ÖMRÜN MƏNASI
Inna PAZIÇEVA (Tərcümə edən - Şəhla MAHMUDOVA)
Search


ÖMRÜN MƏNASI
Inna PAZIÇEVA (Tərcümə edən - Şəhla MAHMUDOVA)
XƏYYAM MIRZƏZADƏ DÜNYAMIZ VƏ MUSIQIMIZ HAQQINDA
Materialı hazırladı: Cəmilə HƏSƏNOVA
NƏĞMƏ DOLU BIR ÜRƏK
Həcər BABAYEVA

 


Azərbaycanda Hacıbəyovşünaslığın təşəkkülü və inkişafı tanınmış musiqişünas alim Elmira xanım Abasovanın elmi fəaliyyətilə qırılmaz surətdə bağlıdır. Bu tədqiqatçının adı XX əsrin dahi Azərbaycan klassiki haqda musiqi elminin təşəkkül mərhələsinə aiddir. Üzeyir Hacıbəyova həsr edilmiş işlərin ən böyük hissəsi məhz E.Abasova tərəfindən yaradılmışdır ki, bunların müstəsna əhəmiyyəti vardır.

Uzun illərdən bəri E.Abasova həm milli incəsənətin ümumi panoramı fonunda, həm də daha geniş Avropa mədəniyyəti kontekstində bəstəkarın yaradıcılıq şəxsiyyətinin müxtəlif aspektlərini öyrənir, onun əsərlərini müfəssəl təhlil edərək, əsərlərinin musiqi dilinin, ideya konsepsiyasının təbiəti və xüsusiyyətlərini üzə çıxarır.

E.Abasova qəzet, jurnal, toplularda çıxmış çoxsaylı məqalələrin, dərslik və ensiklopediyalardakı bölmələrin, konfrans və elmi sessiyalarda oxunmuş məruzələrin, eləcə də müxtəlif broşür və monoqrafiyaların müəllifidir. O, Azərbaycan və rus dillərində çıxmış Üzeyir Hacıbəyov biblioqrafiyasının (1978 və 1985) redaktoru, Üzeyir Hacıbəyov irsinin Akademik nəşrinin redaksiya heyətinin üzvü, 1996-cı ildə çap olunmuş Üzeyir Hacıbəyov ensiklopediyasının redaksiya heyətinin üzvü olmuşdur. E.Abasova öz işlərində ilk dəfə olaraq Üzeyir Hacıbəyovun tarixi rolunu çox dəqiq və düzgün müəyyənləşdirərək, onu Azərbaycan bəstəkarlıq məktəbinin və bütün müasir milli musiqi mədəniyyətinin banisi kimi qiymətləndirmişdir.

Ü.Hacıbəyovun opera və musiqili komediyaları (rus dilində) və iki yubiley monoqrafiyası bəstəkarın yaradıcılığının öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

1961-ci ildə çıxmış kitabında1 Azərbaycanın musiqi elmində ilk dəfə olaraq Ü.Hacıbəyovun musiqili səhnə əsərlərinin ardıcıl və müfəssəl təhlili verilmişdir. Muğam operaları, musiqili komediyalar və Koroğlu operasının kitab müəllifi tərəfindən verilmiş təhlili iki musiqi mədəniyyəti tipi Şərq və Qərb musiqisinin yaxınlaşması baxımından Ü.Hacıbəyovun yaradıcılıq üslubunun təkamülünü bütün dolğunluğu ilə qavramağa imkan verir. Kitabda Ü.Hacıbəyovun hər əsəri bəstəkarın sənətkarlığının yeni pilləsi kimi təqdim edilir. Kitabın müəllifi bir-birinin ardınca bəstələnən əsərləri müqayisə edərək, bunların qohum xüsusiyyətlərini və eyni zamanda bədii kəşf kimi qəbul edilən yeni keyfiyyətlərini üzə çıxarır. Məsələn, iki muğam operası Leyli və Məcnun və Əsli və Kərəmi tutuşduran tədqiqatçı nəinki Ü.Hacıbəyov irsində, ümumiyyətlə, Azərbaycanın bəstəkar yaradıcılığında bunların tarixi rolunu müəyyən edir. O, haqlı olaraq qeyd edir ki, Leyli və Məcnun Azərbaycanda müasir profess ional musiqisinin inkişafı üçün çıxış nöqtəsi olmuşdur. 2 Maraqlıdır ki, E.Abasova bu əsərlərdə dahi klassikin üslubunun kristallaşması prosesini izləməyə can atır ki, bu da sonradan Koroğlu operasında mükəmməl ifadəsini tapmışdır. Məsələn, Əsli və Kərəmdə aşıq musiqisi üslubunda yazının hazırlanmasından danışarkən müəllif qeyd edir ki, Koroğluda bəstəkar aşıq musiqisinin intonasiya quruluşunu klassik opera üslubunadək inkişaf etdirmişdir. 3 Başqa bir nümunə Ü.Hacıbəyovun ilk dəfə Arşın mal alanda istifadə etdiyi lad modulyasiyaları Koroğluda mühüm dinamik inkişaf vasitələrindən birinə çevrilmişdir. 4

