IFAÇILIQ...
-
Search


ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


SEVINC BƏXŞ EDƏN KONSERTLƏR

       Uşaqların musiqi ifaçılığında müəllimin xüsusi məsuliyyətli rolu haqqında kifayət qədər çox danışılır və yazılır. Buna baxmayaraq, gənc musiqiçilərin çıxışlarından söz açarkən, istər-istəməz yenidən belə bir fikrə gəlirik ki, uşaqlarla iş, həqiqətən də, nə qədər çətinliklərlə bağlıdır. Şübhəsiz, bu sahədə pedaqoqun rolu, onun professionallığı və bu işə marağı çox əhəmiyyətlidir. Və əgər pedaqoq yüksək səviyyəli musiqiçidirsə, o, öz sənətkarlığı ilə uşaqların bütün konsert çıxışlarına ruh verir. Bu, həmçinin, proqramın məzmununda və dramaturgiyasında, musiqinin ifasında və təfsirində də özünü göstərir. O cümlədən, səhnənin ilhamlandırıcı aurasına arxalanan müəllim hər bir yetirməsinin musiqi potensialının daha dolğun şəkildə açılmasında böyük rol oynayır. Məhz bu zaman gənc musiqiçilərin konserti dinləyicilərə çoxlu sevincli anlar bəxş edir.

***

       Aprelin 29-da Bakı Musiqi Akademiyasının Böyük Zalında keçirilən Gənc skripkaçılar adlı konsert uşaqların skripka ifaçılığı ilə maraqlanan hər kəsin diqqətini cəlb etmişdi. Bu konsert Azərbaycan skripka məktəbinin gökrəmli nümayəndəsi, respublikanın xalq artisti, professor Azad Əliyevə həsr olunmuşdu. Konsertin təşkilatçısı A.Əliyevin tələbəsi, respublikanın əməkdar artisti, professor Bayandur Mehdiyev idi və proqramda qeyd olunduğu kimi, o, bu konserti öz sevimli müəlliminin xatirəsinə ithaf etmişdi.

       Çox illər bundan öncə, hələ Gəncə musiqi texnikumunun tələbəsi olarkən, Bayandur müəllim Azad Əliyevin sinfində təhsil almağı arzulayırdı, arzusu həyata keçdikdə isə o, özünü çox xoşbəxt hiss edirdi. Konserti açarkən söylədiyi giriş sözündə Bayandur Mehdiyev bir daha o illərə qayıdaraq, öz xatirələrini tamaşaçılarla bölüşdü.

       Azad Əliyevin ən istedadlı tələbələrindən biri olan, onun ifaçılıq ənənələrinin varisi və davamçısı, solist və kvartet iştirakçısı kimi tanınmış Bayandur Mehdiyev son illərdə bütün diqqətini pedaqoji fəaliyyətə Azərbaycan skripkaçılarının gələcək layiqli davamçılarının yetişdirilməsi işinə yönəltmişdir. Onu da deyək ki, o, yalnız Bakı Musiqi Akademiyasının tələbələri ilə deyil, həmçinin, xüsusi musiqi istedadına malik uşaqlarla da məşğul olur. Onun gənc yetirmələri BMA-nın nəzdindəki Məktəb-studiyanın III sinif şagirdi Teymur Əhmədov, VII sinif şagirdi Mustafa Mehmandarov, 6 saylı incəsənət məktəbinin VII sinif şagirdi Həsən Abbasquliyev və 8 saylı musiqi məktəbinin VII sinif şagirdi Zümrüd Hüseynova - haqqında söhbət açdığımız konsertin iştirakçıları idi.

       Bayandur müəllim deyir ki, Azad Əliyevin xatirəsinə həsr olunmuş konsert təşkil etmək fikri məndə çoxdan yaranmışdı. Mən həmişə uşaqlara təlqin edirdim ki, bu, çox məsuliyyətli konsertdir və elə yüksək səviyyədə çalmaq lazımdır ki, görkəmli skripkaçının xatirəsinə layiq olsun. Etiraf etməliyəm ki, uşaqlar bu çıxışa çox ciddiyyətlə yanaşdılar.

       Öncə onu qeyd edim ki, bu konsert uyğun, çox yaddaqalan və parlaq təəssüratlarla zəngin oldu. Ümumiyyətlə, gənc musiqiçilər inamlı, ifadəli çalğı tərzi nümayiş etdirdilər. Onların ifası intonasiya təmizliyi, bütün detalların incəliklərinə qədər işlənilməsi və texniki hazırlığı ilə fərqlənirdi. Buraya proqramın mürəkkəbliyini də əlavə edə bilərik, çünki hər bir halda proqramın bir neçə il qabaqlandığı, daha yuxarı siniflərə aid əsərlərin yüksək səviyyəli ifası göz qabağında idi. Həmçinin, gənc ifaçıların səhnə hissiyyatı və çıxış zamanı səhvlərə yol verilməməsi də diqqəti cəlb edirdi. Bütün bunlar isə, şübhəsiz, müəllimin böyük əməyi sayəsində əldə olunmuşdu.

