ÌÓÑÈÃÈ ÒÀÐÈÕÈ
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA
Search

ÌÓÑÈÃÈ ÒÀÐÈÕÈ
MILLI BƏSTƏKARLIQ MƏKTƏBININ TARIXINƏ DAIR
Alla BAYRAMOVA
KÖHNƏ BAKININ " MÜSƏLMAN GECƏLƏRI"
Nuridə ISMAYILZADƏ
XX ƏSRIN ƏVVƏLƏRINDƏ AZƏRBAYCANDA MUSIQI TƏNQIDI
Fərəh ƏLIYEVA
ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA

 


       Müsabiqənin II turuna yalnız 14 mahnı ( Azərbaycan dilində-11, rus dilində-3) vəsiqə alır. Azərbaycan Dövlət Konservatoriyasında geniş ictimaiyyətin iştirakı ilə keçən II turdan sonra səsvermənin nəticələrinə əsasən münsiflər heyəti aşağıdakı bəstəkar və şairləri mükafatlara layiq görür: I mükafat heç kimə verilmir; II mükafat bəstəkar Səid Rüstəmov və şair Zeynal Cabbarzadəyə - «Sürəyya» mahnısına görə; III mükafata isə şair Novrüz Gəncəlinin şeirinə yazılmış iki mahnı - Cahangir Cahangirovun «Mərdlik nəğməsi» və Ibrahim Məmmədovun «Iş mahnısı» layiq görülür. 8 Müsabiqədə yer almayan bəzi mahnılar da tez bir zamanda məşhurlaşır və zənnimizcə, Azərbaycanda kütləvi mahnı janrının inkişafında və milli musiqidə sonralar da çox sevilən və populyar olan Bakı mövzusunun özünəməxsus yer tutmasında bu müsabiqənin xüsusi əhəmiyyəti olmuşdur.

       1948-ci ilin sonunda məlum partiya qərarlarına cavab olaraq bir sıra görülən işlərə yekun vurulmağa başlandı. SSRI Bəstəkarlar Ittifaqının baş katibi - T.N.Xrennikovun Bakıya göndərdiyi 24.IX.1948-ci il tarixli məktubunda xəbər verilir ki, Moskada, 1948-ci il 10 fevral qərarının ilk yekunlarına həsr olunmuş Idarə heyətinin Plenumu keçiriləcək və katibliyin nümayəndələri Plenuma əsər seçmək üçün Bakıya gələcəklər. 9

       1948-cu ilin dekabr ayında isə Azərbaycan bəstəkarlarının nümayəndə heyəti SSRI Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Plenumunda iştirak edir. Dinlənilən əsərlərin miqyasına görə bu plenum çox sanballı tədbir idi: burada 100 bəstəkarın 150 əsəri, o cümlədən Fikrət Əmirovun «Şur» və «Kürd-Ovşarı» simfonik muğamları və Süleyman Ələsgərovun Simfoniyası səslənmişdi. F.Əmirovun simfonik muğamları Plenumun ən yaxşı əsərlərindən biri kimi yüksək qiymətləndirilmişdi. Bu Plenumda xüsusilə kəskin qoyulan problem - yeni operaların, bu janrda müasirliklə səsləşən əsərlərin yaradılması idi. Maraqlıdır ki, Plenumda ifa edilən yeganə opera parçası - Ü.Hacıbəyovun natamam «Firuzə» operasından eyniadlı ariya olmuşdu.

       1949-cu il aprelin 20-dən 28-nə kimi Moskvada tələbə-bəstəkarların yaradıcılığına Ümumittifaq baxışı keçirildi. SSRI-də mövcud olan 22 konservatoriyadan 17-sinin tələbələri, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Cahangir Cahangirov və Andrey Babayev bu baxışda iştirak etmişdilər. Konsertlərdə Ə.Hüseynzadənin Puşkinin sözlərinə «Qızıl gül» və Ş.Axundovanın «Gül» romansları, habelə Ş.Axundovanın «Mərdlik nəğməsi», A.Babayevin Triosu və C.Cahangirovun Skripka və piano üçün Sonatası ifa olunmuşdu. Ümumittifaq baxışda səslənən 150 əsərdən yalnız 50-si iki yekun konsertlərinin proqramlarına salınmış və çox əlamətdardır ki, buraya Ş.Axundova və C.Cahangirovun da əsərləri düşmüşdü.

