MILLI BƏSTƏKARLIQ MƏKTƏBININ TARIXINƏ DAIR
Alla BAYRAMOVA
Search


MILLI BƏSTƏKARLIQ MƏKTƏBININ TARIXINƏ DAIR
Alla BAYRAMOVA
KÖHNƏ BAKININ " MÜSƏLMAN GECƏLƏRI"
Nuridə ISMAYILZADƏ
XX ƏSRIN ƏVVƏLƏRINDƏ AZƏRBAYCANDA MUSIQI TƏNQIDI
Fərəh ƏLIYEVA
ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA

 


       Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yeni, növbəti not nəşri işıq üzü görmüşdür. Bu nəşr milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuşdur. Muzeyin fondunda saxlanılan not əlyazmaları ilə iş zamanı Azərbaycan bəstəkarlarının bir sıra əsərləri aşkar edilmişdir. Bu əsərlər heç vaxt nəşr və ifa olunmamış və ya onların tamaşaçı qarşısında ifası bir neçə onillik bundan əvvəl olmuş, sonralar səsləndirilməmişdir. Əvvəllər artıq məlumat verilmişdir ki, 1 yazılma tarixindən keçən yarım əsrlik müddətdən sonra ilk dəfə səsləndirilmiş Niyazinin (1912-1984) fortepiano üçün pyesləri ilk muzey tapıntıları olmuşdur. 2005-ci ildə həmin pyeslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə muzey tərəfindən nəşr olunmuşdur. Məcmuə haqqında çox müsbət rəylər söylənilmişdir. Mədəniyyət Naziri, professor Polad Bülbüloğlu görülmüş işə görə muzey işçilərini tərifləmiş, qeyd etmişdir ki, nəşr olunmu ş əsərlər illərlə yaşayacaq, musiqi məktəblərinə veriləcək, səsləndiriləcək, gələcək nəsillərə Maestronun yaradıcılığını daha çox və yaxşı bilməyə kömək edəcəkdir. Məcmuənin poliqrafiya və tərtibatı işinin də xüsusiliyi qeyd olundu. Təqdimatda Bakı Musiqi Akademiyasının rektoru, Professor Fərhad Bədəlbəyli belə bir fikir söylədi: "Belə nəfis şəkildə not kitabı çoxdan olmamışdır. Bu məcmuə diqqəti o dəqiqə cəlb edir. Çox yüksək səviyyədə, aydın şəkildə çap olunmuşdur. Bəzi not nəşrlərini oxumaq çətin olur. Bu nəşrdə isə notlar çox aydın çap olunub. Bu tarixi bir işdir. Notlar konservatoriyalara, kitabxanalara hədiyyə kimi mütləq veriləcəkdir. Çünki bu lazımdır. Yaxşı ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yaşayır".

       Yarım il keçməmiş Mədəniyyət Nazirliyinin köməyi ilə nəşr olunmuş məcmuə işıq üzü gördü. Bu nəşrlə muzey müəllif not əlyazmalarının yayılması ilə Azərbaycan musiqi sənətinin təbliği işini davam etdirir.Məcmuəyə 1930-cu illərin ortalarından, 1960-cı illərin ortalarınadək olan dövrdə 5 Azərbaycan musiqiçilərinin əsərləri daxil edilmişdir. Cövdət Hacıyevin (1917-2002) 1934-cü ildə professor Leopold Moriseviç Rudolfun sinifinin tələbəsi olarkən yazdığı 4 prelüdlə başlayan məcmuə müəllifin 24 prelüd silsiləsinin 1,4,22 və 24 saylarına uyğun gəlir. "Təhsilinin Bakı dövründə C. Hacıyevin yazdığı... bu əsərlərdən onun fortepiano üçün 24 prelüdünü mütləq qeyd etmək lazımdır. Bunlardan bəziləri Bakı Qızıl Ordu evində konsertlərdə müvəffəqiyyətlə ifa edilmişdir" 2. T. Seyidov öz kitabında qeyd edir ki, gənc bəstəkarın 24 prelüd silsiləsinin tonal düzülüşündə müəllifin Şopenin məlum məcmuəsinə istinad etdiyi növbəti işi (konservatoriya miqya sında) əhəmiyyətli olmuşdur. Bu pyeslər tədris çərçivəsindən çıxmış, hətta açıq konsert səhnələrində ifa edilmişdir. Bununla belə o illərin fortepiano təcrübələrini, əlbəttə ki, gənc bəstəkarın ilk qələm təcrübəsinə aid etmək olar 3.

       70 ildən sonra prelüd silsiləsindən 4 prelüd Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində virtuoz pianoçu, ənənəvi olaraq bütün muzey tapıntılarının ilk ifaçısı və gözəl interpretatoru, Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyovanın ifasında səslənmişdir. O, eyni zamanda bu əsərlərdən bəzilərini redaktə etmişdir.

