KONFRANSLAR... EKSPEDISIYALAR...
-
Search


ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


FAYDALI ƏMƏKDAŞLIQ


2005-ci il iyun ayının 7-dən 15-nə kimi Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan musiqi mədəniyyətinə həsr olunmuş multimediya saytlarının təqdimatı keçirilmişdir. Bu tədbirdə Musiqi dünyası jurnalının saytlarının tədqimatı da bizimçün əlamətdardır.

Deməliyəm ki, artıq neçə vaxtdır, milli musiqi irsimizin qorunması yolunda Musiqi dünyası kollektivinin gördüyü işlər musiqi ictimaiyyətinin diqqət və marağına səbəb olur. Bizim hazırladığımız Azərbaycanın ənənəvi musiqisi Atlası, müxtəlif saytlar, klassik xanəndələrin səsi yazılmış disklər bu qəbildəndir.

Bu yaxınlarda Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə BMA-da tədris kompüter mərkəzinin yaradılması layihəsinin hazırlıq işlərinə başlanmışdır. Bu layihənin koordinatorluğu Musiqi dünyası jurnalına həvalə olunmuşdur. Layihənin reallaşması yolunda təcrübə mübadiləsi üçün, jurnalın baş redaktoru olaraq, mənim Litvaya səfərim faydalı oldu.

Məlumdur ki, Azərbaycanın demokratik dövlət quruculuğunda açıq informasiya yolları mühüm həyatı əhəmiyyətli bir məsələdir. Lakin dövlət maliyyə dəstəyinin olmaması və infrastrukturun zəifliyi səbəbindən yerli kitabxanalar öz inkişafına görə Avropadakı analoqlarından geri qalır. Bütün bunlar təhsil ocaqlarına da aiddir. Çünki Ali məktəb kitabxanaları tələbələr üçün əsas informasiya mənbəyi kimi böyük əhəmiyyətə malikdir. Buna görə də Bakı Musiqi Akademiyasının kitabxanasında yeni informasiya texnologiyalarından geniş şəkildə istifadə olunmağa başlanması yeni təhsil sisteminin tərkib hissəsidir.

Bəs layihənin ümumi ideyası nədən ibərətdir? BMA-nın mediatekası layihəsində elə bir kompleks qurumun yaradılması nəzərdə tutulur ki, burada ənənəvi qiraət zalı qeyri ənənəvi informasiya daşıyıcıları fondunu və müxtəlif növ daşıyıcılarla (SD, DVD, audio-,video-və s.) təchiz olunmuş informasya mərkəzini özündə cəmləşdirsin. Mediatekanın bütün kompüterləri öz aralarında birləşdirilməklə yanaşı, həm də vahid məlumat bazasına qoşulur ki, bu da informasiyanın fakultələr və kafedralar üzrə paylanmasına xidmət edir. Bütün bunlar, əlbəttə ki, gələcəkdə videokonfransların keçirilməsinə və internet-radionun yaradılmasına da imkan verəcəkdir.

Bu mediatekadan yalnız BMA-nın müəllim və tələbələri deyil, həmçinin, milli mədəniyyətlə maraqlanan hər bir şəxs istifadə edə biləcəkdir. Onun tərkibində elmi-metodik laboratoriyalar da yaradılmalıdır ki, tələbələr burada səs rejissorluğu, səs yazılarının bərpası, elektron musiqinin bəstələnməsi sahəsində bilik və vərdişlərə yiyələnsinlər. Laboratoriyalarda, həmçinin, musiqişünaslar natiqlik sənətinin sirlərini də öyrənə biləcəklər.

Mediatekanın əməkdaşları tərəfindən istifadəçilərə müstəqil olaraq lazımı informasiya resurslarını axtarıb tapmaq üçün imkan veriləcək. Eyni zamanda, burada müxtəlif informasiya xidmətləri göstəriləcək,məsləhətlər veriləcək, sənədlərlə işləmək qaydaları öyrədiləcək. Mediatekada ənənəvi məlumat kitabçaları, geniş spektrli rəgəmsal elektron materiallara malik dövri nəsrlər həyata keçirilə bilər.

Mediatekanın yaradılması, həmçinin, mediatəhsilin aparılmasını da tələb edir. Bu da, təbii ki, təkcə pedaqogika və estetik tərbiyə ilə deyil, həm də bizimçün çox vacib olan sənətşünaslıq, kulturologiya, tarix, psixologiya kimi humanitar elmlərlə, musiqi təhsilinin əsas istiqamətlərinin harmonik vəhdəti ilə bağlıdır.

Mediatəhsilin metodikası tələbənin fərdi keyfiyyətlərini, onun müstəqil təfəkkür tərzini inkişaf etdirən, onun istedadını tənzimləyən, bilavasitə yaradıcı fəalliyyətə, mediamətnin qavranılmasına, struktur təhlilinə və təfsirinə yönəldən səmərəli tədris formalarından istifadə olunmasına, məsələn, evristik oyun problemlərinə dair dərslər keçirilməsinə əsaslanır. Mediatekanın yaradılması həm də musiqiçinin distansion tədris prosesini tənzimləyəcək. Onu da deyim ki, Azərbaycanda artıq bu istiqamətdə uğurlu işlər aparılır.

