QARA QARAYEVIN FORTEPIANO MUSIQISININ TARIXI ZƏMINI
Nərgiz ABDULLAYEVA
Search


ÜZEYIR HACIBƏYOVUN
Gülzar MAHMUDOVA
CAHANGIR CAHANGIROVUN MAHNILARI
Leyla QULIYEVA
VASIF ADIGÖZƏLOVUN VOKAL YARADICILIĞININ MUSIQI DILININ BƏZI XÜSUSIYYƏTLƏRI
Imruz ƏFƏNDIYEVA
RƏHILƏ HƏSƏNOVANIN MÜƏLLIF ÜSLUBUNUN BƏZI XÜSUSIYYƏTLƏRI
Kəmalə ƏLƏSGƏRLI
UŞAQ XOR IFAÇILIĞININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Allahverdi XƏLƏFOV
AZƏRBAYCAN XALQ RƏQSLƏRININ NOT YAZILARI HAQQINDA
Elnarə DADAŞOVA
QARA QARAYEVIN FORTEPIANO MUSIQISININ TARIXI ZƏMINI
Nərgiz ABDULLAYEVA
ASƏF ZEYNALLININ YARADICILIĞINDA FORTEPIANO FUQALARININ INTONASIYA XÜSUSIYYƏTLƏRI
Natəvan QƏDIMOVA

 


       XXI əsrdə hər hansı bir problemin, bilavasitə Azərbaycan fortepiano musiqisinin təkamül probleminin tədqiqi dünya musiqi mədəniyyətinin tərəqqisi aspektində retrospektiv təhlil aparılmadan həyata keçirilə bilməz. Bu məsələnin kökləri dünya mədəniyyəti tarixinin dərin qatları ilə bağlıdır.

       Məlumdur ki, Şərqin, Antik dövrün ənənələrinin şimali avropa xalqlarının ənənələri ilə qovuşması nəticəsində tədricən Avropa mədəniyyəti fenomeni formalaşmışdır. Burada varislik prosesi iki yolla, bir tərəfdən Şərq (ərəb) mədəniyyəti, digər tərəfdən Antik mədəniyyətlə bağlı olaraq özünü göstərir. Ictimai, intellektual və bədii həyat parametrləri bu dövrdə ümumbəşəri sivilizasiyanın modeli kimi mühüm əhəmiyyət kəsb etdi ki, bunun da əsasında mədəniyyət tarixində avropa təmərküzləşməsi konsepsiyası yarandı və bu konsepsiyaya müvafiq təfəkkür normaları, estetik kriteriyalar hər bir incəsənət növü üçün obyektiv qanunlar kimi qəbul olundu.

       Şərqin qədim musiqi mədəniyyəti artıq X əsrdə insanın mənəvi aləminə təsir edən qüvvə kimi diqqəti cəlb edir. Məhz Şərqdə ciddi reqlamentlə ifa olunan musiqinin inkişafı prosesində professional musiqi janrları yaranmışdır. Şərqdə professional kübar sənəti sayılan musiqi improvizasiyalı monodiya xarakterini (monodiyanın əsasını müəyyən lad təşkil edərək, ifadəli melodik özəklər sistemi üzrə yaradılır) saxlayaraq, şəxsiyyətin roluna önəm verir, yəni dövrün estetik ideallarının və kanonlarının formalaşmasında şəxsiyyətin təsiri böyükdür. (Şərqdə muğamın ifası eyni zamanda onun yaradılması prosesidir və bu müddəa bu gün də öz qüvvəsində qalır).

       Hələ orta əsrlərdə Şərqdə və Qərbdə musiqi professionalizmi anlayışı bir-birindən çox fərqlənirdi (XVIII əsrdə sürətlə inkişaf edən instrumental musiqi sahəsində temperasiya ilə bağlı olan tonal sistemdə musiqi dilinin inkişafı prosesi ilə əlaqədar melodiyada, harmoniyada, stilistikada yeni cəhətlərin meydana gəlməsi bu qəbildəndir).

       Artıq XVI-XVII əsrlərdə musiqi professionallığının iki növü meydana gəlir. Lakin müxtəlif olmalarına baxmayaraq, onlar Şərq və Qərb musiqi mədəniyyəti formasiyasında ümumi köklərə malikdir.

       Əsas cəhət isə bundan ibarətdir ki, professional sənətin iki ən yüksək forması bu və ya digər janrların kanonlaşmış qanunları və fərdi sərbəstlik baxımından bir-birindən prinsipial surətdə fərqlənir.

       Şərq musiqisinin özəyini belə bir prinsip təşkil edir: hər bir yeni yaradıcılıq əsəri ənənələrə əsaslanır, yaradıcının təşəbbüsü ilə meydana gələn yeniliklər isə ənənənin variantı kimi təşəkkül tapır..

       Avropa musiqisində isə təkamül yalnız variantlıqla bağlı deyil, burada yeni şəxsiyyətlər tərəfindən yeni ənənələrin yaranması nəzərdə tutulur. Şərq musiqisi üçün kanona çevrilmiş ənənə, XVII əsr Avropa professional musiqisində özül əhəmiyyəti kəsb edir ki, hər bir yeni gələn dövr onun əsasında öz yeni yaradıcılıq qanunqaydalarını qurur.

       XIX əsrin əvvəllərindən isə avropa təmərküzləşməsi təmayüllərinin dəyişməsini və bunun nəticəsində avropa musiqiçilərinin Şərqə marağının artdığını müşahidə edə bilərik. Düzdür, bu maraq əvvəlcə zahiri cəhətlərlə əlaqədar idisə sonra daha dərin qatlarla bağlı olub, yenilik axtarışlarının təzahürü kimi özünü büruzə verirdi.

