ÍÎÒÎÃÐÀÔÈÉÀ ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ ÄÈÑÊÎÃÐÀÔÈÉÀ
«QARABAĞ XANƏNDƏLƏRI» LAYIHƏSI
Cəmilə HƏSƏNOVA
Search

ÍÎÒÎÃÐÀÔÈÉÀ ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ ÄÈÑÊÎÃÐÀÔÈÉÀ
«QARABAĞ XANƏNDƏLƏRI» LAYIHƏSI
Cəmilə HƏSƏNOVA
YENI DƏRS VƏSAITI
Fəttah XALIQZADƏ
ISTEDADLI SKRIPKAÇI ZƏHRA QULIYEVA
Aytac ELXAN QIZI
MUSIQI PEDAQOQIKASINA YENI YANAŞMA
Y.B. Əliyev

 


«Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da bu günə qədər qoruyub saxladığımız və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. «Azərbaycan Mədəniyyətinin Dostları» Fondunun fəaliyyəti məhz bu məqsədə yönəldilmiş-dir. YUNESKO-nun Xoşməramlı Səfiri kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə yönəldiləcəkdir».

       Azərbaycan Respublikasının Birinci xanımı Mehriban xanım Əliyevanın 2004-cü il sentyabrın 9-da Parisdə ona YUNESKO-nun Xoşməramlı Səfiri adının təqdim edilməsi mərasimindəki çıxışından sitat gətirdiyim bu fikir dərin mənalı olduğu qədər də, mədəniyyətimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi kimi vacib bir problemin həlli yolunda atılan addımları səciyyələndirir.

       Mehriban xanım Əliyevanın YUNESKO-nun Xoşməramlı Səfiri kimi fəaliyyətə başlamasından çox az bir müddət, təxminən altı aydan bir qədər artıq vaxt keçmişdir. Buna baxmayaraq, milli musiqi irsimizin qorunması yolunda böyük işlər həyata keçirilməyə başlanmışdır.

       Qeyd etməliyəm ki, YUNESKO tərəfindən Dünya mədəniyyətinin şah əsərləri siyahısına daxil edilmiş Azərbaycan muğamına diqqətin artırılması və muğamla bağlı layihələr üzərində iş aparılması musiqi ictimaiyyəti, xüsusilə muğam sənətinin təmsilçiləri arasında böyük bir rezonansa, canlanmaya səbəb olmuşdur.

       Sözsüz ki, muğam şifahi ənənəli professional musiqi janrı kimi Azərbaycan musiqisində önəmli yer tutur. Professional xalq sənətkarlarının yaradıcılıq məhsulu kimi xalqımızın qan yaddaşından süzülən, əsrlər boyu təkmilləşərək, səslənərək, inkişaf edərək bizə gəlib çatmış muğam bu gün də ən qiymətli milli mənəvi sərvətimiz olaraq qalır. Və bu sərvət daim zənginləşir, yeniləşir. Çünki muğam canlı bir varlıq kimi yaşayır. Muğamı yaşadan xanəndə və sazəndələrdir. Muğamın yaşamasının da sirri, bəlkə, elə xanəndə və sazəndələrin muğamın qədim köklərinə, ənənələrinə və qayda-qanunlarına əsaslanaraq, onu hər dəfə yenidən yaratmaq, yeni ruh, nəfəs vermək istedadı ilə bağlıdır. Musiqi tariximizin səhifələrinə adları qızıl hərflərlə yazılmış ustad sənətkarlarımızın və onların nəsilbənəsil sələflərinin və xələflərinin yaradıcılığının öyrənilməsi, əlbəttə ki, böyük diqqət və qayğı tələb edir. Bu, sadəcə gəlişi gözəl sözlər deyil, həqiqətən də muğam sənətinin qorunmasına və təbliğin ə ehtiyac var.

       Və nə yaxşı ki, bu, dövlət əhəmiyyətli bir məsələ kimi gündəmə gəlmişdir.

       Elə bu yönümdə görülən ilk işlər də diqqətəlayiqdir.

