ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan müsiqişünası tərəfindən edilmiş məruzə bütün konfrans iştirakçılarını müsbət mənada təəccübləndirmişdir. Bu onunla izah olunur ki, yuxarıda adı çəkilən dövlətlərin heç birində bu qədər məlumatı özündə əks etdirən Internet səhifəsi yaradılmamışdır və yaxın zamanda yaradılması da nəzərdə tutulmur.

       Çıxışdan sonra UNESCO-nun qeyri-maddi mədəni irs bölməsinin müdiri cənab Riks Smit Azərbaycanda görülən işlər barədə yüksək fikirdə olduğunu bildirmiş və Azərbaycan muğamının Bəşəriyyətin şifahi və qeyri-maddi irsin şah əsərləri siyahısına daxil edilməsini nəzərə alaraq, Respublikamızın bu sahədə UNESCO tərəfindən qəbul edilmiş Konvensiyanın təsdiq olunmasının vacibliyini vurğulamışdır. Cənab Riks Smit Iranla Azərbaycanın (daha altı dövlətlə) Novruz Bayramının namizədliyinin bu siyahıya birlikdə təqdim etməsini bir daha xatırlayaraq, Azərbaycan Hökumətindən UNESCO-nun «Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyası»nın təsdiq edilmə prosesinin sürətləndirilməsini xahiş etmişdir.

       Daha sonra Folklorun gənc tədqiqatçılarının Ümumukrayna Assosiasiyasının Prezidenti Ilya Fetisov «Ukraynanın gənc folklorçular hərəkatı» mövzusunda çıxış etmişdir. Qeyd etmək lazımdır ki, bu gənc tədqiqatçının gördüyü işlər xüsusilə alqışlanmalıdır. Bu assosiasiyanın təşəbbüsü ilə Ukraynanın (əsasən, Qərbi Ukrayna) müxtəlif bölgələrinə elmi-yaradıcılıq ekspedisiyaları təşkil olunur və bu ekspediyaların yekununda toplanmış sənədlər ümumiləşdirilir və kompakt disklər, videomateriallar vasitəsilə yayılır. Xüsusən də, yaşlı insanların oxuduğu mahnılar, səsləndirdiyi musiqilər sistemləşdirilir və onların yaddaşlarda saxlanması təmin edilir. Ukraynanı təmsil edən digər nümayəndə Susanna Karpenko isə «Ukraynanın ənənəvi folklorunun vokal nümunələrinin ifa tərzinin yenidən bərpa edilməsi» mövzusunda çıxış etmişdir. Məlum olmuşdur ki, Karpenko «Rayqorodok» uşaq folklor ansamblının rəhbəri olmaqla bərabər, müntəzəm olaraq, Ukraynanın müxtəlif bölgələrinə təşkil olunan ekspedisi yalarda fəal iştirak edir. Çıxışının sonunda, o belə tədbirlərin təşkil olunmasının əhəmiyyətini qeyd etdi və Ukrayna uşaq kollektivlərinin çıxışını əks etdirən videomateriallar nümayiş etdirdi.

       Moldova təbiətinin tarixi və etnoqrafiya milli muzeyinin direktor müavini Varvara Buzile «Qeyri-maddi mədəniyyətin canlı formalarının qorunması» mövzusunda çıxış etmişdir. Sözsüz ki, Azərbaycan nümayəndəsinin parlaq çıxışından sonra konfrans iştirakçıları yalnız sözlərdən ibarət olan çıxışı dinləmək niyyətindən uzaq idilər. Moldova nümayəndəsi çıxışında etiraf etdi ki, qeyri-maddi mədəni irsin qorunması ilə bağlı Azərbaycanda və Ukraynada görülən işlərin heç dörddə biri də Moldovada həyata keçirilməmişdir. Bu sahədə nəinki hər hansı Internet səhifəsi yaradılmamışdır, hətta Ukraynadakı kimi hər hansı elmi-yaradıcılıq ekspedisiyaları da təşkil olunmamışdır. Xanım Buzile Konfransdan sonra qonşu dövlətlərdə görülən işlər barədə Moldovanın əlaqədar təşkilatlarına məlumat verəcəyini qeyd etdi.

       Postsovet respublikalarından sonuncu olaraq, Gürcüstan nümayəndəsi, Mədəniyyət Nazirliyinin folklor şöbəsinin müdiri Marina Taktakişvili «Gürcüstanda qeyri-maddi mədəni irsin inkişafı üzrə dövlət təşəbbüsləri» mövzusunda çıxış etmişdir. Xanım Taktakişvili çıxışında Gürcüstanda bu sahədə görülən işlər barəsində məlumat vermiş və qeyd etmişdir ki, gürcü polifoniya müsiqisinin UNESCO-nun qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edilməsindən sonra bu sahədə həyata keçirilən tədbirlər sürətlənmişdir və hazırda dövlət səviyyəsində xüsusi proqramın qəbul edilməsi nəzərdə tutulmuşdur. Çıxışının sonunda, bir daha Azərbaycan nümayəndələrinin gördüyü işlərin fövqəladə olmasını qeyd edərək, Gürcüstanın qeyri-maddi mədəni irsinin qorunması və onun internet səhifəsinin yaradılması sahəsində xeyli geri qaldığını vurğuladı.

