Öçåéèð Ùàæûáÿéîâ - 120
ÜZEYIR HACIBƏYOV INTERNET PORTALININ TƏQDIMAT MƏRASIMI…
Cəmilə HƏSƏNOVA
Search

Öçåéèð Ùàæûáÿéîâ - 120
ÜZEYIR HACIBƏYOV INTERNET PORTALININ TƏQDIMAT MƏRASIMI…
Cəmilə HƏSƏNOVA

 


       Zemfira Səfərova, AMEA-nın Memarlıq və Incəsənət institutunun şöbə müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor: «Bu günlərdə biz Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyini qeyd edirik. Əlbəttə, bu, bizim borcumuzdur. Üzeyir Hacıbəyov Azərbaycan xalqı üçün, Azərbaycan mədəniyyəti üçün o qədər böyük işlər görüb ki, biz nə qədər eləsək, yenə də onun xatirəsi qarşısında borclu qalacağıq. Ona görə bu günkü portalın təqdimatı məni çox sevindirdi. Əlbəttə ki, bütün bunlar böyük zəhmətin nəticəsində başa gələn işlərdir. Arzu edirəm ki, bu portal daha da zənginləşsin, artsın, genişlənsin, məncə, bu, planda var. Çünki Üzeyir bəyin yaradıcılığı ilə əlaqədar olaraq, yeni əsərlər, yeni tamaşalar, yeni kitablar meydana gəlir. Bütün bunlar önəmli hadisələrdir. Mənə elə gəlir ki, belə təqdimatlar həm bizim mədəniyyətimiz üçün, həm bizim sənət adamlarımız üçün bir inkişaf stimuludur. Üzeyir bəy elə bir dühadır ki, XX əsrin elə böyük simalarındandır ki, onun yaradıcılığını ancaq yu bileylər vaxtı yox, həmişə anmalıyıq, tədqiq etməliyik. Biz də yubiley ərəfəsində onun beş kitabdan - üç cilddən ibarət əsərlərini təqdim etdik: «Leyli və Məcnun»un klaviri və partiturasını, «Koroğlu»nun partiturasının sonuncu pərdələrini və bununla da «Koroğlu»nun partiturası bütövlükdə ərsəyə gəldi. Gələcəkdə onun bütün əsərləri çap olunacaq və mənə belə gəlir ki, portal da genişlənəcək. Üzeyir bəy çox təvazökar bir insan idi və öz əsərlərini çap etdirməmişdi. Azərbaycan xalqının onun əsərlərinə böyük ehtiyacı vardır. Onun səslənən əsərləri dillərdə əzbərdir. Ancaq onun arxivdə qalan, işıq üzü görməyən əsərləri də var. Bütün bunları üzə çıxaranda, bütövlükdə külliyyatını nəşr edəndə, biz əlbəttə ki, Üzeyir bəy qarşısında borcumuzu yerinə yetirmiş saya bilərik. Indi bu təqdimatlar da Üzeyir bəyin yubileyinə töhfədir. Mən dəfələrlə öz çıxışlarımda demişəm ki, biz Üzeyir bəyi xaricdə göstərməliyik. Onun yaradıcılığın ı təbliğ edən ingilis dilində tədqiqatlar olmalıdır. Bu baxımdan mənim ingilis dilində nəşr olunmuş «Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri» kitabının da böyük əhəmiyyəti vardır. Mən bu portalla məşğul olanları təbrik edirəm, yeni uğurlar arzulayıram».

