XƏYYAM MIRZƏZADƏ DÜNYAMIZ VƏ MUSIQIMIZ HAQQINDA
Materialı hazırladı: Cəmilə HƏSƏNOVA
Search


ÖMRÜN MƏNASI
Inna PAZIÇEVA (Tərcümə edən - Şəhla MAHMUDOVA)
XƏYYAM MIRZƏZADƏ DÜNYAMIZ VƏ MUSIQIMIZ HAQQINDA
Materialı hazırladı: Cəmilə HƏSƏNOVA
NƏĞMƏ DOLU BIR ÜRƏK
Həcər BABAYEVA

 


Azərbaycanın xalq artisti, Dövlət mükafatları laureatı, görkəmli bəstəkar və pedaqoq, professor Xəyyam Mirzəzadənin 70 yaşı tamam olur. Təbii ki, yubiley ərəfəsində sənətkarların yaradıcılığına daha artıq diqqət yetirilir. Düzdür, Xəyyam Mirzəzadə həmişə diqqət mərkəzində olan, sayılıb-seçilən bəstəkardır. Lakin sənətkarların yubileyini portret - oçerklərlə, yaradıcılığına həsr olunmuş məqalələrlə qeyd etmək jurnalımızda bir adət halını almışdır.

Bütün ömrü boyu stereotiplərdən uzaq olmağa çalışan Xəyyam müəllim yubiley məqaləsindən imtina edərək, daha orijinal forma musiqişünaslarla söhbət (müsahibə yox!) aparmağı təklif etdi. Xəyyam müəllimin həmsöhbətləri isə Bakı Musiqi Akademiyasının professorları Solmaz Qasımova və Ülviyyə Imanova, dosentlər Aida Hüseynova və Cəmilə Həsənova oldu.

Diqqətinizə təqdim olunan bu yazı həmin söhbət əsasında hazırlanmışdır. Doğrudur, suallarımız sonsuz sayda idi. Lakin, ilk növbədə, Xəyyam müəllimin fikirlərini dinləməyi üstün tutduq.

Musiqi sənətinin, yaradıcılığın ən yüksək zirvələrini fəth etmiş, ömrünün kamillik dövrünü yaşayan bəstəkar həmişə sənətdə özünəməxsus dəst-xəttilə seçilmişdir. Ustad sənətkar həm də müasir təfəkkürə, geniş dünyagörüşünə, dərin intellektə malik bir şəxsiyyətdir. Əsərləri Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda, dünyanın bir çox ölkələrində tanınan Xəyyam Mirzəzadənin hər bir məsələyə orijinal münasibəti, öz həyat görümü, sənətə fərdi baxışları vardır.

Bu yazıda əks olunan fikirlər musiqimizin gələcəyini düşünən, bu günkü durumundan narahat olan bir sənətkarın fikirləri, mülahizələridir. Bu yazını Xəyyam Mirzəzadənin dünyamız, həyatımız, mədəniyyətimiz, musiqimiz haqqında, nəhayət, özü və yaradıcılığı haqqında düşüncələri də adlandırmaq olar.

Söhbətimiz isə, Xəyyam müəllimin sözlərilə desək, rapsodiyasayağı alındı. Elə ilk sözə başlayan və söhbəti maraqlı məcraya yönəldən də o oldu.

Xəyyam Mirzəzadə: Mən istərdim ki, siz mənə müxtəlif suallar verəsiniz: həyati, fəlsəfi, məişətlə bağlı və s. Mən onların hamısına cavab verməyə hazıram. Bizim söhbətimiz siyasi xarakter almamalıdır, çünki mən siyasətlə məşğul olmuram. Söhbətimiz yalnız bizim işimizə, yaradıcılığa, ifaçılığa, musiqişünaslığa aid ola bilər.

C.H.: Bəlkə elə öncə musiqişünaslıqla bağlı fikirlərinizi bizimlə bölüşəsiniz?

X.M.: Musiqişünaslıq bizim yaradıcılığımızı hərəkətə gətirən elm rolunda çıxış edir. Musiqi elmi janrların inkişafına, maraqlı məqamların inkişafına yardım etməlidir. Bu, çox vacibdir.

Məni həmişə təəccübləndirir ki, necə olur, illər boyu heç bir konsertə gəlməyən adamlar musiqidən müharizə oxuyurlar?! Hətta keçən əsrlərin musiqisi ilə məşğul olan musiqişünaslar da konsertlərə getməlidir. Hətta keçmiş dövrün əsərləri də çalınırsa,onlara qulaq asmalı və zaman baxımından yenidən dəyərləndirməlidirlər. Çünki hər şey dəyişir, yeni cəhətlər, yeni təfsirlər meydana gəlir.

