ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
Search


ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
ÜZEYIR HACIBƏYOVUN ANADAN OLMASININ120 ILLIK YUBILEYINƏ LAYIQLI TÖHFƏ
Materialı hazırladı: Ülkər TALIBZADƏ
XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA

 


       Azərbaycan Bəstəkarlar Ittifaqı özünün 70 illik yubileyi münasibətilə növbəti tədbirini keçirmişdir. Bu dəfəki Plenum ilk dəfə olaraq bütövlükdə orqan musiqisinə həsr olunmuşdu. Plenumun 2005-ci il martın 25-də baş tutmuş birinci konsertində Rasimə Babayevanın ifasında Nazim Əliverdibəyovun Bayatı-Şiraz; Zakir Bağırovun Improvizasiya; Leonid Vaynşteynin Memorial və Eldar Mansuro-vun Muğam dəstgahı, Nelli Abutidzenin ifasında Arif Mirzəyevin Sarabanda (Şahzadə Diananın xatirəsinə) və Rüfət Ramazanovun orqan və xanəndə üçün Andı (solist-Nəzər Bəylərov), sonda isə gənc orqançalanlar Afaq Aşumova və Kamilla Sədirxanovanın ifasında Xəyyam Mirzəzadənin Ağ və qara əsəri səslənmişdir.

       Plenumun mayın 31-də keçirilən 2-ci konsertində isə Vasif Adıgözəlovun Muğam-sonatası, Aqşin Əlizadənin Muğam sədaları, Elnarə Dadaşovanın Süsən sünbül xalq mahnısının 4 variasiyaları, Nazim Mirişlinin Iki ofortu, Ilyas Mirzəyevin Sonatası, Cəlal Abbasovun Qara Qarayevin xatirəsinə Postlüdiyası və ilk dəfə olaraq Sevda Ibrahimovanın Poema-ithaf əsəri dinləyicilərə təqdim olunmuşdur.

       Iyunun 2-də Azərbaycan Bəstəkarlar Ittifaqında plenumun nəticələrinə həsr olunmuş geniş konfrans-disput keçirilmişdir. Onun bəzi maraqlı məqamlarını oxucularımızın diqqətinə çatdırırıq.

       Ramiz Zöhrabov (Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi, respublikanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor): Ilk dəfədir Azərbaycan Bəstəkarlar Ittifaqı sırf orqan musiqisinə həsr olunmuş Plenum keçirdi. Iki konsertdən ibarət olan Plenum Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illik yubiley tədbirləri sırasına daxil edilmişdi.

       Onu da xatırladım ki,1964-cü ildə Azərbaycanda orqanın yenidən bərpa edilməsindən sonra bəstəkarlarımız bu alət üçün əsərlər yazmağa başladılar. Ilk əsərlər sırasında Nazim Əliverdibəyovun, Zakir Bağırovun, Nəriman Məmmədovun əsərlərini, Qara Qarayevin kino musiqisini misal göstərmək olar. Sonralar orta və gənc nəsil bəstəkarları da orqan musiqisinə müraciət etmişlər. Hazırda Azərbaycan bəstəkarlarının orqan üçün yazılmış çoxlu sayda əsərləri var. Azərbaycan Dövlət Konservatoriyasında xüsusi orqan ifaçılığı kafedrası yaradılmışdır. Hazırda bu kafedranın rəhbəri respublikanın əməkdar incəsənət xadimi, professor Tahirə xanım Yaqubovadır. Orqan ifaçılığı kafedrasının işçiləri Plenumun işində çox fəal iştirak etdilər. Biz bu kafedranın üzvlərinə təşəkkürümüzü bildiririk.

       Iki konsertdən ibarət olan Plenumun proqramı Azərbaycan bəstəkarlarının ilk orqan musiqisi nümunələrindən tutmuş yeni yazılmış əsərlərədək geniş və rəngarəng bir panoram təşkil etdi. Burada artıq dünyasını dəyişmiş bəstəkarların Nazim Əliverdibəyov, Zakir Bağırov, Leonid Vaynşteyn, yaşlı nəsil nümayəndələrindən Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov və Aqşin Əlizadənin, o cümlədən orta nəsil bəstəkarlarnın - Sevda Ibrahimova, Eldar Mansurov, Elnarə Dadaşova və Arif Mirzəyevin, habelə gənc bəstəkarların - Cəlal Abbasov, Nazim Mirişli, Ilyas Mirzəyev və Rüfət Ramazanovun əsərləri təqdim edildi. Bütün bu əsərlər onların təfsirçiləri haqqında musiqişünasların, bəstəkarların, ifaçıların rəyini bilmək istərdik.

