ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


TÜRKIYƏ VƏ AZƏRBAYCAN MƏDƏNIYYƏTINDƏ YENI ƏMƏKDAŞLIQ.

       Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən başqa sahələrdə olduğu kimi mədəniyyətimizdə də böyük nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərdən biri Türkiyə və Azərbaycanın mədəniyyət xadimlərini bir araya gətirən əməkdaşlıq əlaqələri oldu.

       2004-cü ilin may ayında Türkiyə və Azərbaycanın iki ali məktəbi—Ege Universitesi Türk Musiqisi Dövlət Konservatuarı və Bakı Musiqi Akademiyası arasında ikitərəfli müqavilə bağlanmışdır.Ölkəmizə gələn qonaqlar azərbaycanlı həmkarlarla bərabər əvvəlcə Şamaxı şəhərində folklor araşdırmaları aparmış və Azərbaycan xalq yaradıcılığı sahəsində bir çox materiallar əldə etmişlər.

       Xatırladım ki, ekspedisiyada Ege universitetində rəqs sənəti üzrə fəaliyyət göstərən dosent Gürbüz Aktaş, Əbdürrəhim Qaradəniz,bu işin təşkilində böyük rolu olmuş Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru,professor Gülnaz Abdullazadə, sənətşünaslıq namizədi,dosent Fəttah Xalıqzadə ilə bərabər biz BMA-nın tələbələri—Həbibə Məmmədova və Nərmin Qaralova iştirak edirdik. Məhz Gülnaz xanımın təşəbbüsü ilə biz bu işə qatıldıq.Bu təklifi alanda sevincımizin həddi-hüdudu yox idi.Əlbəttə, işin nə dərəcədə mürəkkəb və məsuliyyətli olduğunu bilirdik.Amma bu iş nə qədər mürəkkəb olsa da bir o qədər maraqlı idi.Çünki Məlhəm,Dəmirçi,Avaxıl kimi gözəl kəndlərdə qapı-qapı gəzib dəyərli folklor nümunələri toplayırdıq.Qeyd edim ki,bizi burada musiqi,rəqslə bərabər geyim,xalçaçılıq da maraqlandırırdı.Şamaxıda olduğumuz vaxtda Rasim Ələsgərov,Şirzad Fətəliyev,Aşıq Şərbət və başqa musiqiçilərlə görüşdük.

       Ekspedisiyanın yüksək səviyyədə keçirilməsi üçün şərait yaradılmasına görə BMA-nın rektoru professor Fərhad Bədəlbəyliyə, Şamaxı rayon icra hakimiyyətinin başçısı Natiq Məmmədova və Mədəniyyət şöbəsinin müdiri Məleykə Israfilovaya minnətdarlığımızı bildiririk.

       Bu yaxınlarda, noyabr ayının 30-dan dekabrın 4-nə kimi isə Azərbaycanın gözəl məkanlarından olan Gəncə və Qazax rayonlarına folklor axtarışlarına yollandıq.1 həftə ərzində hər 2 rayonda olub, qızğın iş nəticəsində dəyərli materiallar əldə etməyə nail ola bildik. Havanın soyuqluğu, rayonlarda, qaz və işıq kimi məişət problemlərinin olması işimizin yüksək səviyyədə keçməsinə əngəl törədirdi.Amma buna baxmayaraq, yenə də axtarışlarımızı davam etdirmişdik.Bizə şərait yaratdıqlarına görə Gəncə şəhər icra hakimi Eldar Əzizov və xüsusilə Gəncə şəhər mədəniyyət şöbəsinin müdiri Mina Məlikovaya təşəkkürlərimizi bildiririk.Qeyd edim ki, Mina xanım bütün vacib işlərini bir kənara qoyub bizimlə məşğul olurdu.

       Ekspedisiyanın ilk günü qədim şəhərin gəzməli yerləri, Gəncə şəhər tarix muzeyi,Nizami və Puşkin kitabxanası,rəsm qalereyası və hamını öz gözəlliyi ilə valeh edən “Xan bağı”nda olduq.

       Xatırladım ki,bu dəfə ekspedisiyada—Ege Universitesi Türk Musiqisi Dövlət Konservatuarının rektor yardımçısı,musiqişünas Qani Pekşen; rəqs sənəti səhəsində fəaliyyət göstərən dosent Gürbüz Aktaş;həmin konservatoriyada musiqi alətləri laboratoriyasının müdiri Veyis Yegin;BMA-nın Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, f.e.d. professor Gülnaz Abdullazadə,f.e.n. dosent Yalçın Abdulla;BMA-nın aspirantı Rauf Bəhmənli və mən, BMA-nın Tarix-nəzəriyyə fakultəsinin IV kurs tələbəsi Həbibə Məmmədova iştirak edirdik.

       Belə ki,ilk müsahibimiz evində bizi qonaq edən sənətşünaslıq namizədi Iradə Abdulrəhmanovanın anası Şəfiqə Ibrahımova idi. Fürsətdən istifadə edib onlara da öz təşəkkürümüzü bildiririk.O bizə qədim adət-ənənələr, toy və yas mərasimləri barəsində məlumat verdi.Diqqətimizi cəlb edən məlumat isə onun müşahidə etdiyi yas mərasimdə vəfat edən şəxsi klarnetin müşayəti ilə son mənzilə yola salınması oldu.

