MUSIQI TƏHSILININ BÜNÖVRƏSINI QOYAN BÖYÜK PEDAQOQ
Minarə DADAŞOVA
Search


߻ .

SÖNMƏZ SƏNƏT OCAĞI
Jalə ƏLIYEVA
ÜZEYIR HACIBƏYOVUN MƏKTƏBLILƏRIN MUSIQI-ESTETIK TƏRBIYƏSI HAQQINDA BƏZI FIKIRLƏRI
Afaq RÜSTƏMOVA
MUSIQI TƏHSILININ BÜNÖVRƏSINI QOYAN BÖYÜK PEDAQOQ
Minarə DADAŞOVA
ƏSRIN DÖRDDƏ BIRINƏ BƏRABƏR YOL
Tərlan SEYIDOV
AZƏRBAYCAN KAMERA-INSTRUMENTAL MUSIQISININ BƏZI XÜSUSIYYƏTLƏRI
Şəhla IBRAHIMOVA
ESTETIK ZÖVQÜN TƏRBIYƏSINƏ DAIR
Samirə AŞUMOVA

 


       Sağlığında bütün mənalı həyatı, vəfatından sonra isə şərəfli adı ilə Azərbaycan xalqının başını ucaldan, insanlara sevinc gətirən nadir insanlardan biri də Üzeyir bəy Hacıbəyovdur.

       Dahi bəstəkar, pedaqoq, musiqi ictimai xadim, musiqişünas alim və publisist Üzeyir Hacıbəyov professional klassik musiqimizin təməlini qoymuş və milli musiqimizdə köklü dönüş yaratmış bir şəxsiyyətdir.

       Üzeyir bəyin həyatı və varlığı daim xalqına və onun hərtərəfli tərəqqisinə xidmət edirdi.

       Üzeyir bəyin çoxsahəli fəaliyyətinin hər bir sahəsində tərbiyə məsələləri geniş yer tuturdu. Onun istər bir müəllim kimi fəaliyyəti, istərsə də, bütün yaradıcılığında qabarıq şəkildə özünü göstərən tərbiyə məsələlərinə dair fikir və mülahizələri pedaqoji fikir tariximizin parlaq səhifələrini təşkil edir.

       Üzeyir Hacıbəyovun təlim və tərbiyənin müxtəlif cəhələrinə aid irəli sürdüyü fikirlər öz dövründə Azərbaycanda xalq maarifinin, pedaqogika elminin inkişafına böyük təsir etmiş və onların bir çoxu bu günə qədər öz təravətini saxlamışlar.

       Azərbaycan professional musiqisinin klassiki, görkəmli dramaturq Ü.Hacıbəyov öz ictimai fəaliyyətinə müəllimlikdən başlamışdır. Pedaqoji elmlər doktoru, professor Əli Heydər Həşimov deyirdi: Əsl müəllim üçün səciyyəvi və zəruri olan keyfiyyətləri ilə onun səviyyəsinə qalxa bilən, nadir istedada malik müəllimlər tarixdə tək-tək olubdur, indi də tək-təkdir. Üzeyir qabil müəllim idi. Üzeyir həm də nəzəriyyəçi müəllimlərdəndir. Xalq maarifinin müxtəlif məsələləri barəsində, o cümlədən, məktəb, müəllim, təhsil, təlim və tərbiyə haqqında Üzeyir Hacıbəyovun ayrı illərdə söylədiyi və tarixi, nəzəri, əməli baxımdan indi də öz dəyərini saxlayan çox zəngin fikirləri vardır.

       Insanın formalaşmasında mühitin, ictimai şəraitin mühüm amil olduğunu düzgün başa düşən Üzeyir Hacıbəyov yazırdı ki, cəlalət və nadanlığın əsas səbəbləri dərəbəylik üsul idarəsidir. Bəs yaxşı adamları, nəcib sifətləri özündə birləşdirmək, istedadlar yetişdirmək üçün nə lazımdır? Insani mühit, normal ictimai şərait, mədəniyyət, gözəl ailə tərbiyəsi, məktəb, təkmil təlim üsulları və s.

       Görkəmli ədib insanda yüksək mənəvi sifətlərin yaranmasına məhz uşaqlıq dövründən diqqət yetirilməsinə böyük diqqət verirdi. O göstərirdi ki, uşağın tərbiyəsində ailə və məktəbin eyni dərəcədə mühüm rolu var.

