ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Yaradıcılıq…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       Eyni vəziyyəti müziklin iki süitası arasında bir növ fasilə-intermediya olan Corc Gerşvinin «Porgi və Bess» operasından fraqmentləri açmış Gülnaz Ismayılova və A.Əliyevin dirijorluğu ilə orkestrin ifasındakı Klaranın laylası «Summertime»-da müşahidə etmək olardı. Bildiyimiz kimi, Amerika musiqisinin ən populyar incilərindən olan «Summertime» həm musiqi, həm də dramatik ifa baxımından çətin sayılır, üstəlik tembr seçimində də müəyyən tələblər qoyur (artıq bizim zəmanədə Gerşvin şedevrinin klassik, akademik tərzdə ifası heç bir dinləyicini qane etmir; hətta deyək əksinə: haradasa «naümid qoyur»). Öz aydın, şəffaf, xüsusilə münasib (!!!) sopranosu ilə «Summertime» pərəstişkarlarının qəlbini oxşayan G.Ismayılovanın da ifasında həmin klassik ifa, manera qanunlarına aludəcilikdən irəli gələn qapalılıq, materiala adi, yeni əlavələrdən məhrum yanaşma özünü büruzə verirdi.
       Amerikalı bariton, xor dirijoru Ayra Spoldinqin ifasındakı iki Gerşvin nömrəsi - «I got plenty of nothin’» və «It ain’t necessarily so» -dinləyiciləri etinasız qoya bilməzdi: bu, məlahətli elastik səslə qüsursuz aktyorluq məharəti və səhnə mədəniyyətinin uyğunlaşması nümunəsi idi.
       Ümumilikdə professional səviyyədə, təntənəli əhval-ruhiyyədə bitmiş bu gecədən daha nə yadda qaldı? - Həm konsertin müşahidəcisi kimi, həm də ifacılarımızın adından cavab verə bilərəm ki, hər bir musiqiçi fəaliyyəti üçün gərəkli, ibrətamiz, xoş anlardan olan başqa, özü də xarici musiqiçilərlə əməkdaşlıq, şərikli iştirak. Amerika və Azərbaycan musiqiçilərinin əməkdaşlığının, Azad müəllimin bildirdiyi kimi, xoş məşğuliyyət olması bir çox yaradıcı çətinliklərin, problemlərin arxa plana çəkilməsinə bais olurdu. Istər orkestrantlar, istərsə də gənc ifaçılarımız hansısa bayrama hazırlaşırmışlar kimi məşğələlərə gəlir, həmkarlarını diqqətlə dinləyirdilər.
       Sonradan yaradıcı heyətlə apardığım söhbətdə açıqladığım bütün təəssüratlarımı yəqinləşdirib, bir-sıra yeni təfərrüatlardan da xəbərdar oldum.
       - Keçirdiyiniz konsert «Uestsayd əhvalatı»-nın demək olar ki, ilk tamaşasıdır. Müzikl sahəsində cüzi səhnə təcrübəsi görmüş ifaçılarımızın rastlaşdığı çətinliklər və hansısa nailiyyətlər vardırmı?
       Deyvid Həndel (dirijor):-Şübhəsiz ki, bu əsərin öz problemləri var və bunlar əsas e’tibarilə tələffüzlə, dialektlə, vurğu sistemi ilə əlaqədardır. Eynilə də musiqi: amerika musiqisinin ümumi prinsipi, üslub cəhəti-qarışıqlıq, çoxmillilik burada da bir sıra ritmik çətinlikləri üzə çıxarır. Onların öhdəsindən gəlmək üçün ABŞ-ın özündə göz açıb yaşamalı, onun zəngin, özünəməxsus musiqisini təşkil edən müxtəlif etnik koloriti, xüsusən Latın Amerikası, Meksika, Afrika və Amerika zəncilərinin musiqisini duymalısan.
       Lakin azərbaycanlı həmkarlarım bu işdə tam hazırlıqlarını, tez qavrama qabiliyyətlərini nümayış etdirdilər, olduqca kiçik bir müddətdə əsəri öyrənərək məşğələlərə başladılar. Düzünü deyim ki, onlardan gözləmədiklərim nyüanslara da nail oldular. Qeyd etmək istərdim ki, L.Bernstaynın «Simfonik rəqslər»-i həm texniki, həm də üslubi cəhətdən istənilən orkestr üçün çətin əsərdir və bu barədə R. Ştrausun poemalarına yaxındır. Repetisiyalara ayrılmış çox qısa müddətə baxmayaraq, sizin musiqiçilər öz əməkdaşlıq arzusu, ruhu və səyləri nəticəsində gördüyünüz effektə nail oldular.