       Hamlet Isaxanlı, Xəzər Universitetinin rektoru, professor: «Düzü, uzaqdan mənə söyləsəydilər, təsvir etsəydilər ki, belə bir portal hazırlanıbdır, heç vaxt onun bu dərəcədə gözəl, möhtəşəm, hər-tərəfli olacağını başa düşməzdim. Bunu yalnız gözünlə görüb, hiss etmək lazımdır. Bu, qeyri-adı bir əsərdir. Necə ki, Üzeyir bəy Azərbaycan musiqisinin, mədəniyyətinin tacıdır, şah əsəridir, hesab edirəm ki, bu portal da elektron dünyasının şah əsəri adlanmağa layiqdir. Bu, Üzeyir Hacıbəyovla bağlı bir dünyadır. Faktiki olaraq, Azərbaycan musiqi mədəniyyəti və ümumiyyətlə Azərbaycan mədəniyyəti haqqında çox böyük, möhtəşəm portaldır. Mən onun yaradıcılarını təbrik edirəm. Yenə deyirəm, bu, qeyri-adi bir əsərdir və mən belə başa düşdüm ki, bu, bir az da böyüyəcək və davam edəcək. Hətta mat qaldım ki, nə qədər insan bunun üzərində işləyib. Çox müxtəlif sənət adamları, musiqiçilər, proqramçılar, dizaynerlər, tərtibçilər, texniki işləri görən adamlar… Belə deyim ki, Azərbaycan elektron məkanında buna bənzə r əsər uzun müddət yaranmayacaq. Mən sizin kollektivi bir daha təbrik edirəm və istərdim ki, sizinlə geniş əlaqələrimiz olsun, çünki Xəzər Universiteti mədəniyyətə, musiqiyə geniş yer verən, təbliğ edən bir təhsil ocağıdır. Ona görə də gərək səylərimizi birləşdirək».

       Ramiz Zöhrabov, Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor: «Üzeyir Hacıbəyov Azərbaycanda bəstəkarlıq məktəbinin əsasını yaradıb. Çox vaxt deyirlər ki, siz xoşbəxt xalqsınız ki, belə bir bəstəkarınız var. Üzeyir Hacıbəyovun yaratdığı üçpilləli: uşaq, orta və ali musiqi məktəblərində muğam tədrisi heç yerdə yoxdur. Çünki özbəklər, taciklər muğamı ali məktəb proqramına salsalar da alınmadı. Mənə sual verəndə, deyirəm ki, Üzeyir Hacıbəyov elə əsas qoyub ki, muğam bata bilməz. Bu üç pillədə muğamı keçən adam muğamı itirə bilməz. Üzeyir Hacıbəyovun musiqi məktəblərinin, konservatoriyanın yaranmasında böyük rolu olub. Biz də onun nəvələri, nəticələriyik. Biz Üzeyir bəyin yolunu davam etdirməliyik. Bu yolu Üzeyir bəy açıbdır, biz isə onu genişləndirməliyik. Bu gün mən deməzdim ki, musiqişünaslıq geri qalıb. Əksinə, Üzeyir bəydən sonra XX əsrin II yarısında musiqişünaslıq inkişaf edib. Biz onun lad sistemini də inkişaf etdirmişik, məqalələrində dediklərini də, çünki onun hər bir məqaləsi böyük bir məktəbdir. Bu gün «Musiqi Dünyası»nın yaratdığı Internet portalı, F.Əliyevanın tərtib etdiyi kitablar – bütün bunlar bizim tariximizdir. Bu gün böyük bir bayramdır. Üzeyir bəyin də ruhu şad olacaq».

       Gülnaz Abdullazadə, BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor: «Bu gün bu portalın təqdimatı böyük bir hadisədir. Əlbəttə ki, biz hamımız sevinirik, çünki bura bizim evimizdir və bunun bünövrəsini Üzeyir bəy qoymuşdur. Biz də bu bünövrədən qidalanırıq. Bu günlər Üzeyir bəyin 120 illiyi ilə bağlı tədbirlərdə böyük şadlıq hissi ilə iştirak edirik. Bu gün nümayiş olunan portal, kitab təqdimatı, bizim aparıcı professor – müəllim heyətinin iştirakı ilə təşkil olunan konsert, bütün bunlar, bir növ, Üzeyir bəyə kiçicik hədiyyəmizdir. Bu, bizim ona olan sonsuz məhəbbətimizin təzahürüdür. Qeyd etmək istəyirəm ki, hələ bir neçə gün yubiley tədbirləri davam edəcək, Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir bəyin heykəli önünə gül dəstələri qoyulacaq, Fəxri Xiyabanda məzarı ziyarət olunacaq, Memorial ev-muzeyinin yeni ekspozisiyasının açılışı olacaq. Əlbəttə ki, bütün bunlar bizi fərəhləndirir. Mən bu bayram münasibətilə bütün xalqımızı və bütün Üzeyirsevə rləri təbrik edirəm».

