri, dramatik tamaşaları, təsviri və dekorativ tətbiqi sənət nümunələrini əhatə edir.
Musiqi folkloruna xalqın tarixini və məişətini, arzu və düşüncələrini özündə əks etdirən xalq mahnı yaradıcılığı, instrumental ifaçılıq və rəqs musiqisi daxildir. Xalq musiqisi ayrı-ayrı şəxslərin deyil, məhz kollektiv yaradıcılıq prosesinin nəticəsi olub, bir çox nəsillərin bədii ənənələrini özündə birləşdirir. Şifahi ənənəyə əsaslanan xalq mahnıları musiqi folklorunun ən başlıca sahələrindən biri olaraq öz məzmunu və janr müxtəlifliyi ilə fərqlənir (tarixi, əmək, ənənəvi, lirik, satirik və s.).
Lakin folklor yalnız xalqın yaradıcalığını deyil, həmçinin onun mənəviyyatını əks etdirir. Folklor hər bir xalqın yalnız özünə xas olan keyfiyyətlərin inikasıdır. Belə ki, rus xalq mahnısını gürcü xalq mahnısı ilə, Azərbaycan xalq muğamlarını zənci spiriçuelsi və ya blyuzu ilə, neapolitan nəğməsini şotland xalq melodiyası ilə qarışdırmaq olmaz. Hər bir xalqın musiqisi onun özünəməxsus xüsusiyyətləri ilə seçilir. Məhz bu xüsusiyyətlərin aşkar edilməsi və araşdırlması ilə məşğul olan folkloristika elmi xalqın zəngin mənəvi mədəniyyətini öyrənir.
FORTEPIANO Simli-klavişli musiqi aləti kimi tanınan fortepiano öz geniş diapazonu və universal texniki imkanlarına görə musiqi praktikasında son dərəcə mühüm əhəmiyyət kəsb etmişdir. Bu alətin çox uzun və maraqlı yaranma tarixi var.
Hələ qədim zamanlarda Yunanıstanda "monoxord" (yunanca "monos" tək, "chorde" sim) adlanan musiqi aləti mövcud olmuşdur. Bu alət uzun, ensiz taxta qutuya birləşdirilmiş tək simdən ibarət idi. Daha sonralar qutuya birləşdirilən simlərin sayı artdı (iki, üç, dörd və s.) alətdə simləri barmaqla dartaraq və ya xüsusi muzrabla (mediatorla) bəzən isə balaca çəkiclərlə simlərə vuraraq çalırdılar.
Əsrlər ötdükcə bu alət təkmilləşmiş, simlərin birləşdiyi düzbucaqlı qutunun bir tərəfində klaviatura yəni bir neçə cərgədən ibarət klavişlər (latınca "clavis" açar deməkdir) yerləşdirilmişdir. Ifaçı klavişlərə basdıqda metal lövhələr simlərə dəyərək səs yaradırdı. "Klavikord" (latınca "clavis" və yunanca "chorde" sözlərindən) adlanan bu alətin yaranması XII əsrə təsadüf edir.
Sonralar tədricən təkmilləşən klavikorda bir neçə klaviatura birləşdirildi. Pilləvari duzülən klaviaturaların hər biri alətin bir registrinə uyğun gəlirdi. Klavikord əsasən kübar cəmiyyətinə xas alət olub, zəngin naxışlarla bəzədilir, qiymətli ağac növlərindən hazırlanırd. XVII əsrin sonunda Fransada klavikordun alt dillərini (müasir royaldakı ağ dilləri) qara ağacdan, üst dilləri isə fil sümüyündən düzəldirdilər. Lakin belə klaviaturada çalmaq çətinlik törədirdi. XVIII əsrdən etibarən klaviaturanın dillərinin rəngi müasir pianino və royalda olduğu kimi qalmışdır.
O, dövrdə müxtəlif ölkələrdə klavikordla yanaşı bir sıra başqa klavişli alətlər də yaranmışdı: klavisimbal, çembalo, vircinal, klavesin.
Öz formasına və səslənmə xüsusiyyətinə görə royala daha yaxın olan klavesinin simləri müxtəlif uzunluqda olurdu. Klavesinin klavişlərinə birləşdirilmiş, xüsusi dilciklər (əsasən quş lələklərindən hazırlanan) simlərə toxunur və cingiltili səs alınırdı.
Alətdə rəngarəng səslənmə keyfiyyəti əldə etmək məqsədilə ustalar müxtəlif üsullar axtarırdılar. Nəhayət, pedalın-ayaqla basılan xüsusi qarmağın vasitəsilə səsin gücünü azaltmaq və artırmaq mümkün oldu.
Klavesin yalnız salon aləti olmayıb, tədricən müxtəlif ansambl və orkestrlərin tərkibinə daxil edilir. XVII-XVIII əsrdə klavesin solo aləti kimi də məşhurlaşır. Bu dövrün görkəmli bəstəkarları klavesin üçün xüsusi pyeslər bəstələmişlər. Musiqi tarixində onları "klavesinistlər" adlandırmışlar. Fransız klavesinistləri Kuperen, Daken, Ramo klavesin üçün müxtəlif pyeslər, rəqslər (menuet, qavot, riqodon və s.) yazmışlar.
Klavesin alətinin təkmilləşdirilməsi nəticəsində 1711-ci ildə Italiyanın Paduya şəhərində yaşayan klavesin ustası Bartolomeo Kristofori tərəfindən yeni klavişli alət icad edildi. Bu alətdə klavişləri basdıqda üzərinə keçə çəkilmiş taxta çəkiclərin simlərə dəyməsi nəticəsində səs alınırdı. Artıq ifaçı həm yavaş səslə (piano), həm də bərk səslə (forte) çala bilirdi. Elə alətin adı da buradan yaranmışdır pianoforte, daha sonra isə fortepiano.
XIX əsr ərzində fortepianonun iki əsas növü formalaşmışdır: I royal (fransızca "roual" şahanə) yəni üfüqi simlərlə. II pianino (italyanca "pianino" kiçik piano) yəni şaquli simlərlə.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page