ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


BIR ORQANÇININ PORTRETI


        Yaradıcılıq portretini çəkmək ümumiyyətlə mürəkkəb məsələdir, illah ki, rəsmin qəhrəmanı sənin həm həmkarın, həm də dostundur – yenə də olsun, bu cəhdi etməliyik. Rasimə xanım Babayeva respublikamızın sayılıb seçilən orqançılarından biri, keçmiş Ittifaqın «Soyuzkonsert» adlı mötəbər təşkilatının solisti, Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professorudur. Amma bu kimi ilk baxışdan nüfuzlu görünən vəziyyət belə dərin, özünü təhlil etməyə meylli insanlarda məlum dərəcədə ehtiyat, hətta tərəddüd hissini yarada bilər. Biz, habelə əlavə edərdik: bu kimi əhvallar yetkin, kamil şəxslər üçün təbiidir, Rasimə xanım isə məhz belə şəxsiyyətlərdəndir. Onu, hələ məktəb illərindən müşahidə edənlərdən biri kimi deyə bilərdim ki, o, heç vaxt özünə xüsusi nəzərləri cəlb etməkdən, hər hansı zahiri effektlərdən mütləq dərəcədə uzaq olduğu halda, eyni zamanda səbatlı ardıcıllıqla özünün həyat və peşə yolunu qururdu. Əgər biz, onun şəxsi devizini ifadə etsəydik, onda ora hökmən aşağıdakı zənnimizcə əsas sözləri daxil etməliydik: təbiilik, mötəbərlik və mötədillik.

        Elə musiqiçinin ifaçılıq interpretasiyalarını da həmən təmkin və mötədillik səciyyələndirir. Misal üçün, R.Babayevanın ifasında N.Əliverdibəyovun məşhur «Bayatı-Şiraz»ı ehtiras və çılğınlıqdan daha çox ciddi və möhtəşəmdir – buna görə o, bütün sezura, pauza və fermatalara tələsmədən, dözümlə əməl edir. Dinləyici kimi mən, Rasimə xanımın ifasında I.S.Baxın Xorallarından zövq alıram. Ələlxüsus f-moll və G-dur xoralların traktovkası dinləyicini sanki paklaşdıraraq yeni, daha nəcib cilddə zalı tərk etməyə vadar edir – bəs elə bunun özü incəsənətin ən əsas funksiyalarından birisi deyilmi? Görünür, protestant etiqad və ayinlərinin təmkini, səbri, etidalı R.Babayevanın daxili aləmiylə müəyyən həmahənglik təşkil edir. Doğrudan da, orqançı həm həyatda, həm də peşəsində yeknəsəkli, dəbdəbəli, parlaq effektlər, bir sözlə – ifratçılıqdan daima qaçmaqdadır. Beləliklə, onun ifasında hətta facianə sürətlər belə səbr və təmkinlə din ləyiciyə çatdırılır. Məsələn, S.Frankın h-moll «Xoral»ı və yaxud A.Əlizadənin «Muğam sədaları»nın ifası yuxarıdakı sözlərə parlaq nümunədir.

       Məlum olduğu kimi, orqan sənəti ifaçılığın bəlkə də ən çətin sahələrindəndir: başqa alətlərdə çalan musiqiçilərlə bərabər çoxsaatlı məşğələlərlə yanaşı orqançılar həm də əsərləri yazan bəstəkarların, demək olar, həmmüəllifləridirlər, çünki registirlənmə zamanı eyni əsər hər dəfə elə bil yenidən yaradılır. Peşəkar orqançı olmasam da, bu məqamın xüsusi mürəkkəbliyini illər öttükcə daha kəskin dərk edirəm. Bəlkə də, alətin elə bu cəhəti Rasimə xanımı bir vaxt özünə cəlb etmişdir. Bir də ki, orqanın orkestr sayağı möhtəşəm səslənmələri də onu, özünün cazibə dairəsinə möhkəm çəkirdi. Günlərin bir günü bu sətirlərin müəllifinin «Nəyə görə sən, belə incə və həssas xasiyyətə malik olduğun halda klavesinlə maraqlanmamısan?» sualına R.Babayeva fasiləsiz, tərəddüd etmədən aşağıdakıları söylədi: «Məgər dünyada istənilən alət orqanla yarışa bilərmi? Hansı alətdə çalıramsa, mən, hər zaman onun imkanlarının hüdudlarını görürəm, burada isə qarşımda ucubucağı görünməyən zəngin və əzəmətli dəniz səhrası durmaqdadır ». Bəlkə də hekayətimizin bu məqamında Moskva konservatoriyasının professoru, əməkdar incəsənət xadimi, məşhur orqançı və pedaqoq L.I.Royzmanın Rasimə xanıma həsr etdiyi şer misraları lap yerinə düşərdi:

       U Babaevoy Rasimı
       Car duşi neukrotimıy:
       Gtot tixiy motıl¸k
       Iz orqana şkval izvl¸k.