       Soltan Hacıbəyovun (1919-1974) prelüdü də gələcək məşhur bəstəkarın ilk qələm təcrübəsidir. Məcmuədə təqdim olunmuş Qara Qarayevin (1918-1982) əsərləri isə müəllifin tələbəlik illərindən Azərbaycan bəstəkarlıq məktəbinin korifeyi olanadək 25 illik dövrü əhatə edir. 1940-cı ildə yazılmış 1hissəli sonatina Q.Qarayevin əsərlərinin siyahısında L. Karagiçeva4 və D. Person5 tərəfindən əlyazması kimi qeyd olunur. (Düzdür, Person səhv olaraq 1hissəli sonatinanı sonatinadan 1hissə kimi qeyd etmişdir. O dövrdə muzeydə saxlanılan müəllif əlyazmaları bunun əksini göstərir). Musiqişünaslıq ədəbiyyatında həmçinin 1964-cü ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının tamaşası olan "Antoni və Kleopatra" faciəsi üçün yazılmış musiqi öz əksini tapmışdır. Bu musiqidən muzeydə saxlanılan müəllif klavirinin fraqmenti olan Məhəbbət mövzusu məcmuəyə daxil edilmişdir. Q. Qarayevin digər üç əsərinə gəldikdə isə on lar haqqında musiqişünaslıq ədəbiyyatında heç bir məlumat yoxdur. Q. Qarayevin oğlu F. Qarayevin qeyd etdiyinə görə "Andante, sempreru-bato" tempində yazılan adsız pyes Qarayevlər ailəsində "Eskiz" kimi məlum idi. Bu pyes muzeydə saxlanılan 2 caz konsertinin tamamlanmamış əlyazmaları ilə bərabər Q. Qarayevin 1960-cı illərdə caza marağını sübut edir. Digər əsər bizim tərəfimizdən şərti olaraq "Yürüş" (Şestvie) adlandırılmışdır. "Gənclik marşı" (1956) müəllif əlyazmasına uyğun olaraq 3 not sətrində veril-mişdir.

       Məcmuəni Azərbaycan musiqiçilərinin 2 əsəri bitirir. Gənc Polad Bülbüloğlu (1945, anadan olduğu il) "Skertso"nu Q. Qarayevin bəstəkarlıq sinfində I kurs tələbəsi olarkən yazmışdır6. Həmin illərdə bu əsərin əlyazması müəllif tərəfindən pianoçu Arzu Ələsgərova ifa üçün təqdim olunmuşdur. Uzun illər Ələsgərovların evində saxlanılan bu əsər Arzunun atası bəstəkar Süleyman Ələsgərovun arxiv materialları ilə birgə muzeyə verilmişdir.

       Məcmuəyə daxil olan sonuncu əsərin müəllifi pianoçu Fərhad Bədəlbəylidir (1947, anadan olduğu il). O, bu əsəri 18 yaşında yazmışdır. Niyaziyə həsr edilmiş bu əsərin əlyazması Maestronun mənzil muzeyi yaradılarkən 1990-cı illərdə muzey əməkdaşları tərəfindən aşkar edilmişdir.

       Həyatdan köçmüş bəstəkarların bəzi qohumları və yaxınları gələcəkdə məşhur olmuş bəstəkarların naməlum not əlyazmalarının yayılmasına bir az şübhə ilə yanaşdıqlarını söylədilər. Onlar ehtimal edirdilər ki, nəşr olunmayan əsərlər müəllif tərəfindən ya zəif hesab edilib, ya da buna başqa bir səbəb olub.

       Əgər bəstəkar bunu etməyibsə, demək onların geniş yayılması nəzərdə tutulmayıbsa, indi bunu etmək lazım deyil. Buna etiraz edə bilərlər. (Məqalənin müəllifi artıq naməlum musiqi əsərlərinin yayılmasının elmi əsaslarının təsdiqinə əsaslanmış və bu problemin aktuallığına ictimaiyyətin diqqətini cəlb etmişdir7,8).

