ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MUZEYLƏRDƏ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


MAESTRO NIYAZININ NAMƏLUM ƏSƏRLƏRI

        «Piano üçün pyeslər» yeni not kitabı çapdan çıxmışdır.



       Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi demək olar ki, hər il tədbirlərində əvvəllər heç yerdə səslənməyən əsərləri ictimaiyyətə təqdim edir. Belə tədbirlərdən biri 2005-ci ilin yanvarın 25-də AMMDM-nin filialı olan Niyazinin mənzil muzeyində Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə nəşr olunan görkəmli Azərbaycan dirijoru və bəstəkarı Maestro Niyazinin «Piano üçün pyeslər» not kitabının təqdimat mərasimi olmuşdur. Təbii ki, Niyazinin yaradıcılığında ona ümumdünya şöhrəti gətirən dirijorluq sənəti, dirijorluq məharəti olmuşdur. Lakin bununla bərabər Niyazi bir bəstəkar kimi Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayan bir çox əsərlərin müəllifidir. «Zaqatala süitası», «Qaytağı», «Rast» simfonik muğamı, «Xosrov və Şirin» operası, «Çitra» baleti kimi əsərlər onun qələminin məhsuludur. Niyazinin bəstəkarlıq yaradıcılığında ən az tanınmış əsərləri piano üçün pyeslərdir. Onun 1930-cu illərin əvvəllində yazdığı «Od içində» piano poeması və talış mövzusunda sil silə piano pyesləri bizə gəlib çatmamışdır.

       Niyazinin mənzilində xatirə muzeyi yaradıldıqdan sonra muzey əməkdaşları Niyazinin XX əsrin birinci yarısında yazdığı bir sıra əsərlərin əlyazmalarını aşkar etmişlər. Həmin əsərlər ilk dəfə olaraq AMMDM-də və həmin muzeyin filiallarından olan Niyazinin mənzil muzeyinində ifa olunduqdan sonra AMMDM-nin direktoru Alla xanım Bayramovanın təşəbbüsü və Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə «Piano üçün pyeslər» not kitabı şəklində nəşr olunması qərara alınmışdır. Kitaba Niyazinin «Etüd» («Zarafat»1929), «Skertso» (1929), «Prelüd» (1930), «Rəqs» (1934), «Almaz» kinofilminə musiqidən fraqmentlər (1935), «Miracle» («Möcüzə»), «Çitra» baletindən Adajio, «Rəng» («Şur» muğamından) pyesləri daxil edilmişdir. Kitabın dizaynında müəllif not əlyaz-malarından və Niyazinin o dövr fotoşəkillərinin əslindən istifadə olunmuşdur. Kitab iki dildə –Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Hələ kitab nəşrindən əvvəl bu pyesləri AMMDM-nin direktoru A. Bayramova özünün dissertasi yasında xarakterizə etmişdir. Məsələn, «Miracle» («Möcüzə») adlandırılmış pyes koloritinə görə impressionizmə yaxındır… «Həcər xanıma həsr olunmuş 2 səhifəlik lya bemol minor miniatür pyesi «Rəqs» zərif, nəfis, lirikdir. Xalq mahnılarının rəngarəng harmoniyaları Niyazinın 30-cu illərdə yazıldığı talış mövzularında silsilə fortepiano pyeslərini xatırladır»… «Almaz» kinofilmindən Fraqmentlər həmçinin xalq ruhunda yazılmışdır … Digər-«Zarafat» pyesinin tarixi bir əlyazmada 13yanvar 1929-cu il, başqa əlyazmada «Etüd» adlandırılaraq 1930-cu il tarixi göstərilir. Forma və xarakterinə görə bu pyes romantizm dövrünün ekspromt-fantaziya janrına yaxındır. Heç bir yerdə səslənməyən bu əsərlə Niyazi Azərbaycan musiqisində konsert etüdlərinin yaranmasını qabaqlamışdır. (bu vaxta qədər hesab olunurdu ki, milli musiqidə bu janrın ilk nümunələri Elmira Nəzirovanın yaradıcılığında özünü biruzə vermişdir)».

        «Niyazinin bütün fortepiano miniatürləri harmoniyaların təkrarolunmaz təravəti ilə, əsas və köməkçi səs çoxluğu ilə, qeyri-adi modulyasiyalarla dinləyicini ovsunlayır. Əsərlər öz mürəkkəbliyi, koloritinə görə müxtəlifdirlər. Lakin hamısında Niyazi istedadı özünü biruzə verir» 1

