ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
KULTUROLOJI IRSIMIZIN QAYNAQLARINA DOĞRU
Mübariz SÜLEYMANLI
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN – TÜRKIYƏ MƏDƏNI-KULTUROLOJI ƏLAQƏLƏRI
Fərqanə HÜSEYNOVA
KULTUROLOJI IRSIMIZIN QAYNAQLARINA DOĞRU
Mübariz SÜLEYMANLI
XIX ƏSRIN SONU XX ƏSRIN ƏVVƏLLƏRINDƏ ISLAM ISLAHATLARI VƏ M.RƏSULZADƏNIN KULTUROLOJI ARQUMENTLƏRI
Sədaqət ƏLIYEVA
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ TOY ADƏTLƏRI (XIX-XX ƏSRIN ƏVVƏLLƏRI)
Solmaz MƏHƏRRƏMOVA
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
ISLAM, INCƏSƏNƏT VƏ ƏXLAQ
Rasim BABAYEV

 


Kulturoloji irsimizin tədqiqi, bu sahədə dünya təcrübəsinin mənimsənilməsi, elmi metodların milli tariximizin öyrənilməsinə tətbiqi və mövcud mədəniyyət nəzəriyyələrinin müqayisəli təhlili Azərbaycanda kulturologiyanın elm sahəsi kimi formalaşmasının şərtlərindəndir. Bəzən hətta millətimizin, eləcə də milli mənsubluğun mühüm amili olan dilimizin adı ilə bağlı tərəddüdlərlə, müzakirə və mübahisələrlə üzləşdiyimiz bir dövrdə “Kulturologiya”nın mahiyyəti ətrafında da təzadlı fikirlər söylənməkdədir. Çox vaxt məzmun, mahiyyət qalır bir yanda, forma, şəkil mübahisə obyektinə çevrilir. Kulturoloji irsimizin ən yeni tarixə aid mənbələrindən belə xəbərsiz olduğumuz halda terminoloji baxımdan təfərrüata varırıq. Kulturologiya, yoxsa mədəniyyətşünaslıq, kültür, yoxsa mədəniyyət və s. kimi məfhumlar ətrafında uzun-uzadı və hərdən də məntiqdən kənar mübahisələrə rəvac verməklə diqqəti əsas məsələlərdən, həlli vacib problemlərdən yayındırırıq.

       Təbii ki, mədəniyyət tarixi və nəzəriyyəsi ilə bağlı dünya elminin qənaətləri bizim üçün də keçərli və faydalıdır. Öyrənilməsi bütün xalqlar üçün zəruri olan bu elmi irsi biz də mənimsəməliyik. Bəlkə də elə bu zərurətdən irəli gəlir ki, müxtəlif ölkələrin alimləri tərəfindən yazılmış tədqiqatlarda və ali məktəblər üçün hazırlanmış dərsliklərdə, az-çox fərqlilikləri nəzərə almasaq, mədəniyyət nəzəriyyəsi ilə bağlı mövzu və problemlər prinsip etibarilə demək olar ki, eyni məsələləri əhatə edir. Lakin mədəniyyət tarixinə aid dərsliklərdə, araşdırmalarda və kulturoloji müntəxabatlarda dünya mədəniyyət tarixi ilə yanaşı müvafiq ölkənin mədəni irsinə, xalqın kulturoloji fikrinə əhəmiyyətli yer ayrılmaqdadır. Məhz bu mənada, biz hələ ki, öhdəmizə düşən vəzifələrin icrasında ciddi və sistemli bir iş görə bilməmişik. Indiyə qədər nəşr edilmiş kulturoloji ədəbiyyatlarda milli tariximizin əksi yox dərəcəsindədir. Heç olmasa, sovet dövründə əsərlərinin nəşrinə qadağa qoyulmamış ş əxslərin mədəniyyətə dair fikirləri barədə müasir cəmiyyətdə azdan-çoxdan bilgi vardır. Amma o kəslər ki, mühacirət həyatı yaşamaq məcburiyyətində qalıb və uzun müddət adlarının çəkilməsi belə yasaq olub, onlar haqqında nəinki cəmiyyətdə, heç mədəniyyət işçilərinin, ali məktəb tələbələrinin əksəriyyətində də bilgi yoxdur.