       Avropa ənənələrinin Şərq təfəkkürü ilə qovuşdurulmasını Bax, Motsart, Bethoven, Şopen, Bize, Debüssi, Qlinka, Rimski-Korsakov, Musorqski kimi sənətkarların yaradıcılığında görürük. Lakin bu qovuşma XX əsrin əvvəlində əks təsirlə nəticələndi və Şərqin avropa mədəniyyətinə qarşılıqlı maraqlarına səbəb oldu.

       Beləliklə, qədim dövrlərdən mövcud olan qarşılıqlı zənginləşmə ənənəsi musiqi mədəniyyətində hadisələrin dialektik təbii axarını şərtləndirdi. Buna görə də Şərqin qədim musiqi mədəniyyətinin nümayəndələri olan Azərbaycan musiqiçilərinin XX əsrin əvvəlində avropa musiqisi xəzinəsinə müraciətini tamamilə məntiqi bir hadisə hesab etmək olar ki, bu da bizə məlum olan yüksək səviyyəli əsərlərlə nəticələnmişdir. Bu prosesi zamanın çağırışı kimi də qiymətləndirmək olar, çünki, bu, yeniləşmə tələb edən bir dövr idi və bu zaman yeni, hələ keçilməmiş yollar axtarmaq bir tələbata çevrilmişdi. XX əsrin ortalarında qərbi avropa musiqisində tərəqqi geniş hüdudlar kəsb etmişdi. Musiqi yaradıcılığının müxtəlif aspektlərində yenilik axtarışları avropa musiqiçilərini keyfiyyətcə yeni və ya yenilənmiş nəticələrə gətirib çıxarmışdı. Təbiidir ki, Azərbaycanda da əsrin əvvəlində inteqrasiya zərurəti, dünya musiqi mədəniyyətinin nailiyyətlərinə çatmaq meyli yaranmışdı.

       Məlum olduğu kimi, tarixin dönümlü məqamlarında zaman elə bir şəxsiyyət yaradır ki, o, incəsənətin axarını öz seçdiyi yola yönəldərək, inkişaf etdirir. Azərbaycanda belə şəxsiyyət Üzeyir Hacıbəyov oldu və ondan sonra gələn nəsillər, ilk növbədə isə Qara Qarayev onun yolunu davam etdirdi.

       Yuxarıda qeyd etdiyimiz müddəalara əsaslanaraq, XX əsrdə Azərbaycan musiqiçilərinin keçdiyi yolu izləmək istərdik. XX əsrdə meydana gələn Azərbaycanın yeni istedadlı şəxsiyyətləri tarixən zəngin bədii irsin varisləri olub, folklor və şifahi ənənəli professional musiqi (aşıq yaradıcılığı və muğam sənəti) irsinə yiyələnərək, musiqi sənətinin təkamülünü davam etdirmişlər. Onlar xalqın musiqi mədəniyyətinin qızıl fonduna əsaslanaraq yeni formalı əsərlər yaratmışlar, dialektik qanunlara söykənərək, milli musiqini dünya bədii yaradıcılığı səviyyəsinə yüksəltmişlər.

       Ötüb keçən XX əsrin musiqi sənətindəki təkamül prosesinə retrospektiv baxış, avropa musiqi irsində müəyyən cəhətlərin izahı tədqiqatımızda qarşıya qoyulmuş məqsədin açılması üçün zəruridir. Bu da birim araşdırmalarımızın istiqamətini müəyyənləşdirərək, diqqətimizin konkret bir aspektdə cəmləşdirilməsinə, bilavasitə Azərbaycan fortepiano musiqisinin təşəkkül prosesi və onun perspektivli təmayüllərinin, sonrakı inkişaf yollarının öyrənilməsinə rəvac verdi.

       Qara Qarayevin ilk fortepiano əsəri 1937-ci ilə aiddir. Biz bu əsərə qədərki yolu, bəstəkarın təfəkkürünün qaynaqlarını, dünya miqyasında və Azərbaycanda fortepiano musiqisinin yaranması zəminini ümumiləşdirməyə çalışaq. Bu baxımdan XX əsrin əvvəllərinə ekskurs etməyimiz məqsədəuyğun olardı, çünki milli professional bəstəkar yaradıcılığının ilk nümunələri məhz bu dövrə aiddir. Eyni zamanda, əsrin əvvəlində Azərbaycanda gedən prosesləri dünya fortepiano musiqisinin inkişaf prosesindəki səciyyəvi təmayüllərlə qarşılaşdırmağa cəhd göstərək..

       Məlumdur ki, Ü.Hacıbəyov dühası ilə şifahi ənənəli Azərbaycan musiqisinin perspektivli xüsusiyyətlərinə əsaslanaraq, professional yaradıcılıq keyfiyyətcə yeni pilləyə yüksəlmişdir. Məhz onun dühası ilə milli musiqinin çoxəsrlik ənənələri Avropa musiqi mədəniyyətinin dünya miqyaslı nailiyyətləri ilə qovuşdurulmuşdur. Bunun nəticəsində Leyli və Məcnun operası, Arşın mal alan musiqili komediyası, Koroğlu operası, Sənsiz və Sevgili canan vokal inciləri, instrumental əsərlər (Aşıqsayağı triosu, xalq çalğı alətləri orkestri üçün fantaziyalar və s. nadir sənət nümunələri, şah əsərlər meydana gəldi).



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page