       Professor T.I.Atakişiyev konsert haqqında müsbət fikirlərini bu sözlərlə ifadə etdi: Əlbəttə ki, uşaqlarla böyük iş aparılmışdır. Onların öz çıxışlarına məsuliyyətlə yanaşmaları təqdirəlayiqdir. Mən bilirəm ki, bu yaşda uşaqlarla, xüsusilə oğlanlarla məşğul olmaq asan deyil. Uşaqlar mənim çox xoşuma gəldi. Onlardan hər biri özünəməxsus cəhətlərə malikdir: kimsə yüksək texniki səviyyəsi ilə, kimsə musiqi duyumu, artistizmi ilə diqqəti cəlb edir.

       Ona da demək istərdim ki, hər halda genlər də az rol oynamır. Belə ki, bu uşaqlardan üçü musiqiçi ailəsindəndir. Ən kiçik ifaçı Teymur isə Bayandur müəllimin nəvəsidir.

       Konsertin proqramı rəngarəng idi və çox bacarıqla tərtib olunmuşdu. Bura avropa, rus və Azərbaycan musiqisinin məşxur nümunələri daxil edilmişdi: skripka sənətinin qızıl dövrünün nümayəndələri Vivaldi və Viottinin konsertləri, Berionun əsərləri, Kreysler və Venyavskinin virtuoz pyesləri, F.Əmirovun, M.Mirzəyevin əsərləri və s. Konsertdə, həmçinin yeni əsər Bakıda ilk dəfə ifa olunan Pyazollanın Tanqo ritmində əsəri səsləndi.

       Eyni zamanda, nömrələrin uğurlu dramaturji ardıcıllığını da qeyd etməliyik: solo çıxışlar ansambl çıxışları ilə çərçivəyə alınmışdı. Belə ki, əvvəldə kiçik tərkibli skripkaçılar ansamblı (M.Mehmandarov, H.Abbasquliyev, T.Əhmədov) populyar musiqi əsərlərini ifa etdilər, sonda isə A.Vivaldinin iki skripka üçün lya minor konserti bütövlüklə səsləndi (M.Mehmandarov, H.Abbasquliyev).

       Konsertin uğurlu alınmasında əla konsertmeysterlik bacarığına malik Səbinə Aslanovanın böyük rolu olmuşdur. Onun həssas fortepiano müşayiəti, konsert janrında isə alətin orkestr tərzli traktovkası xüsusi qeyd olunmalıdır.

***

       Bu konsertdən, demək olar ki, dərhal sonra gənc skripkaçılar çıxış etmək üçün Gəncədən dəvət aldılar. Şərəfli tarixə və mədəniyyətə malik bu qədim şəhərə üç günlük səfər yaddaqalan hadisələrlə zəngin oldu: məşqlər, iki konsert, təntənəli tədbirdə çıxış.

       Burada gənc musiqiçilərə göstərilən diqqəti xüsusi qeyd etmək lazımdır. Onlar şəhərin icrabaşçısı Eldar Əzizov, Mədəniyyət departamentinin müdiri Minaə xanım Məlikova, Gəncə filarmoniyasının direktoru Şahnaz xanım Haşımova tərəfindən böyük qayğı ilə əhatə olunmuşdu. Gəncənin iki böyük konsert salonu (Kənd Təsərrüfatı Akademiyasının akt zalı və Kamera musiqisi zalı) və Gəncə filarmoniyasının kamera orkestri uşaqların ixtiyarına verilmişdi. Konsertlər Respublikanın Müstəqillik gününə həsr olunmuşdu. Kənd Təsərrüfatı Akademiyasının Akt zalında keçirilən birinci konsertdə başda Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov olmaqla şəhər rəhbərliyi iştirak edirdi.

       Kamera orkestrinin də konsertdə iştirakı ona xüsusi təntənəli əhval-ruhiyyə aşılamaqla yanaşı, A.Vivaldi və C.Viottinin ölməz musiqisinin bütün tembr zənginliyi ilə səslənməsinə rəvac verdi.

       Uşaqlar, həmçinin, ömür yolunun bir hissəsi Gəncə ilə bağlı olmuş görkəmli Azərbaycan generalı Səmədbəy Mehmandarovun abidəsinin təntənəli açılış mərasimində də çıxış etdilər (xatırladım ki, general S.Mehmandarov konsertin iştirakçılarından biri olan Mustafanın ulu babasıdır).

