ÍÎÒÎÃÐÀÔÈÉÀ ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ ÄÈÑÊÎÃÐÀÔÈÉÀ
«Ürək mahnıları».
S. Abbasov.
Search

ÍÎÒÎÃÐÀÔÈÉÀ ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ ÄÈÑÊÎÃÐÀÔÈÉÀ
«Ürək mahnıları».
S. Abbasov.

 



       Bəstəkar Tofiq Quliyevin adı milyonlarla musiqisevərlər üçün gözəllik və parlaq istedad, xeyirxahlıq və sonsuz dərəcədə səmimilik rəmzinə çevrilmişdir. Onun musiqisi həyatı, sevgini, Vətəni, azərbaycanlı qürurunu hərarətlə tərənnüm edir. Tofiq müəllim öz Vətəninin, xalqının, millətinin vurğunu idi. Və Azərbaycan xalqı öz görkəmli oğluna daim ehtiram və məhəbbət bəsləyib. Zaman öz amansız qanunlarını diktə edir. Tofiq müəllim daha bizimlə deyil. Lakin onun musiqisi ölməzdir. Bəstəkarın melodiyaları həmişə olduğu kimi yeni və aktual, parlaq və orijinal səslənir, həmişəki kimi konsert salonlarında, televiziya və radioverilişləri zamanı ifa olunur, xalq tərəfindən sevilə-sevilə oxunur, zümzümə edilir, hər bir qəlbə yol tapıb, onu oxşayır, sevinc və məhəbbət hissləri bəxş edirlər. Başqa cür ola da bilməz! Çünki bəstəkarın hər bir nəğməsi elə bil ki onun qəlbindən saçan bir qığılcım, sanki varlığının kiçik bir hissəciyi idi. O, əsasən mahnı janrında bəstələyirdi. Və məhz həmin janrın vasitəsilə öz düşünc ələrini, hisslərini, məhəbbətini, sevinc və kədərini yalnız "Tofiq palitrası"na xas olan rəngarəng çalarlarla əks etdirirdi.
       "Ürək mahnıları"... Azərbaycanın xalq artisti, tanınmış bəstəkar və musiqi xadimi Tofiq Ələkbər oğlu Quliyevin yenicə nəşrdən çıxmış nəğmələr məcmuəsi məhz bu gözəl sərlövhə altında işıq üzü görmüşdür. Kitaba bəstəkarın 44 ən populyar və sevilən mahnıları daxil edilmişdir. Haşiyə çıxaraq qeyd edək ki, bu, T. Quliyev külliyatının bu cür irihəcmli nəşrinə ilk cəhddir. Məcmuə üzərində iş hələ mərhum bəstəkarın sağlığında başlanmışdır. Mahnıların seçimində kitabın tərtibçisi bəstəkarın qızı Lalə xanım Quliyeva atasının məsləhətlərilə faydalanırdı. Iş təfərrüatı ilə düşünülüb qurulmuşdur. Məcmuə yüksək zövqlə tərtib olunub, nəfis nəşrilə fərqlənir. Taleyin öz hökmü var. Təəssüflər olsun ki, belə diqqət və məhəbbətlə işlənmiş bu gözəl toplunu görmək müəllifə nəsib olmadı.
       Tofiq Quliyevin "Ürək mahnıları" məcmuəsinə bəstəkarın geniş kütlə arasında yayılmış ayrı-ayrı nəğmələri, eləcə də kinomusiqisindən ("Bəxtiyar", "Görüş", "Ögey ana", "Onu bağışlamaq olarmı", "Telefonçu qız" və "Möcüzələr adası" filmlərindən) seçmə nümunələr daxildir. Kitab "Bakı nəğməsi"lə başlanıb "Doğma diyar, Azərbaycan" mahnısı ilə sona yetir. Ümumiyyətlə, Bakı, Azərbaycan, Vətən mövzusu Tofiq Quliyev mahnılarının bir çoxunu əhatə edir, onun yaradıcılığının bir ana xəttini, "leytmotiv"ini, "leytobraz"ını təşkil edir. Bu baxımdan toplunun məhz bu cür quruluşu rəmzi mənaya malik olur və, sözsüz ki, bəstəkarın geniş qəlbi və sönməz hisslərinə qarşı olan hörmət və ehtiramı nümayiş etdirir.
       Məcmuənin çapa hazırlama prosesində tərtibçi heyət – L. Quliyeva, P. Quliyev (redaktor) və X. Novruzov (kompüter yığımı) – bir sıra problem və çətinliklərlə üzləşməli oldu. T. Quliyevin əsərlərinin əvvəlki nəşrləri bir çox qeyri-dəqiqliklər və mübahisəli məqamlarla "zəngin" idilər. Xəstəliyinin şiddətlənməsinə baxmayaraq, Tofiq müəllim bəzən ayrı-ayrı şübhəli yerlərin aradan qaldırılmasında kömək göstərməyə imkan da tapırdı. Lakin bəstəkarın vəfatından sonra bütün məsuliyyət sırf yaradıcı qrupun üzərinə düşdü. Gecə və gündüz, çox vaxt saatlarla fasiləsiz çalışırdılar. Müxtəlif çətinlikləri dəf etmək lazım gəlirdi... Bəzi mahnılar yalnız klavirsiz lent yazısı şəklində mövcud idi (məs., "Kəndimiz", "Toy mahnısı", "Bakının qızları"). Elə bu məqamda toplunun redaktoru Pərviz Quliyevin professional bacarığı gərək oldu: o, "prestissimo" tempində mahnıları məharətlə audiokassetlərdən not kağızına köçürdü... Üstəgəl çapa təhvil vaxtının sürətlə yaxınlaşması və bir sıra təşkilat məsələlərinin ortaya çıxması nı nəzərə alsaq...
       Yeri gəlmişkən, toplunun "Elçin Əliyev studiyası" tərəfindən hazırlanıb Türkiyədə nəşr edilməsi və, ümumiyyətlə, kitabın işıq üzü görməsində əvəzədilməz yardımına görə BP neft şirkətinə bütün musiqiçilər və musiqisevərlər adından dərin minnətdarlığımı bildirməyi özümə borc sayıram.
       Nəşrin cüzi miqdarda səhvlərini və anlaşılmasızlıqlarını nəzərə almasaq (bu, yəqin ki, əksər hallarda seytnotla əlaqədardır), Tofiq Quliyevin "Ürək mahnıları"nı şübhəsiz və təqdirəlayiq müvəffəqiyyət kimi qiymətləndirməliyik. Qeyd edək ki, adları çəkdiyimiz qüsurların düzəlişi kitaba əlavə şəklində yaxın vaxtlarda çapdan çıxıb toplunun olduqca az saylı (cəmi 1000 nüsxə!) sahiblərinə çatdırılacaqdır. Ümidvarıq ki, toplunun təkrar nəşri daha münasib tirajla çıxacaq.
       Ilk uğur yaradıcı qrupun həmin heyətdə öz işini davam etdirəcəyinə zəmin yaradır. Həqiqətən də, qrupun planlarında Tofiq müəllimin yaradıcılığını əks etdirən daha bir toplunun tərtibi nəzərdə tutulmuşdur. Gələcək nəşrin özülünü bəstəkarın söhbət açdığımız külliyata daxil olmayan mahnıları və, çox güman ki, instrumental melodiyaları təşkil edəcəkdir. Həmçinin T. Quliyevin daha bir kompakt-diskinin tərtibi üzərində iş davam edir.
       Biz isə bu planların həyata reallaşmasını səbirsizliklə izləyəcəyik!

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page