       Nazim Ibrahimov, «Üzeyir Hacıbəyov ensiklopediyası»nın baş redaktoru: «Mənə belə gəlir ki, bu portal Azərbaycanı Üzeyir Hacıbəyovun adı ilə dünyada tanıtdıracaq. Bu porlal imkan verir ki, dahi Üzeyiri tam əvvəldən axıra kimi hamı dərk etsin. Mən demək istəyirəm ki, bu, böyük zəhmətdir. «Musiqi Dünyası» jurnalı bu saat çox işlər görür. Mən də balaca bir kömək göstərdim. Üzeyir bəyin yaradıcılığını çox sevdiyim üçün vaxtilə belə bir məsələ qaldırdım və «Üzeyir Hacıbəyov ensiklopediyası»nın Azərbaycan dilində, sonra isə rus dilində çapına nail oldum. Indi həmin ensiklopediyanı latın qrafikası ilə çapa hazırlamışam. Gələcəkdə isə ingilis dilində nəşri nəzərdə tutulub. Mənə elə gəlir ki, bu da Üzeyir Hacıbəyova heykəlin bir hissəsidir. Vaxtilə mən Üzeyir Hacıbəyovun 90, 100, 110 illiyində Dövlət Komissiyasının üzvü olmuşam. Mən musiqiçi olmayaraq, Üzeyir bəyin musiqisinə vurulmuşdum və ona görə də bu işi boynuma götürmüşdüm. Bu gün də çox əlamətdar bir gündür. Mən sizə böyük təşəkkürümü bildirirəm . Siz Üzeyir bəyin yubileyinə gözəl bir hədiyyə hazırladınız. Mən arzu edərdim ki, bizim böyük musiqiçilərimizin hamısının belə bir portalı olsun. Bunu siz edə bilərsiniz. Belə böyük işlərin öhdəsindən gələ bilərsiniz. Mən buna inanıram və sizə uğurlar arzulayıram».

       Alla Bayramova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi: «Zənnimcə, hətta xaricdə bəstəkarların yaradıcılığını əhatə edən belə portalın yaranması nadir hadisədir. Bu portal çox böyük təfsilatlarla işlənilmiş, Üzeyir Hacıbəyovun fəaliyyətinin bütün aspektləri burada çox geniş əhatə olunmuşdur. Bu, möhtəşəm bir işdir. Mən «Musiqi Dünyası»nın kollektivini təbrik edirəm və yeni uğurlar arzulayıram.».

       Biz, əlbəttə ki, haqqında söhbət açdığımız təqdimat mərasiminin təşkilatçılarını qeyd etmək və öz minnətdarlığımızı bildirmək istərdik. Ilk növbədə, tədbirin sponsoru «AzEvrotell» şirkətinin prezidenti Nuru Əhmədov cənablarına təşəkkürümüzü bildiririk.

       Təqdimat mərasiminin uğurlu keçməsi üçün BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, tədris işləri üzrə prorektor, professor Oqtay Abasquliyev, Elm və yaradıcılıq işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Yeganə Axundova öz köməklərini əsirgəməmişlər. Buna görə biz onlara minnətdarıq.

       Eyni zamanda, "Space" müstəqil teleradio şirkətinə, şəxsən musiqi redaksiyasının rəhbəri Nadir Axundova təqdimat mərasimindən apardığı çəkilişə və televiziyada işıqlandırdığına görə təşəkkürümüzü bildiririk.

       Sonda Tariyel Məmmədovun çıxışından bir fikri diqqətinizə təqdim etmək istərdim. Mənə elə gəlir ki, portalın əhəmiyyətini və görülən işin həcmini qiymətləndirmək üçün bu fikrin əlavə şərhə ehtiyacı olmayacaq:

        «Bütün fəaliyyətimiz boyu Üzeyir Hacıbəyovun şəxsiyyəti, yaradıcılığı bizimçün nümunə olub və qırmızı xətlə keçib. Biz hər zaman Üzeyir Hacıbəyovun amallarını həyata keçirməyə çalışmışıq. Onun 120 illiyinə həsr etdiyimiz bu portalla onu bütün dünyada təbliğ etmək məqsədini qarşımıza qoymuşuq. Müasir dövrdə isə internet məkanı bunun ən optimal, yaxın yoludur. Və nəhayət, biz istərdik ki, Üzeyir Hacıbəyov milli musiqimizin tacı olduğu kimi, eyni zamanda bu yolla ümümbəşəri sərvətə çevrilsin. Dünyanın hər bir nöqtəsində Üzeyir Hacıbəyovun adı səslənsin. Virtual dünyaya daxil edilən Üzeyir Hacıbəyovun əsərləri daim yaşayacaq».

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page