        «Azərbaycan Mədəniyyətinin Dostları» fondunun təşəbbüsü və dəstəyi ilə «Musiqi Dünyası» jurnalının yaradıcı qrupu tərəfindən həyata keçirilmiş iki böyük layihə haqqında oxuculara məlumat vermək istərdim.

       Hər iki layihə Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri olan xanəndəlik sənəti ilə bağlıdır. Layihələrin müəllifi «Azərbaycan Mədəniyyətinin Dostları» Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevadır.

       Onlardan birincisi, «Azərbaycan xanəndələri» adlı 2005-ci il üçün divar təqvimidir.

       Təqvimdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafında, muğam sənəti və milli ifaçılıq tarixində böyük rol oynamış, sənətdə öz məktəbini yaratmış görkəmli xanəndələrdən on ikisinin portreti təqdim olunmuşdur: Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Əbdül-Bağı Zülalov (Bülbülcan), Məşədi Cəmil Əmirov, Islam Abdullayev, Məcid Behbudov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Bülbül (Murtuza Məmmədov), Zülfü (Zülfüqar) Adıgözəlov, Xan Şuşinski. Təqvimdə bu sənətkarların şəkilləri ilə yanaşı, onların musiqi tarixindəki xidmətlərini işıqlandıran qısa məlumatlar, həmçinin, muğam sənətinin mahiyyətinə dair oçerk də öz əksini tapmışdır. Onu da deyək ki, mətnlər azərbaycan, rus və ingilis dillərində verilmişdir. Təqvimin tərtibatında arxiv fotomateriallarından istifadə edilmişdir.

       Təbii ki, belə bir təqvimin nəşr olunması mühüm təbliğat vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Çünki təqvim ən azı bir il müddətində hər bir evin «qonağı» ola bilir. Və bu müddət ərzində ondan istifadə edən şəxslər orada öz əksini tapmış ustad xanəndələrin portretini görür, onun haqqında müəyyən məlumatlar alırsa, deməli, muğamın, xanəndəlik sənətinin qorunması və təbliği işi bir addım da olsa irəliləyir, xanəndələrin adları ilə bərabər, onların surətlərinin də xalqın yaddaşına həkk olunmasına zəmin yaradır. Bu baxımdan, şübhəsiz, böyük bir iş görülmüşdür.

        «Azərbaycan Mədəniyyətinin Dostları» Fondu ilə «Musiqi Dünyası» jurnalının həyata keçirdiyi ikinci layihə daha möhtəşəm və qiymətlidir. «Qarabağ xanəndələri» adlanan bu nəşr özündə fono və foto materialları, həmçinin, xanəndələrin yaradıcılıq portretlərini cəmləşdirir. Burada Qarabağ muğam ifaçılığı məktəbinin ənənələri üzərində yetişmiş və öz yaradıcılığında onları davam və inkişaf etdirərək, xanəndəlik sənətini öz yeni ənənələri ilə zənginləşdirmiş 24 xanəndənin yaradıcılığı əhatə olunmuşdur: Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Islam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Mürşüd Məmmədov, Arif Babayev, Islam Rzayev, Səxavət Məmmədov, Vahid Abdullayev, Qədir Rüstəmov, Süleyman Abdullayev, Qaraxan Behbudov, Sabir Abdullayev, Mənsum Ibrahimov, Zahid Quliyev, Fehruz Məmmədov.

       Onu da deyim ki, bu, unikal bir nəşrdir. Nəfis şəkildə tərtibat verilmiş bu nəşr bir neçə hissədən ibarətdir: 24 xanəndənin səsi yazılmış 12 CD, xanəndələrin 5 dildə (azərbaycan, rus, ingilis, fransız, alman dillərində) yaradıcılıq portreti və arxiv şəkillərindən ibarət foto albom. Burada Qarabağ xanəndəlik məktəbinin müxtəlif nəsillərinin nümayəndələrinin yaradıcılığı öz əksini tapmışdır. Disklərdəki səs yazıları da müxtəlif illərə aiddir.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page