Bax:
-
Search


Bax:
-

 


ƏDILƏ HACIAĞA QIZI HÜSEYNZADƏ
Azərbaycan müsiqi mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dahi Ü. Hacıbəyovun son və sevimli tələbələrindən biri, qocaman bəstəkar, Ədilə xanıın Hüseynzadə ömrünün 90-cı ilində vəfat etmişdir.

Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmişdir. O, Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Ə. Hüseynzadə bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılmış Vəslin həvəsi romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan Duyğular vokal silsiləsi musiqimizin inciləridir.

Ədilə Hüseynzadə gözəl səsə malik bir vokal ustası kimi də sənət tariximizdə iz qoymuşdur: ümumdünya şöhrətli Arşın mal alan kinofilmində Asyanın vokal partiyasını məhz Ədilə xanım oxumuşdur.

Ədilə xanım uzun illər (1953-1988) Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkarlıq fənnindən dərs demiş, gənc istedadların aşkarlanması işində əlindən gələni əsirgəməmişdir. Hazırda Azərbaycan musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edən SSRI xalq artisti Müslüm Maqomayev, Azərbaycanın xalq artisti Firəngiz Əlizadə, Sevda Ibrahimova, Elnarə Dadaşova məhz Ədilə xanımın rəhbərliyi altında sənətdə ilk kövrək addımlarını atmışdır.

Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar Ittifaqının üzvü idi və onun xalq artisti tədbirlərində fəal iştirak edirdi.

Gözəl insan, əsil ziyalı Ədilə Hüseynzadənin işıqlı xatirəsi onun tanıyanların, musiqisevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI.



ƏFSƏR BAYRAM OĞLU CAVANŞIROV
Azərbaycan musiqisinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, Prezident təqaüdçüsü Əfsər Bayram oğlu Cavanşirov may ayının 20-də ömrünün 75-ci baharında vəfat etmişdir.

Ə.Cavanşirov 1930-cu il noyabr ayının 8-də Füzuli rayonunda dünyaya gəlmişdir. O, 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbinin tar ixtisası sinfini bitirmişdir. Sonrakı illərdə Ə.Cavanşirov Bakı musiqi texnikumunda ixtisas təhsilini davam etdirir. O, bu təhsil ocağında tar ixtisası üzrə Əmirulla Məmmədbəyovun, muğam ixtisası üzrə isə Əhməd Bakıxanovun sinfində oxuyur, həmçinin nəzəriyyə şöbəsində professor B.Zeydmanın sinfində bəstəkarlıqla da məşğul olur. Və texnikumu 1952-ci ildə bitirir.

Həmin il Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyasına) daxil olaraq o, respublikanın xalq artsiti, professor Cövdət Hacıyevin sinfində bəstəkarlığın sirlərini öyrənir. O, burada iki simfonik poema, Sonatina, simli kvartet, romanslar yazır.

1958-ci ildə Ə.Cavanşirov konservatoriyanı uğurla bitirir.

Sərbəst yaradıcılıq yoluna qədəm qoyduqdan sonra Əfsər həm iri həcmli, həm də miniatür janrlarda bəstələmələrini davam etdirir. Ən əziz ad vokal-simfonik poema, Gəncliyin səsi kantatası ifa olunduğu ilk vaxtdan musiqi ictimaiyyəti tərəfindən bəyənilmiş və musiqi fondumuza daxil olmuşdur.

Ə.Cavanşirov xalq çalğı alətləri orkestri üçün də bir sıra əsərlər yazmışdır. Onun maraqlı əsərlərindən Azərbaycan, Vətənim mənim üvertürasını xüsusi qeyd etməliyik. Bu əsər indi də öz təravətini saxlayır.

1958-ci ildən həyatının sonuna qədər Ə.Cavanşirov öz yaradıcılığını Azərbaycan Dövlət Televiziyası və Radiosunun nəzdindəki Bənövşə uşaq xoru ilə bağlamışdır. Onu qeyd edək ki, Bənövşə uşaq xorunun (hazırda uşaq mahnı və rəqs ansamblının) bədii rəhbəri kimi Ə.Cavanşirovun Azərbaycan, xarici ölkələr musiqisinin, xalq musiqi nümunələrinin təbliğində çox mühüm xidmətləri vardır.

Təsadüfi deyil ki, məktəblilər və gənclər arasında fəal musiqi tərbiyəsinə görə o, Azərbaycan Təhsil Nazirliyinin Qabaqcıl maarif xadimi və Resrublikanın əməkdar incəsənət xadimi kimi fəxri adlarına layiq görülmüşdür.

Ə.Cavanşirov respublikada keçirilən dörd mahnı bayramının təşkilatçılarından olmuşdur. O, üçüncü və dördüncü mahnı bayramlarında hətta, həm baş xormeyster, həm də baş dirijor kimi iştirak etmişdir.

Əfsər Cavanşirovla ünsiyyətdə olanlar bəstəkarı alicənab və təvazökar, sadə bir insan kimi yüksək qiymətləndirirlər.

Tanınmış bəstəkar, əsil ziyalı, nəcib insan Əfsər Cavanşirovun əziz xatirəsi onu tanıyanların - həmkarlarının, məktəblilərin, yeniyetmələrin qəlbində uşaqların sevimli maestrosu kimi həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page