AZƏRBAYCANIN OPERA SƏHNƏSININ TARIXINDƏN
Gülnarə VƏZIROVA
Search


YADDAŞLARDA QALAN NƏCIB INSAN VƏ ALIM
Səadət SEYIDOVA
HÜSEYNQULU SARABSKI
Rəna MƏMMƏDOVA
AZƏRBAYCANIN OPERA SƏHNƏSININ TARIXINDƏN
Gülnarə VƏZIROVA
TOHID QULIYEV 80
Azər Abdullayev
YADDAŞLARIMIZDA YAŞAYAN BƏSTƏKAR
Mehriban ƏHMƏDOVA
SAHIBINI ITIRMIŞ KAMAN
Mirnazim ƏSƏDULLAYEV
GEORGI GEORGIYEVIÇ ŞAROYEV
Tərlan SEYIDOV

 


       Keçən əsrin 20-30-cu illəri Azərbaycan üçün əlamətdar illər olub.

       Zaman bizim yaddaşımıza artıq toxunub. Çox adlar, surətlər demək olar ki, unudulub. Təsadufən eşitdiyimiz soyadlar parlaq obrazları həmişə canlandırmır... Amma unutmaq olmaz ki, Azərbaycan milli operasını inşa etmə ağırlığı məhz opera müğənnilərinin, rejissorların çiyninə düşüb. O vaxtlar yaranan milli opera ənənələri sonrakı illər üçün bünövrəyə çevrildi. Biz ümüdlə, həyatiliyin təsdiqini gözləməklə yaşayırıq. Gözləmək səadətin mümkünlüyünə inanmaq, tərəqqiyə inanmaqdır. Bu umid yaradır. Və bu ümidi sönməyə qoymayan keçən illərin uğurlu təcrübəsi, bizim ruhi zənginliyimizə inam, xalqın incəsənətə tükənməz sevgisidir.

       Incəsənət insan psixologiyasına həssaslıqla təsir edən vasitədir. Incəsənət xalqın yaddaşıdır. Əgər romanslar, opera və baletlər yazılmasaydı, müğənnilərimizin gözəl səsləri lentə alınmasaydı, onların nə vaxtsa yaratdıqları incilər bizim üçün saxlanmasaydı, yəqin ki, ruhi təcrübəmizdə çox şeyi itirmiş olardıq... Keçmiş bu günki gündə, bu günki gün gələcəkdə əks sədasını tapır.

       Musiqinin, opera teatrının ictimai-mədəni həyatımızda rolu böyükdür. Təsadüfi deyil ki, hələ fransız ensiklopedistləri operanı "ideyaların tribunası" adlandırırdılar. Azərbaycanda bəstəkar musiqisinin tarixi məhz opera musiqisindən qaynaqlanır. Məhz opera musiqisi başqa musiqi janrlarına, o cümlədən avropa vokal sənətinə yol açdı. Uzun illər opera teatrı Bakıda bütün musiqi və teatr sevərləri cəlb edən mərkəz olub. Əsrin əvvəlində (1908-ci il) bir qrup həvəskarların təşəbbüsü ilə yaradılmış opera teatrı öz müğənnilərinin təravətli səsləri ilə diqqəti cəlb edib. Ölkənin musiqi tarixinə təkrar edilməz səhnə ustalarının H.Q.Sarabskinin, Ə.Ağdamskinin, M.Terequlovun, S.Qacarın, C.Talışinskayanın, G.Həsənovanın, H.Rzayevanın, M.A.Əliyevin, rejissor H.Ərəblinskinin adları nəqş olunmuşdur. 1920-30-cu illərdə onlardan estafeti gənc müğənnilər aldılar. Həyatı çoxdan tərk etmiş sənətkarlar, öz adlarını opera sənətinin yeni mərhələsinə həkk etdilər. Bu mərhələdəki mü ğənnilərin rolu xüsusilə mürəkkəb idi. Onlar yeni Avropa tipli milli operanın yaradılmasında ilkin idilər. Bu məşhur müğənnilər Şövkət Məmmədova, Bül Bül, Hüseynağa Hacıbababəyov, Sürəyya Qacar, Məmməd Tağı Bağırov, Əlövsət Sadıxov, Cahan Talışinskaya, Məhbubə Paşayeva, Elmira Axundova, Səltənət Quyieva, Gülxar Həsənova, Həqiqət Rzayeva və başqaları idilər. Əgər birinci iki nəfər çox məşhur idisə, qalanları haqda məlumat kasaddır. Onlardan çoxu muğam operalarında çıxış edərək axıra qədər öz amplualarını saxladılar, bəziləri isə Avropa opera sənətini mənimsəməyə başladı. Və çox qısa müddətdə avropa, rus, müasir milli opera ifaçıları kimi məşhurlaşdılar. Indi həmin sənətkarların adları az səslənir, lakin vaxt var idi ki, bu adlar dillərdən düşmürdü. S.Qacar, Ə.Sadıxov kimi sənətkarların iştirakı ilə keçən konsertlər xalqın mədəni həyatında böyük hadisələrə çevrilmişdi. Onlar haqda məlumatlar az olsa da, məqaləmizdə bəzilərini xatırlamaq yerinə düşərdi.