Azərbaycan musiqisi də bir yerdə dayanmır axı. Hətta Üzeyir Hacıbəyovun özünün də yaradıcılığında Leyli və Məcnun, Arşın mal alan, Koroğlu kimi müxtəlif səviyyəli əsərlər var. Bu, musiqiyə tamamilə müxtəlif münasibətdir.

Mən bəlkə də haqlı deyiləm, ancaq məni həyat məcbur edir ki, bütün bunlara diqqət yetirim. Nəyə görə bizdə musiqişünaslıq bu səviyyədədir? Fikir verirsiniz, hamı dissertasiya yazmağa başlayıb; özü də çox asanlıqla yazıb müdafiə edirlər. Necə ola bilər ki, xalq musiqisi haqqında dissertasiya yazasan, amma konservatoriyada avropa musiqisi, harmoniya, müasir harmoniya kursunu aparasan? Bu, mümkün deyil. Mən hesab edirəm ki, bu, musiqişünaslığımızda hal-hazırda mövcud olan böyük çatışmazlıqlardandır.

Musiqişünaslıq ifaçılıq sənətinə də təsir etməlidir. Çünki ifaçılıq sənəti bəstəkarın öz dövrünün, hisslərinin müasir dillə, müasir anlamda ifadəsidir. Məsələn, bu yaxınlarda Amerikadan yəhudi pianoçu gəlmişdi. O, Bethoveni tamamilə fərqli bir tərzdə ifa edirdi. Hamı da təəccüblənirdi ki, bu necə çalır. Və yaxud qastrola gəlmiş türk pianoçusu I.S.Baxın Çakonasını elə ifa etdi ki, mən çoxdandır bu səpkidə Çakona eşitməmişdim. Bizdə isə tamamilə başqa tərzdə çalırlar. Bizim də ayılmaq vaxtımız yetməyibmi?

C.H.: Bəs musiqi tənqidinə münasibətiniz?

X.M.: Indi ümumiyyətlə tənqid yoxdur. Qəzet və jurnallarda da tənqidi məqalələr yazılmır. Qəzet tənqidçiləri yalnız informasiya verməklə kifayətlənirlər, o da ancaq jurnalistlər. Qəzetlər qonorar vermədiklərinə görə musiqişünaslar məqalə yazmırlar. Buna görə də qəzet tənqidçiliyi aradan çıxıb. Bəlkə də elə bir vaxt gələcək ki, biz hansısa bir musiqi növünü və ya incəsənət növünü də unudacağıq?!

Tənqid yalnız səhnə arxasında, kuluarlarda var. Ancaq biz çox vaxt unuduruq ki, zaman başqadır. Tənqid inkişafa təkan verir. Lakin bu gün tənqidçi bunu etmir. Tənqidçinin başqa bir vəzifəsi də var: o, professionallığı özünüifadədən fərqləndirməli, onları müəyyən etməlidir.

A.H.: Nə üçün Siz öz əsərlərinizdə dünyanın təzadlarını qabarıq göstərirsiniz?

X.M.: Mən dünyadakı təzadları qabartmıram. Dünya elə təzadlardan ibarətdir və belə də yaranmışdır. Təzadsız, kontrastsız, ziddiyyətlər olmadan bəşəriyyət inkişaf edə bilməz. Əgər mən Ağ-qara deyil, qırmızı-sarı adlandırsaydım da heç nə dəyişməyəcəkdi. Kontrastlarsız bu dünyada yaşamaq mümkün deyil. Mübarizəsiz inkişaf yoxdur

Mənim əsərlərim obrazlı əsərlərdir. Mən obrazlara xüsusi diqqət yetirirəm. Yəni mən insanlarla danışıram, ünsiyyət yaradıram. Ancaq bunların hamısı hazırlıqlı insanlar üçün nəzərdə tutulur

Bax, indi siz burada oturmusunuz. Başqa musiqişünaslar deyil, məhz siz. Nə üçün? Çünki mən sizə böyük hörmətlə yanaşıram. Mən sizinlə ünsiyyətə ehtiyac hiss edirəm. Bir insan kimi, bir musiqiçi kimi, siz mənə daha çox şey deyə bilərsiniz, nəinki mən özüm-özümə.

C.H.: Siz deyirsiniz ki, hazırlıqlı dinləyici üçün yazırsınız. Sizə elə gəlmir ki, hazırlıqlı dinləyicinin sayı ildən-ilə azalır?