       Ü.Hacıbəyovun Xəbərdarlıq məqaləsində deyilir: Doğrudan da uşaq tərbiyəsi çətindir Tərbiyənin yolunu ancaq elm sahəsində bilmək mümkündür. 1

       Ümumiyyətlə, Üzeyir Hacıbəyov uşaqların tərbiyəsinə ümumxalq bir iş kimi baxır və müəllimləri bu sahədə qarşıya çıxan hər cür çətinliyə dözməyə çağırırdı. Xüsusilə, dərslik tərtib edərkən tərbiyə prinsiplərini, elm, bilik və əxlaqın qarşılıqlı əlaqəsini düzgün nəzərə almağı dönə-dönə xatırladırdı.

        Uşaqların həm qəlbini, həm ağlını, həm də zövqünü tərbiyə edəcək dərslikləri olmalıdır. Dərsliklərə ictimai-tərbiyəvi əhəmiyyəti olan, uşaqlarda yüksək əxlaqi sifətlər və mədəniyyət aşılayan material daxil edilməlidir 2.

       Uşağın kiçik yaşından başlayaraq xarakterində əmələ gələn ümdə cəhətlər getdikcə möhkəmlənir. Bunu nəzərə alıb Xəbərdarlıq adlı məqaləsində Üzeyirbəy tələb edirdi ki, uşağın təbii qüvvəsini düzgün istiqamətləndirməklə onların qarşısını almağa çalışan və ya inkişafına mane olan hər cür vasitələri aradan qaldırmaq lazımdır. O, uşağın təbiətini yeni əkilmiş ağaca bənzədirdi. Ağacın becərilməyə ehtiyacı olduğu kimi, uşağın da təbiəti elm öyrənməyə, təhsil və tərəqqi almağa möhtacdır.

       Üzeyir Hacıbəyov ali təhsili də vacib sayırdı. 1909-cu ildə Tərəqqi jurnalında yazırdı, Bizim nə qədər təhsili ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır, əks surətdə camaatımızın halı yaman olar, ayaq altında qalarıq, məhv və nabud olarıq3

       Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Səid Rüstəmov yazırdı:Azərbaycan xalqının ləyaqətli oğlu olan Ü.Hacıbəyov istedadlı bəstəkar, qabil sənətkar olmaqla, gənclərimizin tərbiyəsi ilə məşğul olan ən yaxşı müəllimdir.

       Üzeyir Hacıbəyovun müəllimlik fəaliyyətinin ən qiymətli məhsullarından biri də Azərbaycan xalq musiqisinin əsasları əsərinin yaradılmasıdır. Bu əsərlər göstərir ki, Ü.Hacıbəyov böyük yaradıcılıq işləri, musiqi fəaliyyəti ilə yanaşı olaraq Azərbaycan musiqisinin elmi tədqiqi üzərində də yorulmaq bilmədən çalışmışdır.

       Üzeyir Hacıbəyovun müəllimlik fəaliyyəti və Azərbaycanda musiqi işlərinə gündəlik rəhbərliyi nəticəsində Azərbaycanda bir çox görkəmli bəstəkarlar, dirijorlar, müəllimlər yetişmişdir. Azərbaycan musiqisinin görkəmli xadimləri Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov və başqaları Ü.Hacıbəyovun sinfində təhsil almışlar.

       Ü.Hacıbəyovun 75-ə qədər kitabı və elmi məqalələri nəşr edilmişdir.

       Üzeyirbəy bir ədib və dramaturq kimi də böyük istedad sahibi olmuşdur. Belə ki, musiqili komediyalarının librettolarını özü yazmış, mətbuatda musiqi mədəniyyətinin ən aktual problemlərinə həsr olunmuş dərin məzmunlu, gözəl üslublu məqalələrlə çıxış etmişdir.