       Dekabr ayının 1-də isə Şahnaz Haşımovanın rəhbərlik etdiyi Gəncə Dövlət Filarmoniyasında işimizi davam etdirdik.Hamını xəyallara aparan Şahnaz xanımın məlahətli səsi,Kəlbəcərli aşıq Ilqar Nəcəfoğlu,xanəndə Vaqif Mirzəyev,Adil Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən “Göy-göl” mahnı və rəqs ansamblı,Elman Mirzəyevin “Qədim musiqi alətləri” ansamblının çıxışları çox maraqlı idi.Elə həmin gün Gəncə şəhərinin ağsaqqalı Sədnik Paşa Pirsultanlı ilə görüşdük.O bizə qədim mahnı və rəqs havaları haqqında dəyərli məlumatlar verdi. Bunlardan “Yaylıq atdı”,”Qonşu köçdü” rəqs havaları,Gəncə ilə bağlı olan qədim “Sarı yaylıq” kimi mahnıların adlarını çəkmək olar. Ayın 2-si isə musiqişünas Rauf Ismayılzadə ilə görüşüb,Nizami Gəncəvi məqbərəsini ziyarət etməyə getdik. Əlbəttə ki,Gəncəyə gəlib Nizami xeyir-duasını almamış qayıtmaq olmazdı.Məqbərəni ziyarət edib işimizi davam etdirmək üçün Qazax rayonuna yollandıq.Burada da bizi qarşılayıb,şərait yaratmasına görə icra başçısı Rauf müəllimə, mədəniyyət şöbəsinin müdiri Nailə xanıma,musiqi məktəbinin müdiri Ramil müəllimə dərin minnətdarlığımızı bildiririk.

       Qazaxa gəldiyimiz gün Xanlıqlar kəndində yaşayan balaban ustası 62 yaşlı Cümşüd Allahverdiyevlə görüşdük.Onun ifasında “Ibrahimi”,”Dilqəmi”,”Göyçə”,”Qazax” kimi havaları dinlədik. Kənddə işimizi bitirib yenidən Qazaxa qayıtdıq. Axşam saat səkkizə yaxın uşaq yaradıcılıq mərkəzində fəaliyyət göstərən “Nicat” rəqs ansamblının müəllimi Şəhla Binnətovanın evində olduq.Burada 15 yaşlı Turanə Musayeva,17 yaşlı Oqtay Binnətov kimi istedadlı uşaqların və müəllimləri Şəhla xanımın gözəl çıxışlarının şahidi olduq.Düzdür, kollektiv hal-hazırda fəaliyyət göstərməsə də onların ən böyük arzusu kollektivi yenidən bərpa etməkdir.

       Dekabr ayının 3-ü isə Qazax rayonunda olduğumuz ən maraqlı gün idi. Saat 12 radələrində bizi düşmənlərdən sadəcə kiçik bir kəndlə ayıran Qaymaqlı kəndinə yola düşdük. Rayonun məşhur aşığı olan, bir çox tədbir,festivalların iştirakçısı,IV aşıqlar qurultayının nümayəndəsi 65 yaşlı Sadıx Avdıoğlu ilə görüşdük.O, bizə bir neçə aşıq havaları, eyni zamanda da bizə məlum olmayan yeni “Incə gülü” havasını ifa etdi. Sonra isə Aslanbəyli kəndindəki Hacı Mahmud Əfəndi məscidində işimizi davam etdirdik. Burada çox maraqlı “Nəxşibənd” təriqətinə aid olan zikr məclisinin şahidi olduq.Lent yazılarından eşitdiyim zikr məclisini heç vaxt canlı görməmişdim.2 şəxsin eyni ritm üzərində tənəkə ilə ifasına başqa bir şəxsin, yəni səlahın bir qədər əcaib hərəkətləri ilə qoşulub rəqs etməsi çox maraqlı idi. Ümumiyyətlə, bu mənim üçün ekspedisiyanın ən yadda qalan hadisələrindən biri oldu.Qazaxdakı sonuncu müsahibimiz isə Hacıbaba Hüseynovun tələbəsi Sədi Əfəndiyev idi.Biz onun gözəl ifasında, Rauf Bəhmənlinin tarda müşayəti ilə "Rast", "Şur", "Segah" muğamlarını dinlədik.

       Burada olduğumuz vaxtda S.Vurğun, M.P.Vaqif və M.V.Vidadinin xatirə-muzeylərini də gəzdik.

       Əlbəttə ki,bütün ekspedisiya iştirakçıları Gəncə və Qazax rayonlarından çox gözəl təəssüratla qayıtdı.Buna görə də hər 2 rayonun qonaqpərvər sakinlərinə təşəkkürümüzü bildiririk.

        Sonda Azərbaycan və Türk birgə folklor ekspedisiyanın təşkilində mühüm rolu olan Ege Universitesi Türk Musiqisi Dövlət Konservatuarının müəllimlərinə, Bakı Musiqi Akademiyasının rektoru F.Bədəlbəyliyə və xüsusilə öz adımdan şəxsən mənə bu ekspedisiyada iştirak etməyə şərait yaradan Gülnaz xanıma dərin minnətdarlığımı bildirirəm.Gələcəkdə də arzu edərdim ki, belə araşdırmaların sayı çoxalsın, birgə ekspedisiya keçirilməsinə və tələbələrin burada iştirak etməsinə imkan yaradılsın.

Həbibə VAQIF QIZI



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page