       Hüseynağa Hacıbababəyov milli repertuarların gözəl ifaçısı olub, bütün reqistrlərdə eyni səslənən geniş diapazona malik tenor səsli ifaçı idi. Əsrin əvvəlindəki araşdırmalara baxanda biz Hacıbababəyovun adını Sarabskinin, Terequlovun, Ağdamskinin və Üzeyir Hacıbəyovun digər məsləkdaşlarının adıyla yanaşı görürük. Yumşaq belkantoya malik olan müğənni 1923-cü ilə kimi tez-tez qadın rollarında çıxış edirdi. Nazəndə Leyli, ("Leyli və Məcnun"), boylu-buxunlu Əsli ("Əsli və Kərəm"), Şah Abbasda təmkinli Xurşid banu, "Arşın mal alan"da Gülçöhrə bu müğənninin əsrin əvvəlindəki repetuarıydı. Eyni zamanda Hüseynağa Hacıbababəyov kişi rollarının da ifaçısı olub. Lakin qadın müğənnilərin səhnəyə buraxılmadığı dövrdə ona qadın rollarının ifaçısı kimi daha böyük ehtiyac var idi.

       Şamaxı şəhərində 1898-ci ildə anadan olmuş müğənni uşaqlıqda (1902) Şamaxı zəlzələsinin dəhşətlərini görmüş və ailəsi ilə birgə Bakıya gəlmiş, ömrünün axırına kimi burada yaşamışdır.

       Məşhur pedaqoq və maarifçi Həbib Mahmudbəyovun məktəbində təhsil almışdır. Bu məktəbdə eyni zamanda müxtəlif musiqi alətlərində çalmağı da öyrədirdilər. Incəsənətə, ədəbiyyata, səhnə əsərlərinə cəlb olunurdular. Məktəb xoruna M.Terequlov rəhbərlik edirdi. Ü.Hacıbəyovun teatrda yaxın məsləkdaşı Terequlov tələbənin gözəl səsini eşidib, onu özfəaliyyət dərnəklərinə cəlb etdi. O vaxt Bakıda opera teatrına himayəçilik edən "Nicat" cəmiyyəti fəaliyyət göstərirdi. Opera xorunda oxumaq üçün müxtəlif məktəblərdən səsi olan tələbələr cəlb olunurdular. 1910-cu ildə Hacıbababəyov qardaşı Rza ilə opera xoruna daxil oldu. Daim xorda oxuyan Hüseynağa "Səfa" cəmiyyətinin təşəbbüsü ilə (dirijoru Ərəblinski idi) dramatik əsərlərdə də çıxış etməyə başlayır. O, Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində Nazlı rolunda çıxış edir. Lakin müğənni kimi operada çıxış etmək 1920-ci ildən onun üçün həyatının əsas işinə çevrilir. 1923-cü ildən operaya qadın müğənnilər cəlb olunandan sonra Hüseynağa Hacıbababəyov Məcnun, Şah Ismayıl, Qərib, Sərvər, Kərəm, Şah Abbas rollarının əsas ifaçısı kimi çıxış edir. Hacıbababəyovun səsi dolğunluğu, parlaqlığıyla diqqəti özünə cəlb edir. Bakıya qastrola gəlmiş Starostina (lirik soprano), Braqin (bariton) onun səsinə valeh olaraq, ona vokal məktəbini keçməyi məsləhət görürlər. Professor Speranski onu dinləyərək, özünün dərs dediyi Azərbaycan Dövlət Konservatoriyasında təhsil almağı tövsiyyə edir. Səsin qoyuluşu, opera ifaçılarına vacib olan bilikləri, ümumi musiqi təhsilini o, Speranskinin Konservatoriyadakı sinfində alır. Dirijor Pazovskinin də onun opera müğənnisi kimi formalaşmasında böyük xidməti olmuşdur.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page