       Konfransın sonunda, söz alan UNESCO üzrə Belarus Milli Komissiyasının sədri, xüsusi tapşırıqlar üzrə Səfir Vladimir Sçastnı tədbiri təşkil edən Belarus Dövlət Mədəniyyət və Incəsənət Universitetinin rəhbərliyinə öz təşəkkürünü ifadə etmişdir və bu Universitet nəzdində yaradılması nəzərdə tutulmuş Qeyri-maddi mədəni irs mərkəzinin məqsədyönlü fəaliyyəti üçün zəruri yardımın göstəriləcəyini vəd etmişdir. Sözünün sonunda Konfransda iştirak etdikləri üçün Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan nümayəndələrinə öz minnətdarlığını bildirmişdir.

       Fürsətdən istifadə edərək, Konfransdan sonrakı təəssüratlarımla bölüşmək istərdim. Sözsuz ki, qeyri-maddi mədəni irsin qorunması, Azərbaycanın xalq və bəstəkar musiqisinin region dövlətlərində tanıdılması nöqteyi-nəzərindən, bu tədbirin əvəzsiz rol oynaya biləcəyini qeyd etmək lazımdır. Amma digər xalqların musiqi nümunələri ilə müqayisə etdikdə, Azərbaycan musiqi xəzinəsinin nə qədər zəngin olduğu, nə qədər inkişaf etdiyi nəzərə çarpır. Azərbaycan dünyaya Üzeyirbəy Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Arif Məlikov kimi bəstəkarları bəxş etmişdir. Onların yaratdıqları sənət əsərlərinin böyük əksəriyyəti Azərbaycan muğamlarının üzərində qurulmuşdur. Bunun bariz nümunəsidir ki, UNESCO Azərbaycan muğamını ilkin olaraq Qeyri-maddi mədəni irsin şah əsərləri siyahısına daxil etmişdir. Sözsüz ki, belə bir tarixi qərarın qəbul edilməsində Alim Qasımovun 1999-cu ildə UNESCO-nun və Beynəlxalq Musiqi Şurasının (BMŞ) birlikdə təsis etdikləri Mukafata layiq görülməsi də mühüm rol oynamışdır.

       Bununla bağlı daha bir fərəhli faktı xatırlatmaq istəyirəm. 2004-ci ilin sentyabr ayının 9-da UNESCO-nun Baş Iqamətgahında Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva UNESCO-nun Baş direktoru Koiçiro Matsuura tərəfindən şifahi və musiqi ənənələri sahəsində UNESCO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür. Sevinidirici haldır ki, Mehriban Əliyeva ilk azərbaycanlidır ki, bu fəxri ada layiq görülmüşdür. Bu hadisədən sonra Azərbaycan mədəni irsinin daha da inkişaf edəcəyi şəksizdir.

       Azərbaycan musiqisi xəzinəsinin dünyaya tanıdılması nöqteyi-nəzərindən, «Musiqi dünyası» jurnalının redaktoru, dostum Tariyel Məmmədovun zəhmətini də yüksək qiymətləndirmək lazımdır. Tariyel müəllim, sözün əsil mənasında həqiqi Azərbaycan alimi, mükəmməl musiqi duyumu olan tədqiqatçıdır. Qısa zaman ərzində Azərbaycan musiqisi (bəstəkar, xalq, aşıq və s.) haqqında gözəl Internet səhifəsi yaratmaq və bu barədə konfrans iştirakçılarına geniş məlumat vermək ona müyəssər oldu. Bundan əlavə, erməni nümayəndəsinin aşıq musiqisi haqqındakı bəsit, heç bir fakta əsaslanmayan çıxışından sonra rəsmi və qeyri-rəsmi söhbətlərdə Azərbaycan aşıq musiqisi haqqında belaruslu musiqişünas-tədqiqatçılara müfəssəl məlumat verdi. Qeyd etməyi lazım bilirəm ki, T. Məmmədovun çıxışından sonra erməni nümayəndələri hər hansı şərh vermək iqtidarında deyildilər. Çünki, Azərbaycan tərəfinin məruzəsi özünün maraqlı olması, lakonikliyi və dəqiqliyi ilə seçilirdi. UNESCO üzrə Azərbaycan Milli Komissiy asının əməkdaşı olaraq, mən bu tədbirdə iştirak etməyimlə iki səbəbə görə məmnunluq duydum: birincisi, Azərbaycan mədəni irsinin həqiqətən də zirvələrə layiq olmasına görə və ikincisi, Azərbaycan musiqisini yüksəklərə qaldıran bir insanla tanış olduğuma görə!