       Birinci, çap olunmamış əlyazmaları yarım əsrlərlə bəstəkarların arxivlərində saxlanılmış, lakin məhv edilməmişdir. Gələcəkdə məşhurlaşanda onların yaradıcılıqlarından yazan musiqişünaslara bu əsərlər haqqında məlumat verilmişdir. Bununla ehtimal edilir ki, əsərlərin çap olunmamasının başqa səbəbləri ola bilərdi. Ola bilsin ki, müəlliflərin əsərlərinin ictimaiyyətə çatdırılmamasının səbəblərindən biri tamaşaçı, münsiflər heyəti, bədii şura, kollegiyalar və s. tərəfindən giymətləndirilməməsi təhlükəsi idi. Məgər ədəbiyyat və incəsənət tarixində az belə əsərlər yazılıb ki, münsiflər heyəti, partiya və hökümət tərəfindən brak edilmiş, ancaq rəflərdə qalmışdır? (Məsələn: E.Monenin "Çəmənlikdə səhər yeməyi" əsəri ilə impressionizm başlamış, indi bu əsər Luvrda saxlanılır).

       O dövrlərə aid muzeydə saxlanılan çap olunmamış əsərlərə gəlincə ÜK (B) PMK-nın V.Muradelinin "Böyük dostluq" operası haqqında qərarı və A.A. Jdanovun ÜK (B) PMK-nın musiqi xadimlərinin müşavirəsində çıxışını, 1948-ci ildə sovet mətbuatında bu çıxışlara münasibəti yada salmaq yetərlidir. Bu mövzuya aid materiallar bəstəkarlar tərəfindən "Pravda" qəzetindən kəsilmiş, ömürboyu saxladıqları qəzet kəsiklərini başqa arxiv materialları ilə birlikdə muzeyə təhvil verilmişdir. Belə arxivlərdən bəstəkar Moisey Vanşteynin arxivini xüsusi qeyd etmək olar. Bu qəzet kəsiklərində formalizmin ünvanına nə qədər barışmaz tənqidlər, bir çox sovet ziyalılarına onun burjua təsirini ifadə edən təhdidedici tənqidlər vardır9. Ayrı-ayrı əsərlər və bəstəkarlar, onların zərərli dissonanslığa, atonanllığa və s. aludə olmaları, bütöv təşkilatların fəaliyyəti tənqid atəşinə tutulurdu: "Keçmiş ittifaqın təşkilat komitəsinin sovet musiqisinin tər əqqisini ləngidən sovet bəstəkarlarının fəaliyyəti" qurultay nümayəndələrinin çıxışlarında kəskin tənqid olunmuşdur. Həmçinin öz işlərində formalizm istiqamətinin üstünlük təşkil etdiyi bəstəkarların fəaliyyət göstərdiyi Muzqiz, Muzfond və filarmoniya kəskin tənqid atəşinə məruz qalmışdır: "pozucu və düşkünlük ifadəsi olan formalizm boynundan elə vurulmalıdır ki, bir də heç vaxt başını qaldırmasın" 10. Musiqiçilərə nəinki bədnam formalizmə görə, həm də milli səhvlərə, musiqi mədəniyyətinin inkişafını ləngidən, hətta bolşevik coşğunluğuna və sovet incəsənətinə yabançı olan formalist istiqamətinə tənqiddə barışmazlığı və axıracan bunun ciddiliyini başa düşməyən, partiyanın etdiyi xəbərdarlığa məhəl qoymayan bəstəkar formalistlərə bütün sovet xalqının adından tənələr yağdırmışlar.



ƏDƏBIYYAT

1 Bayramov R. Maestro Niyazinin naməlum əsərləri // "Musiqi dünyası" jurnalı 1-2/23, 2005, s. 255-257.

2 Muradova E. Dcevdet Qadciev. Baku: Azerbaydcanskoe qosudarstvennoe muzıkalğnoe izdatelğstvo, 1962, 89 s.

3 Seidov T. Fortepiannaə muzıka Dcevdeta Qadcieva // Uçnıe zapiski, Baku, 1974, seriə XIII, istoriə i teoriə muzıki, 2.


4 Karaqiçeva L. Qara Qarayev. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1968, 71 s.

5 K.A.Karaev. Noto-biblioqrafiçeskiy spravoçnik / Sostavitelğ D.M.Person. Moskva: Sovetskiy kompozitor, 1976, s.8.

6 Aqamaliev F. Polad Bölğ-Bölğ oqlı. Baku: Işıq, 1985, s.15.

7 Qazeta "Naş vek" ot 11.07.2003, Baku, Intervğö s A.Bayramovoy, s.17.

8 Bayramova A.Q. Rolğ muzeev v sbore, soxranenii, izuçenii i propaqande materialov muzıkalğnoy kulğturı Azerbaydcana. Diss. na soiskanie uçnoy stepeni kand. iskusstvovedeniə. Na pravax rukopisi. Baku, 2004, ss.117-122.

9 Zaxarov V. Razvivatğ i soverşenstvovatğ sovetskuö muzıku // Qaz. "Pravda", 19.04.1948.

10 Na pervom vsesoöznom sjezde sovetskix kompozitorov // Qaz. "Pravda", 23.04.1948, s.2.




Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page