       Imruz Əfəndiyeva (musiqişünas, sənətşünaslıq doktoru, professor): Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyinə həsr olunmuş plenumu orqan musiqisini respublikamızda təbliğ edən ifaçıları dinləyicilərimizə daha da yaxından tanıtdı. Son illər bəstəkarlarımız bu gözəl və qeyri-adi alət üçün olduqca dəyərli, yüksək səviyyəli əsərlər yaratmışlar. Bizim qocaman bəstəkarlarımız - Zakir Bağırovun, Nazim Əliverdibəyovun səmimi, emosional, incə zövqlə yazılan əsərlərini orta və cavan nəsil bəstəkarlar sanki bir klassik nümunə kimi qəbul edirlər.

       Azərbaycanda son illər orqan musiqisinə olan böyük maraq, sevgi ilk növbədə bu sahədə ifaçılıq məktəbinin yüksəlməsi ilə sıx əlaqədardır. Bakı Musiqi Akademiyasının professoru, respublikanın əməkdar incəsənət xadimi Tahirə xanım Yaqubovanın ifaçılıq və pedaqoji fəaliyyəti son dərəcə dəyərlidir. Məhz onun fəaliyyəti nəticəsində respublikamızda böyük bir istedadlı ifaçılar dəstəsi yetişib və onların bu gün gözəl davamçıları var.

       Azərbaycan Bəstəkarlar Ittifaqının keçirdiyi plenum sanki iki mərhələdən ibarət idi: birinci mərhələdə gözəl pedaqoq, mahir ifaçı, professor Rasimə Babayeva və istedadlı cavan ifaçılar çıxış etdilər.

       Rasimə xanım N.Əliverdibəyovun Bayatı-Şiraz, Z.Bağırovun Improvizasiya, L.Vaynşteynin Memorial, E.Mansurovun Muğam-dəstgah əsərlərini yüksək professional səviyyədə ifa etdi. Ifaçı hər bir bəstəkarın üslubuna xas olan xüsusiyyətləri, musiqi dilinin incəliklərini məharətlə açır və dinləyicinin qarşısında müxtəlif xarakterli təzadlı, ekspressiv obrazları canlandırırdı.

       Ümumiyyətlə, plenumda müxtəlif nəsil bəstəkarlarının əsərləri səsləndi. Bu çox önəmli bir amildir. Məhz Bəstəkarlar Ittifaqının son illər keçirdiyi bu tədbirlərdə - istər plenumlarda, istər festival və yaxud konsertlərdə - həmişə bütün nəsillərin bəstəkarları cəlb olunub. Bu Azərbaycan Bəstəkarlar Ittifaqının ənənəsidir.

       N.Abutidze olduqca məsuliyyətli və bacarıqlı ifaçıdır. O, iki mürəkkəb əsəri səsləndirdi: Arif Mirzəyevin Sarabanda (şahzadə Diananın xatirəsinə) və Rüfət Ramazanovun orqan və xanəndə üçün And (solist N.Bəylərov).

       Həmin gün, sonda X.Mirzəzadənin məşhur və çox maraqlı Ağ və qara əsəri ifa olundu. Cəsarətlə demək olar ki, bu əsərdə XX əsrin musiqi novasiyaları, texniki tapıntıları əks olunmuşdur. X.Mirzəzadənin Ağ və qara əsərini gənc ifaçılarımız A.Aşumova və K.Sədirxanova zövqlə ifa etdilər.

       Plenumun ikinci konsertində V.Adıgözəlovun, A.Əlizadənin, S.Ibrahimovanın, E.Dadaşovanın, I.Mirzəyevin, N.Mirişlinin, C.Abbasovun orqan üçün yazdıqları əsərlər səsləndi.

       Yaxşı yadımdadır, V.Adıgözəlovun Muğam-sonatası görkəmli bəstəkarımızın 60 illiyinə həsr olunmuş konsertində uğurla səslənmişdi və sonralar bu gözəl əsər bir çox ifaçılarımızın repertuarında əsas yer tutmuşdur.

       Mayın 31-də keçirilən konsertdə R.Babayeva V.Adıgözəlovun Muğam-sonata əsərini yüksək professional səviyyədə və bədii zövqlə ifa etdi. Onun təfsirində Muğam-sonata monumental və patetik bir poema kimi səsləndi. Muğam-sonata - müasirlik ilə qədim milli ənənələrin bağlılığını təsdiq edən gözəl və parlaq nümunədir. Bəstəkarın improvizasiya üsulundan, ritmik çalarlardan, lad-məqamlarının intonasiyalarından mövzuların inkişafında sənətkarlıqla istifadəsi və digər məziyyətləri belə qənaətə gəlməyə əsas verir ki, Muğam-sonata Azərbaycanın kamera-instrumental musiqisi sahəsində yeni mərhələdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page