       Buna görə də Niyazinin bu pyeslərinin nəşri böyük əhəmiyyət kəsb edirdi. Niyazinin «Piano üçün pyeslər» not kitabının təqdimat mərasimində çıxış edən Mədəniyyət Naziri Polad Bülbüloğlu mərhum prezident Heydər Əliyevin maestronun mənzil muzeyinin açılışında etdiyi nitqi xatırladı və bu evlə bağlı xatirələrini bölüşdü: «Həmişə bu muzeyə gələndə hədsiz həyəcan keçirirəm. Çünki uzun illər bu mənzilə qonaq gəlib-getmişəm. Bu evdə tez-tez görkəmli musiqiçilər toplaşaraq gözəl musiqi gecələri təşkil edirdilər. Bir vaxt bu evi əlimizdən alıb satmaq istəyirdilər. Mən fəxr edirəm ki, biz bunun qarşısını ala bildik və Musiqi Mədəniyyəti Muzeyinin filialı kimi bu muzeyi yaratdıq. Burada maestro Niyazinin və Həcər xanımın ruhu yaşayır. Bu əlyazmaları toplayıb kitab şəklində çap etmək çox vacib bir iş idi. Bu o deməkdir ki, gənc nəsil pianoçular Niyazini daha yaxşı tanıyacaq, maestronun əsərləri hələ uzun illər yaşayacaq».

       Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışının əvvəlində Niyazi yaradıcılığına nəzər salaraq qeyd etdi ki, «Niyazi həm misilsiz dirijor, həm də böyük bəstəkar idi… Heç olmasa belə tədbirlər keçirilən zaman ildə bir dəfə bu evə gəlirik, həm maestronun əsərlərini dinləyirik, həm də keçmiş günləri xatırlayırıq. Mənim üçün bu mənzil, bu divarlar çox doğmadır». Daha sonra Fərhad müəllim not kitabındakı pyeslərin dərs proqramına salınacağını dedi və əlavə etdi ki, ali məktəblər üçün bu kitab əvəzsizdir. «Indiyə qədər bizdə müxtəlif illərdə xeyli not kitabları çap olunub, ancaq bu cür nəfis şəkildə nəşr olunmuş not kitabına hələ rast gəlməmişik».

       Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, kitabın tərtibçi-redaktoru Alla xanım Bayramova not kitabı haqqında məlumat verərək kitaba daxil edilən əsərlərin əlyazmalarının tarixindən və onların necə toplanmasından söz açdı: «Həcər xanımın vəfatından sonra Niyazinin mənzilində xatirə muzeyi təşkil olundu. Muzeyin əməkdaşları not əlyazmalarını araşdırarkən Niyazinin 1929-1950-ci illərdə yazdığı bir sıra piano əsərlərinin müəllif əlyazmalarını aşkar etmişlər. XX əsrin birinci yarısında gənc bəstəkarın əsərləri ilə tanışlıq faktı özü bir möcüzədir. Bu, Niyazinin çoxşaxəli istedadının yeni cəhətlərini açıb göstərir. Piano üçün pyeslər ilk dəfə olaraq AMMDM-də və həmin muzeyin filiallarından biri olan Niyazinin mənzil muzeyində ifa olunmuşdur. Hazırki, muzey nəşri Niyazinin piano əsərlərinin ilk nəşridir».

       Daha sonra A. Bayramova göstərdiyi maddi dəstəyə görə Mədəniyyət Nazirliyinə, şəxsən Polad Bülbüloğluna minnətdarlığını bildirdi və qeyd etdi ki, «bu iş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Niyazinin pyeslərinin öz konsert proqramlarına, pedaqoji təcrübələrinə daxil etməyə çalışan musiqiçi-ifaçıların və müəllimlərin inadlı xahişlərinə əsasən həyata keçirilmişdi».

       Təqdimat mərasimi konsert proqramı ilə yekunlaşdı. Muzeyin aparıcı elmi işçisi Alla Fyodorova və 35 saylı musiqi məktəbinin şagirdi Fəridə Rzayeva Niyazinin «Şur» muğamından Rəng, Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova «Etüd», «Skertso», «Prelüd», «Rəqs», «Möcüzə», «Çitra» baletindən Adajio əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin «Niyaziyə ithaf» və Polad Bülbüloğlunun «Skertso» pyeslərini ifa etmişlər (həmin əsərləri hər iki musiqiçi 18 yaşında yazmışdır və onlar muzeyin fondunda aşkar edilmişdir).

       NIYAZININ «PIANO ÜÇÜN PYESLƏR» NOT KITABINDAKI GEYDLƏRI TAM ŞƏKILDƏ VERILIR:

       ”Etüd («Zarafat»). 1929-cu il. Əsər Moskva şəhərində, Qnesinlər adına musiqi pedaqoji texnikumunda təhsil illərində bəstələnmişdir. Ilk dəfə 16.08. 2002-ci ildə Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova ifa etmişdir. Redaktə Ü.Hacıbəyovanındır.

        Skertso. 1929-cu il. Əsər Leninqrad şəhərində Mərkəzi Leninqrad musiqi texnikumunda təhsil illərində bəstələnmişdir. Ilk dəfə 16.08.2002-ci il Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Ü.Hacıbəyova tərəfindən ifa edilmişdir. Redaktə Ü.Hacıbəyovanındır.