       Və Rasimə xanımın ifasında romantik müəlliflərin musiqisi məhz özünün dinamika, zənginlik və həqiqi, səthilikdən qaçan temperamenti ilə səciyyələnir.

       Öz peşəsini sevib dərk edən hər müəllim təsdiq edər ki, pedaqoji sənət nə qədər faydalı və mühümdürsə, bir o qədər də məsul və ağır məşğuliyyətdir. Özəlliklə yuxarıdakı sözlər fərdi dərslərə aid edilməlidir. Imtahan zamanı tələbə səhnədə çaldıqca müəllim hər cümləni, hər intonasiyanı təzədən yaşayaraq az qala çıxışçıdan çox həyacan keçirir! Imtahanın arxasında isə məşq saatları, günləri, ayları durur. Müəllim kimi Rasimə xanım təbii sürətdə özünün bədii yaradıcılıq dəyərlərini şagirdlərinə aşılamaqdadır. Böyük dözüm və hövsələ ilə o, ən xırda elementlərin üzərində belə işləyir – və bu əziyyət, bu ciddi-cəhdlər özünün bəhrəsini verməyə bilməzdi: 1997-ci ildə onun yetirmələri orqançıların I Respublika müsabiqəsinin laureat və diplomant adını alaraq, necə deyərlər, müəllimlərinin üzünü ağ elədilər. Bu ilin may ayında isə daha bir sevindirici hadisə baş vermişdir: onun magistrantları Moskvada keçirilən V.Kikta adına I Beynəlxalq müsabiqəsinin müvafiq olaraq laureatı və diplomantı adlarına layiq görüld ülər. Onu da əlavə edək: R.Babayeva hər iki tədbirdə münsiflər heyətinin dəvət edilmiş üzvü qismində iştirak etmişdi ki, bu da onun peşəkarlar arasında nüfuzunu bir daha təsdiq edir.

       Musiqiçinin çoxillik təcrübəsi,habelə onun elmi və metodik nəşrlərində özünün əksini tapmışdır: «F.Listin yaradıcılığı» və «Orqan musiqisində artikulyasiyaya dair» adlı tövsiyyələr – bunlar onun son illərdə çap etdirdiyi çoxsaylı işlərin yalnız kiçicik hissəsidir.

        Ifaçı kimi R.Babayeva yorulmadan fəaliyyət göstərərək, daim yeni əsərlər üzərində işləməkdədir. Müvafiq olaraq, onun çıxışları ara vermir (təkcə Bəstəkarlar Ittifaqının orqan üzrə sonuncu plenumunun əsas yükünü onun, demək olar, özünün zərif çiyinlərində daşımasını misal gətirmək məncə kifayətdir). Əgər Sovetlər dövründə musiqiçi «Soyuzkonsert»in solisti kimi keçmiş Ittifaqın az qala bütün iri şəhərlərində çıxış edirdisə, yeni dövrün açdığı imkanlardan faydalanaraq o, Rusiya, Hollandiya, Isveçdə təkmilləşmə kurslarını keçmişdi, Moskvada isə hətta P.I.Çaykovski adına Dövlət konservatoriyasının Kiçik zalında (müdiriyyətin təklifi ilə!) solo proqramla çıxış edib. Yeni dövrün daha bir əlaməti: 1997 – 1999-cu illərdə R.Babayeva Türkiyənin Mersin şəhərindəki Opera teatrı və konservatoriyasında çalışırdı, lakin oralarda orqanın olmaması , habelə Vətən, dostlar, yaxınlarının həsrəti onu çox darıxdırırdı və o, nəhayət doğma Bakısına qayıdaraq sevimli sənətinə yenidən qovuşdu. Düzdür, fəaliyyətinin b əzi sahələriylə (misal üçün, Dövlət filarmoniyasının musiqi redaktoru vəzifəsi) o, artıq məşğul deyil və mən, konsertləri izləyən sıravi dinləyici kimi buna təəssüf edirəm, çünki Rasimə xanım redaktor vəzifəsinə adəti üzrə ciddi yanaşaraq, bədii səviyyəni aşağı salmamaqdan ötrü hər ifaçını səhnəyə buraxmırdı. Amma, nə etməli: orqançı özünün səhnə çıxışlarına üstünlük verməyi lazım bilib.

        Indii isə, bəlkə də janrın qanunlarını pozaraq, mən, qəhrəmanımızın insani keyfiyyətlərindən söhbət açmaq istərdim. Rasimə xanım çox xeyirxah, nəcib və olduqca təvazökar insandır. Həyatının müxtəlif, o cümlədən faciəli dövrlərində o, eyni təmkin və dözümlə Allahın göndərdiyi sınaqlardan çıxaraq, ətrafındakılarından səmimi maraq və diqqətini əsirgəlmir. Gəlin, Rasimə xanım Babayevanın həmkarları və bütün musiqisevərlər adından ona işıqlı yolunu hələ uzun illər boyu davam etməyini arzulayaq.

       Lalə RZAYEVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page