X.M.: Azalmır.

S.Q.: Formal olaraq artır.

X.M.: Hazırlıqlı dinləyici nə deməkdir? Bu, musiqiçilər arasındakı obıvatel deyil. Ancaq hazırlıqsız adamlar da var, elə musiqiçilər arasında da Adam baxır, məəttəl qalır.

S.Q.: Hər il bəstəkar, pianoçu və s. ixtisaslar üzrə məzunlarımız olur. Bəs indi əsil bəstəkar varmı? Bəs niyə biz onları eşitmirik?

X.M.: Çox vaxt bizimçün deyirlər ki, konservatoriya bəstəkarlar hazırlamır. Bu, tamamilə doğru deyil. Heç vaxt ola bilməz ki, beş bəstəkar qəbul edək və beş nəfər də əsil bəstəkar buraxaq. Əgər bir nəfər bəstəkar buraxsaq, bu, bizim qazancımız olar. Çünki elə adamlar var ki, zaman keçdikcə, musiqi yazmaqdan uzaqlaşırlar. Axı musiqi yazmaq asan məsələ deyil, bu, çox ciddi məsələdir. Buna görə özünü tamamilə musiqiyə həsr etməlisən. Bəstəkar sənəti ağır və ciddi sənətdir

S.Q.: Ancaq indi çoxlarına bəstəkarlıq diplomu lazımdır

X.M.: Buna görə də feminizasiya gedir.

Indi musiqi yazamq çox yüngül bir işə çevrilib. Indi hamı özünü bəstəkar adlandırır. Lakin məsələ ondadır ki, bəstəkar yalnız melodiya yazan deyil. Yox!

Ədəbiyyatda şairlər və qafiyədüzənlər var ki, onlar da şer yazırlar. Lakin əsil şairlə şer yazmağa çalışan adamın arasında böyük fərq var. Məgər çoxumuz uşaqlıqda şer yazmamışıq? Bəziləri elə indi də şer yazmağa meyllidir. Lakin bu, şer deyil, özünü ifadədir, yəni öz hisslərinin, fikirlərinin ifadəsidir. Şair isə insaniyyəti düşündürən məsələlərin ifadəçisidir, ümumbəşəri amalların tərənnümçüsüdür. Musiqi də belədir. Musiqi yarandığı dövrün ifadəsidir. Lakin özünüifadə evdə və ya konservatoriyanın kapustnikləri çərçivəsində ola bilər. Bu, cəmiyyət üçün deyil.

Belə bir təəccüblü cəhət də var. Kim ki, özünüifadə ilə məşğul olur, daha geniş fəaliyyət göstərir, özünü təbliğ edir. Çox yaxşı bəstəkar, təvazökar insan isə oturub musiqi yazır; ifaçı axtarır; harada ifa olunacağını fikirləşir. Ona görə ki, onun pulu yoxdur və bu günkü vəziyyətdə onun əlindən başqa heç nə gəlmir. Hansısa bir vəzifəli şəxs isə öz vəzifəsinin zəhmi ilə insanları məcbur edir ki, onun yazdıqlarını çalsınlar, oxusunlar, tamaşaya qoysunlar

Mən belə hesab edirəm ki, yaradıcı insan, ilk növbədə, yaradıcılıqla məşğul olmalıdı, sonra isə müəllimlik etməlidir. Nəyə görə sonra? Ona görə ki, musiqi yazmağa vaxtı çox olsun.

Mən bilirəm ki, vaxtilə çox məşhur bir bəstəkar I.Stravinskiyə müraciət edərək, ondan dərs almaq istəmişdi. O isə belə cavab vermişdi: Siz də mənə öyrədin ki, pulu necə qazanırlar.

Məsələn, S.Prokofyev müəllimlik etməyib, D.Şostakoviç isə çox yaxşı pedaqoq olub.

Əlbəttə ki, yaradıcı insan müəllim ola bilər. Yəni royal arxasında və ya yazı masası arxasında nə ilə məşğuldursa, onu öz tanışlarına, dostlarına, tələbələrinə aşılaya bilər. Tələbə isə onun həm dostu, həm də davamçısıdır. Mən bunu qəbul edirəm. Lakin deputat olub, musiqi və ya şer yazmağı başa düşmürəm. Özü də ortabab musiqi və ya şer. Həm də onun haqqında danışsınlar, difiramblar yazsınlar. Bu, mümkün olan şey deyil. Lakin bu, bizdə var.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page