Qeyd etmək lazımdır ki, bu layihənin respublikamızda analoqu yoxdur. Buna görə də biz bu sahədə daha çox təcrübəyə malik ölkələrlə əlaqə yaradırıq. Bu baxımdan Litvada mövcud olan təhsil sahəsində informasiya-kompüter texnologiyalarından istifadə diqqətəlayiqdir. Belə ki, burada mütərəqqi avropa səviyyəsində informasiya-kompüter mərkəzləri fəaliyyət göstərir. Xüsusilə,elektron arxivlərin, depozitlərin metodoloji və metodik işlənilməsində, biblioqrafik və müəllif yazılarının elementlərinin təsvirində qabaqcıl təcrübə özünü büruzə verir. Bütün bunların öyrənilməsi, arxivlərin, elektron resursların, kataloqların məlumat bazasının yaradılması, onların saxlanılması və BMA-nın mediatekasında bu proqram və formalardan istifadə olunması vacibdir. Bu sahədə Vilnüslü həmkarlarımızla təcrübə labüddür.

Vilnüsə səfər çərçivəsində Azərbaycan elektron musiqi mədəniyyətinə dair Musiqi Dünyası jurnalının layihələrinə həsr edilmiş üç tədqimat mərasimi oldu. Bu tədbirlər Litva Musiqi və Teatr Akademiyasında,Milli Kitabxanada və Kaunas Texnologiya Institutunda keçirildi. Musiqi dünyasının bütün saytları: musiqiçinin elektron kitabxanası, rəqəmsal bərpa olunmuş şərqin ilk səs yazıları ,Azərbaycan ərazisində yaşayan kiçik xalqların folkloru, virtual muzeylər, elektron kitablar və mühazirələr litvalılara təqdim olundu.

Müzakirə vaxtı Litva Akademik kitabxanalar şəbəkəsinin layihələşdirmə qrupunun rəhbərlərindən biri Vilius Kuçukas hətta qeyd etdi ki, Mən bilmirdim,Azərbaycanda bu səviyyədə işlər görülür. Məlum oldu ki, Litvada bu cür multimediya layihələrinin həyata keçirilməsinə yenicə başlanmışdır.

Deməliyəm ki, təqdim olunan audio-videomaterialların bir hissəsi və Üzeyir Hacıbəyovun Azərbaycan xalq musiqisinin əsasları elektron dərsliyi Litva Musiqi Akademiyasında Şərq musiqisi kursunun tədrisində istifadə ediləcəkdir. Bunu, ədlbəttə ki, Musiqi Dünyası kollektivinin, BMA-nın professor-müəllim heyətinin nailiyyəti hesab etmək olar.

Litvalıların təqdim etdiyimiz layihələrə elmi marağı çox böyük idi. Eyni zamanda, onların bizə qarşı səmimiyyəti, diqqəti və xüsusilə Litva Musiqi və Teatr Akademiyasının rektoru, professor Eduardas Qabnis, incəsənət və elmi işlər üzrə prorektoru Yuozas Antanaviçus, Beynəlxalq əlaqələr üzrə prorektor Rima Rimsayte ,Audiovizual informasiya mərkəzinin direktoru Antanas Auskalnis, Milli kitabxananın direktor müavini Reqina Varniqe, Kaunas humanitar universitetinin musiqi texnologiyaları kafedrasının müdiri Darius Kuçinskas ilə xoş ünsiyyətlərimizi qeyd etməliyəm.

Tezliklə litvalı həmkarlarımız BMA-nın əməkdaşları ilə birlikdə mediatekanın yaradılması üzrə işə başlayacaqdır. Məsələ burasındadır ki, Tempus proqramının bütün layihələri Avropa birliyi ölkələri ilə bağlı olduğuna görə litva bu layihənin koordinatorlarından biri olacaq.

Əlbəttə ki, belə bir yüksək səviyyəli müştərək layihənin həyata keçirilməsi investisiya mühiti olmadan mümkün deyil. Bu layihənin aktuallığını qiymətləndirdiklərinə və onun reallaşması yolunda göstərdikləri köməyə görə Tempus proqramının rəhbərliyinə və onun Azərbaycandakı koordinatoru Mahir Kazımova öz dərin minnətdarlığımı bildirirəm. Insan faktoru və maliyyə dəstəyi olmadan heç bir layihə həyata keçirilə bilməz. Inanıram ki, birgə səylərimiz sayəsində yaxın gələcəkdə müasir informasiya mərkəzi BMA-nın mediatekası yaradılacaq.

Tariyel MƏMMƏDOV

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page