ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
BIBLIOQRAFIYA...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


TƏQDIMAT


       Sentyabr ayının 18-də dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 120 illik yubileyi ölkəmizdə təntənə ilə qeyd olundu.

       Bəstəkarın ev-muzeyinin əməkdaşları da bu yubileyə layiqincə hazırlaşmışdılar.

       Əsaslı təmir zamanı görülən bir sıra işlərlə yanaşı , muzey əməkdaşları yaradıcılıqdan da ayrılmamış, bu yöndə mühüm və dəyərli addımlar atmışlar. Belə ki, muzey, fəaliyyət göstərdiyi 30 il ərzində ilk dəfə olaraq öz təşəbbüsü ilə kitablar nəşr etdirmişdir.

       Nəfis şəkildə nəşr olunan hər iki kitab Üzeyir Hacıbəyovun yaratdığı əsərləri əhatə edir.

        Birinci kitab «Vətən, Millət, Ordu» adlanır. Bu kitabda Üzeyir Hacıbəyovun sırf vətənpərvərlik mahnıları toplanmışdır. Bildiyimiz kimi, vətən-pərvərlik mahnıları Üzeyir bəyin sevərək müraciət etdiyi və xüsusi əhəmiyyət verdiyi janr olmuşdur.

       Bu kitaba daxil olan mahnıların içində bəstəkarın az tanınan, naməlum və bu vaxta qədər, ümumiyyətlə, çap olunmamış mahnıları da vardır.

       Məcmuədə toplanan 10 mahnıdan : «Milli marş», «Səni gözləyir», «Çırpınırdın Qara dəniz», «Vətən ordusu» kimi mahnılarda Vətən sevgisi, düşmənə nifrət, qəhrəmanlığa çağırış kimi keyfiyyətlər ön plana çəkilir.

       Ümumiyyətlə, bu mahnılar janr və mövzu baxımından da çox müxtəlifdir. Üzeyir bəyin yaratdığı bu mahnılar bu gün də müstəqil Azərbaycanın ordusu üçün, əsgərləri üçün, gənc nəslin mənəvi tərbiyəsi üçün müstəsna əhəmiyyət daşıyır.

       Kitabın tərtibçisi və redaktoru Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru bəstəkar Sərdar Fərəcovdur.

       Kitabın çıxmasında muzey əməkdaşlarından gənc bəstəkar Firudin Allahverdinin, Nərminə Kərimovanın da əməyi böyük olmuşdur.

       Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcovun qeyd etdiyi kimi, dahi bəstəkarın 120 illik yubileyi ərəfəsində bu mahnılar toplusunu çap edib xalqımızın diqqətinə təqdim etmək istəyimiz Üzeyir bəyə olan ülvi sevgimizin təzahürüdür.

       Təqdim olunan ikinci kitab «Komediyalar və yumoristik miniatürlər» adlanır.

       Üzeyir bəyin komediyaları latın qrafikası ilə ilk dəfədir ki, nəşr olunur. Məhz buna görə bu ölməz komediyaların gənc nəslə, müasir oxucuya daha yaxın, daha rahat ünsiyyət bağlamaq ehtimalı özünü mütləq doğruldacaq.

       Üzeyir bəyin komediyaları çox sevilir və bütün dünyada məşhurdur. Təsadüfi deyildir ki, bu komediyalar 100 ilə yaxındır ki, bütün dünya xalqlarının dillərində əsl klassik əsərlər kimi qiymətləndirilir. Belə ki, Üzeyir bəyin komediyaları 60-dan çox dilə tərcümə edilərək, 120-dən artıq ölkədə tamaşaya qoyulmuşdur. Bu əsərlərə istər teatrlar tərəfindən, istər xalq tərəfindən böyük ehtiyac var.

       Bu əsərlər əsasında neçə-neçə filmlər çəkilib. Məhz 2005-ci il ərzində Türkiyədə, Rusiyada, Ukraynada və bir çox ölkələrdə teatrlar bu əsərlərə müraciət etmişlər.

       Ümüdvarıq ki, əsərin latınca çap olunması özünə respublikamızdan kənarda da daha böyük oxucu kütləsi cəlb edəcək.

       Kitabın tərtibçisi və ön sözün müəllifi Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru bəstəkar Sərdar Fərəcov, redaktoru isə muzeyin elmi işçisi Təranə Həsənovadır.

       Sərdar Fərəcov ön sözdə Üzeyir Hacıbəyovun yaradıcılıq işinin böyük miqyasından danışır, Ü.Hacıbəyovun komediyaları haqqında geniş məlumat verərək, gənc nəslin tərbiyəsində bu kitabın əhəmiyyətli olacağına şübhə etmədiyini bildirir.

       Üzeyir bəy komediyalarının yeni nəşri dahi bəstəkarın 120 illik yubileyinə hədiyyə olaraq, bu komediyalara xalq ehtiyacının azacıq olsa da ödəmək istəyinin təzahürüdür.

       Ümumiyyətlə, təqdim olunan hər iki kitab təkcə musiqisevərlər üçün deyil, geniş oxucu kütləsinə xoş töhfə olacaq.

       Məmnunluq hissi ilə bildiririk ki, bu kitablar Mədəniyyət Nazirliyinin, şəxsən hörmətli nazir cənab Polad Bülbüloğlunun dəstəyi ilə işıq üzü görmüşdür.

       Sevinc AQIL QIZI



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page