       Şübhəsiz ki, ictimai fikirdəki bu boşluğun doldurulması istiqamətində görülməsi lazım olan işlərdən birincisi nəşr məsələsidir. Problemlə bağlı müəyyən canlanma yalnız elmi fikirdə, tədqiqatçılar arasında müşahidə edilməkdədir. Elmi nəşrlərdə bu sahədə aparılan bir qism araşdırmalar da öz əksini tapıb. Kütləvi nəşrlərdə və dərsliklərdə isə, bu mənada ürəkaçan bir şey gözə dəymir. Nə qədər ki, bu kəsiri aradan qaldırmamışıq, “Kulturologiya” elminin bu günkü halıyla təbliğinin effektliliyindən, cəmiyyət həyatına faydası baxımından arzuolunan nəticələrindən danışmaq tezdir.

       Azərbaycan kulturoloji fikir tarixində həyat və yaradıcılığı yeni nəslə örnək olan mütəfəkkirlərimizdən biri heç şübhəsiz, Əlibəy Hüseynzadədir. Bir halda ki, biz özümüzü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edirik, onda gərək zəhmət çəkib bu şərəfli mirasa ehtiram və layiqli münasibət nümayiş etdirək. Bu münasibəti fikirdə, sözdə və əməldə təsdiqləyək. Ə.Hüseynzadənin milli ideologiyamızda, üçrəngli bayrağımızda ifadəsini tapmış “Üçlü düstur”unu milli mədəniyyət konsepsiyamızın gerçək bir təməl prinsipinə çevirək. Qələmə aldığımız yazı da elə umduğumuz münasibətin, arzu və istəklərimizin Ə.Hüseynzadənin anadan olmasının 140 illik yubileyi ərəfəsində sözdə də olsa dilə gətirilməsi ehtiyacından doğmuşdur.

       Ə.Hüseynzadə yaradıcılığından bir sıra nümunələri oxucularımıza çatdırmaq istəyində olsaq da, nəşr imkanlarını nəzərə alaraq yalnız “Türk yurdu” dərgisində və “Türkçülüyün tarixi” əsərində onun haqqında dərc edilmiş iki məqalə barədə məlumat verməklə kifayətlənməli olduq. Əvvəlcə “Türk yurdu” haqqında qısa arayış verərək, onu deyə bilərik ki, vaxtilə bu dərgi ətrafında toplanmış dəyərli fikir adamlarımız XX əsrin əvvəlləri kimi mürəkkəb və ziddiyyətli bir tarixi dönəmdə türk millətinə işıq tutmuş, yol göstərmişlər. Tərəddüdsüz demək olar ki, “Türk yurdu” ötən yüzilin birinci rübündə türk təfəkkür həyatının birinci dərəcəli mədəniyyət hadisələrindəndir.

       “Türk yurdu”nun yeni nəşrinə Dr. Arslan Tekinin yazdığı girişdə ifadə edildiyi kimi “Osmanlı dövlətinin sonuna gəlindiyi bir zamanda “Türkçü” aydınlar Türk Ocaqları bünyəsində toplandılar və “Türk yurdu”nu çıxartdılar. Türk fikir və ədəbiyyatının təməl daşı deyə biləcəyimiz həmən bütün isimlər, bu dərgidə yazmışlar. Dil, tarix, ədəbiyyat, sənət, siyasət, iqtisad, elm və kültür həyatımızla əlaqəli ağla gələ biləcək bütün mövzular işlənmişdir. Türk Dünyası bir bütün olaraq görüldüyü üçün, dövrün coğrafi sərhədlərindən də kənara çıxılaraq, harada Türk varsa oranın hər əhvalı ələ alınmışdır”.