       Üzeyir Hacıbəyovun məqalələri kimi, musiqili əsərləri də tərbiyə məsələləri ilə doludur. O, teatr tamaşalarının əxlaqi-bədii tərbiyəvi cəhətinə çox böyük əhəmiyyət verirdi. Üzeyirbəy deyirdi ki, tamaşaya qoyulan hər bir əsər həyatımızın həm əxlaqi tərəfini, həm də xalqın estetik hisslərini tərbiyə etməlidir. Hər bir səhnə əsərində böyük məfkurə ilə böyük bədiilik bir-birini tamamlamalıdır. O, teatrın hər bir növünün özünəməxsus tərbiyəvi əhəmiyyətini göstərirdi, mən, yalnız tək musiqi səhnə tamaşalarının tərəfdarı deyiləm, ictimai tərbiyə üçün həm faciə, həm dram, həm komediya, həm opera, həm də operetta lazımdır. Məfkurəyə, əxlaqa malik olan və bədii üsulla yaradılan hər hansı bir səhnə əsəri istər bədii, musiqi, istər şairanə əsər faydalıdır. Bu keyfiyyətlərə qoy opera, dram, operetta, komediya olsun cavab verməyən əsər isə faydasızdır.

       Ü.Hacıbəyovun musiqi-səhnə əsərləri içərisində məhəbbət və xeyirxahlığı tərənnüm edən, sahələrə qarşı çıxan Ər və arvad, O olmasın, bu olsun, Arşın mal alan kimi musiqili komediyaları xüsusi qeyd olunmalıdır.

        Arşın mal alan dünyanın bir çox iri şəhərlərində tamaşaya qoyulmuşdur. Moskvada, Riqada, Londonda, Nyu-Yorkda, Tehranda, Istanbulda, Qahirədə, Berlində, Varşavada, Sofiyada, Budapeştdə, Buxarestdə və s. şəhərlərdə Ü.Hacıbəyovun qəhrəmanları qırx beşdən artıq dildə danışıb oxuyurlar. Əsər nəinki Azərbaycanda, hətta ABŞ-da da ekranlaşdırılmışdır.

       Üzeyir Hacıbəyov 1908-ci ildə yazdığı Leyli və Məcnun operası ilə ölkəmizdə bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. Bəstəkar muğam operası janrına daha bir neçə dəfə müraciət etmiş, Şeyx Sənan, Rüstəm və Söhrab, Şah Abbas və Xurşid Banu, Əsli və Kərəm, Harun və leyla operalarını bəstələmişdir.

       Nəhayət, 1937-ci ildə Ü.Hacıbəyov Avropa operasının prinsiplərini milli musiqimizin üslubu ilə mükəmməl səviyyədə əlaqələndirərək xalq dastanı əsasında özünün şah əsəri olan Koroğlu operasını yazır.

       Ü.Hacıbəyov, həmçinin bir neçə kantatanın, xalq çalğı alətləri orkestri üçün Çahargah və Şur fantaziyalarının, Aşıqsayağı triosunun, Şəfqət bacısı, Yaxşı yol və digər mahnıların müəllifidir. Və nəhayət, Üzeyir Hacıbəyov Nizaminin sözlərinə məşhur Sənsiz və Sevgili canan kimi inciləri bəstələmişdir. Azərbaycan Respublikasının hazırkı, eləcə də keçmiş himninin müəllifi də Üzeyirbəy Hacıbəyovdur.

       Üzeyir bəy mədəni quruculuğun daim ön sırasında yorulmadan çalışırdı. Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk ali musiqi təhsil ocağı konservatoriya (hazırkı Bakı Musiqi Akademiyası) 1921-ci ildə məhz onun səyi nəticəsində yaradılmışdır.

       Milli musiqimizin tədqiqinə son dərəcə böyük əhəmiyyət verən dahi bəstəkar 1927-ci ildə M.Maqomayevlə birgə Azərbaycanda ilk dəfə el nəğmələrinin not yazılarını dərc etdirir.

       Azərbaycan xalqı Ü.Hacıbəyova təmiz qəlbli, yüksək mənəviyyatlı, təvəzökar və xeyirxah bir insan kimi xüsusi məhəbbət bəsləyir. Müasirlərinin söylədiklərinə görə, ikinci Dünya müharibəsi illərində Üzeyirbəy ona ayrılan xüsusi ərzaq payını daim tələbələri, dostları ilə bölüşdürər, maddi ehtiyacdan əziyyət çəkən həmkarlarına yardım edərdi.

       Üzeyir Hacıbəyov tərəfindən qoyulan bədii ənənələr indiyə kimi bəstəkarlarımız tərəfindən layiqincə davam etdirilir. Təsadüfi deyil ki, onun, böyük Üzeyir bəy Hacıbəyovun anadan olduğu gün 18 sentyabr, Azərbaycanda Musiqi günü kimi qeyd olunur.




1Irşad. 1906, 67.

2 Irşad. 1909, 186.

3 Tərəqqi. 1909, 220.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page