Bu işdə Ü.Hacıbəyovun əsərlərinin sistematik tədqiqi prosesində əsərlərin yaranma tarixi və səhnə taleyilə bağlı məsələlərə toxunulur, obrazların ifaçı təfsiri və müxtəlif redaktor yanaşması səciyyələndirilir, ədəbi mənbə ilə fərqli cəhətləri müəyyən edilir. E.Abasova bu əsərlərin dramaturgiyasının xüsusiyyətlərini müəyyənləşdirir, bunlardakı leytmotiv sistemini açıqlayır. O, hər bir obrazın inkişafını izləyərək, intonasiya təbiətini aşkara çıxarır. Məsələn, Koroğlu operasında yalnız bir qəhrəmanın deyil, personajlar qrupunun musiqi səciyyəsindəki intonasiya əlaqələri üzə çıxarılır. Söhbət müsbət qəhrəmanların partiyasındakı intonasiya komplekslərinin fasiləsiz inkişafından gedir ki, müəllif bunları qəhrəmanlıq motivi adlandırır.

Intervallardan tutmuş musiqi formasınadək musiqinin bütün elementlərinin təhlilinə əsaslanaraq E.Abasova Ü.Hacıbəyovun yaradıcılıq nailiyyətlərinin əhəmiyyətini, onun musiqi ifadəsinin bütün sahələrinə gətirdiklərini üzə çıxarmış və Koroğlu operasında əldə olunmuş ideya qayəsi ilə bədii hadisənin kamilliyini göstərmişdir.

Bəstəkarın 90 illiyilə əlamətdar olan 1975-ci ildə E.Abasovanın ikinci kitabı nəşr edilir ki, burada Ü.Hacıbəyovun həyat və yaradıcılığının bütün mərhələləri xronoloji ardıcıllıqla işıqlandırılır. 5 Burada tarixi faktlar barədə məlumatlar və bəstəkarın başlıca əsərlərinin təhlili verilir.

Ü.Hacıbəyovun 100 illiyinə həsr olunmuş ikinci monoqrafiya dahi sənətkarın tarixi missiyası, onun yaradıcılıq kəşflərinin əhəmiyyəti barədə düşüncələrin nəticəsi oldu. 6 Bəstəkar haqda ədəbiyyatdan və öz işlərindən istifadə edərək, E.Abasova əvvəlki mülahizələrini xeyli zənginləşdirir və dərinləşdirir, həmçinin yeni fikirlər irəli sürür. Bunu da qeyd etmək vacibdir ki, Ü.Hacıbəyovun əhəmiyyəti milli mədəniyyət çərçivəsindən daha geniş dünya musiqisi miqyasında təqdim edilir. Bu baxımdan müəllif maraqlı faktoloji materiallar cəlb etməklə bəstəkarın ayrı-ayrı əsərlərini yeni mövqedən səciyyələndirir.

Sənətkarın həyat və yaradıcılıq yolundan bəhs edən fəsillərdə çoxlu faktoloji materialdan istifadə edilir. Istedadlı bəstəkar, nəzəriyyəçi alim və folklorşünas, maarifçi-pedaqoq, ədib-dramaturq və publisist, ictimai xadim Ü.Hacıbəyovun çoxcəhətli şəxsiyyəti oxucu qarşısında bütün dolğunluğu ilə açılır. E.Abasova sənətkarın ədəbi-publisistik işlərini araşdıraraq, Ü.Hacıbəyovun estetik görüşlərinin formalaşmasında bunların əhəmiyyətini qeyd edir. Müəllif Şərqdə ilk musiqi teatrının, ilk xor kollektivinin və xalq çalğı alətlərindən ibarət notlu orkestrin yaradılmasında bəstəkarın tarixi rolunu vurğulayır. O, bir çox ictimai tədbirlərin 1928-ci ildə aşıqların ilk qurultayının, 1938-ci ildə Moskvada Azərbaycan musiqisi dekadasının, 1944-cü ildə Tbilisidə Zaqafqaziya musiqisi dekadasının və s. hazırlanması və keçirilməsində Ü.Hacıbəyovun təşəbbüskarlığını qeyd edir. Müəllif, respublikada professional musiqi təhsili sahəsində bir sıra tədris müəssisələrinin, o cümlədən Azərbaycan Dövlət Konservatoriyasının açılmasında Ü.Hacıbəyovun əsas rolunu qeyd edir. Bir sözlə, kitabın səhifələrində bu görkəmli şəxsiyyətin fəaliyyət göstərdiyi bütün sahələr səciyyələndirilir.




1 Abasova G. Operı i muzıkalğnıe komedii U.Qadcibekova. Baku, 1961

2 Yenə orada, s. 62

3 Yenə orada, s. 148

4 Yenə orada, s. 172

5 Abasova G. Uzeir Qadcibekov. Baku, 1975

6 Abasova G. Uzeir Qadcibekov. Putğ cizni i tvorçestva. Baku, 1985


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page