Şahin ƏHMƏDOV



TEHRANDA SƏFIƏDDIN URMƏVIYƏ HƏSR EDILMIŞ BEYNƏLXALQ KONQRES        XIII əsrin böyük musiqişünas alimi və xəttatı Səfiəddin Urməvinin yaradıcılığına həsr edilmiş beynəlxalq konqres bu ilin yanvar ayının 15-16-da Iran Islam Respublikasının Tehran şəhərində keçirilmişdir. Səfiəddin Urməvinin «Kitab əl-Ədvar» və «Şərəfiyyə» kimi məşhur risalələri orta əsrin qaranlıqlarını yararaq zəmanəmizə qədər yaşamış, öz dəyərini, əhəmiyyətini itirməmiş, bu gün də müasir tədqiqatçıları düşündürmüşdür.

       Səfiəddin Urməvi özünün novatorçu kəşfləriylə orta əsr musiqisinin, elminin ən parlaq şəxsiyyətlərindən biri kimi tarixdə qalmışdır. Onun qoyduğu ənənələr çox əsrlər boyu Şərqin orta əsr musiqisinin, elminin inkişafına öz müsbət təsirini göstərmişdir.

       Tehranda keçirilən beynəlxalq konqres Iran Milli Sənət Akademiyasının təşəbbüsü və Iran dövlətinin dəstəyi ilə təşkil olunmuşdur. Konqres hal-hazırda konsert zalı kimi fəaliyyət göstərən (keçmişdə opera teatrı olan) «Vəhdət» salonunda keçirilirdi. Konqresin açılışı çox təntənəli oldu. Iranın himni çalındı. Sonra qurandan ayə səsləndi. Iran Islam Respublikasının prezidentinin Konqres iştirakçılarına təbrik məktubu oxundu. Sənət Akademiyasının baş katibi Rəhman Namvar Motlak və elmi katib I.Naimeinin çıxışları dinlənildi. «Sepehr» ansamblı ənənəvi Iran musiqisini ifa etdi.

       Konqresin gündəliyinə Iranın, ABŞ-ın, Fransanın, Türkiyənin, Suriyanın, Tunisin, Tacikistanın və Azərbaycanın alimlərinin məruzələri və musiqiçilərinin ifası daxil edilmişdir. Iran və ABŞ-dan Mehrəngiz Faizə, Məcid Piani, Əminə Beyxom, Möhsün Hacıran, Manucehr Sadiqi, Ruhullah Partovı və b., Suriyadan Jülyen Vays, Fransadan Jan Dürinq, Tunisdən Mahmud Gettat, Türkiyədən Yalçın Tura, Reyslan Arslan, Bülent Aksoy, Tacikistandan Əsliddin Nizamov, Abdulvəli Abdurəşidov, Azərbaycandan Sənubər Bağırova və Zemfira Səfərova məruzə etdilər. S.Bağırovanın mövzusu «XVIII əsrin ədvarı», Z.Səfərovanınkı «Səfiəddin Urməvinin «Kitab əl-Ədvar» risaləsiylə Üzeyir Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərinin müqayisəli təhlili» idi. Məruzələr böyük marağa səbəb olmuş və alqışlarla qarşılanmışdır.

       Konqresin konsert proqramına Iran, Türk, Tacik və Azərbaycan musiqisindən ibarət əsərlər daxil edilmişdir. Konsertdə məşhur Iran santur çalanı Məcid Piani və onun rəhbər olduğu «Sepehr» ansamblı, qədim alətlərdən ibarət türk ansamblı (çəng, kamança, ud, şəhrud, kudum, dəf) iştirak edirdi. Konqresin konsertlərində Azərbaycandan tarzən Məlik Mənsurov çıxış etmişdir. Onun ifasında «Bayatı-Şiraz» muğamı gözəl səslənmiş və böyük uğur qazanmışdır.

       Məlik Mənsurov həm də fransız alimi Jan Dürinqin məruzəsinin bəzi müddəalarını tarda çalğısı ilə müşayiət etmişdir.

       Səfiəddin Urməviyə həsr olunmuş gələcək beynəlxalq konqres Bakıda olmalıdır və Səfiəddin Urməvinin əsərləri və ilk növbədə alimin çox önəmli risaləsi «Kitab əl-Ədvar»ı Azərbaycan dilində nəşr olunmalıdır. Axı biz musiqişünaslığımızın tarixini bu kitabdan hesab edirik!

Zemfira SƏFƏROVA



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page