       “Türk yurdu”nun latın qrafikası ilə nəşrinə Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirəlin xeyir-duasında, kitabın naşiri (Ankarada Tutibay Limited Şirkətinin sahibi) Murat Şefkatlının təqdimatında, Dr. Arslan Tekinin yazdığı girişdə, Dr. Mehmet Özden, Nuri Gürgür, Paul Dumont və Masami Arainin ön söz kimi verilmiş məqalələrində bir həqiqət dönə-dönə vurğulanır ki, “Türk yurdu” türk milli hədəflərini ortaya qoyması baxımından üzərinə son dərəcə mühüm və əhəmiyyətli bir vəzifə götürmüşdür. Dərginin üzərinə götürdüyü tarixi missiyanın ağırlığını təsəvvür etmək üçün təkcə bu faktları sadalamaq yetərlidir ki, “Türk yurdu”nun nəşr edildiyi müddət ərzində iki Balkan savaşı, bir dünya savaşı, bir istiqlal savaşı, bir bolşevik inqilabı yaşandı, Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasına demokratik respublika örnəyi bəxş etdi. Osmanlı torpaqları milyonlarca km2-dən 780.000 km2-ə düşdü. 780.000 km2-lik torpaqlarda isə, yepyeni bir Türk Dövləti ortaya çıx dı; böyük sosial və kültür hadisəsi meydana gəldi. Bu sosial və kültür hadisəsinin hər addımını “Türk yurdu” səhifələrində görmək mümkündür.

       Ilk sayı 30 noyabr 1911-ci ildə çıxan dərginin, 1929-cu ilin fevralına qədər 205 sayı işıq üzü görmüşdür. Bütün bu saylar əski əlifba ilə 22 cilddə yayımlanmışdır. Tarixi şərtlər səbəbindən dərginin nəşrində bəzən müəyyən fasilələr də olmuşdur. Belə ki, 1911–1918-ci illər arasında 161 sayı nəşr edilir, 1924-cü ildə başlayan mərhələ isə 1931-ci ilə qədər davam edir. Növbəti fasilədən sonra dərgi bir də 1942-ci ildə yenidən nəşr həyatına başlayır. 1928-ci ilin avqust ayından sonra dərgidə yeni və əski yazılar qarışıq çıxır və bu hal 1929-cu ilin fevral ayına qədər davam edir. Bu tarixdən etibarən isə tamamilə yeni yazıya keçilmişdir.

       Yeni nəşrin I cildində verilmiş “Türk yurdu üzərinə” başlıqlı yazısında Dr. Mehmet Özden bildirir ki, “Türk yurdu” dərgisi təkrarlanan bir qələtin əksinə Türk Ocağının deyil, Türk Yurdu Cəmiyyətinin “naşiri-əfkarı” olaraq yayın həyatına başlamışdır. Adı keçən cəmiyyət Ikinci Məşrutiyyət şəraiti içərisində mərkəzi Istanbul olmaqla 31 avqust 1911-ci il tarixində qurulmuşdu. Qurucu üzvləri Məmməd Əmin (Yurdaqul), Müftüoğlu Əhməd Hikmət, Ağaoğlu Əhməd, Hüseynzadə Əli, Doktor Aqil Muxtar və Akçuraoğlu Yusif bəylərdən ibarət idi. Cəmiyyət orqanı olaraq bir məcmuə nəşr etmə fikrinin və dərginin fəaliyyət izninin sahibi Məmməd Əmin Bəy olduğu halda, “Milli Şair”in 1911-ci ilin avqustunda Ərzurum valiliyində vəzifəyə təyin edilməsi səbəbindən “Türk yurdu”nun məsul müdirliyi (eyni zamanda cəmiyyətin nümayəndəsi olan) Akçuraoğlu Yusif Bəyə həvalə edilmiş və dərgi onun rəhbərliyi ilə nəşrə başlamışdır. Yusif Akçura ayrı-ayrı vaxtlarda zamanın şərtlərinə görə bir neçə dəfə məcburə n bu fəaliyyətdən (müvəqqəti) uzaqlaşsa da, bütövlükdə dərginin nəşrində məsuliyyətin ağırlığı çox vaxt müdir kimi onun üzərində düşmüşdür.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page