        Prelüd. 1930-cu il. Əsəri ilk dəfə 16.08.2002-ci il Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Ü.Hacıbəyova tərəfindən ifa edilmişdir. Redaktə Ü.Hacıbəyovanındır.

        Rəqs. Həcər Kafiyə həsr olunur. 1934-cü il. Əsəri ilk dəfə 16.08.2002-ci il Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Alla Fyodorova ifa etmişdir.

        «Almaz» kinofilminə musiqidən fraqmentlər. 1935-ci il. «Azərfilm» kinostudiyasının istehsalı. Səsli bədii film. Ssenari müəllifi Əməkdar incəsənət xadimi C. Cabbarlı. Rejissorlar: A.Quliyev, Q.M.Braqinski. Bəstəkarlar: Niyazi, Z.Hacıbəyov.

       I. Andantino. Əsəri ilk dəfə 16.08.2002-ci il Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Ü.Hacıbəyova ifa etmişdir.

       II. Moderato. Əsəri ilk dəfə 02.08.2004-cü ildə Niyazinin mənzil muzeyində onun vəfatının 20-ci ildönümünə həsr olunmuş tədbirdə A.Fyodorova ifa etmişdir.

       III. Allegretto. Əsəri ilk dəfə 02.08.2004-cü ildə Niyazinin mənzil- muzeyində onun vəfatının 20-ci il dönümünə həsr olunmuş tədbirdə 35 saylı musiqi məktəbinin VIII sinif şagirdi Fəridə Rzayeva ifa etmişdir.

        «Miracle» («Möcüzə»). 1950-ci il. Əsəri ilk dəfə 17.11.1994-cü ildə Rəna Rzayeva Vyananın «Gesellschaft für Musik» konsert zalında ifa etmişdir.

        «Çitra» baletindən Çitra və Arcunanın Adajiosu. 1961-ci il. Fortepiano üçün müəllif işlənməsinin ilk konsert ifası 02.08.2004-cü ildə Niyazinin mənzil- muzeyində onun vəfatının 20-ci ildönümünə həsr olunmuş tədbirdə səslənmişdir. Ifaçı –Ü.Hacıbəyova.

        Rəng («Şur» muğamından). Bu iki piano üçün əsəri ilk dəfə 20.08.2000-ci ildə Niyazinin mənzil-muzeyində onun anadan olmasına həsr olunmuş tədbirdə A. Fyodorova və 35 saylı musiqi məktəbinin VII sinif şagirdi Nigar Babayeva ifa etmişlər”2

Rza BAYRAMOV




1 Bayramova A.H. «Azərbaycan Musiqi Mədəniyyətinə aid materialların toplanması, öyrənilməsi və təbliğində muzeylərin rolu» sənətşünaslıq namizədi elmi dərəcəsini almaq üçün dissertasiya. Bakı, 2004, s.91-92.

2 Niyazi «Piano üçün pyeslər» (redaktor: A.Bayramova). Bakı, 2005, səh.48



KEÇƏÇI OĞLU MƏHƏMMƏDIN ANADAN OLMASININ 140 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ TƏDBIR        13 oktyabr 2004-cü il tarixdə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində milli musiqi mədəniyyətimizin inkşafında görkəmli xidmətləri olmuş məşhur xanəndə Keçəçi oğlu Məhəmmədin anadan olmasının 140 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.

       Muzeyin direktoru Alla xanım Bayramova giriş sözü ilə çıxış edərək, klassik bir xanəndə kimi musiqi mədəniyyətimizin tarixində müstəsna rol oynamış Keçəçi oğlu Məhəmmədin xatirəsinə həsr edilmiş gecəni görkəmli muğam sənətkarının yaradıcılığına böyük ehtiram kimi qiymətləndirdi. Muzeyin şöbə müdiri Təranə Tağıyeva Keçəçi oğlu Məhəmmədin həyat və yaradıcılığı barədə məlumat verdi.

       Gecədə Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, professor, xalq artisti Arif Babayev, Dövlət muğam teatrının bədii rəhbəri, professor, xalq artisti Islam Rzayev, qocaman rəqqasə, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Əminə Dilbazi, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Baba Mahmudoğlu, əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Tələt Qasımov və başqaları çıxış edərək Keçəçi oğlu Məhəmmədin musiqi mədəniyyətimizin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirdilər. Gecədə tanınmış xanəndələrin ifasında muğamlar, xalq mahnıları və təsniflər oxundu, Keçəçi oğlu Məhəmmədin muzeyin arxivində saxlanan və 1912, 1914 və 1991-ci illərdə buraxılmış hər 3 qrammafon valı səsləndirildi.

       Sonda Keçəçi Məhəmmədin oğlu, keçmiş hərbçi Ramiz Xəlilov çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə görə gecənin təşkilatçılarına və iştrakçılarına minnətdarlığını bildirdi.

Alla BAYRAMOVA



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page