       1949-cu il mayın 9-da Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin II Plenumu keçirildi və bu Plenumda partiya qərarlarının icrası ilə bağlı görülən işlər, yazılmış əsərlər, habelə nöqsanlar və çatışmazlıqlar barədə geniş fikir mübadiləsi oldu. Plenumu giriş sözü ilə, onun işinə sədrlik edən bəstəkar Səid Rüstəmov açdı. Bu plenum Ü.Hacıbəyovun vəfatından sonra keçirilən ilk böyük tədbir olduğu üçün iştirakçılar əvvəlcə onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan bəstəkarlarının bir il ərzində gördüyü işlər barədə müfəssəl hesabat məruzəsi ilə Qara Qarayev çıxış etdi. 10 Məruzənin ümumi tonu, siyasi yönümü I Plenumda (1948, mart) oxunmuş məruzə ilə səsləşirdi: hər iki plenumun məlum partiya qərarlarından təkanlandığını nəzərə alsaq, bu oxşarlığın səbəbi aydınlaşar. Məruzədə ən çox diqqəti çəkən məqam isə Ittifaqın bir il ərzindəki son dərəcə intensiv iş rejimi oldu. Iki məsləhət komissiyasının (opera, simfonik, kame ra, xor musiqisi və kütləvi janrlar, xalq musiqisi komissiyalarının) ümumilikdə 26 iclası keçirilmiş və 80 əsər dinlənilib müzakirə edilmişdi. Bu əsərlərin 12-si qəbul olunmamışdı. Məsləhət komissiyasının müsbət rəyini almış əsərlər isə ictimaiyyətin iştirakı ilə keçirilmiş 17 ümumi dinləmədə safçürük edilmişdi. Bundan başqa, il ərzində Idarə heyətinin 12 iclası və 5 ümumi toplantısının baş tutması da vurğulanırdı.

       Hesabat məruzəsində ən kəskin tənqidə düçar olmuş sahə - tənqid bölməsinin işi idi. Qarayev musiqişünasları çox passiv mövqe tutmaqda - «susmaqda» günahlandırmışdı. Bölmənin sədri D.X.Danilovun işi qeyri-qənaətbəxş hesab edildi: «Öz qınına girib, elmi işlə məşğul olduqlarını bəhanə gətirən musiqişünaslar özlərini musiqi həyatından təcrid etmiş, çox nadir hallarda, təsadüfdən-təsadüfə özlərini işə vermişlər. Bu cür «susanların» arasında Eldarova və Ismayılov da vardır. Prinsipial «susanlardan» biri də N.S.Çumakovdur ki, o, bütövlükdə Konservatoriyada məşğulluğunu bəhanə gətirərək, Ittifaqın işindən tamamilə yayınıb.» 11 Bir faktı qeyd edək ki, bu cür təzyiqlərə tab gətirməyən N.S.Çumakov 1949-cu ilin əvvəlində öz xahişi ilə Idarə Heyətindən, 1951-ci il martın 21-də isə öz ərizəsi ilə Bəstəkarlar Ittifaqının sıralarından çıxarılmışdır. 12

       N.S.Çumakovun sonuncu hərəkəti ümumiyyətlə böyük qalmaqala səbəb olmuş, digər üzvlər onu bu yoldan çəkindirməyə çalışsalar da, o, öz qərarından dönməmiş və beləliklə Bəstəkarlar Ittifaqının tarixinə onun sıralarını öz ərizəsi ilə, könüllü surətdə tərk etmiş yeganə üzv kimi daxil olmuşdur.

       Plenumda seçilmiş yeni tərkibli Idarə heyəti təşkilati məsələlərə də baxdı. Q.Qarayevin təklifi ilə Idarə heyətinin sədri vəzifəsinə bəstəkar S.Rüstəmov seçildi. Daha sonra Q.Qarayevin Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunmasını və pedaqoji işini nəzərə alıb Idarə Heyəti onun işini yüksək qiymətləndirərək, Bəstəkarlar Ittifaqının məsul katibliyindən azad etdi və həmin vəzifəyə B.Zeydmanı layiq gördü. Iclasda yaradıcı komissiyalar təsdiq edildi: opera, simfonik və kamera musiqisi üzrə – B.Zeydman, F.Əmirov, C.Hacıyev; kütləvi janrlar və xalq musiqisi üzrə – S.Ələsgərov, S.Hacıbəyov, C.Cahangirov; mədəni-kütləvi iş üzrə – Ə.Bədəlbəyli, Z.Stelnik, C.Paşayev. 13

       1949-cu ildə respublikanın mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən bir tədbir – respublika bəstəkarlarının yaradıcılığına baxış keçirildi. Bu baxış, 1944-cü ildə Tbilisidə keçmiş analoji tədbirdən sonra, Azərbaycan bəstəkarlarının yaradıcılığını hərtərəfli, bütün janrlarda və rəngarəngliyi ilə əks etdirən ən böyük tədbir idi. Qeyd edək ki, əvvəlcə Bakıda, SSRI Nazirlər Kabineti Incəsənət Işləri üzrə Idarənin qərarına əsasən, hər üç Zaqafqaziya respublikasının iştirakı ilə ümumi baxış keçirmək planlaşdırılmışdı. Baxışın əsas məqsədi 1948-ci il partiya qərarından sonra Zaqafqaziya bəstəkarlarının yaradıcılıq nailiyyətlərini göstərmək idi və tədbirin 10 gün davam etməsi nəzərdə tutulurdu. Lakin hazırlıq vaxtının az olmasını (belə ki, baxışda seçilən əsərlər artıq 1949-cu ilin noyabrında SSRI Bəstəkarlar Ittifaqının III Plenumunda ifa edilməli idi), habelə hər respublikanın öz ifaçıları ilə iştirak etmək istəyini və imkanını nəzərə alaraq, ayrıca baxışların keçirilm əsi qərara alınır.




8 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.24, v.38-46.

9 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.23, v.61.

10 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.44, v. 13-38.

11 Oradaca, v.36.

12 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.36, v.26.

13 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.26, v.17.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page