       Vokalçıların isə çox gözəl səsləri, tembrlərini, onların fərdi iste’dadını vurğulayardım. Əməkdaşlarımdan orkestrin konsertmeysteri, skripkaçı Şəhla Ibrahimovanı, vokalistlərdən Fəridə Məmmədova, Həsən Enəmi, Səbinə Əsədova və Leyla Sarafanovanı xüsusi qeyd etmək istərdim.
       Azad Əliyev (dirijor): - Mənim fikrimcə bizim vokalistlər bundan da çətin əsərlərlə işləyiblər. Hesab etmirəm ki, «Uestsayd əhvalatı» «Aida» yaxud «Traviata»-dan çətindir. Əksinə, bu musiqi çox asanlıqla qavranılır, hiss olunur. Orkestrantlarımıza da əhsən ki «Simfonik rəqslər»-i üç gün ərzində öyrənib yaxşı ifa etdilər.
       Ümumiyyətlə, Amerika musiqiçiləri ilə əməkdaşlığımız ərzində bir çox maraqlı məlumatlara yiyələndik, yeni tədris metodları, üsulları ilə tanış olduq. Şəxsən mənə Ayra Spoldinqin məşğələləri güclü tə’sirlər göstərdi: o, olduqca savadlı, ciddi və maraqlı musiqiçidir, həm də ünsiyyətə açıq bir insandır. Tələbələrimiz böyük məmuniyyətlə onun musiqi, frazirovka, dil və səhnə davranışı üzərində apardığı məşğələlərə gəlirdi. Dirijor Deyvid Həndelin də yaxşı məktəb keçmiş, professional bir musiqiçi olduğu duyulur.
       Fəridə Məmmədova (bədii rəhbərin assistenti, Mariya rolunun ifaçısı): - Məncə, əsas çətinliklər ifaçıların, xüsusilə oğlanların azlığından irəli gəlirdi, məhz buna görə 12 nəfərdən ibarət oğlanlar dəstəsini cəmi 6 ifaçı nümaiş etdirirdi. «Jet song» nömrəsində baritonların, faktiki olaraq, qıtlığı üzündən zil kişi səsləri artırılmışdı. Səhnə qurumu da (orkestrin «yama»-da yox, səhnədə yerləşdirilməsi) bu çatışmazlığı nəzərə çarpdırırdı.
       Ifanın özü ilə bağlı çətinliklər böyük yer tuturdu. Toni və Mariyanın partiyalarını istisna etsək, burada sərbəst, danışıq dilinə yaxın, estrada tipli oxuma tərzi üstünlük təşkil edir. Bu isə bir çox, xüsusən səhnə fəaliyyətinə yenicə başlamış vokalistlər üçün böyük kompleks problemləri yaradır. Və əlbəttə ki, ingilis dilini lazımi səviyyədə bilməməyimiz də özünü göstərdi. Gələcəkdə mətn üzərində daha mə’suliyyətli işləməmizi, onu bütövlüklə qavramağımızı istərdim.
       Ümumilikdə isə, bə’zi qeyri professional momentləri nəzərə almasaq, konsert ilk ifa nöqteyi-nəzərdən çox müvəffəqiyyətlə keçdi. Buraya bütün (hətta heç vaxt səhnəyə çıxmamış) tələbələrin cəlb olunması müsbət haldır, bu onların səhnədə orkestrlə təcrübəsi üçün çox vacibdir.
       - Amerika bəstəkarlarından kimin əsərini bizim ifaçılarla birgə işlərdiniz?
       D.H.: - Əgər bu sualı yalnız mənə verirsinizsə, deyərdim ki, bütünlüklə «Uestsayd» müziklini və «Porgi və Bess» operasını. Sonradan isə başqa Amerika bəstəkarlarını - S.Barber, A.Koplend, C.Biano, C.Taueri təbliğ edərdim.
       Musahibimin son cavabı xoş bir mücdə kimi səslənir, çünki doğrudan da istər ifaçılarımızın, istərsə də dinləyicilərimizin çoxdankı arzusudur. Onun həyata kecirilməsində «Amerika səsləri» assosiasiyasına və bütün ifaçılarımıza, Opera studiyasının orkestrinə və Azad müəllimə çoxlu qüvvə və münasib imkanlar arzulayaq.
       Kim bilir, bəlkə də «Porgi və Bess» operasının Bakıdakı premyerası çox-çox yaxınlarda həyata keçiriləcək. Lakin unutmayaq ki, hər bir məqsəd, özü də ciddi bir məqsədin öz ərsəyə gətirilmə müddəti var və bunun üçün vaxtdan lazımınca istifadə etməyi ifaçılarımıza məsləhət bilək.

       Turan MƏMMƏDƏLIYEVA


       
* * *

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page