- 120
ÜZEYIR HACIBƏYOV INTERNET PORTALININ TƏQDIMAT MƏRASIMI
Cəmilə HƏSƏNOVA
Search

- 120
ÜZEYIR HACIBƏYOV INTERNET PORTALININ TƏQDIMAT MƏRASIMI
Cəmilə HƏSƏNOVA

 


       Üzeyir dünyası Üzeyir dühası ilə yaradılan musiqi dünyası Bizim dünyamız

       XX əsrdə Azərbaycanın professional musiqi mədəniyyəti bəstəkarlar, musiqişünaslar, musiqi ifaçıları, musiqi kollektivləri, professional musiqi təhsili sistemi və s - bütün bunların hamısı Azərbaycan xalqının dahi oğlu Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Təsadüfi deyil ki, Üzeyir bəyin ənənələrinin davamçılarından biri, böyük bəstəkarımız Fikrət Əmirovun dediyi Biz hamımız Üzeyir məktəbindən çıxmışıq sözləri dilimizdə aforizmə çevrilib.

       Bəli, biz Üzeyir bəyin varisləriyik və təbii ki, Üzeyir bəyin yaratdığı musiqi dünyasını qorumaq, yüksəltmək və onu dünyaya tanıtmaq, gələcək nəsillərə ötürmək missiyası bizim üzərimizə düşür.

       Hər il Üzeyir bəyin anadan olduğu tarixi günü sentyabr ayının 18-ni musiqi ictimaiyyəti və bütün Azərbaycan xalqı Musiqi günü kimi bayram edir. Bu il isə bu bayram xüsusilə əlamətdardır. Bu il Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi tamam oldu və bu yubiley Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin fərmanı ilə təntənəli bir şəkildə qeyd olundu.

       Respublikanın bütün musiqiçiləri və musiqi kollektivləri kimi Musiqi Dünyası jurnalı və elektron nəşrlər mərkəzi də bu yubileyi öz hədiyyəsi ilə qarşıladı.

       Xatırladım ki, elə Musiqi Dünyasının 1999-cu ildə işıq üzü görmüş ilk sayının təqdimatı da məhz Üzeyir Musiqi günündə olmuşdu. Və bundan sonra, demək olar ki, hər il Üzeyir Musiqi günündə yaradıcı kollektivin yeni bir layihəsinin təqdimatı ənənəyə çevrilmişdir.

       Bu il də Musiqi Dünyası tərəfindən Azərbaycan Internet məkanında ilk dəfə olaraq, Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığının bütün sahələrini tam əhatə edən multimediya Internet portalı hazırlanmışdır.

       Portalın təqdimatı bəstəkarın yubiley tədbirlərinin bir hissəsi olaraq, sentyabrın 17-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Musiqi Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə Bakı Caz Mərkəzində keçirildi.

       Qeyd etmək istərdim ki, Üzeyir Hacıbəyov Internet portalı ilə yanaşı, bu tədbirdə, həmçinin, Musiqi Dünyası tərəfindən həyata keçirilmiş digər layihələr də musiqi ictimaiyyətinə təqdim olundu. Bunlardan biri Azərbaycan ənənəvi musiqi atlası layihəsinin bir hissəsi olan Azərbaycan etnik musiqisi (CD) audio nəşridir. Burada Azərbaycan Respublikasının ərazisində yaşayan - Azərbaycan xalqı başda olmaqla etnik xalqların folkloru toplanmışdır. Layihənin müəllifi sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur. Bu layihə Azərbaycan Açıq Cəmiyyət Institutu və Bakı Rotari klubun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

       Digəri isə Bakı Musiqi Akademiyası ilə Musiqi Dünyasının birgə hazırladığı multimediya Bakı Musiqi Akademiyası (azərbaycan, rus və ingilis dillərində) elektron nəşridir (DVD-CD). Layihənin müəllifi BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəylidir. Burada BMA-nın tarixi, fəaliyyəti, strukturu əhatə olunmuşdur. Bu nəşrin daxilində Azərbaycanda ilk dəfə olaraq, Musiqiçinin elektron kitabxanası da öz yerini tutmuşdur və bu kitabxanadan istifadə edən şəxslər musiqi və elmi əsərlərin mətni ilə audio-vizual şəkildə tanış ola bilərlər. Onu da deyim ki, ilk dəfə olaraq belə bir nəşr Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınmışdır. Layihənin sponsoru Dünya Bankının Azərbaycan filialı və Açıq Cəmiyyət Institutudur.

       Bütün bunlarla yanaşı, tədbirdə iki cildlik XX əsr Azərbaycan musiqi mədəniyyətinin qaynaqları (I cild: 1901-1911; II cild: 1912-1917-ci illər; Bakı, Nurlan, 2005) kitabının təqdimatı da oldu.

Toplayanı və tərtib edəni, ön sözün, qeydlərin, lüğət və adlar göstəricisinin müəllifi: Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının professoru Fərəh Əliyevadır. Kitablar Bakı Musiqi Akademiyasının Elmi Şurasının qərarı ilə Ü.Hacıbəyovun 120 illik yubileyi münasibətilə hazırlanmış və çap olunmuşdur.

       I və II cildlərdə XX əsrin əvvəllərində Azərbaycan dövri mətbuatında dərc edilmiş, Üzeyir Hacıbəyovun yaradıcılığına, Bakının musiqi həyatına həsr olunmuş 500-dən artıq musiqi-tənqidi, elmi-publisistik məqalə, resenziya, oçerk toplanmışdır. Üzeyir Hacıbəyovun əsərlərinə həsr olunmuş 100- dən artıq tarixi və elmi əhəmiyyət kəsb edən məqalələr xüsusi maraq doğurur. Nəşrlər Azərbaycan musiqi tarixi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi və musiqişünaslar üçün nəzərdə tutulmuşdur.        Bütün bu layihələrin məhz bəstəkarın yübileyi ərəfəsində təqdimatının böyük rəmzi mənası var. Çünki Azərbaycanda professional bəstəkarlıq məktəbi ilə yanaşı, həm etnomusiqişünaslığın, həm musiqi təhsilinin bünövrəsi Üzeyir Hacıbəyov tərəfindən qoyulub. Eyni zamanda, Ü.Hacıbəyov publisist kimi də mədəniyyət tariximizdə mühüm rol oynamışdır.

       Təbiidir ki, bütün bunlar Üzeyirsevərlərə gözəl töhfədir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page