       Ümumiyyətlə, Gəncədəki konsertlər çox müvəffəqiyyətlə keçdi. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun professor Bayandur Mehdiyevə təşəkküru və Bakı Musiqi Akademiyasının rektoru, professor F.Ş.Bədəlbəyliyə ünvanlanmış minnətdarlıq məktubu bunu bir daha təsdiq edir.

***

       Bakıda uşaqları yeni çıxışlar gözləyirdi. Rusiya Federasiyasının Səfirliyi, Azərbaycandakı rus cəmiyyətinin Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan - Rusiya cəmiyyətinin birgə təşkil etdikləri Rodniki duşi adı altında keçirilən rus klassik və xalq müsiqisinin ən yaxşı ifaçılarının IV respublika baxış musabiqəsində skripkaçı uşaqlar ansamblla iştirak etdilər (M.Mehmandarov, H.Abbasquliyev, T.Əhmədov) və ikinci dərəcəli diploma layiq görüldülər (birinci yeri xor ansamblı tutmuşdur). Uşaqlar Çaykovskinin, Frolovun, Raxmaninovun əsərlərini ifa etdilər.

       Onu da deyim ki,eyni zamanda, M.Mehmandarov Azərbaycan yəhudi icmasında əlilər qarşısında da konsert vermişdir.

       Gənc skripkaçıların ifaçılıq səviyyəsi aydın göstərir ki, səhnə onları çox cəlb edir, konsert çıxışları onların professional hazırlığına müsbət təsir göstərir. Bununla bağlı daha bir cəhəti qeyd etmək istərdim.

       Bu yaxınlarda Rusiyanın xalq artisti, Moskva Konservatoriyasının kafedra müdiri V. Ivanov Bakıya səfər edərək, BMA-da ustad-dərsləri vermişdir. Onun dinlədiyi skripkaçılar arasında Bayandur müəllimin üç yetirməsi Həsən Abbasquliyev, Zümrüd Hüseynova və Mustafa Mehmandarov da vardı. Ivanov uşaqların çalğısından çox razı qaldı, Mustafanın ifasından sonra isə o, heyrətini gizlədə bilməyib, onu çox bəyəndiyini söylədi.

       Bu gün Bayandur müəllim öz şagirdləri ilə yeni mürəkkəb proqramm üzərində işləyir, Həsən və Mustafanı isə Moskvada keçiriləcək müsabiqəyə hazırlaşdırır.

       Bayandur müəllim öz planlarından danışaraq deyir ki, iyun ayında o, Tbilisi konservatoriyasına buraxılış imtahanlarına dəvət olunmuşdur. Burada o, bir çox istedadlı uşaqları dinləyib və onlardan bir neçəsi onun diqqətini xüsusilə cəlb edib. Bayandur müəllimin məqsədi isə azərbaycanlı və gürcü uşaqların birgə konsertini təşkil etməkdən ibarətdir: Onu da deyim ki, Tbilisidə bizə maraqlı bir təklif oldu. Tbilisi konservatoriyasının bazasında Almaniyadan olan sponsorun dəstəyi ilə kamera orkestri yaradılır. Bu orkestrin tərkibində Cənubi Qafqaz respublikalarının Azərbaycanın, Gürcüstanın və Ermənistanın nümayəndələri iştirak etməlidirlər. Tbilisi konservatoriyasının rektorunun göstərişi ilə bu orkestrdə bizim musiqiçilər üçün yerlər ayrılmış, o cümlədən, dirijor vəzifəsi, yəni orkestrin rəhbərliyi bizə təklif olunmuşdu. Mən belə hesab edirəm ki, bu ideya diqqətəlayiqdir. Çünki nə vaxtsa əlaqələri yoluna qoymaq lazımdır axı. Lakin Azərbaycan tərəfi bu təklifdən imtina e tdi.

***

       Bayandur müəllim skripka ustadlığının əsas sirrini əks etdirən bir həqiqəti uşaqlara tez-tez xatırladır: Skripkaçı sənətinə yiyələnmək üçün özünü bütünlüklə ona həsr etməlisən, yalnız o zaman skripka səni qəbul edə bilər.

       Skripkaya dərin məhəbbəti əks etdirən bu sözlərə Q.Neyqauzun tələbəsi, tanınmış pianoçu və pedaqoq Teodor Qutmanın bir ifadəsini də əlavə etmək istərdim: Incəsənətin yolu məhəbbətdən başlanır. Məhəbbət yoxdursa, musiqi insanı tutmur. Illər keçdikcə, musiqiyə fanatik sədaqət hissi inkişaf edir və güclənir. Insanın qəlbi musiqidən yaranan sonsuz təəssüratlara doğru can atır.

       Düşünürəm ki, Bayandur müəllimin yetirmələrinin sənətdə ilk addımları da bu yüksək hisslərlə bağlı olub, böyük səhnədəki uğurlarından doğan sevincli duyğuları təcəssüm etdirir.

       Nərminə BAYRAMƏLIBƏYLI

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page